Eduard Limonov: “Havayı heç nə yoxdur”- Müsahibə


Eduard Limoniv: “Obama Ağ Evi bara çevirməklə dünya əhalisini aldadır ki, “mən yaxşıyam, pisliyə qadir deyiləm!”

Çağdaş rus nəsrinin ən qalmaqallı nümayəndəsi, qeydiyyatı ləğv edilmiş “Millətçi Bolşevik Partiyası”nın sədri Eduard Limonov, əslində, peşəkar dərzidir. Sovetlər dönəmində (1964) əvvəlcə Xarkov, sonradan isə Moskva ziyalıları üçün o vaxt dəbdə olan cins şalvarlar tikirmiş. Gənclik illərində isə yükdaşıyan, yüksək qurğularda quraşdırıcı, poladəridən, kitab satıcısı və şalban doğrayan fəhlə kimi işləyib.

1980-ci ilə qədər şeirlər yazan Eduard daha sonra ədəbi əhatəsini genişlədirməyə başlayır. Siyasi baxışlarına görə Rusiyadan didərgin düşür. Belə ki, Andropovun dövründə, 1973-cü ildə ona “antisovetçi” damğası vurulur. 1974-cü ildə isə yazıçı SSSR-dən ABŞ-a köçür. Səbəb isə keçmiş KQB-nin agenti olmaqdan imtina etməsi olur. Bu illər ərzində onun xarici mətbuatda “ Hədd”, “Zaman və Biz”, “Apollon 77”, “Exo” “Sintaksis”, “Muleta”, “Gəmi” kimi yazıları dərc edilib.

90-cı illərin əvvəlində Rusiya vətəndaşlığını geri qaytaran yazıçı fəal siyasi fəaliyyətə başlayır. 1993-cü ildə Moskvada 21 sentyabr - 4 oktyabr hadisələrinin aktiv iştirak edir. “Limonka” qəzetinin ilk redaktoru olan yazıçı fransız və ingilis dilində daha çox məqalələr yazırdı. Səbəb isə 15 il qürbətdə yaşadığı dövrdə rus dilini tərgitməsi idi.

Siyasi fəaliyyət onu ədəbiyyatdan uzaqlaşdırmayıb. Belə ki, o “Biz - Milli Qəhrəman”,
“Ediçka – bu, mənəm” romanı, “Parisdə pələngin əhilləşdirilməsi”, “Amerika tətili”, “Müasir qəhrəmanların ölümü” kimi romanlarını yazıb. Onun daha çox hekayələri məşhurdur.

“Başqa Rusiya”, “Narazıların Marşı”, “Milli Assambleya” “Strategiya-31” kimi müxalif layihələrin müəllifi olub. 2012-ci ildə prezident seçkilərində müxalifətin vahid namizədi kimi göstərilsə də Rusiyanın Mərkəzi Seçki Komissiyası onu qeydiyyata almayıb. Yazıçının müxtəlif dərgilərə verdiyi müsahibələrin qısa hissəsini təqdim edirik.

- Yazıçılıq, yoxsa siyasət?

- Hər ikisi qələm və kitabdan keçir. Hər iksi insanları aldadır. Real mənzərə budur. Hər bir yazıçı istədiyi cəmiyyəti öz əsərində ərsəyə gətirir. Lakin bir şeyi düşünün, öz beyninin məhsulunu yazan və heç kəsdən asılı olmayan yazıçılar qədər iqtidarın mənafeyini güdən yazıçılar da var. Bu psixoloji bir oyundur. Ədəbiyyat siyasətdən üstündür. Siyasət ədəbiyyatdan istifadə edir. İstər yazıçı tərəfindən istər iqtidarda olan şəxslər tərəfindən.

Məsələn, yazıçı əsərləri ilə cəmiyyətə psixoloji təsir edərək müəyyən şəxsləri öz tərəfinə çəkir və təbii ki, mənfəətini güdür. Günün nəbzi budur. Havayı heç nə yoxdur.

Siyasi tərəfdən də eyni durumdur. Ancaq başqa formada. Sifarişlə yazan ədiblərin işi insanları iqtdara daha yaxın etməkdir. Bu cür siyasi addımlar Sovetlərin vaxtında daha çox özünü büruzə verirdi. Eyni zamanda bəzən iqtidarda olan şəxlər müasir və tanınan şəxsləri müxtəlif variantlarla öz tərəfinə çəkərək insanları idarə edir. Putin kimi.

Obama da bu məsələdə geri qalmır. Ağ Evi lap “bar” edib. Səmimiyyətin arxasında çox gizli və qorxulu nüanslar var. Bu, sadəcə olaraq, dünya əhalisinə “Mən yaxşıyam, pisliyə qadir deyiləm” kimi özünü göstərməkdir.

