Rusiyanı ədəbiyyat ölkəsi hesab etməyən Andrey Kurkov - Müsahibə


Andrey Kurkov: “Rusiyada yazıçını qələminə görə yox, onun cəmiyyətdəki statusuna görə qəbul edirlər”.

Onun adını ilk dəfə Sankt-Peterburqda eşitdim. Kitab dükanına girdiyim zaman yazçının romanları piştaxtaların önündə sərgilənirdi. Kitabxanada mənə dedilər ki, Qərblə Rusiya arasında “soyuq müharib”əyə baxmayaraq onun romanları Avropada daha çox reklam olunur. Çünki kitabların satışa çıxarılması ilə alınmağı bir olur. Halbuki Moskvada onu tanıyanların sayı çox məhduddur. Rusiyanın şimal paytaxtında tanınması isə yalnız onun burada anadan olması ilə bağlıdır. Təkcə yerlibazlıq bizdə mövcud deyil. Bundan başqa Rusiyada milli yazıçıların azlığı mövcuddur.

Bəziləri isə hesab edir ki, müasir ədəbiyyat gəncliyi ələ ala bilmir və ədəbiyyatın gəncliyə xidməti sıfır səviyyəsindədir.

Lakin bu yazıçı bütün düşüncələrin üstündə yerləşib. Andrey Kurkov.
Rus əsilli fransız yazıçısı. Azərbaycanda da bu yazıçı yetərincə tanınmır. Çünki bu şəxs nə reklam olunmağı, nə də elit təbəqənin getdiyi yerlərdə görünməyi xoşlamır. Sakit və rahat həyat tərzi; öz təbilincə desək, “kitablarım və mən”.
Kurkov sovet Leninqradının Budoqeş kəndində anadan olub. Uşaqlıq illəri Kiyevdə keçib. Yeniyetməlik illərində yapon və fransız dillərini mükəmməl məinmsəyib və bu dövrdə romanlarını yazmağa başlayıb. Bu gün onun 20-dən çox kitabı işıq üzü görüb. Onların beşi uşaq ədəbiyyatına daxildir.

Kurkov yeganə rus yazıçısıdır ki, romanları Avropa bestsellərinin onluğuna daxil olub. Ukraynada həm də siyasi fəaliyyətlə məşğul olan yazıçı Elizabet Şarpla ailə qurub. Şarp da siyai fəaliyyətlə məşğuldur. Xanım diplomat Ukraynanı Böyük Britaniyada təmsil edir.

Əslində, bu tip yazıçıların gündəmə gəlməsi "polifonik yazılarına və dövrümüzün iztirab və cəsarət abidəsini yaratdığına görə" Nobel alan Svetlana Aleksiyeviçdən sonra oldu. Onun əsərlərinin dilimzdə tərcüməsi yoxdur.

Doğma ana dilimizin imkanlarını, zənginliklərini üzə çıxarmaq üçün tərcümə ədəbiyyatının əvəzsiz xidməti vardır. Bu məsələdə yəqin ki, biz dəqiq şəkildə bilməliyik: nəyi tərcümə edirik, necə tərcümə edirik, kim üçün tərcümə edirik. Bir sözlə, tərcümə prosesində tərcümə olunacaq bədii əsərlər cəmiyyətin sifarişini və tələbatını nəzərə almaqla həyata keçirilməlidir.

Andrey Kurkov nadir hallarda Rusiya mətbuatına müsahibə verir:

- İdeal və müasir roman necə olmalıdır?

- Mənim üçün əsas qanun bunlardır: roman oxucunun yolunu azıb və dəfn ediləcəyi keçilməz bir meşəyə bənzəməməlidir. İkinci qanun: öz qəhrəmanlarını sev, hətta onlar buna layiq olmasalar belə. Romanına və qəhrəmanına hörmət qoymalısan. Əgər bunu etməsən oxucu nə sənə nə də qələminə hörmət etməyəcək. Və ən əsası: əsəri oxucuların anlayacağı dildə yazmaq lazımdır. Öz düşüncələrini yeritməyin və qəliz ifadələrin sonu fiaskodur. Çünki maraqlı hadisələrdə maraqlı ideyaların özü formalaşır. İdeal romanların içərisində Maksim Qorkinin “Artamonovların işi” və Cek Londonun “Martin İden” əsəri möhtəşəmdir.

Bütün hallarda oxuculara bu uç romanı oxumağı tövsiyyə edərdim - Markesin “Yüz ilin tənhalığı”ni, Qrossmanın “Həyat və tale”sini və Platonovun “Çevenqur”nu.

- Əsərləriniz hansı dillərə tərcümə edilib?

Düzünü desəm, dəqiq yadımda deyil. Təxminən, 30 dilə yaxındır. Kitablarımın tirajına gəlincə, ümumilikdə bu rəqəm 4 milyonu ötür. Təkcə Fransada bu rəqəm 90 mini ötüb.

