İlham Tumasın “Çevirilmə”si - Yazıçılar oxucu kimi


“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazar, həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
Budəfəki müsahibimiz telejurnalist, publisist İlham Tumasdır.

- İlham Tumasın daha çox təsriləndiyi yazarlar kimdir?

- 90-cı illərin əvvəlləri idi, Əlisa Nicatla görüşdüm, uşaq sadəlövhlüyü ilə "ustad, fəlsəfəni öyrənmək istəyirəm" dedim. Əlisa müəllim özünəməxsus gülüşlə qayıtdı ki, "fəlsəfə oxumazdan əvvəl get, Kafkanı oxu". Beləliklə, Kafka ilə tanış oldum (Gülür). Bu baxımdan mənim üçün ilk olaraq Nitsşe, sonra Kafka önəmlidir.

- Əvvəllər Nitsşe ilə Kafka arasında üstünlüyü Nitsşeyə vermisiz?

- Eləydi, amma artıq Kafka daha üstündür mənim üçün. Nitsşe çox ləngər vurdu - Şopenhaurə ata dedi, ondan imtina elədi, Vaqnerə sitayiş elədi, ondan da bezdi və uzaqlaşdı... Ancaq gəncliyimdə Nitsşeyə vurulmuşdum, hətta onun kimi bığ saxlayırdım...

- Kafkanın konkret hansı əsərini bəyənirsiz?

- Düşünürəm, “Çevrilmə” onun yaradıcılığında ilk pillədə dayanır. Qreqor Zamza bir sığorta şirkətində işləyir, ailəsinin bütün ehtiyaclarını ödəyir, necə deyərlər, evi Qreqor saxlayır. Ancaq bir gün yuxudan oyananda görür ki, həşərata çevrilib. Əslində, təbii ki, söhbət onun həşərata dönməyindən getmir...

- Bəs nədən gedir?

- Bir dəfə "adamlar niyə belə maraqsızdır" sualına Bernard Şou "çünki hamı həyata öz gözü ilə deyil, dünən oxuyub başa çatdırdığı əsərin sevgi qəhrəmanının gözü ilə baxır" cavabını verib. Ancaq Kafkanı oxuyub başa çıxan birisi həyata Kafka qəhrəmanlarından hər hansı birinin gözüylə deyil, Kafkanın gözüylə baxmağa məhkum olur. Kafka isə öz doğmalarının arasında, doğulub boya-başa çatdığı evində darıxdığı üçün yarım saat ərzində altı dəfə əl yuyan qəribə bir tipdir. Ona görə də Kafka bütün əsərlərində yalnız özünü yazırdı. Onun "Çevrilmə"si valideyn-övlad ziddiyyətlərinin bəşər ədəbiyyatında bənzəriz şəkildə təsviridir. Nə Kafkaya qədər, nə də ondan sonra heç bir yazıçı bu münasibəti "Çevrilmə "də olduğu kimi verə bilməyib. Həşərata çevrilmiş Qreqor Zamzanın faciəsi də yalnız və yalnız Tanrıların lənətinə tuş gəlmiş Çar Edipin faciəsi ilə müqayisə edilə bilər. Çünki məlum olur ki, Qreqor Zamzanın öz doğmaları tərəfindən atılması üçün həmin dəhşətli gecədə onun heç həşərata çevrilməyinə də ehtiyac yox imiş. Ailənin bütün maliyyə yükünü çiyinlərində daşımağa məcbur olmuş bu zavallı adamın ata-anası tərəfindən atılması üçün yataq otağındakı divarlardan birinin üstünə uçması, nəticədə ömrü boyu şikəst qalması da kifayət idi.
Kafka sübut eləmək istəyirdi ki, valideyn-övlad münasibətlərindəki laxlamalar valideynin övlada gələcəyə qoyulmuş kapital kimi yanaşmasının nəticəsidir. Yəni, valideynləri ona işə gedə bilmədiyi və evə pul gətirmədiyi üçün iyrənc biri kimi baxır.

- Deməli, yenə valideyn-övlad problemi...

- Bəli, hər bir valideyn övladını özünə görə çox istəyir. Sənin anan, uzaq olsun, səni itirsə, ona görə ağlayacaq ki, özündən bir hissə itirib. Sən valideyn üçün sadəcə Turalsan, onun bir parçasısan... Valideyn çox zaman övlada ayrıca şəxsiyyət kimi baxmır. Mənim anam da bir dəfə məni itirmək qorxusuyla dedi ki, səni itirsəm, yazıq olaram... Diqqət et, demir ki, yazıq deyilsənmi, deyir, yazıq deyiləmmi? Kafka əsərdə bunu verib. “Çevrilmə” bir insanın faciəsidir. Kafka Qreqoru həşərata çevirməklə pul qazana bilməyən insanın valideyn yanındakı çöküşünü göstərir.

