Erik Şmidt: “Humanizm dini ötə bilməyib”- Müsahibə



Erik Emmanuel Şmidt: “Hər bir insan güc əldə etmək üçün mübarizə aparır. Lakin güc əldə etdiyi yolda səmimiyyətini itirir”.

Fransız yazıçı və dramaturqu Erik Emmanuel Şmidtin pyesləri 30-dan çox ölkədə səhnələşdirlib. 28 mart 1960-cı ildə Sent-Fua-le-Loinda anadan olan yazıçı orta təhsilini Parisdə alıb. 1986-cı ildə “Didro və metofizika” dissertasiyasını müdafiə edərək fəlsəfə üzrə alimlik dərəcəsinə sahib olub. Aqnostisizmin (tanrıların varlığını və ya yoxluğunu aşkar etməyin mümükünsüzlüyünü nəzərdə tutan elmi fəlsəfi cərəyan) tərəfdarı olan yazıçı əsərlərində dünyəvi dinlərə xüsusi yer verib. 2001-ci ildə yazıçı Fransanın teatr akademiyasının mükafatına laiq görülüb.
Qeyd edək ki, Akademik Milli Dram Teatrında Erik Emmanuel Şmidtin “Müsyö İbrahim və Quran çiçəyi” adlı əsəri əsasında hazırlanan tamaşanın premyerası olub. E.Şmidtin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib. Dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. Əsər yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyilən Moisey (Musa) və 60 yaşlı müsəlman baqqal İbrahim arasında yaranan hörmət və səmimiyyətə söykənən dostluqdan bəhs edir.
Əsər yəhudi Momonun İbrahim sayəsində islamı qəbul etməsi və bütün pis vərdişlərdən əl çəkməsiylə sona çatır. Bu məşhur roman 2001-ci ildə dünyada ən çox satılan əsər olub və “Fransız Akademiyası”nın ən yüksək mükafatını qazanıb. Məşhur romana 2003-cü ildə fransız rejissoru Fransua Dupeyron eyniadlı film çəkib. Filmdə baş rolu Ömər Şərif oynayıb. Yazıçının Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edirik.

- Sizin sonuncu kitabınız “İki brusellidir”. Bu kitab Fransada eynicinsdən olan kişilərin ailə həyatı qurması və uşaq övladlığa götürməsi ilə bağlı qanun layihəsinin qəbulu dövrünə təsadüf etdi. Niyə məhz bu mövzu? Dəblə bağlılığı varmı?

- Yox! Bu problem dəbin özündən də çox qədim bir problemdir. Mən homoseksualla hetroseksual cütlük arasında olan fərqi göstərmək istədim. Əsas səhnə - kilsədə nikah mərasimidir. Nikah masasında iki cavan gənc - qız və oğlan. Kilsənin lap arxa oturacağında əyləşən iki oğlan gözlərdən gizlənərək rahib tərəfindən evlənən cütlüklərə deyilən sözləri əl-ələ tutaraq təkrar edirlər. Hətta üzüklərini də barmaqlarına taxırlar. Daha sonra bu cütlüklərin necə müxtəlif cətinliklərlə üzləşdiklərini nümayiş etdirirəm.
Kişi və qadın cütlüyü ailə həyatının problemlərinin həllində çətinlik çəkdiyi zaman digər cütlük (“kişi və kişi”) üçün belə bir problem mövcud deyil. Bununla bərabər “onlar” həyatın verdiyi şansdan maksimum istifadə edib reallıqla barışır, sadəcə, əl tutmaqla belə xoşbəxt olurlar. “Qadın və kişi” cütlüyü üçün həqiqi xöşbəxtlik övladın dünyaya gəlməsidir. Lakin digər cütlük üçün bu mümkünsüz olduğu üçün narahatlıq yaradır. Bu kitab dərhal “dəbə mindi”. Mən novellanı Fransada baş verənlərə aidiyyatı olmadan yazmışdım. “Qəhrəmanlar”ım rəsmi nikaha girməyi özlərinə vacib hesab etmir. Həyatlarını özlərinin təsəvvür etdikləri kimi qururlar.

- Sizin pyeslər bir çox dünya teatrlarında müxtəlif rejissorlar tərəfindən səhnələşdirilib. Olubmu ki, hər hansı bir quruluş sizin heç xoşunuza gəlməsin. Hətta o dərəcəyə qədər ki, tamaşanın davamının nümayiş olunmasını qadağan etmək istəmisiniz?

