Yox olan hələ doğulmayandır


Fəlsəfədən az-çox anlayışı olanlar bilməmiş deyil ki, onun əsas müddəası olan “varlıq nədir” sualına cavab axtarmağa cəhd etmədən heç bir formada özünü və insanı dərk edə bilməzsən. İnsanı dərk etməyə cəhd olduqca aktual, düşündürücü , tarixin bütün qatlarında filosofları və fizikləri diskussiyalara çəkən suallar olmuşdur. Ontologiya da məhz fəlsəfənin bir bölməsi olub varlığı tədqiq edir.
Ancaq əfsuslar olsun ki, ontoloji fikir tarixində fəlsəfəçilər yoxluq anlayışını izahdan ya qaçmış, ya da “heç nə”-nin mahiyyətini izah etməmişlər.
Heçlik haqqında Rusiyada 19-cu əsrlərdə təşəkkül tapan nihilist (heçlik) fəlsəfəsi daha çox elmi dəyərləri müdafiə edərək, bütün strukturlaşmalara qarşı çıxarkən, yoxluğun mahiyyətini izah etməmişdir.

Yoxluq anlayışı bəzən ölüm anlayışıyla izah olunurdu. Bütün səmavi dinlər yoxluq anlayışını rədd edirdi. Dini kitabların hamısı yoxluq deyilən nəsnəni, əslində, formal olaraq anlatmışdır. Yoxluq dinlərdə yaşamın başlanğıcıdır. Qurani-Kərimdə deyilir:” “Allah ölüm anında canları alır”. (Zümər 42) “Mənə doğulduğum, öləcəyim və diriləcəyim gün salam olsun.”(Məryəm 33) (Ya Məhəmməd!) De ki: «Sizə müvəkkil olan ölüm mələyi (Əzrail canınızı alacaqdır. Sonra da (Qiyamət günü) Rəbbinizin hüzuruna qaytaracaqsınız. (Səcdə 10-11). (Allahın hər şeyə qadir olmasına, Qiyamət günü ölülərin diriləcəyinə dəlalət edən) əlamətlər vardır” (Zumər-42)”.
Quranda Yox olmaq bədənin ölümü, ruhun yenidən dirilməsi reformasiyasıdır. Yoxluğu, insanın, əslində, sonsuz olaraq, başqa bir dünyada axirətdə yaşamının qarantısıdır. Ya cənnətdə “zövqü-səfa”, ya da cəhənnəmdə “zillət və zülmət” çəkəcəksən . Yəni yoxluq, əslində, dirilişin yenidən doğuşunun təməlidir. Məhz Quranda Allahın dünyanı heçdən xəlq etməsi vurğulanır. Yoxluq və heçlik var oluşun yaradıcısıdır. Yoxluq ölümdür. İnsan islama görə fiziki ölür, ruhən daim var olur.
Təxminən, eyni müddəalar xristianlıqda da səslənir.

Əslində, uzun-uzadı fəlsəfə tarixindən yoxluğa dair baxışları ortaya atmaq istəmirəm. Mənə görə din, əslində, yoxluğun mahiyyətini daha çox izah etməyə çalışır, nəinki materialist fəlsəfi cərəyanlar . Məsələn, postmodernizmə görə, yox olmaq tamamilə yeniliyin doğuşu idi. Yenilik üçün mütləq yoxluq və yox olmaq labüddür. Antik Yunan fəlsəfəsində yoxluq təbiətdən uzaqlıq, dərk olunmayan və ya ümümiyyətlə, mövcud olmayan idisə... Qədim Hind vedalarının və zen buddistlərinin təlimində yoxluq anlaya biləcəyimiz tək mövcudluq idi.
Mən necə düşünürəm bu məsələdə...
Yoxluq, əslində, gerçəyin özüdür. Varlıq natamam gerçəklikdir. Dünyanın var olması, insanın var olması, stəkanın var olması, yerin dairəvi formada varlığı, valideynlərin var olması, torpağın var olması, heç də onların mövcudluğunun təməli deyil və izahedici arqumentasiya sayıla bilməz.
Atmosfer qatındakı maddələr mübadiləsi elmə imkanları daxilində bəllidir. Ozon qatının tamlığı, litosferin daxili strukturu, qalaktikalararası dəqiq məsafə ölçüsü tam formada bəlli deyil. Forması bəlli, zahiri tədqiq olunan, mütləqiyyətə çata bilməyən heç nə, əslində, var deyildir. Sadəcə, səhih bilgilər və tamlanmamış tezislərdir. Karl Saqan yekun nəticəsi olmayan hər bir sosial biliyi yarımçıq akt hesab edirdi.

