Qafar Şövqi - Satirik şeirlər


“Fərqin eşşəkdən odur, eşşək adam olmuşdu. Ona bir dəfə desəydik, "adam ol, ağıllı ol".

  Ağıllı ol

 

Ürək istər dəlilik eyləyə ta həşrə kimi.

Ayaq istər ki ağılla gedə yol, ağıllı ol.

***

Qatma gəl virtual hisslərimizi gerçəkliyə sən.

Bura dünyadı nə pinkod nə parol? ağıllı ol.

***

Buyurublar ki, "çörək bolsa, basılmazsan sən".

Basacaqlar, çörəyin olmasa bol, ağıllı ol.

***

Desələr maygülüsən, sorma nədir maygülülük?

O bir obrazdı, nə güldür nə də kol, ağıllı ol.

***

Kasıb olsan, evə getdikdə sıxar ev də səni.

Dirəşər üstdəki dam, altdakı pol, ağıllı ol.

***

Ürəyin sağdadı ya soldadı, sənçün nədi fərq?

Solu sağ bilmisən onsuz, sağı sol, ağıllı ol.

***

Qumara girmə həyatla, həyat öyrəncəlidir

Aça üç damana üç bığlı karol, ağıllı ol.

***

Fərqin eşşəkdən odur, eşşək adam olmuşdu.

Ona bir dəfə desəydik, "adam ol, ağıllı ol".

***

Şövqinin şeiri səninçün şeir olmaz yəqin...

Bu ya qappazdı ya pulsuz depazol, ağıllı ol.

 

Şükürlər olsun

 

Sal o mübarək əlini sal cibə qurbanolduğum.

Ölüm ucuz, həyat baha, şükürlər olsun Allaha.

***

Biz yenə məsumluğumuzdan danışıb fəxr elədik.

Biz yenə batdıq günaha, şükürlər olsun Allaha.

***

Bu səltənətdə ey təbib, nəinki sən, nəinki mən,

Şükür də işləmir daha, şükürlər olsun Allaha.

***

"Biz niyə şükr etməliyik" sualını vermə mollaya.

Nə ehtiyac var izaha? şükürlər olsun Allaha.

***

Nə solçuyuq, nə sağçıyıq, sol sağı tərif eyləyir.

Sağ yıxılır sol cinaha, şükürlər olsun Allaha.

***

Möhürlərin ən irisin, ən yekəsin çək önünə.

Qoy başını qibləgaha, şükürlər olsun Allaha.

***

Şövqi, biz çıxa bilməsək unut şükür söhbətini.

 

Biz çıxa bilsək sabaha, şükürlər olsun Allaha.



Tarix: 10.04.2017

3426