- Dram yazan hər bir şəxs anlamalıdır ki, teatrda səhnələşdirilən hər bir əsər rejissorun məhsuludur. Əgər müəllif hesab edir ki, yazı əsasdır və ondan kənara çıxmaq düzgün deyil, onda gərək heç nə yazmayasan. Dramaturq, sadəcə, canlı obrazların yaranmasında iştirak edir. Bir gün məni və Nobel mükafatı alan Jan-Mari Qustav Leklezionu məşhur fransız aparıcısı Bernar Pivonun verilişinə dəvət etmişdilər. Müsahibənin sonunda Pivo Lekleziodan soruşdu: “Siz cənab Şmitt kimi pyes yazmaq istərdinizmi?”. O isə heç düşünmədən: “Yox, istəmirəm ki, məni öz sözlərimdən məhrum etsinlər” – cavabını verdi. Bəli, bu düzdür. Quruluşcu rejissor dramaturqu sözlərindən məhrum edir. Leklezio düz deyirdi. Bu cür itki ilə barışmalısan.
Pyeslərimə gəlincə, bəzən elə olub ki, səhnələşdirilən pyes faydasız olub. Bəzən isə təxminlərimdə düz çıxmışam. Daha çox məni üzən tamaşanın əsərlərimlə uyğunluq təşkil etməməsi olur. Ancaq bundan faciə düzəltmirəm. Həmçinin dünyanı səyahət etdikcə müxtəlif tamaşaçı və teatrlarla yaxından tanış oluram. Əmin oldum ki, mənim rəylərimin heç bir əhəmiyyəti yoxdur.
Məsələn: “Liberten” pyesim. Əsas qəhraman olan Deni Didro ensiklopediya üçün məqalələr üzərində işləyir və mütəmadi olaraq onun qadınları - məşuqu, həyat yoldaşı diqqətini yayındırır. Parisdə ilk nümayişdən sonra tamaşaçıların keçirdiyi hisslər məni çox sevindirdi. Dörd ay sonra Surixdə “Komedi Fransez” pyesim səhnələşdirilmişdi. Quruluşu bərbad idi. Tamaşa bitdikdən sonra utandığımdan zalı tərk etdim. Tamaşaçıların münasibəti isə məni şoka saldı. Təsəvvür edin ki, onlar tamaşanı izlədikləri üçün xoşbəxt idilər. Bəli, mənim xoşuma gəlmədi. Lakin rejissor pyesi yerli tamaşaçıların mentalitetinə uyğun səhnələşdirmişdi. Və düz də etmişdi.

- Bütün hallarda hansı əsəriniz əsasında hazırlanan tamaşa daha yaxşıdır?

- Dünyada ideal heç nə yoxdur. Müxtəlif ölkələrdə eyni pyes müxtəlif cür səhnələşdirilir. Hər şey milli dəyərlədən asılıdır. Məsələn: Parisdə ideal bir formada səhnələşdirilən hər hansı bir pyes Kiyevdə alt-üst olacaq. Və yaxud tərsinə. Bizim teatr ənənələrimiz müxtəlif cərəyanlardan yaranıb müəyyən enerji daşıyıcısıdır. Bilirsiniz, mən Rusiyada olduğum zaman özümü xoşbəxtliyin zirvəsində hiss edirəm. Mənim üçün dünyanın ən gözəl teatrı Rusiyadadır. Fransada aktyorlar rolu düşünüb oynayır. Almaniyada ürək və ağılla oynayırlar. Lakin ən gözəli Sankt-Peterburqdadır.

- Bəzən ictimai şəxslər qeyri-adi hərəkətlər edirlər. Jerar Depardyenin emiqrasiyası və “pasport demarşı” barədə nə düşünürsünüz ?

- Gəlin sualı dəqiqləşdirək. Jerarın, yoxsa Fransua Ollandın etdikləri barədə nə düşünürəm?

- Hər ikisi?

- Hesab edirəm ki, Depardye bədbəxt insandır və əzab çəkir. O, illərlə davam edən depressiyanın təsirindən çıxa bilməyib. Lakin Fransa vətəndaşlığını itirsə də o, aktyorluq dahiliyini itirməyib.
Fransanı tərk etməsinin əsl səbəbi isə oğlu idi. Onun düşüncəsinə görə, Fransa oğlu Qiyomun qatilidir və bunu Fransaya bağışlaya bilmədi. Əlbəttə, maliyyə təzyiqləri də onun getməsinə təkan verdi. Lakin əsas səbəb oğludur. Depardye Sirano de Berjerak kimidir. Əgər kimsə ona hücum etsə mütləq dava salacaq və qarşı tərəfə ağır zərbə vurmağa çalışacaq. Buna baxmayaraq hər kəs onu sevir.

- Praktiki olaraq sizin kitablarınızın çoxu səsli formada nəşr edilir. Səsli kitablara münasibətiniz necədir?