Valideynlər mövcuddur. Atalar və analar yaradılışımızın bazisidir. Valideynlər, əslində, mənim fiziksəl quruluşumun səbəbi olan, varoluşdur. Əslində isə, onlar yaradıcı, tərbiyəedici, formalaşdırıcı varlıqlardır. Övladın ruhi təkamülünə bioloji baxımdan təsir göstərə bilmirlər. Lakin modern elm isbat etməyə cəhd edir ki, əslində, inanın bədən quruluşu təkamülünü hələ tamamlamayıb və uzun əsrlər sonra psixoloji ardıcıllıq olacaq övladlar valideynlərini bütünlüklə əvəzləyə biləcək və genetik kodlar indiki məhdud çərçivədə deyil də, böyük rakursda ötürülə biləcək. Freydin “insan hələ formalaşır” qənaəti burada həlledici ritorika sayıla bilər.
Torpaq bilinəndir. Torpağın dərinliyi hara kimi gedir, bilinən deyil. Yer kürəsinin ucqar nöqtəsindən qazıntıya başlayacaq bir alət ixtira olunsa, o hara qədər gedə bilər... Yeri “deşmək”, onun dibini tapmaq hələlik mümkün deyil. Deməli, təsəvvürlər yanlışdır, bilinməyənlər var. Bilinməyən olduqca onun varlığı primitivdir. Əslində isə, o, sadəcə, yoxluqdan ibarətdir.

Yoxluq daha geniş anlayışdır. Mənim varolan bildiyim hər şey mənim hazırkı dünyamda var, mənim gələcəyimdə, dünyanın gələcəyində yoxdur. Deməli, fəlsəfə və kainat hər zaman varsa, o zaman indiki bütün hər şey, əslində, gələcəkdə yoxdur.

Yoxluq heç nə deməkdir. Heçlik və yoxluq eyni anlamlı və amaçlı anlayışlardır. Lakin heçlik yoxluğun tam da sinonim alternativi deyil, mənə görə.
Mənim dünyada qavraya biləcəyim çox şey var (mən heç nəyi qavramıram). Mənim son model maşınım yoxdur (Lakin son model maşın heç nə deyil o başqa birisində mövcuddur).
Bizim fikir adamları deyir ki, Qərbdə ailə dəyərləri yoxdur. Amma ailə dəyərləri (əslində isə dəyərlər kultuna salınan bütün müddəalar) nə isə bir şeydir, heç nə deyil.
Bir tələbə düşünə bilər ki, onun birinci kursda ingilis dilindən qazandığı heç nədir. İngilis dilini öyrənməyib. Amma əslində ingilis dərsi həmin tələbə ilə paralel, onun kimi birinci kursda oxuyan tələbələr üçün yox deyildir, vardır.
Bəs o zaman hansı hallarda heçlik və yoxluq bir-birini tamamlaya bilər... Məsələn, çağdaş kapitalist münasibətlər sistemində avronun valyutadakı kursu indiki gün üçün müəyyəndir. İki il sonra, inflyasiyadan hansı formada çıxacağı üzərində iqtisadçılar proqnoz verə bilər. Lakin izah edə bilməzlər ki, əslində, avro iki ildən sonra dollarla rəqabətdə hansı aqibətlə üzləşə bilər. Atom uranı zənginləşərsə , üçüncü dünya savaşı çıxarsa, Antaraktidakı buzlaqlar əriyib sel və fəlakətlər gətirərsə, Avropanın böyük bank valyuta sistemlərində “çirkli pulların yuyulması” xəbərləri ortaya çıxarsa, avro hansı durumda olacaq. Avronun gələcəyi heçlikdir və burdakı heçlik, əslində, təsəvvürlərin yoxluğundan ibarətdir. Avronun iki il sonra dəyərinin necə olacağı haqqında müfəssəl heç nə yoxdur.

