Şərif Ağayarın “Siddhartha”sı - Yazıçılar oxucu kimi


“Kirpi.info”nun “Yazıçılar oxucu kimi” adlı yeni layihəsində müasir yazıçılarımız dünya və Azərbaycan ədəbiyyatında ən çox qiymətləndirdikləri bir əsər haqqında öz fikirlərini oxucularla paylaşacaqlar. Bu layihədə iştirak edən hər bir yazar, həm də bir oxucu olaraq ədəbiyyatı təmsil edəcək.
Budəfəki müsahibimiz yazar Şərif Ağayardır.

- Sizin sevdiyiniz yazarlar kimlərdir və daha çox hansı əsərləri sevirsiniz?

- Mən bu suala heç vaxt dəqiq cavab verə bilmirəm. Sevdiyim yazıçılar və əsərlər çoxdur. Sadəcə son vaxtlar buddizmlə maraqlandığım üçün “Siddhartha”nı seçdim. Məqsədim əsəri xırdalamaqdan daha çox buddizmdən danışmaqdır. Buddizm haqqında islam coğrafiyasında məlumatlar çox azdır. Ya da yanlışdır. Şübhəsiz ki, “Siddharta” bədii əsər kimi də çox dəyərlidir. İyirminci əsrin ən yaxşı 50 romanından biri kimi düşür siyahılara. Herman Hessedən “Knulp” və “Yalquzaq”ı lap əvvəl oxumuşdum. Xüsusilə “Yalquzaq” mənə çox təsir eləmişdi. “Siddhartha”nı türkcə oxudum, mətn olaraq əsər məni valeh etdi. Tədbirlərin birində bizim almandilli tərcüməçimiz hörmətli Vilayət Hacıyevə dedim ki, bəlkə də əsərin orijinalı türk dilindəki qədər gözəl deyil (gülür). Vilayət müəllim xeyli güldü dediyimə. Əsəri türk dilinə çevirən Kamuran Şipaldır. O, almanca yazılmış elmi və bədii kitabların ən mahir tərcüməçilərindəndir. Freydi və Kafkanı da türkdilli oxucuya o sevdirib. Hessenin türk dilinə çevirilən “Siddhartha” romanı dekabr ayında 38-ci dəfə çap olunub. Bir neçə ay ərzində artıq 4 min nüsxə satılıb. Türkiyə mühitində “Siddhartha”nın məşhurlaşmasının bir səbəbi türk dilində buddizm haqqında kifayət qədər ədəbiyyatın, sənədli filmlərin olmasıdır. Təbii ki, rus dilinə də tərcümələr çoxdur. Amma müsəlman coğrafiyasında alternativ dini düşüncələrə münasibət xristian dünyasından daha kəskindir.

- Əsərdə Hesse nədən bəhs edir?

- Sırf modernist əsərdir, bir az da klassik dəyərlər üzərində qurulub. “Siddhartha” buddanın kanonlarına toxunmur, heç bir dekonstruksiyadan və yenidən dəyərləndirmədən söhbət gedə bilməz. Əsərin sujeti insanın aydınlanma üçün keçdiyi yoldur. Necə ki, Buddanın özü bu yolu keçmişdi. Əsərin baş qəhrəmanı Siddhartha, Buddanın özü, yəni, Qautama Siddharha deyil. Amma həm də odur. Əsərdən bir daha anlaşılır ki, insan yalnız bilgilərlə aydınlana bilməz. Bu, bir ruh halı, yaşam tərzidir. Bizdəki təsəvvüf fəlsəfəsində oxşar məqamlar var. İnsan təsəvvüfdə abdəstdən tutmuş ən ali ruh halınacan bütün məqamları özü yaşayaraq keçməlidir. Elm elədir ki, orda yenidən kəşflər etmirik, bizəcən olanların üstünə qoymaqla irəliləyirik. Buddizmdə və sufizmdə sən heç kimin kərpicinin üstünə nəsə əlavə edə bilməzsən, gərək sıfırdan başlayasan. “Siddhartha” ruhi təmizlənmə yolu ilə yüksək məqama çatma kontekstində Tosltoyun “Sergi ata” əsərinə də bənzəyir. Qəhrəman bunun üçün nə mümkündürsə edir, hətta Buddanın özü ilə də görüşür, ancaq yenə aydınlana bilmir. Halbuki onun qayıqçı dostu Vasudeva heç bir cəhd göstərmədən, işlədiyi çayın pıçıltısını dinləyə-dinləyə, çayla söhbət edə-edə özündən xəbərsiz nirvanaya çatmışdır. Çünki əbədi harmoniya hər şeydən əvvəl insanın öz içindədir. Romandan belə nəticə çıxır ki, biz insanların ən böyüyü olan Buddadan da artıq özümüzə, öz yaşantımıza, içimizin səsinə inanmalı, bu səslə təbiət rasındakı harmoniyanı tapmalıyıq.

