Şaurmayeyənlər- Başagəldi


Metro. Qapının ağzında basabas; minənlər də, düşənlər də qapının ağzında ət-ətə dayanıb. Bir qadın: “Heç olmasa, kişilər arxaya keçsin, burda arvad-uşaq var axı!” Bir kişi: “Ay xanım, metro qapısının ağzı cənnət-cəhənnəm kimi yerdi, burda məhrəmlik duyğusu yoxdu, hərə özünə cavabdehdir”.

Cavabdan sonra ara sakitləşir, çünki nümunə çox ecazkardır.

Bu vaxt telefonuma süni siyasi mayalanma yoluyla yetişdirilmiş bir gənc tanışımdan mesaj gəlir: “siz gənc yazarların səsi dalınızdan çıxır” və arxasınca da gülüş işarəsi qoyulub.
Cavab yazıram: “mənim günahım nədir ki, siz qulağınızı yazarın münasib yerinə tutmamısınız” və sual işarəsi.

Adam pərtliyinin qisasını almaq üçün məhşur milli ədəbi bəyanatı səsləndirir: “Sizin kimi yazarlar heç vaxt Biləcəridən o tərəfə keçə bilməyəcək”.

Cavab yazmıram, çünki izdiham məni də özüylə birlikdə çölə qovur.

Söhbət onda deyil ki, gənclik siyasi proseslərdən uzaq durmalı, gedib dərslərini oxumalıdır. Söhbət ondadır ki, siyasi proseslərə burun soxan gənclərin əksəriyyəti adicə dərsini oxumağa qarnı ağrıyan, “Politologiya” fənnindən allahın əzik “3”-nü almaq üçün ayağına düşməyə adam axtaranlarıdır.

Sözsüz ki, bütün xalqlar kimi bizim də xalqın istər siyasi, istərsə də mədəni taleyində dəyişikliklər olmalıdır, yoxsa bir millət olaraq iy verib iylənərik. Amma bu dəyişiklik, sadəcə, üstündə Çe Gevaranın şəkli olan köynəyi əyninə geyinib çayxanalarda donquldanmaq, feyzbukda eyni ehtirasla həm müğənni Rəqsanənin donuna, həm də Putinin Suriya siyasətinə vedrə bağlamaqdan ibarət olacaqsa, Ağqoyunlularla Qaraqoyunluların müharibəsinə nə ehtiyac var?

O gün, yəni hicri-qəməri tarixiylə götürsək, min dörd yüz otuz neçənci ildə ilişib qalmış, Orta əsr təfəkkürlü, amma brend əyin-başlı Xanoğlana izah edə bilmədim ki, ay, sadəcə, çanağını bəyənməyən tısbağa, “Soyuq müharibə” dövründə latın Amerikası ölkələrində baş verən inqilabların arxasında SSRİ-nin çəhrayi rəngli “25-likləri” dayanırdı. Bu “25-liklər” təpəsinə səpilməsəydi, sənin köynəyin üstündən bağrına basdığın Çe Gevara, uzaq başı, mənim kimi köşə yazarı olacaqdı, ya da sənin kimi həqiqəteşən bir şey. Sübut istəyir.
Deyirəm, Kubada Fidel Kastro qələbə qazanan kimi SSRİ-nin öz zenit-raket kompleksini ABŞ-n düz gözünün qabağında aparıb Kubaya yığması, sonra Amerikanın təkidi ilə geri daşıması yadındadır?

Deyir, elə şey olmaz!

Sonra bu şaurmayeyəndən soruşuram: “siz telestimulyator adlı cihaz haqqında nəsə eşitmisiz?” Canavarın qoxusunu duyan uzunqulaq kimi qulaqlarını şəkləyir. İzah edirəm ki, hələ 1960-70-ci illərdə Amerikanın Corciya ştatında yerləşən Atlant universitetinin alimləri noxud boyda – məcburam milli-kəndli ornamentlərdən istifadə edim ki, başa sala bilim – bir aparat yaratdılar. Bu aparatı başın dərisinin altına yerləşdirirsən və radiosiqnallar vasitəsilə uzaq məsafədən başında aparat gəzdirən adamı idarə edirsən. Hətta deyilənə görə, bu gün bu aparat kosmosa gedən kosmonavtların başına yerləşdirilir ki, onların kosmosdakı davranışlarını lazım gələndə yerdən idarə etmək asan olsun.

At kimi üzümə baxır.

Sonra yenə soruşuram: “siz Belyayevin “Dünyanın hakimi” əsərini oxumusunuzmu?” Orda yazılır ki, Ştirner adlı hökmdar bu radiodalğalar vasitəsilə insanların beyninə təsir edərək özünün siyasi məqsədlərinə nail olurdu.

Özüm deyirəm, özüm eşidirəm.

Əgər mən bu gənc ağsaqqalı mövqeyindən çəkindirmək istəyirəmsə, “bir molla, üç manat pul və bir kəllə qənd” gözümü tutsun. Sadəcə, onu demək borcumdur ki, öz şəxsi həyatında, düşüncəsində inqilab edə bilməyən gənclik niyə başqalarının həyatının dərdini çəkir. Bax bu yazını bitirib, axşamüstü Fransada təhsil almış ən yaxın bir dostumun toyuna gedəcəyəm. Yazıq artıq indidən qurduğu ailənin ilk travmasını yaşayır; qohum-əqrəba onu istədiyi kimi evlənməyə qoymur.

Şikayətlənir ki, nə edim, atamdı, keçə bilmirəm. Anamdı, üstümdə haqqı var, deyir, bacım qızını al, mən də alıram. Bacımdı, deyir, qardaşım gəlini limuzin maşınla gətirməsə, özümü öldürəcəyəm. Böyük qardaşımdı, and içib ki, toyumda əlli növ müğənni oxutduracaq. Hə, bax, məsələ burda aydınlaşır: əvvəl öz ideallarınız uğrunda öz atanıza qarşı çıxmağı bacarın, sonra başqalarının atalarına qarşı inqilabı bir yerdə edərik.


Tarix: 25.02.2016

5532