- Müxtəlif mövzuları səsli dinləməyi sevirəm. Səsli kitablar mənim mövzularıma tam uyğundur. Axı mən dramaturqam və nəql etməyi çox gözəl bacarıram. Praktiki olaraq kitablarım nəşr edildikdən sonra səsli forması da işıq üzü görür. Hətta deyərdim ki, bir çox kitablarımı özüm səsləndirmişəm. Bunun üçün saatlarla vaxt sərf etmişəm.
Eyni zamanda kitabları vərəqləmək əvəzinə onlara qulaq asmağa üstünlük verirəm. Səslənən sözlər insanı uşaqlığa qaytarır. Amma əsərlərdə elə yazılmalıdır ki, insanların ruhunu ələ ala bilsin. Hesab edirəm ki, dərin mənalı ifadələr insanları boğur. Müasir cəmiyyət rahatlığa alışıb. Nöqtə ilə vergül arasında məsafə sonsuzdur. Yetər ki, sözləriniz oxucunu iki işarənin arasında saxlaya bilsin.

- Ukraynada böyük çoxluğun səsləndirdiyi Avropanın məşhur tolerantlığını çoxları anlamır. Bu Avropanın yeni dinidir? Yəni xristianlığın yeni qoludur?

- Tolerantlığın kökü xristianlıqdan yox iudaizmdən gəlir. Tövratda “digər şəxsə hörmət” ifadəsi keçir. Bu başlanğıcdır. Yəhudilər bir-birilərinə hörmət etməyə, xristianlar isə sevməyə məcburdur. Mənə görə, xristianlar sentimental yəhudilərdir. Fikrimcə, tolerantlıq humanizmin ən yeni formasıdır. Mən mübariz humanistəm. Din haqqında yazdığım zaman dindar kimi yox, humanist kimi düşünürəm. Dinlə də maraqlanıram. Bu təkcə Allahı tanımaq üçün deyil. Vacib olan insan amilidir. Yeri gəlmişkən, Allah haqqında da yazmışam - “Pilatın Evangiliyası” və “Ziyarətçi”.
Sevgi, ölüm, ağrı və.s kimi hisslərin yaranmasının mənası olmalıdır və hər şey məna qazanmalıdır. Mənanın əsas daşıyıcısı isə dindir. Buradan da belə bir sual ortaya çıxır ki, bu cür insanlar nə düşünür? Onlar üçün dəyərlər nədir? Nəyə inanırlar? Humanizmin məqsədi aktiv tolerantlıqdır. Bəs tolerantlıq nədir? Suallar çoxdur. Bax din insanlara bir çox sualları həyatda qazanılan təcrübə əsasında cavablandırır. Çünki tarix dəyişsə də insan xüsusiyyətləri və dəyərləri dəyişmir. Hərislik kimi yaxşılıq da ölmür.
Hər bir insan güc əldə etmək üçün mübarizə aparır. Lakin güc əldə etdiyi yolda səmimiyyətini itirir.

- Necə hesab edirsiniz humanizmin mərkəzi harada yerləşir - Avropa, ABŞ, yoxsa Asiyada?

- Humanizmin yaranışı Aralıq dənizi sahillərindən başlayır. Qüds, üstəgəl, Afina.. Din mənim üçün cəmiyyətin humanistləşməsində əsas rol oynayan başlıca vasitə olaraq qalır. Bütün dinlər kobudluq və eqoizmə qarşı mübarizə aparır. Humanizmin dinin özü olmasını da dəqiq demək mümkün deyil. Mənim kimi xristian və humanist olmaq olar. Lakin bu iki dəyəri qarışdırmaq lazım deyil. Hələ ki, humanizm dini ötə bilməyib.
Əgər siz filosofa “Allah varmı?” sualını versəniz “Bilmirəm”, dindar isə bu suala “Bilmirəm. İnanıram ki, o mövcuddur” deyəcək. Ateist isə: “Bilmirəm. Ancaq düşünürəm ki, o yoxdur” deyə cavablandıracaq. Kimsə bu suala “Bilirəm” cavablandırdığı zaman çox ciddi problem başlayır. Bax fanatizm bu cür yaranır.

- Bir müddət öncə bir kosmonavtla söhbətim zamanı ondan soruşdum ki, kosmonavtlar Allaha inanır? O isə cavabında “Kosmosa uçan ateist yerə dindar kimi qayıdır” – deyə cavabalndırmışdı.

- Uzun müddətdir məlumdur ki, təbiətin çətin quruluşu insanın beynində yaradanın mövcud olması fikrini formalaşdırır. Bu Allahın varlığının olmasını sübut etməsə də onun xeyrinə olan əlavə arqumentdir.
Bilirsiniz, aləmdə baş verən şeyləri teizm çox vaxt allah qayəsinin həyata keçirlməsi kimi öyrənir. Təbii qanunauyğunluq teizmdə allah qayəsindən asılı şəkildə götürülür. Deizmdən fərqli olaraq teizm allahın bütün dünya hadisələrində bilavasitə iştirakını qəbul edir, panteizmdən fərqli olaraq allahın dünyadan kənarda və dünya üzərində mövcudluğunu müdafiə edir.

Hazırladı Günəş Fərhadlı


Tarix: 14.03.2016

4091