- Hesse romanı yazanda niyə Buddizmə müraciət etdi, ya da onda bu maraq haradan qaynaqlanırdı?

- Herman Hesse missioner ailədə doğulub. Valideynləri onu da başqa dinlərə qarşı mübarizədə görmək istəyərdi. Ancaq görünür qanında-canında başqa şey vardı. O, atasının istədiyi adam olmadı. Əksinə Hindistana, buddizmə qarşı böyük marağı vardı. Bu maraq onu Hindistana apardı, şərq fəlsəfəsini öyrənməyə vadar etdi. Şübhəsiz belə bir roman yazmaqda Hindistana səfər etməsinin və şərq fəlsəfəsini, mifik-dini dünya görüşünü öyrənməyin əvəzsiz rolu oldu. Ümumiyyətlə, Avropada iyirminci əsrdən başlayaraq Şərq fəlsəfəsinə maraq güclənib. Bu gün bu maraq daha çoxdur. Səbəb isə sadədir: şərq insanı buddizmin hesabına içini və mənəvi dünyasını rahatlaşdıra bilir. Türklər buna içini fərah tutmaq, hər şeyi oluruna buraxmaq deyir. Bizim dildə belə effektli ifadə tərzi ağlıma gəlmir. Avropa elm və texnikanın, demokratiya və insan haqlarının gücü ilə çata bilmədiyi xoşbəxtliyi bir çinli, bir yapon asanlıqla tapır və yaşayır. Bunun sirri nədir? Buddizmə az-çox bələd olan adam bilir ki, burda əslində heç bir sirr-zad yoxdur. Yaponlarda, bildiyiniz kimi, buddizmin zen qanadı yayğındır. Zen təxminən digər təriqətlərə münasibətdə fərqlənən hürifiliyə oxşayır. Hürufilər nə deyirdi: insan allahın təcəllasıdır! Hətta Həllac Mənsur irəli gedərək “Həq mənəm!” söylədi. Zen-buddizmə görə də hər kəs Budda ola bilər. Buddalıq – nirvana heç kim üçün əlçatmaz deyil. Sadəcə buddizmdə Allah anlayışı yoxdur və təbii ki, allah yoxdursa, ona təvəkkül də yoxdur. Hər şey daha real, daha praqmatikdir. Buddizm ümumiyyətlə Allaha heç bir münasibət bildirmir. Nə inkar edir, nə təsdiq. Qəribə bir məntiqdir. Yəni sən allaha inanıb da buddist ola bilərsən, inanmayıb da. “Siddhartha” romanında da bu qənaət yenidən təsdiq olunur. Sadə qayıqçı Budda səviyyəsindədir, nəinki nirvana üçün bütün dünyanı gəzən, hətta Buddanın özüylə görüşən. Hətta belə bir yumoristik deyim də var: Budda buddist deyil. Bizdə buna oxşar deyim bilirsiniz hansıdır: İmam Əli şiə deyildi. Mən analogiyanı rahat anlaşılmaq üçün aparıram. Təbii ki, buddizm tamam fərqli baxışdır. Orda tanrının yerinə təbiətin enerjisi qoyulub. Hər kəsin ayrıca ruhu yoxdur. İnsanlar o əbədi enerjiyə qoşulmuş ampullar kimidir. Ampullar dəyişə bilər, ancaq enerji əbədidir. Bir bədəndən başqa bədənə, hətta insandan heyvana, bitkiyə keçə bilər. Romanın başqa bir mesajı da budur: nirvanaya yetmiş adamın Buddası, Siddharthası, Vasudevası yoxdur. O, bütün şərtiliklərin və əksliklərin fövqündədir. Şərq döyüş sənətində necə idi? Yumruqla hədəf eyni şeydir. Bunu dərk etmədən, usta ola bilməzsən.

Buddizmdəki reankarnasiya – insanın yenidən doğuluşu bizim xalq qəhrəmanı Babəkin də inancında vardı. O, əmin idi ki, Cavidanın ruhunu daşıyır. Yenidən doğulmuş Cavidandır və onun qadını ilə evlənib üsyançılara rəhbərlik etməlidir.

- Siddhartha obrazını oxucuya necə təqdim edərsiz?