Amerikalı alimlər insanın prototipinin yaradılması üzərində illərdir çalışırlar. Və bütün futuralistik elm xadimləri iddia edirlər ki, yaxın zamanlarda (yüz də yüz biz buna şahid ola bilməyəcəyik) insan klonlaşması başa çatacaq. Lakin klonalanan insanların varisliyi orijinal insadakı kimi ola bilməyəcək, genetik kod belə, hələ insanın təkamülü başa çatmadığından tamamlanmamışsa, insanın klonlaşması haqqında bir təsəvvür mümkün ola bilməz. Klon insanın ruhi psixoloji durumu haqqında fikirlər heçlikdən ibarətdir və ümumiyyətlə yoxdur.
Proqnozlar elmi paradiqma deyil və metodoloji yararı var. Lakin elmi proqnozların belə dəlilsizlik girdabında olduğu çağdaş Şərq toplumlarının “Vanqavari” fal heyranlığı acı təəssüf doğurur.
Heçlik boşluq deyil. Boşluq(vakuum) vardır. Mövcud olandır. Yoxluq anlamsızlıq deyildir. Mövcud olan və olmayan hər şeydə anlam vardır. Heçlik, sadəcə, anlayış deyildir. O, fəlsəfi düşüncə üçün əsas katalizatordur. Yoxluq məhvolma deyildir, əslində, tərəqqi və inkişafdır. Yox olan şeylər var olmağa başlayınca, insanlarımız dünyamız gözəlləşib, rəngarəngləşir. Yoxluq əzəlidir. Var olan müvəqqətidir. Yoxluq güclüdür... olmayanda arzulana bilir, bütün utopiyalar yoxluqdan törəyir və ümidlərə rəvac verir. Varlıq ümidləri bəzən əngəlləyir, əllərin “yanına düşür”. Yoxluq aktivlikdir, hərəkətdir, sənə onu ərsəyə gətirmək üçün stimul verir. Yoxluq şeytani başlanğıçdır, ruhani təskinlikdir, dünyəvi (sekulyar) aktların fundamentidir. Varlıq stasionardır, passivdir, köhnəçidir, stabildir, az dəyişir, dəyişimləri təlatümlərlə olur (ümümi fəlsəfi sistemdə çoxluq hissəni nəzərdə tuturam). Yoxluq təkdən törəyib böyüyə bilir. Varlıq çoxluqda heç nə etməməyə qadirdir. Yoxluq insandır (hələ doğulmayan insanlar). Varlıq da insandır, amma həm də. Yoxluqdan gözləntilər törəyir. (Dünyadakı nizamsızlığa və savaşlara son verəcək yoxluğun nə zamansa törəyəcəyinə inam). Varlıq yoxa çeviriləndə məhv edir. Yoxluq var olana çeviriləndə yaradır. Yoxluq bənnadır, qurucudur, heçdən törəyib. Varlıq bənna olduğu qədər, yıxıcıdır, pozucudur, dağıdanda zövq ala bilir.
Varlıq Dekartdır. “Düşünürəmsə, deməli, mövcudam” fikridir. Varlıq Spinozadır. Varlıq Aristodur, Platondur, Sokratesdir. Varlıq Ekodur, Derridadır, Fukodur. Varlıq Cəlaləddin Rumi, Cəmaləddin Əfqani, İmadədin Nəsimidir. Yoxluq maraqlıdır. Yoxluq optimizimdir, pozitivdir, olmayan və ola bilmə potensialı olana olan pozitivist meyildir. Varlıq pessimizdir . Elementləri ilə səni mövcudluğundan iyrəndirə bilmə gücsüzlüyünə sahibdir.

Yoxluq Dekartdan fərqli olaraq, “Düşünmürəmsə də mövcudam, çünki əşyalar da mövcuddur..... və bəlkə , onların da öz instinktiv formada duyumları ola bilər ki, biz anlaya bilmərik”-dir.
Yoxluq Tantradır. Sevgidir. Ehtirasdır.
Yoxluq inancdır.
Yoxluq cinsəl zövqdür.
Yoxluq ilkindir, səbəbdir.
Yoxluq da bəzən həddən aşırı praktiki formada insana heç nə vəd etməyən və nə isə ola bilmə ehtimalı belə məntiqi açıdan dərk edilə bilməyən düşüncələr külliyatıdır. Yoxluğun tənqidi və neqativ nüansları da məhz bundan ibarətdir.
Yoxluq keçmişdir.

