Həci və ateist- Gəvsəç


Ateist: Həci, oxuduğun kitaba and olsun ki, tapmışam. Arximed demiş, “evrika”!

Həci: Ayə, nəyi?

Ateist: Həci, Həzrət Abassın kəsilən qolları haqqı, tapmışam.

Həci: Ayə, Həzrət Abbas sənə qənim olsun, denən görüm, nəyi tapmısan.

Ateist: Həci, qıldığın haqqı, tapmışam.

Həci: Ə, get hoppan, milləti mən dolayıram, bu da mənə papış tikmək istəyir...

Ateist: Həci, deməli, neçə ildir düşünürdüm ki, bizim insanlar nə üçün qanunlarla yaşamağı sevmirlər? Bax bu sualın cavabını tapmışam, getdiyin o yol haqqı.

Həci: Ayə, namaza gecikirəm, tez elə! Dünən də iki dənə “qayıb” yazıblar sənin boşboğazlığın ucbatından. Bu smestr kəsilsəm, sən öl, pişiyini Aztv-nin qülləsinə dırmaşdıracağam.

Ateist: Həci, biz ki birdən-birə ali qanunlarla yaşamaq eşqinə düşdük ha, bax orda səhvə yol verdik. Biz gərək ali qanunlardan əvvəl adi qanunları öyrənəydik.

Həci: Ayə, məsələn, nəyi?

Ateist: Məsələn, həci, ümumi ayaqyoluna girib “ürəyini boşaldandan” sonra suyu buraxmağı, yaxud liftə minəndə siqaret çəkməməyi. Həci, biz bilirsən ali qanunlara doğru hardan “razqom” götürməliydik? Hammurapidən! Yəni tutalım, bir qonşun vurub sənin öküzünün bir gözünü tökübsə, sən də vurub onun öküzünün gözünü tökməliyidin. Qurtardı getdi. Yoxsa indi ali qanunlara görə, gərək tökülmüş bir öküz gözündən ötrü gedəsən polis bölməsinə. Növbəyə durasan – özü də bilirəm ki, əsəbi adamsan, səbrin çatmaz növbə gözləməyə, yüz faiz orda da kiminləsə süpürləşəcəksən.

Həci: Ayə, tez elə, ürəyim çəkildi!

Ateist: Tutaq ki, şikayətlənmə növbəsi gəlib çatdı sənə. Şığıyacaqsan polis rəisinin üstünə ki bəs “ağa nəçəlnik, çevir məni balalarının başına, öküzümün....” Rəis sözünü ağzında yarımçıq qoyub deyəcək: “otur bir ərizə yaz, bura sənin üçün məscid deyil şikayətini şifahi şəkildə bildirəsən”. Düzdü, düz deyil, Həci?

Həci: Ayə, sözünün canını de!

Ateist: lap tutaq ki, polis rəisi bir balaca mədəni adam çıxdı və siyirtməsini açıb sənə kağız və qələm verdi ki, ərizə yazasan. De görüm yaza biləcəksən? Elə ilk cümlədəcə məlum olacaq ki, hərfin birini kirilcə, birini latınca, o birini də ərəbcə yazmısan, yəni haça-paça qalmısan bu üç əlifbanın ortasında. Deməli, polisin verdiyi iki kağızın biri belə getdi. Yumrulayıb tolazladın zibil vedrəsinə. Keçdin ikinci kağıza və diqqətini cəmləyərək bütün müsəlman göylərində nə qədər seyid-peyğımbər ruhu dolaşırsa, hamısından imdad diləyərək başladın yazmağa: “Filan şəhər Baş Polis idarəsinin...” Bu yerdə yazdıqlarının düzlüyünə əmin olmaq üçün əl saxlayıb cümləni hərf-hərf oxuyacaqsan və cin vuracaq təpənə. Çünki görəcəksən ki, birinci cümləni yazana qədər əhvalatın yerdə qalanını yadından çıxarmısan. Bu dəfə hirdindən özün yazdığın kağızı cırıb atacaqsan küncdəki vedrənin içinə. Deməli, ikinci kağızı da belə batırdın.

Həci: Ayə, az çərənlə, mən bir öküz gözünə görə gedib qonşumu tutdurmaram.

Ateist: İnanan daşa dönsün, Həci. Hə, polis rəisinin verdiyi hər iki ağ vərəqi korlayandan sonra qalacaqsan əliboş, yəni kağızsız. Kor öküz də həyətdə banqırır ki, qisas qiyamətə qalmaz. Yəni ey sahibim, mənim bu tökülmüş gözümün qisasını almadan evə gəlsən, sənə südümü halal etmərəm. Hətta səni bu haqq davasında daha da əzmli olmağa vadar etmək üçün sənə halal etməyəcəyi bir xeyli süd məhsullarının adını sadalayır.

Sən yenə rəisdən əlavə kağız istəməyə məcbursan. Rəis deyinə-deyinə siyirtməni eşələyib yenə iki kağız çıxaracaq, ancaq bu dəfə sənə uzatmayacaq, otağın bir küncündə oturub “Facebook”da oğlanlara ədəb-ərkandan mühazirə oxuyan katibəsinə - hind dilində desək, Xatubasına – çığıracaq ki, al bu ağsaqqalın dediklərini şikayət ərizəsi şəklində yaz. Dəvədəlləyinə oxşayan qız da hirsli-hirsli sənin şikayətini kompyuterdə taqqıldadıb, aparıb qoyacaq rəisinin, daha doğrusu, Cimisinin qabağına. Cimisi də sənin şikayətini oxumadan atacaq masanın üstünə və sənə deyəcək: “get, lazım olanda çağırarıq”.

Həci, indi gördün biz hələ ali qanunlarla yaşamağa hazır deyilik. Adi qanuna qalsaydı, sənin işin bilirsən necə olacaqdı? Heç zad! Yerdən bir daş götürüb qonşunun öküzünün gözünə zollayacaqdın, vəssalam.

Həci: Sənin işin-gücün yoxdu?

Ateist: Var, Həci, yeni siyasi-fəlsəfi traktat üzərində işləyirəm. İdeyası belədir; “Niyə insan eyni yolu “protiv” sürəndə özünü daha güclü hiss edir?” Necədü, Həci?

Həci: Allah işini avand eləsin, mən getdim namaza.


Tarix: 01.03.2016

5214