- Mən Siddharthanı realist-psixoloji obrazdan çox məcaz, işarə kimi qəbul edirəm. Onun xarakter olaraq ətrafına münasibəti əsas deyil, getdiyi yol, çatdığı mənzil əsasdır. O, hər şeydən, hətta oğlundan da imtina edəndən sonra istədiyinə ulaşa bilir. Əsərdə Buddanın özü, Siddharthanın dostu Qovinda, sevdiyi qadın Kamala da maraqlı obrazlardır. Bu obrazlar Siddharthanın məğzinin açılmasına xidmət edir, onun nirvanasını şərtləndirən vasitələrə çevrilir. Yeri gəlmişkən, Kamala obrazını Hesse öz sevgilisindən ilhamlanaraq yaradıb. “Siddhartha” yığcam bir romandır. Açığı onu o maraqla oxudum ki, Hesse möhtəşəm bir həyat hekayəti olan Buddaya alternativ nə yarada bilər? Budda zarafat deyil. Hesse ustadır axı, bunu bilməmiş olmaz. Bir yazıçı özünə nə qədər güvənə bilər ki, belə bir mövzuya girişsin? Oxuyanda heç bir alternativlik görmədim. Hesse eləcə Buddanı bədii ədəbiyyata gətirib. Məncə, “Siddhartha” bu mövzuda yazılmış dünyanın ən yaxşı bədii əsəridir. Roman bizim dilə də tərcümə olunub, oxucular estetik zövq almaq üçün əsəri mütləq oxumalıdırlar. Danışmaqla olmur.

- Əsərdə bioqrafiklik var?

- Yuxarıda qeyd etdiyim faktlardan əlavə onu deyə bilərəm ki, mənəvi təmizliyə can atmaq ciddi ədəbiyyat adamlarının ən başlıca mövzusu, hətta həyat tərzi olub. Bu barədə düşünməyən böyük yazıçı tanımıram. Eyni zamanda normal insan da mənəvi təmizliyə, ruhi tarazlığa, harmoniyaya can atır. Bu mənada “Siddhartha” nəinki Hesse, bizim hər birimiz üçün avtobioqrafikdir

- Əsərin kuliminasiya nöqtəsi hansı hissədir?

- Açığı, roman haqqında elə də çox oxumamışam, ona görə dediklərim subyektiv çıxa bilər. Məncə, Siddharthanın oğlundan ayrılmasını kulminasiya hesab edirəm. Amma nəzəri baxımdan Budda ilə görüşü də götürülə bilər. Siddharthanın həyatında, dolayısı ilə süjetdə əsaslı dönüş Budda ilə görüşdən və oğluyla ayrılıqdan sonra başlayır. Budda ilə görüşəndə nəzəri bilgilərin onu nirvanaya götürə bilməyəcəyini dərk edir. Necə deyərlər, bunun yaradanı da gəlsə xeyri yoxdur. Oğlundan ayrılanda isə ona mane olan ən vacib dünyəvi amillərdən arınır. Bu artıq nirvananın kandarı idi. O, ən axırda qayıqçı dostu Vasudeva kimi təmənnasız olmağa nail olur. Hesse demək istəyir ki, öz ətrafına, insanlara təmiz, təmənnasız münasibət göstərərək, hamını sevərək, təbiəti, gözəllikləri duyaraq aydınlana bilərsiniz. Bunun üçün “kəşf edəni axtarmaq” lazım deyil. Buddizmdə danışmaq, izahat vermək önəm daşımır. Əsas duymaq və yaşamaqdır. Məsələn, biz nirvanada olsaq, bu söhbəti eləməzdik. Selincer kimi susardıq. Selinceri susduran nüansları Hesse qələmə alıb. İndi düşünürəm, görəsən, Hesse nirvanaya çatmışdımı? Mən buna şübhə edirəm. Hesse nirvanada olsaydı, bu romanı yazmayacaqdı. Baxmayaraq ki, 45 yaşı vardı.

- Ədəbi baxımdan romanı necə xarakterizə edərsiniz?

- Mükəmməl bir məzmuna və ideyaya malik monolit əsərdir.

- Azərbaycan ədəbiyyatında əsərin hansısa bənzəri varmı?

- Mənəvi təmizliyə, üstün ruhi məqamlara çatmağa can atmaq baxımından İsa Hüseynovun “Məhşər”i hardasa oxşaya bilər. Aydın Talıbzadənin “Əbuhübb” romanında da oxşar mövzu var. Amma təbii ki, konkret oxşarlıqdan söhbət gedə bilməz. Nə bizdə, nə dünyada. Yazıçılıq barmaq izi kimidir, biri-birinə bənzəsə də, təkrarı olmur. Herman Hesse bütün böyük yazıçılar kimi təkrarsız idi. Təkcə “Siddhartha”da deyil, bütün əsərlərində.

Hazırladı:
Tural İsmayılov


Tarix: 16.03.2016

4152