Etikada Yoxluq.
Antik Yunan etik fikir kodekslərində əsasən deyilən ideyalar varlıqla tənzimlənirdi. Roma klassık fəlsəfəsinə də aid etmək lazımdır bu vurğunu. Tit Lukretsi Karr “əxlaqım varlığımdadır” deyəndə, Pluton “etika varlığın güzgüsüdür” söyləyəndə antik düşüncədə etikliyin ya da əxlaqiliyin əsas daşıyıcısı olan varlığı maksimum etikləşdirərək, klişeləyir və insanın azad ruh və mənəvi üsyankarlıq tərəfinə, çılğınığına od püskürürdü.
Orta əsr sxolastik ehkamçı xristian fəlsəfəsinin doqmaları da etikada varlığı önəmsəyir, ümümiyyətlə, etik fikri kilsənin müddəaları ilə formalaşdırır və özü də bilmədən Qərbdə mədəni inqilablara, Renessansa zəmin hazırlayırdı.
Modernist dövrün etik fikir tarixini beynimdə hələ ki, konkretləşdirmədiyimdən (postmodern etika formalaşdandan sonra zatən o qədər də önəmli olduğunu düşünmürəm) onların etikada yoxluq - varlıq ilişkilərini necə tənzimlədiyi barədə fikir söyləməkdə zəif olduğumu bildirmək istəyirəm.
Postmodern etikada əxlaq nəzəriyyəçiliyi yox idi və insanlara yalnız boş işlərlə (yuxarıda qeyd etdim ki, mənə görə də boşluq heç də yoxluq deyil və həqiqətən yarasız bir şeydir) məşğul olmamağı təlqin edirdi. Rorti etikadan yazarkən, qeyd edirdi ki, yoxluq əxlaq anlayışı qanunların tənzimlənməsində, insanların vicdanla qanuna boyun əymələrində və ictimai narazılğa səbəb olmamaqdadır.
Əslində, təlqin olunan dəyərlərin çoxunun, sadəcə, mental dizfunksionallığa söykəndiyini, insanlara psixoloji və elmi baxımdan heç bir yararının toxunmadığı gün kimi aydındır (Azərbaycanda isə durum, ümumiyyətlə, çox düşündürməlidir fikir adamlarını). Qərbdə də varlıq üzərinə fokuslanan etik- əxlaqi kateqoriyalar, əslində, bizdə çox müasirliyə meyilli olduğunu qeyd edən insanlar tərəfindən yanlış anlaşılır. Fransızların aşırı konservatizmi mentallıqdır, Amerikanın dünya ədaləti mifi daxili toplumunun yararı üçün, bütün dünyanın istismarına rəvac verəcək dərəcədə mentaldır.

Əxlaqdakı yoxluqları çox müxtəlif formada izah etmək olar və yanaşmaq olar. Var olan əxlaqi determinasiyalar (cəmiyyətin qondarma qeybət xarakterindəki basqıcı dedi-qodularını deyil də, sırf fərdi vicdanla assimliyasiya olunan vicdani əxlaq anlayışını nəzərdə tuturam) gərəklidir, lakin yoxluğun əxlaqı daha çox düşünməyə sövq etməlidir ki, bütün dünyanı (yalniz qərb toplumunu deyil) basqıcı dəyərlərdən xilas edə bilsin.

Estetikada yoxluq.
Estetik düşüncə tərzində varlıq möhtəşəmdir. Dünyadakı memari quruluşlar, mədəni istehsalat, yaradıcı incəsənət mükəməllikdir. Lakin sistematik olaraq estetik varlıq gözəldir.
Yoxluğun estetikası sinergetikdir. Yox olanın estetik qatı ideyadır. İdeyalar daha yaradıcıdır. İdeyalar yaradır və estetikanı doğurur.
Estetik varlığı “doğan ana” yoxluğun estetikasıdır.

Yox olmaq heçlik deyil.
İnsanın qarşılaşdığı sıxıntılar qarşısında və sorunlarda suisidləri, xarakiri cəhdləri və intiharı yoxolmanı yaradır. Yoxluq və yoxolma dilin semantik baxımından eyni kimi görünür. Lakin fəlsəfənin dili və dilin fəlsəfəsi baxımından eyni deyildir. Varlığın potensialarından və imkanlarından yararlana bilən insan bilgindir. Bilgin mütəfəkkir deyil. Bilgin insan bilir, dərk edir və analiz etməyi bacarır. Bilgin insan yoxluqdan varlıq törətmək üçün çalışır, bütün basqılara tab gətirməyi bacarır. Yox olmaya əsla getmir. Yox olmaya cəhd təbii ölümdən qat-qat zəif və məlundur.
Yoxolma yoxetmə qədər təhlükəli və anlamsızdır (Anlamsız çox az şeydən biri). Yoxluğun antitezisi varlıq deyil, yox olmadır və bütün bu yazıdan baş ağrısıyla bərabər, yekun qənaəti də çixarmaq çox asandır. Varlıq da Yoxluq qədər mükəmməldir. Varlıq yoxluğun əkizidir. Biri daha yaxşı, digəri bir az daha artıq yaxşıdır. Yoxolma isə, hər ikisinin antisidir “zəhərdir”.
P.S. Karl Popperin bir sitatı var: “Fəlsəfə baş ağrıdır, amma beyni inkişaf etdirərək, sonra bütün şübhələri sancmaqla elmsizliyi ağrıdır”.


Tarix: 03.08.2015

6541