- Müasir dövrdə Rusiyada qələm sahiblərinin hansını cəmiyyətdən ayırmaq mümkündür və niyə?

- Rusiya ədəbiyyatı cox zəif inkişaf edib. Bu, təkcə bizdə deyil. Dünya ədəbiyyatının nümayəndələri də bizdən geri qalmır. Hələ də yazıçılar insan, ailə və cəmiyyət dəyərlərinin aşılanması üçün eşələnirlər.

- İntellektual insanı sözlərlə necə ifadə edə bilərsiz? O, necə bir şəxs olmalıdır və hazırda elə bir fərd ölkəmizdə mövcuddurmu?


- Özünüz ifadə edin. Elə də çətin deyil: qatil, üzü solmuş, dodaqlarında köpük, 21-ci əsrin xəstəliyini özündə daşıyan Felik Djerzinskiy kimi vərəm insan.

- Rusiyanın Suriyadakı əməliyyatlarına münasibətiniz necədir? Çünki bir çoxları Rusiyanı buna görə qınayır. Belə ki, Yenirusiyada yaşananlar bitməmiş digər ölkədə əməliyyatlara başlanıldı. Halbuki, bu ölkə Rusiya xalqı üçün yaddır.


- Bu, sadəcə olaraq, Ukrayanın şərqində baş verənlərdən dünya ictimaiyyətinin diqqətini yayındırmaq cəhdidir. Konkret olaraq Donetskdən. Bundan sonra mənəvi olaraq Rusiyaya qarşı nifrətlər azalmağa başladı. Bu eyni zamanda dünya siyasətinə dönmək və öz yerini möhkəmlətmək üçün atılan möhtəşəm manevrdir. Məsələn: bir kənddə ev yanır və bu kənddən uzaq şimalda olan kəndin sakinləri onlara yardım etməyə gəlir. Onlara qarşı (Rusiya) nifrət olsa da heç kəs “rədd ol” buradan deyə bilməz. Axı bu yanğın söndürülməlidir. Eyni zamanda onlar (Rusiya) tək yanğını söndürmək üçün su qabları yox, balta, çəkic və canlı qüvvə gətiriblər. Bax Rusiya hər kəsi belə çıxılmaz vəziyyətə qoyub.

- Ola bilərmi ki, “rəngli inqilab”ların yaradıcısı olan ABŞ nə zamansa etdiklərinin cavabını versin? Xüsusən də qaralar tərəfindən.

- Amerika əhalisinin cəmi 9 faizini təşkil edən qaralar milli azlıqdır. Bunu mütləq nəzərə almaq lazımdır. Hazırda ABŞ əhalisinin 50 faizindən çoxunu ağlar təşkil edir. Bu isə müvəqqəti xarakter daşıyır. Son zamanlar ispandilli xalqların üstünlüyü nəzərə çarpır. Məsələn: təkcə 2013-cü ildə Meksikadan Amerikaya 13 milyon ispandilli əhali köç edib. Hər hansı milli azlığın çoxalması daha çox üstünlük deməkdir.
Lakin bu milli azlıqların birləşməsində problemlər mövcuddur. Nadir hallarda qaralarla ispandilli xalqlar eyni mövqedən çıxış edir. Özü də bu birlik daha çox qaralar tərəfindən pozulur. Xüsusən də vətənpərvər qaralardan gedir söhbət. İkinci Dünya müharibəsi dövründə qaralar ABŞ bayrağı altında almanlara qarşı vuruşurdu. Mən də dəfələrlə onlarn hökümətə qarşı olan sevgilərinin şahidi olmuşam. Odur ki qaraların Amerikada rəngli inqilab edəcəyinə o qədər də inanmıram.

Digər tərəfdən ölkə prezidentinin qaradərili olması rasizmin olmaması anlamına gəlmir. Bəli, Obamanı xalq seçdi. Lakin gizli olaraq rasizm mövcud olub və olacaq da. Bu çox qədim köklərə bağlı olan bir hissiyyatdır və bu hissiyyata sadiq qalan şəxslər var. Hətta deyərdim bu bir adət formasıdır. Filmlərdə çoxlu sayda qaradərili polisləri görsək də reallıqda bu belə deyil. Elə ştatlar var ki, orada qaradərili insanlar əhalinin çox hissəsini təşkil edir. Lakin polislər yalnız ağdərilidir. Bunun özü də illərlə dəyişməyən bir adətdir.
Qaraların nümayişləri hələ 60-cı illərdən başlayıb. Martin Lüter Kinqin ölümündən sonra bütün qaraların mərkəzləri məhv edildi. Detroyta tank və ağır silahlarla təchiz edilmiş milli ordu yeridildi. Yəni qaraların nə isə dəyişəcəyinə ümid etmirəm.

- Lakin Sovetər vaxtında xalqa hər zaman aşılanırdı ki, Amerikada inqilab mütləq baş verəcək və buna az qalb. Prinsip etibarı ilə mümkündürmü?

