Aqşin Evrənin “Yad”ı - Yazıçılar oxucu kimi


“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazar, həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
Budəfəki müsahibimiz şair Aqşin Evrəndir.

- Aqşin Evrənin ən sevdiyi yazarlar, əsərlər hansılardır?

- Doğrusu, ən sevdiyim əsəri özüm üçün qətiləşdirməmişəm. Mənim əsərlərə olan münasibətim daha çox ruh halımdan asılı olaraq dəyişir. Tutaq ki, ətrafımda bu qədər doğma insana rəğmən, misilsiz bir təklik hiss edəndə Kafkanın “Çevrilmə”si, həyati gedişlərdə yol verdiyim taktiki səhvlərə görə vicdan əzabı çəkəndə “Cinayət və cəza”, bütün bu həyatın bir mənası olmadığını, hər şeyin müəyyən bir yerdə sona çatdığını anlayanda Kamyunun “Yad”ını xatırlayıram. Yəni ovqatdan asılı olaraq dəyişir. Amma son situasiyanı – “Yad”ı daha çox yaşadığıma görə Kamyunun “Yad” romanı mənə daha doğmadır.

Yadıma gəlir, universitetdə fəlsəfə dərsində müəllim ekzistensializmdən danışırdı, mən də qrup yoldaşımla söhbət edirdim. Anidən müəllim bizi yoxlamaq üçün soruşdu ki, Aqşin, biz nədən danışırıq? Qalxıb ekzistensializm haqda danışdım, müəllim də təəccübləndi. Adətən, belə hallar müəllimlərin qələbəsi ilə başa çatır, ancaq mən ekzistensializm haqda hələ 18-19 yaşımda oxuduğum üçün məlumatlı idim. Sonra həmin müəllimə mənə Kamyunun “Yad”ını oxumağı məsləhət gördü. Elə oldu ki, həmin ilin sonunda şeir müsabiqəsində qalib olanda bu kitabı - “Yad” romanını mənə hədiyyə etdilər. Beləcə “Yad” ilə doğmalaşdım.

- Əsərdə nədən bəhs olunur?

- İlk baxışdan əsərdə bir insanın həyata, cəmiyyətə və son olaraq özünə yadlaşmasından bəhs olunur. Ancaq sonradan digər mətləblər də açılır. Əsəri kitab oxumayanlar belə rahatlıqla oxuyub bitirə bilər, çünki hadisələr, əsərin dili çox axıcıdır. Amma bu roman hazırlıqsız oxucuya necə təsir göstərər, bu artıq sual altındadır. Ümumiyyətlə, bir az qəribə səslənsə də deyim, yeniyetmələrə bu əsəri oxumağı tövsiyə etmirəm. Əsər o qədər güclüdür ki, bir anda insanın baxışlarını dəyişə bilir. Bu romanı oxumazdan əvvəl ekzistensializmi öyrənmək, qavramaq və onun qollarını açmaq lazımdır.

Qayıdaq əsərə. Mən hələ elə bir əsərə rast gəlməmişəm ki, yazıçı ilk cümlədə əsərin bütün mahiyyətini, fəlsəfəsini ortaya çıxara bilsin. Kamyu bunu “Yad” ilə edib. Kamyunun Mersosunun ilk cümləsində isə hər şey aydın olur:

“Bu gün anam ölüb. Bəlkə, dünən olub bu, xəbərim yoxdur. Qocalar evindən teleqram gəlmişdi: “Anan vəfat etdi. Dəfn sabahdır”.

Dəhşətlidir ki, bu teleqram Mersoya zərrə qədər də olsun təsir etmir. Merso bu ölümü o dərəcədə soyuq qarşılayır ki, hətta öz şefi də onun anasının öldüyünə inana bilmir. O, anası ölən gün qızla görüşür, özü dəfələrlə qeyd edir ki, kefi yaxşıdır. Ancaq bu o demək deyil, Merso mənəviyyatsızdır. Yox, qətiyyən, onun laqeydliyi, yadlaşması nihilist yadlaşma deyil.
Onun bu müdhiş soyuqluğu adamı iyrəndirmir. Məsələn, o, anasının tabutunun yanında siqaret çəkmək istəyir, amma düşünür ki, görəsən, meyitin yanında siqaret çəkmək pis çıxmaz? O, bu qədər incə nüansları düşünür, bu mənada Mersoya mənəviyyatsız demək olmaz.

- Əsər sanki iki hissəyə bölünür. Hissələr arası keçidi necə ayırd edə bilərik?

- Əsərin birinci hissəsi möhtəşəm sonluqla başa çatır. Merso ərəbi 4 güllə ilə öldürdükdən sonra deyir, “mən bu 4 güllə ilə fəlakətin qapısını döyürdüm”. Orada çox maraqlı bir detal var. Merso ərəbi vurmazdan əvvəl deyir ki, “ona güllə atmaq da olar, atmamaq da, bu, heç nəyi dəyişmir”. Bu, “olum, ya ölüm” fəlsəfəsini kuliminasiya nöqtəsinə çatdırır. Onun insan həyatına nə qədər laqeyd yanaşdığını ortaya qoyur. İkinci hissədə artıq Mersonun həbs həyatı başlayır. Həbsxanaya düşəndən sonra da vəkilin onu xilas etmək cəhdlərinə heç bir reaksiya vermir. Qurtuluşu üçün çalışmır. Eynilə keşişlə söhbətində də bu proses baş verir.