- Əsərdə sizi kövrəldən nəsə oldumu?

- Kafka vicdansız dərəcədə soyuq yazıçıdır. Onun yaradıcılığında sentimental məqamlar barmaqla sayılacaq qədərdir. Məsələn, "Çevrilmə"də bir yer var. Bir gün Qreqorun bacısı onlarda kirayənəşin qalmaq istəyən qonaqlar üçün skripka çalır. Bacısı skripka çalanda həşərat Zamza sürünə-sürünə bacısının ayağının dibinə gəlir, onun saçlarına, simasına baxır, musiqiyə qulaq asır. Bu yerdə Kafka belə bir cümlə yazır: "Əgər o, həşərat olsaydı, musiqini belə anlaya bilərdimi?"
Qonaqlar həşəratı görür, qışqırır, bacısı ağlayaraq küsür və bağırır ki, qardaşı onun konsertini məhv elədi. Qreqor başa düşür ki, bu dünya onun dünyası deyil. O, əməyə yararsız adam olur, problem də budur. Zamza şikəst olduğu, ayaqları qırıldığı üçün qulluq əvəzinə təhqir olundu, qulluqçu isə meyitini xəkəndazla götürüb tulladı, vəssalam...

- Bu, bizim toplumun övlada yanaşmasını xatırlatmır?

- Ola bilər. Övladı böyüdürlər, deyirlər ki, səni oxutmuşam, sən mənə pul verməlisən, baxmalısan. Kafka da təxminən belə demək istəyir: valideynlər övladlarına gələcəyə qoyulmuş kapital kimi baxırlar...

- Kafka həm də əlil insanlara qarşı olan bu qeyri-insani yanaşmanı da tənqid etmirmi bir növ?

- Zamzanın ayağı iflic oldu, yeriyə bilmədi. Bəlkə də haqlısan... Valideyn-övlad münasibətlərindəki problemdən başqa Kafka bunu da mesaj kimi vermək istəyib bəlkə də... Bəli, Kafka haradasa Zamzanın özü idi. O da ata-anasıyla yazıçı olmaq üçün mübahisə edirdi, çünki darıxırdı həyatdan. Sabah mən əlimi-ayağımı itirsəm, xəstəliyə düçar olsam, mənə də həşərat kimi baxacaqlar. Bu əsər bu günün reallığıdır.

- Əsərin açarı haradadır?

- Mənim üçün əsərin sonudur: " cənab Zamza və xanım Zamza getdikcə coşan qızlarına baxıb ikisi də eyni zamanda düşündülər ki, rəngini saraldan bütün dərd-qüssəyə baxmayaraq, qız bu son zamanlar qəşəngləşmiş, xalis gözələ çevrilmişdir. Onlar qeyri-iradi olaraq baxışdılar, qıza yaxşı ər tapmağın vaxtı çatdığı barədə düşündülər. Qız onların yeni Bu barədə söhbət edərkən arzularını və gözəl niyyətlərini təsdiq edirmiş kimi, səyahətlərinin axırına çatanda birinci olaraq ayağa qalxıb cavan qamətini düzəltdi..."

- Kafka sizə nə verib?

- Tam ciddi deyirəm: onu ilk dəfə oxumağa başlayanda hər gecə gic-gic yuxular görürdüm... Qoy birini danışım: "Düşdüyümüz otağın tavanı yox idi. Buradan necə çıxmaq haqqında tədbir tökməyə girişmişdik ki, dörd divarın açıq tavanından ucunda kəndirdən ilgəyi olan dəmir tros yellənə-yellənə aşağı düşməyə başladı: "Yəqin bizi asmaq üçün endirilir. Bəs onda niyə belə böyük dar ağacı seçiblər? Bəlkə, biz nəhəng adamlarıq, onlarsa liliput?"

Bax belə yuxular görürdüm və hər dəfə yuxudan ayılanda başa düşürdüm ki, hamısı Kafkanın "işləridir". Əslində, "Xrebtovı"nın yarıqaranlıq daxmasında kirayənşin həyatı sürən 20 yaşlı kasıb tələbənin gecələr Kafkanı oxuması və səhərə qədər də axmaq-axmaq yuxular görməsi heç də normal bir şey deyildi. Ancaq bütün bunlar, dediyim kimi, Əlisa Nicatın "mənim saçlarımı Kafka ağartdı" deyimindən sonra olacaqdı.

Hazırladı:
Tural İsmayılov


Tarix: 23.02.2016

3600