- Sovetlər zamanı bu sahədə xüsusi mütəxəssislər vardı. Onlar məndən yaxşı düşünür və analiz edirdilər. Bütövlükdə isə həyatda hər şey baş verə bilər. Lakin yaxın illərdə bu mümkünsüz görünür.

- Sizin Putinə qarşı olan gərgin münasibətinizdə hər hansı bir dəyişiklik mövcuddur?

- Yox. Siz nə danışırsız. Məni Putin çox az maraqlandırır. Onun siyasi baxışlarını çoxdan anlamışam. Hələ 2005-ci ildə “Limonov Putinə qarşı” kitabını yazdım və bu cəhətdən rahatlaşdım. Odur ki söhbət Rusiyanın gələcəyindən gedir. Putin hazırda aktual olsa da reallıq mövcuddur və bir gün o, olmayacaq. Putinə görə öz siyasi kursunu müəyyənləşdirən liberallar çox böyük səhv edir. Putin yumşaq adamdır. O, eybəcər və ya hər hansı bir insanı öldürən və əzən bir şəxs deyil. Lakin o bundan betər insan ola bilərdi. İnanın ki, onu eybəcər vəziyyətində belə dəstəkləyən insanlar da tapılardı.
Sonuncu canlı yayımda keçmiş Maliyyə naziri Aleksey Kudrinə necə cavab verdiyini gördünüz? Putin nazirə hər şeyi necə xırdaladı. Sonda isə belə bir nəticəyə gəlmək olar ki, Putin ona başa saldı ki, 11 il birgə işləsək də sən hələ də kütsən. Bütün siyasi partiyalardan isə ən çox əziyyət çəkəni biz olduq. Hazırda bu davam edir və represiyalara məruz qalırıq.

- Cəmiyyətin vətənpərvər hissəsinin Putinin ətrafında toplaşması sizi narahat emir ki?


- Daha Putini kənara qoyun. Əsas məsələ Krımın Rusiyaya birləşdirilməsidir. Əgər Krım Putinin hakimiyyəti zamanı Rusiya ilə birləşibsə buradan dönüş olmayacaq.

- Bəyəm bu şəxsiyyətin tarixdə qalması deyil?

- Putin özünü daha zəif göstərə bilərdi. Burada o, qətiyyətini nümayiş etdirdi. Lakin biz onu bəzən qətiyyətsizlikdə suçlayırıq. Xüsusən də Donbas məsələsində. Orada hələ də insan itkisi qeydə alınır və bütün addımlara baxmayaraq bu məsələni öz xeyrimizə həll edə bilmirik.
- Necə düşünürsünüz Rusiyanın qətiyyətsizlik göstərməsi fonunda Donbas nə qədər müdafiə oluna bilər? Humanitar köməklə oradakı vəziyyəti nizama salmaq mümkündür.

- Humanitar yardım, sadəcə, günahların yuyulmasıdır. Donbasa təkcə humanitar yox, silah yardımı da lazımdır. Özü də, humanitar yardımdan daha çox.

-Kitabınızda Ukraynada baş verən hadisələrlə bağlı yazdığınız zaman siz daha çox Xarkovda olan dostlarınızın verdiyi informasiyadan istifadə edirsiniz. Digər xəbər mənbələriniz varmı?

- Bəli, mənim öz mənbələrim var. Müxtəlif xəbərləri hər zaman dəqiqləşdirib digər xəbərlərlə müqayisə edirəm. Həqiqətən də mənim dostlarım çoxdur və bu zəmində əhatə dairəm genişdir.
Əlbəttə Ukraynada Maydan hadisələrinin yaranmasına səbəb Qərbdən gələn millətəçilyin Kiyevdə olan liberallarla birləşməsidir.

- Sovetlərin dağılmasından sonra hökümətin xarici siyasətində əsas amil Qərbin xoşuna gəlmək olub. Hazırda isə vəziyyət tamam fərqlidir. Lakin biz bütün hallarda beynəlxalq öhdəlikləri yerinə yetiririk. Bu, bizim nəyimizə lazımdır?


- Qərbə lazım olan zaman bütün beynəlxalq öhdəlikləri hər yerdə və hər zaman pozur. Qərb sovetlərdə baş verən cinayəti gülüşlə qarışlayırdı. Hətta Almaniyanın birləşməsini Yuqoslaviyanın dağılmasını alqışladı. Bu isə Yalta və Potsdamda razlaşdırılan beynəlxalq öhdəlikilərin kobud şəkildə pozulması idi. Hələ yüzlərlə müxtəlif tərəflər arasında əldə edilən beynəlxalq sazişləri demirəm.

Hazırladı Günəş Fərhadlı


Tarix: 09.03.2016

3626