Tarixdən qaçanlar- Nobel nitqi


Dünyanın ən nüfuzlu beynəlxalq mükafatı Nobeli təsis edən isveçli qardaşlar Bakıda neft alveri edəndə Abşeron yarımadasında neft 15-20 metrlik quyulardan çıxırdı. Pulun miqdarını özünüz hesablayın.

Söhbət bizim neftin puluna təsis olunan mükafata bizim özümüzün tamarzı qalmağımızdan getmir. Sözümün canı var.
O gün - müsəlmanın o günü, yəni iki-üç il bundan qabaq - səhərin və şəhərin gözü açılmamış təşkil olunan xaş mərasimində kəllə-paça yeyən bir dəstə kişi bizim mühacirətçiləri çar Rusiyasını dağıdıb yerində kommunist imperiyası quran qırmızıların dövründə Rusiyadan qaçan ziyalılarla müqayisə edirdi. Yaşım xaşa düşmədiyindən söz ən axırda mənə verildi. Mikrofonu götürüb ərz etdim ki, ey xaşarat, müqayisəniz tamamilə yanlışdır. Bu vaxt bir kişi – toba, maşınının nömrə nişanını çıxarıb boynundan asmışdı - dərhal xəncərini sıyırıb üstümə cumdu və tələb etdi ki, dediklərimi sübut edim, yoxsa bağırsaqlarımı ayağıma dolayacaq. Mən də acığa düşüb qarmonçalana işarə etdim ki, mikrofona exo versin və başladım izahımı əruz vəzninin həcəz bəhrinin zəngulə bölümündə xırdalamağa. Dedim qardaş, sovet Rusiyasından qaçanların hamısı zadəganlar və onların övladları idi, Azərbaycandan qaçanlar isə bit-birə içində böyümüş, ayaqyalın, başıaçıq yaşayan, pendir alanda çörəyə, çörək alanda pendirə pulu çatmayan lüt-üryanlardı. Azərbycandan bircə dənə də olsun varlı adam mühacirət eşqinə düşməyib və yəqin ki, düşməyəcək. Mühacirət başqa, qaraçılıq başqa, qaçmaq başqa. Gəlin malı mala qatmayaq.

Dediklərim, deyəsən, əlixəncərli kişinin ağlına batdı, qayıtdı ki, bir-iki nümunə göstər, ondan sonra sənə daha bir kasa xaş məndən. Qarmonçalana işarə etdim ki, mikrofona exo ver və bu dəfə üstümdə gəzdirdiyim dəftərçəni çıxardım, dedim a kişi, Nabokov Rusiyadan qaçanda şəxsi hesabında bir milyon civarında pul var idi. O, mühacirətdə ancaq hotellərdə yaşayırdı, yaradırdı. Öləndə də elə Anar müəllimin yazdığı kimi “Hotel otağı”nda öldü. Bu kişi də xəncəri mikrofon kimi ağzına tutub cavab verdi ki, bəs Brodskinin nəyi var idi, axı o da Rusiyada tüfeyli kimi ittiham olunub qaçmışdı?

Bax burda işin rəngi dəyişdi. Söhbət gəlib “Soyuq müharibə”yə çıxdı. Bu dəfə qarmonçalan özü mikrofona exo verdi. Dedim, qədeş, Brodskinin Amerikada universitet müəllimi olması Gədəbəy kartofunun Moskvada püre olması kimi bir şeydi. Rusu rusun öz əliylə, türkü türkün öz əliylə vurmaq – məsələ bu qədər bəsit. Rus zadəganları ona görə qaçırdılar ki, Rusiyada Rokfellerin muzdlu sosialistləri, siyasiləşdirilmiş aclar, terrorçular – kommunistlər hakimiyyətə gəlmişdi, zadəganların, düşünən, yaradan rusların soyqırımı başlamışdı, onların ən adi mülkiyyət, məişət hüquqları belə addımbaşı pozulurdu, bank hesablarını nömrəsinəcən tutub alırdılar əllərindən. Təsəvvür et, indi dişini qurdaladığın xəncərlə gəlib bizim evə soxulursan, mənim külfətimi bayıra qovub öz külfətini yerləşdirirsən. Bizim mühacirətçilərimiz isə venetka şəkli ilə qaçanlardı; kabab qoxusuna gedənlərdi, məişət səyyahlarıdır, ev-eşik, əyin-baş görməmişləridir, kəpəyə qarşı saç şampunu axtaranlardı. Söyüşü azad söz, pornoqrafiyanı azad həyat adlandıranlardı.

Nabokov canını yox, başını götürüb getmişdi. Bizimkilər canını götürüb gedib. Ona görə də hamısının başı buradadır.

Vətəni atıb getmək adi duyğu deyil. Adam sevdiyi bir qadınla ayrılmaq zorunda qalanda bəzən illərlə özünə gələ bilmir.

Allah kərtənkələnin evini yıxsın, ilana zəhər verdiyi yerdə. Rusları deyirəm e, erməniləri silahlandırıb saldılar camaatın üstünə.
“Qaçqın” adı bizi pis tərbiyə etdi. Biz, elə bil, qaçmaqdan ötrü ölürük, amma cıdırda yox, torpaqdan, tarixdən qaçmaqdan ötrü.

Bizim mühacirlərimiz tarixdən qaçanlardı, tariximizdən qaçanlardı.

Kişi mənə qulaq asa-asa dişini qurdaladığı xəncərlə, başını qaşımağa başladı.


Tarix: 16.02.2016

3502