İrvin Uelş – müasir Avropa yazıçısı nədən yazır?


“Britaniyada parlament üzvləri sərxoş halda parlamentin dəhlizlərində sülənirlər”

 "Ruslar İngiltərədə çap olunan adi bir romanı dərhal tərcümə edirlər, halbuki rus müəlliflərinin öz kitablarını çap etmək imkanları yoxdur".

İrvin Uelş! - Bu şotland yazıçı hazırda dünyada ən çox oxunanlar arasındadır. O, 1958-ci ildə Edinburq yaxınlığında doğulub, kollecdə oxuyub, tikinti firmalarında işləyib. Britaniya adalarından Avropaya köçüb. Amsterdamda yaşayan yazıçı 1990-ci illərin əvvəllərində yazmağa başlayıb.

Yazıçının romanlarında əsas mövzu: seks, fəstfud, qısqanclıq, xəyalpərəstlik, içki, narkotik maddələr, həyatın əsas aludəçilik yaradan vasitələridir. O, hesab edir ki, insanlar bu və ya digər şeyləri əvvəlcə vərdiş olaraq mənimsəyir, daha sonra bu, aludəçiliyə keçir və insanda asılılıq yaradır.

“İynə üstündə” romanı və “Turşu ev” hekayələr toplusu onun adını populyar etdi. “İynə üstündə ” romanında hadisələr 1980-ci illərin sonu Edinburqda cərəyan edir və gənc narkomandan söhbət açılır. Qara yumor haqqında roman xeyli dərəcədə avtobioqrafik hesab edilir. Əsərin əsas və ikinci dərəcəli qəhrəmanlarının əksəriyyəti heroindən əziyyət çəkir.

Sujet xətti olmayan və bir neçə novellalardan ibarət olan romanda zorakılıq səhnələri çoxluq təşkil edir. Qəhrəmanlar narkotik maddələri daima qəbul edib cəmiyyətdə mədəni və tərbiyəyə zidd olan hərəkətlər edirlər. Romanda müəllif nitqi yoxdur və baş verənlər əsas qəhrəmanların sözləri ilə verilir. Musiqiyə isə xüsusi yer verilib.

Bu əsərin ekranlaşdırılması isə Uelşi daha məşhur etdi. Filmlərin uğuru “Ekstazi”, “Marabu leyləyinin qarabasmaları” nəhayət,  “Porno” romanını da dünyada məşhurlaşdırdı. Gənclik illərini narkomanlar arasında keçirən Uelş həmyaşıdları arasında QİÇS epidemiyasından xilas olan yeganə gənc olur.

“Marabu leyləyinin qarabasmaları”nda isə xəstəxanada komada yatan bir xuliqanın həyatı və düşüncələrinin kəşfi barədə danışılır. Daha sonra yazıçının “Ekstazi” adlı kitabı işıq üzü gördü. Üç uzun hekayədən ibarət olan bu kitab tənqidçilərdən müsbət münasibətlər aldı. Uelşin ən uzun və ehtiraslı romanı “Yapışqan”dır. 2001-ci ilin yayında satışa çıxan romanda Edinburqun sosial yaşayış evlərində dörd uşaqlıq dostunun hekayəsindən bəhs edilir.

İrvin Uelşin “Qatar izi” romanı da müasir həyat haqqındadır. Romanda insanların gün ərzində sosial şəbəkədə başqa, işdə başqa, klubda başqa, yataqda başqa insanı canlandırması qeyd olunub. Nəticədə mənəvi və fiziki baxımdan insanlar məhv olur. Bu isə insanın onu mənəvi cəhətdən hər cür məcburiyyətdən azad edən şeylərə - seks, içki, narkotik, qəhvə və s. daha çox bağlanmasına gətirib çıxarır.

Yazıçının Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edirik.

- Mətlərinizdə narkotik maddə adlarının çoxluğu ucbatından bir çox kitablarınız Rusiyanın kitab rəflərindən uzaqlaşdırıldı. Dövlətin senzurası haqqında nə fikirləşirsiniz, burada nə məna var?