- “Kurkov” brendi necə yarandı?

Çox sadə. 1980-ci illərdə yazdığım əsərlərin bir qismini xarici nəşriyyat evlərinə göndərməyə başladım. Aldığım cavablar ürəkaçan deyildi. Lakin dönüş nöqtəsi 1997-ci ildə “Buz üzərində Piknik” əsəri oldu. Üç nəşriyyat evi kitabın dərc olunması ilə bağlı mənə müraciət etdilər. Bir həftə sonra İsveçrədə nəşriyyat evi olan “Dioqenes” yazacağım bütün əsərlərin hüququnun əldə edilməsi ilə bağlı kontrakt göndərdi. Bu günə qədər də onlar mənim bütün əsərlərimi çap edirlər.

- Yeni roman yazarlarına nə məsləhət görərdiniz? Ərsəyə gətirdikləri əsərlərin oxucularda daha dərin iz buraxması üçün hansı işlər görməlidirlər?

- Ədəbiyyata yeni gələnlər klassik ədəbiyyatı dərindən oxuyub mənimsəməli, mütaliə etməlidirlər. Belə bir yol onların ədəbi-bədii düşüncəsini formalaşdıra bilər, təfəkkür və təxəyyül qabiliyyətlərinə stimul verə bilər. Lakin oxucuda dərin iz buraxmaq üçün təkcə kitab oxumaq və ilham pərisini gözləmək də lazım deyil. Yazıcı qəhrəmanlarını yaratmamışdan öncə canlı oxucularının arasında omalıdır. Şəxsi düşüncüləri hər zaman formalaşdırmaq olur. Çünki bu, sənin ideyandır. Onu hər zaman vərəqə köçürə bilərsən. Vacib olan canlı oxucularının nə istəməsidir. Bax bunu sən yalnız onların arasında tapa bilərsən. Hamı ondan olan bir hissənin yazıldığı vərəqi çevirmək istəyir.

Fantaziyanın bol olduğu bir zamanda insanlar təbii gözəlliyi qavrmaq istəyirlər. Fantaziyanı hər kəs yarada bilir. Lakin təbiilik qəlizdir. Canlı oxucularla mütəmadi əlaqə saxlamaq lazımdır.

Adi həyat tərzi yazıçıya tərsmütənasibdir. Aktiv olmaq, həmkarları ilə mütəmadi disskusiyalar aparmaq, özündən əvvəlkinə bənzəməmək. Baxın bir çox romanlar bir-birini təkrarlıyır. Yeni dünyanın öz cağırışları var.

- Sizin yaradıcılıq metodunuz nədən ibarətdir?

- Nəsri iki istiqamət üzrə inkişaf etdirmək hazırda strateji məqsədimdir. Avantür utopiya-antiutopya və sujetli belletristika. Paralel olaraq hər ikisini sonda birləşdirmək. Yəni real həyatda mövcud olmayan mükəmməl məkanı real bir modelə çevirmək.

Antiutopiya janrında olan romanlar cəmiyyətlərdə keçirilən və müəyyən ideallara xidmət edən müxtəlif sosial təcrübələrin fəsadları haqqında xəbərdaredici roman xarakteri daşıyır. İyirminci əsr antiutopik əsərlər baxımından kifayət qədər bol olub. Əsas məsələ isə onları oxuyub dərindən mənimsəməkdir. İnsan təfəkkürünün həzm edib ortaya qoyduğu istənilən incəsənət nümunəsinin reallaşmaq potensialı var. Eyni zamanda müasir həyatımız bizim artıq hissəvi olaraq antiutopiya janrının təsvirlərində olduğumuzu göstərir.

Nikolay Berdyayev dediyi kimi: “Utopiyaları reallaşdırmaq əvvəllər hesab edildiyi qədər çətin olmadı. İndi başqa əzabverici sual yaranıb, onların reallaşmasından tamamilə necə qaçmaq olar? Utopiyalar tamamilə reallaşa biləndirlər. Həyat utopiyalara doğru hərəkət edir və ola bilər intelegensiya və mədəni təbəqənin qarşısında utopiyalardan qaçmaq, qeyri-utopik və daha az "mükəmməl", daha çox azad cəmiyyətə qayıtmaq üçün arzular və xəyallardan ibarət olacaq yeni yüzillik yaranacaq”.

Bütün bunların fonunda uşaqlar üçün nağıllar yazmaq da düşüncələrimin üst qatında dayanır.

- Avropa mətbuatı sizi Qoqol və Kafka ilə müqayisə edir. Bəs niyə sizi Rusiyada tanıyan azdır?