Fikir verirsinizsə, əsərin cəmi bir yerində Merso öz yadlığından uzaqlaşır: Raymon ərəblərlə hesablaşmağa gedərkən Merso narahat olub dalınca düşür. Bununla da onun real faciəsi başlayır. Merso Raymonun ardınca gedərək, ilk dəfə özünə xəyanət edir.

- Əsərdəki əsas obrazlar kimlərdir, səncə?

- Əsərdə Mersodan əlavə, qoca Salamono obrazı da mənə maraqlı gəlir. Daha doğrusu, o və iti. Qocanın itinə olan münasibətini oxuyandan sonra qapını açıb, blokdakı pişiklərdən birini evə buraxdım. Kamyu bir tərəfdən insanın insandan nə qədər uzaqlaşdığını göstəribsə, o biri tərəfdən bir heyvanın insana necə doğmalaşdığını gözlər önünə sərib. Yazıçı Salamononun iti ilə münasibətini o qədər ağrılı təsvir edir ki, adam o iyrənc hala düşmüş iti də sevməyə başlayır. Salamono itini nə qədər acılasa da, söysə də, ondan ayrı qala bilmir. Biz onun öz itinə olan münasibətinin yüzdə birini Mersonun anasına olan münasibətində görmürük. Kamyu burada iki möhtəşəm paralel planet yaradıb: Salamono itindən ötrü zülm-zülm ağlayır, Merso isə anasına görə zərrə qədər də narahat olmur.

- Əsərin kuliminasiya nöqtəsi hansıdır?

- Mənə görə, kuliminsiya Mersonun ərəbi güllələməsidir. Kamyu yadlaşmanın ən pik nöqtəsini orada göstərib. Merso çox rahat şəkildə bir insan öldürür. Və bunu edəndə də çox mənasız, ağlasığmaz səbəb gətirir: Günəş gözümə düşürdü deyə tətiyi çəkdim.

- Ədəbiyyat adamlarını müşahidə edirəm. Mənə elə gəlir ki, bu yadlaşma səndə də var.


- Mənim xarakterimlə Merso arasında oxşarlıq olduğunu ilk dəfə qrup yoldaşım deyib. Daha sonra 3-4 nəfərdən də bu barədə eşitmişəm. Doğrudur, onun düşdüyü halları tez-tez yaşayıram. Ancaq bunun nə qədər faydalı və ya zərərli şey olduğunu bilmirəm. Əslində, əsəri oxuyan əksər tanışlarım Merso kimi olduqlarını iddia edirlər. Ancaq onlar üçün nəinki valideyn itkisi, hətta dırnaq qopması belə faciədir. Doğrudanmı, Merso kimi soyuqqanlı olmaq bu qədər asandır? Oxucu bu obraza – Mersoya iki şeyə görə qibtə edir: Birincisi, Kamyu xarizmasına görə. İkincisi isə Mersonun güclü-laqeyd insan olmasına görə. Belə bir fikir var, bir adam nə qədər çox insan sevirsə, o qədər məğlubdur. Mersonun içində insanlara sevgi və nifrət yoxdur, buna görə də heç bir faciə onu əyə bilmir. Bax, məhz oxucu da buna görə Mersonu müsbət qəhrəman kimi hiss edir.

- Mersonun cəmiyyətə və doğmalarına qarşı olan laqeydliyində bir fərq hiss edilmirmi?

- Anasından sonra həyatda ona yaxın adam qalmır. Buna görə də Merso istəsə də, doğmalaşa biləcək adam tapmazdı. Tutaq ki, onu sevən qadınla evlənmək məsələsi yaranır. Merso qızın evlənmək təklifinə “Mənim üçün fərqi yoxdur. İstəyirsən evlənək” - cavabını verir. Gör, yadlaşma hansı həddədir ki, sevgi və ehtiras hissləri də onun üçün əhəmiyyət kəsb etmir. Demək, Merso doğmalaşa bilmir.

- “Yad”da avtobioqrafik səhnələr mövcuddur?

- Merso ilə Kamyu arasında bəzi oxşarlıqlar var. Hər ikisi sonralar ekzistensializmdən uzaqlaşır. Merso ölüm hökmü veriləndən sonra qaçmağın yolları haqda düşünür. Haradasa Kamyunun ölümü də elə bil yadlaşmanın epiloqu idi. Gərək ki, Stendal demişdi: “Küçədə gəzdiyim yerdə yıxılıb ölsəm, bu, çox gülməli olar”. Kamyu kimi bir nəhəngin belə məzmunsuz şəkildə - avtomobil qəzasında ölməsi sanki onun taleyinə ironiya idi.

- Əsərdə hansı hissələrə düzəliş etmək istərdin?

- Tural, mən ancaq özümə düzəliş edib, bu əsəri altıncı dəfə oxuyardım.

- Azərbaycan ədəbiyyatında “Yad”ın bənzəri var?

- Struktur cəhətdən bəlkə də var, amma mövzu, ideya baxımından rast gəlməmişəm.

Hazırladı:
Tural İsmayılov


Tarix: 09.03.2016

6863