- Aydındır ki, narkotik istifadə etmək istəyən insan istənilən şəraitdə bunu etmək üçün üsul tapacaq. Heyif ki, Rusiya vəziyyətdən çıxmaq üçün cəza üsulunu seçdi. “İynə üstündə” romanı nəşr edildikdən sonra çoxları məni kəskin tənqid etdi. Lakin indi görürəm ki, bütün ədəbi mühit dövlət tərəfindən nəşr olunan narkotiklər haqqında kitabımdan çox şeyləri oğurlayb. Düşünürəm ki, bayram həyatın, sərxoşluq isə bayramın bir hissəsidir. Narkotik, alkoqol isə ümumi prosesin bir hissəsidir. Çox qəribədir ki, Britaniyada kannabis qadağan olsa da icmalar palatasında 14 bar mövcuddur və parlament üzvləri sərxoş halda dəhlizlərdə sülənir.

- Mədəniyyətlərin birləşməsinin mümkünlüyünə inanırsınız?

-Təəssüf ki, azad bazar mədəniyyətlərin "əriməsinə" çox kömək edir. Mədəniyyət istehlakın predmetinə çevrilib. Kitab satışı disk satışı ilə eyni prinsiplərlə həyata keçirilir və gurultulu adlar müxtəlifmillətli böyük mağazaların yaranmasına səbəb olur, daha maraqlı ədəbi əsərləri isə yalnız internetdə tapmaq olar. Bir neçə il əvvəl mənə Rusiyaya getmək nəsib olub. Mənə aydın deyil ki, niyə ruslar İngiltərədə çap olunan adi bir romanı tərcümə edirlər, halbuki rus müəlliflərinin öz kitablarını çap etmək imkanları yoxdur.

 Müasir cəmiyyətdə kişi və qadın rollarının dəyişməsi barədə nə deyə bilərsiniz?

 - Hələ ki, azad bazar şəraiti mövcuddur, cinsi fərqlər barədə də hər zaman danışılacaq. Nəticədə kişilərə pivə, futbol biletlərini qadınlara isə çantanı və ayaqqabıları sıramaq asan olur. Əgər siz diqqət yetirsəniz, demək olar ki, bütün reklamlarda cinsi stereotiplər istifadə edilir. Artıq kitab auditoriyası da dəyişib. Oxucuların səviyyə və yaş həddi kimi.

 -Dediniz ki, auditoriya dəyişib. Bəs auditoriyanızın kimliyindən xəbəriniz var?

- Mənim yaradıcılığım çox xudbincəsinədir - özüm üçün yazıram və böyük auditoriyamın olduğunu hesab etmirəm. Əsl yazıçılar həmişə özü üçün yazır. Sözsüz ki, hansısa auditoriyası olan yazıçı məhsulunu satmaq istəyir. Bu yazıçılar daha çox dedektiv və ya romantik ədəbiyyatla məşğul olanlardır. Amma mən bunu yalnız özüm üçün edirəm. “İynə üstündə” romanım ən çox oğurlanan kitab oldu. Kimsə daim mağazaya gəlib kitabı götürüb qaçaraq ərazidən uzaqlaşırdı. Mən belə başa düşdüm ki, mənim oxucu kontingentim yeni yaranıb: Yeni nəsil, mağazalardan kitab oğurlayan. Mənim üçün bu, çox xoşdur.

- Qanunla tez-tez problemləriniz yaranır?

- Bir dəfə mənə ultimatum verildi. Heroinə qarşı mübarizə aparmaq üçün klinikaya müalicəyə getmək lazım idi. Bu, təxminən 25 il əvvəl baş vermişdi. Yeganə xəstəliyim narkotiklərə aludəçiliyim idi. Lakin müalicə işi elə də çox təsir göstərmədi. Mən özüm özümə görə məsuliyyət daşımağa üstünlük verirəm, nəinki onu həkimlərə, psixoloqlara verim. Müalicə kursu keçdim və o vaxtdan zaman-zaman yalnız istirahət etmək və dincəlmək üçün narkotikdən istifadə edirəm. Heroini isə heç vaxt toxunmamışam.

 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 10.11.2016

3467