Fərid Hüseynin “Uşağın qəlbi” - Yazıçılar oxucu kimi


“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazar həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
Budəfəki müsahibimiz yazar Fərid Hüseyndir.

- Fərid Hüseynin sevdiyi əsərlər hansılardır, hansı yazıçıları bəyənirsiz?

- Sevdiyim əsərlər çoxdur. Ən sevdiyim əsər isə Lev Tolstoyun “Dirilmə” romanıdır. Lev Tolstoy, Joze Sarmaqo, Herman Hesse sevdiyim yazıçılardır. Səninlə isə başqa bir sevdiyim əsərdən danışaq: Herman Hessenin “Uşağın qəlbi” hekayəsindən.

- Əsərdə nədən bəhs olunur?

- “Uşağın qəlbi” hekayəsinin çox sadə sujeti var. Evdə əncir qurusu olur, uşaq istəyir ki, onları əldə etsin. Daxili tərəddüdlər keçir. Əncir qurusu da atasının otağındadır, nəhayət, əncir qurusunu oğurlayır, atası da bu “xırda cinayət”dən xəbər tutur. Atası ondan haqq-hesab soruşanda uşaq günahını boynuna almır. Atası yediyin əncirləri hardan almasını soruşur. Uşaq cavab verir ki, əncir satandan almışam. Atası həqiqəti üzə çıxarmaq üçün onun qulağından tutub əncir satanın yanına aparanda, yolda uşaq günahını etiraf edir. Atası da onu incitdiyinə görə üzr istəyir. Uşaq da atasını bağışlayır və hər ikisi bir-birindən üzrxahlıq edir. Hekayə də məşhur bir cümlə ilə bitir: “Mən də atamı bağışladım, o da məni bağışladı, amma hiss elədim ki, atam məni daha çox bağışladı”.

- Hekayənin mahiyyəti nədən ibarətdir?

- Mahiyyət ondan ibarətdir ki, bu dünyada insan yalnız bir halda tam xoşbəxt və daxilən rahat ola bilər: Hamının onu və onun hamını bağışlayacağı təqdirdə. O saf dövr isə ancaq uşaqlıqda olur. Yerdə qalan vaxtlarda isə biz kimisə bağışlasaq da, ola bilir ki, qarşı tərəf bizi bağışlamasın. Hesse bəşəri bir həqiqəti göstərir ki, uşaqlıq dövründən başqa insanın xoşbəxt olduğu dövr yoxdur.

- Sizcə, bu hekayənin uğuru nədədir?

- Herman Hessenin əksər əsərində qəhrəman iztirab çəkir. Dostoyevsknin də qəhrəmanlarının çoxu əzabkeşdir. Dostoyevskinin “Gizlindən qeydlər” əsərində qəhrəman qəsdən özünü alçaldır ki, görsün alçaldıqca başqalarının ona qarşı münasibəti necə olacaq, insanlar onu necə təhqir edəcəklər və həmin durumda o neyləyəcək? Qəhrəman özünü alçaltmaqla mahiyyətini dərk edir.
Herman Hessenin haqqında danışdığımız hekayəsində qəhrəmanın bu halını göstərir. Uşaq öz evlərindən əncir satanın olduğu yerə gedənə qədər alçalır: çünki sirr açılsa onun oğurluğu daha çox adama bəlli olacaq. Atasının onun qulağından tutması şərtidir, naqis insan elə özü-özünün qulağından tutub, vicdansızlığa doğru gedir. Sadəcə kimisi o ağrıdan ləzzət alır, əməlindən saqınmır, kimisi də son mərhələdə təmizliyə geri qayıtmağı seçir. Hesse göstərir ki, təmizliyə qayıtmağa həmişə yol var...

- Hekayədəki uşaq Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin qəhrəmanı Holdenini xatırlatdı bir az.

- Bəzi məqamlarda hə. Ancaq fərqlər də var: Selincerin qəhrəmanı yoldaşlarına qarşı həddindən artıq kobud, yalnız özünü düşünən biridir. O, cəmiyyətə nifrət edir. Bacısına deyir ki, vəkil olmaq istəyirdim, fikirləşirdim, ən yaxşı ixtisas budur, amma vəkil bəzən pul müqabilində yalanı da müdafiə edir. O, cəmiyyətdə özünən uyğun bir mövqe tapmadığı üçün uçurum kənarında uşaqları qoruyaraq təmiz qalmaq haqqında düşünür. Selincerin böyüklüyü ondadır ki, can atdığımız şeylərin, arzuların boşluğunu, heçliyini göstərir. Hessenin bu əsərində də təmizlənmədən söhbət gedir. Amma Holden daha çox çirkabdan keçir. Holdenin necə insan olacağı bilinmir, amma Hessedə uşaq etiraf edir və daxilən böyüyür, bu mənada fərqlər var.
Bütün hallarda etiraf etməyi bacarmaq lazımdır, çünki günahsız insan yoxdur. Hekayədə ata da günahkardır, çünki uşaqla o cür davranmaq olmaz, uşaq da günahkardır, çünki oğurluq etmək olmaz. Hamı günahkardırsa, deməli, hamının bircə xilası var: bir-birini bağışlamaq...

- Hekayəni, səncə, oxucular hansı üstünlüyünə görə mütləq oxumalıdırlar?

- Zənnimcə, oxucular öz günahlarını xatırlamaq, yeri gələndə özlərini cəzalandırmaq və hamını bağışlayacaq ürəyə sahib olmaq üçün bu əsəri oxusalar, qazandıqları itirdiklərindən qat-qat çox olar...

- Azərbaycan ədəbiyyatında buna bənzəyən bir hekayə var?

- Sadəcə, bir nüans bənzərliyi var. Yusif Səmədoğlunun “Bayatı-Şiraz”ında da insanı alçaltmaq məsələsi var. Orada harınlar pul verirlər ki, Səbzəli dayı kontrabasda Bayatı-şiraz çalsın. Qəhrəman ağlaya-ağlaya kontrabas çalır, istedadlı adamı alçaldırlar. Bu durum həm də bugünki cəmiyyətimizin reallığıdır. Zənnimcə, oxucular öz günahlarını xatırlamaq, yeri gələndə özlərini cəzalandırmaq və intiharı xilas hesab etməmək üçün bu əsəri oxusalar yaxşı olar.

Hazırladı:
Tural İsmayılov


Tarix: 15.02.2016

4148