- İllər boyu istər Rusiyada, istərsə də Ukraynada bir çox nəşr evlərinin qapısını döymüşəm. Moskvada mənə dəfərlərlə eyni sözlər deyilirdi: gedərsən filankəsin yanına o səni qəbul edəcək. Sonra oturarsız yeyib-içərsiz və onun dediyi məbləğlə razılaşsan sənin kitablarının üzünə baxarıq. Bir qismi bu cür davrandı mənlə.

Digər tərəfdən Rusiyada yazıçını qələminə görə yox, onun cəmiyyətdəki statusuna görə qəbul edirlər. Məsələn: hər hansı bir yazıçı sənin kitabına belə baxmadan sənin “yaxşı oğlan” olduğunu iddia edəcək. Çünki sənin sosial statusun buna imkan verir. Yaxşı yazıçı olsan da, olmasan da. Bütün hallarda mən olmasam da kitablarımın regionlarda satılması məni sevindirir. Deməli, cəmiyyətin verdiyi qiymət daha üstündür.

İngilis mətbuatı daha çox məni Dürrenmattoma bənzədir. Fikrimcə isə bu tezdir. Çünki XX əsrin ikinci yarısından almandilli dramaturgiyanın qüdrətli nümayəndəsi kimi sevilən F.Dürremantt həm də nasir, publisist və eyni zamanda rəssam olmuş, bir çox tamaşalarının eskizlərini özü çəkmışdi. 23 pyesin, çoxsaylı romanların, esselərin, hekayələrin, radiopyeslərin müəllifi olan yazıçıya daha çox “Şəhər” hekayələr toplusu, “Hakim və onun cəlladı”, “Vəd”, “Ədalət” kimi detektiv əsərləri, həmçinin “Planetin rəsmi”, “Fizik”, “Meteor”, “Yaşlı xanımın gəlişi” kimi dram əsərləri dünya şöhrəti gətirib. Mənəvi dəyərlərin aşılanması və çıxılmazlıq probleminin qabardıldığı bu dram əsərlərində müəllif insan psixologiyası, inam və əxlaq məsələlərini bir-biri ilə bağlamağa çalışır və burada diqqəti cəlb edən odur ki, əsərlərində qoyulan ictimai problemlərin əksəriyyəti göz yaşları doğursa da, onların həlli müəllifin istehza və acı gülüşlərindən keçir. Odur ki, daha çox məni Bulqakova bənzətsələr daha xoş olardı.

- İş prinsipiniz necədir?

- Övladlarım dünyaya gəlməmişdən öncə səhər 5-də durub iş otağıma gedirdim. Saat 11-ə qədər əsərlərimin üzərində işləyirdim. Daha sonra kofe. Kofedən sonra yazıya davam. Bu gün isə daha çox yollarda, dəhlizdə, avtomobildə yazıram. Klassik müsiqilərin sədası altında yazmağı xoşlayıram. Çünki klassika mənə enerji verir.

- Sizə ideyalar necə gəlir? Nə sizi yazdığınız mövzulardan uzaqlaşdıra bilər?

- Vizual düşünmək xoşuma gəlir. Hər hansı hadisə ilə bağlı düşündüyüm zaman onu dərhal flim kimi gözümün qarşısına gətirirəm və bütün detalları nəzərdən keçirirəm. Səhv buraxmaq olmaz. Əgər düşüncələrim məni həyəcanlandırırsa, mütləq onun cızmaqara edirəm.
Əzab verməyi də xoşlamıram. Bəzi yazarlar həyatlarını müflisləşdirməklə düşüncələrini yazıya köçürürlər. Bu düzgün deyil. Bəyaq qeyd etdiyim kimi canlı oxucularla ünsiyyət qurmaq daha düzgün olardı. Əgər yazarlar özünü qurban versə cəmiyyət savadsızlaşacaq.

- İri həcmli əsərlərin sizin həyatınıza ciddi təsir edib mi? Və onların ərsəyə gəlməsinə nə qədər vaxt sərf edirsiz?

- Mənim həyatımı “Bikford dünyası” və “Yalnız atəşin coğrafiyası” romanları dəyişib. Bu romanlar məni həyatımda yerləşdiyim mövqedən daha üstün pillələrə qaldırdı. Hazırda aşağı düşmək ehtimalım sıfırdır. Çünki məhv olaram.
Bir romanı yazmaq üçün il yarım sərf edirəm. Lakin mən minumum yeddi ilimi sərf edəcəyim bir romanın həsrəti ilə yaşayıram. Hansı ki, iki paralel dünyada yaşayım: biri real dünyada övladlarım və həyat yoldaşımla digəri real olmayan dünyada öz qəhrəmanlarımla.
Bəzən romanlarımın adını sonda düşünürəm. Bəzən olub ki, romanım nəşrə getdiyi zaman adını dəyişmişəm.

Hazırladı: Günəş Fərhadlı


Tarix: 19.02.2016

2893