Orxan İsmayıl: “Kişilərin qətiyyətsizliyi”- Hekayə




Anam mənə “oğraş” deyib yeməyimin içinə tüpürdü. Qəzəbdən ağırlaşıb böyüyən gözləri qırtlağıma soxulub ayaq barmaqlarımın uclarınadək bütün bədənimi titrətdi. Altımı islatmaqdan özümü zorla saxlayıb əlimdə tutduğum çəngəllə şirəli İran boşqabında midilənirdim. Nazik, dolama makaronlar nəzərimdə usta balıqçının soxulcanlarına çevrilmişdi. O qədər eşələdim ki, anam dözməyib boşqabı tərs üzünə fırlatdı.
Mən:
Adım Bəkir olsa da, camaat məni daha çox "Əzvay" kimi tanıyır. 13 ildir bu eybəcər ləqəbciyəzdən yaxa qurtara bilməmişəm. Deyirlər qorxaqlığı ifadə etmək üçün ən bab sözdür. Uşağımız olmadığına görə arvadım məni tərk edib, kim bilir indi haradadır. Hələ də onu sevdiyimə əminəm. Anamın qorxusundan bunu ürəyimdə, yaxud daxilimin hansısa ünvanı bəlli olmayan hissəsində gizlətmişəm. Bərbərəm. Saç-saqqalını yüngüllədib buraxdığım hər kəs öz işimin ustası və hərisi olduğumu kəsdirə bilib.
Anam:
Səlmə xanım (halbuki o xanım sözünü heç bəyənmir) qətiyyətli, bağışlamaz xarakteriylə məhəllədə ad qazanıb. Küçədəki simic pişiklər belə onu gördükdə məsum miyoltularıyla nəsə ummaqdansa yollarını dəyişməyi üstün tuturlar. Çox əzazil qadındır bu Səlmə. Qaşlarını qəhvəyi alnında düyünləyib üzünə kəskin ifadə verdisə, əmin olursanki bu düyün asanlıqla açılasına oxşamır. Şux qaməti var. Çallanmış şabalıdı saçları üstünə kül səpilmiş quru qarağat kolunu xatırladır. Məşum bənzətməni dilimdən eşitsəydi ona iynə batırardı.


Yöndəmsiz hərəkətlərimdən hövllənib gur səsini bir saniyə yavaşıtmır. Birtəhər cəsarətimi toparlayıb məni rahat buraxmağını mızıldayıram. Osa "nə, sən nə dedin?" deyə evdən boğunuq hava sürətilə yox olmağımı tələb edir. Hiddətimdən bığlarımı düyünləyib "gedirəm cəhənnəmə, bəlkə rahatlarsan, anacan" deyib qapını çırpıram (əslində buna çırpmaq demək olmaz). Sevimli bərbərxanama getmək fikrindəyəm. Keç miş arvadım (ah, keçmiş adlandırmağa dilim dönmür) üçün topuqlarımadək darıxmışam. O topuq sümüklərimin iri və eybəcər olmalarına gülüb onların hamar çay daşlarına bənzədiyini istehzayla deyirdi. Balıq bədənli arvadımda qüsur tapmağa çalışıb sinəsinin yamanca qaba olmağından gileylənirmiş kimi köks ötürür, o inciyib gedəndə yaranan məziyyətə irişirdim. Yaddaqalan günlərimiz artıq bir-birinə bağlılığı olmayan iki nəfərin ovunub təsəlli tapa biləcəyi xatirələrə parçalanmışdı.

Bişmiş kərpiclə sement laqunundan hörülmə yarımtikilinin qapısını açıb içərini qaydaya salıram. Döşəməni süpürüb saçqırxan maşının dişlərini növbə ilə keçirib yoxlayıram. Qəribədir ki, mən heç vaxt əsəbiləşməyi bacarmamışam. Anamın, bir vaxtlar arvadımın təhqirlərindən, lənətləmələrindən nə gözlərim çönüb, nə də əllərim əsməyə başlayıb. Heç bənizim soluxmayıb da. Məni əzvay adlandırmalarının bir səbəbi də əsəbiləşə bilməmək iqtidarsızlığımdır. İşlədiyim yerdə dəflərlə qapını bağlayıb böyük güzgünün önündə sifətimə qarışıq obrazlar verib səsimin bəsirətini yoxlamışam. Özümü az qala məsxərəyə qoyacaqdım. Nəticəyə uğunub dəymədüşər taleyimlə barışası olmuşam. Savaşa bilməyənlər sülhə meyilli olurlar. Onlar (elə mən də) qudurğan itə daş tolazlamaqdansa onu sümüyə qonaq etməyi, düşmənə güllə aymaqdansa gül atmağı sevirlər.Yeri gəlmişkən, Bəkir (tutalım Əzvay olsun) hərbi xidmətdə olmayıb. Anamın istəyi və səriştəsi ilə "sülh dövründə xidmətə yararsızlar"ın sırasına daxil olmuşam. Bizim sayımız o qədər çoxdur ki, saxta sənədlərimizi cırıb hamılıqla cəbhəyə getməyi qərara alsaq üçümüzə bir AK-74, ikimizə bir kitel düşər. Mənim kimi başıboşlardan ötrü dövlət niyə əlavə sapından, dərisindən, ərzağından keçməlidir ki?
Köhnə tanışım Əbülfət kişi ağzındakı əzik siqareti tüstülədə-tüstülədə çürük məhəccərli pəncərənin qarşısından keçib yarıaçıq qapıdan içəri girir. Ortası tökülüb dazlaşmış böyük başı iki meşəni ayıran dərin yarğana bənzəyir. Məxməri köynəyinin qollarını dirsəyəcən çırmalayıb.
-Xoş gördük, a yetim.
Həmişə məni belə çağırır. Bunun zarafat yaxud dilinə yatan müraciət olmasını özündən söruşmamışam. Keçib əyləcli stulda oturur. Boyu uca olduğuna görə oturacağın halqasını iki dövrə endirirəm.
-De görək, necə bir saç forması istəyirsən, Əbülfət kişi?
-Ay çər dəyməmişin balası, beş-altı tükdür də, - boğunuq hıçqırtıyla dalbadal öskürür. Qapqara qaralıb qərtmək bağlayan dilini oynadır - ver maşının ağzına, kəs bu zəhrimara qalmışları.
-Birtəhər görünürsən ey, arvadla dalaşıb eləməmisən?
-A yetim, mən axta Salmanın qızını alandan bu yana bircə gün söz-söhbətsiz, kin-küdurətsiz günümüz olubmu bəyəm? Əclafın qızı gah şeşələnib bircəcik gədəmizi danlayır, gah da mənə çımxırır. Ay onun qoturdan ölən dədəsinin gorunu...

Məzlun kişi danışdıqca öskürür. Onu gözəl başa düşürəm. Qadın ki, sənin gözünü aldı, ondan yaxanı qurtarmaq üçün gərk ya o ölə, ya da sən. Elə mənim anam...indiyədək onun alovlu gözlərindən ürküdücü parıltı görməmişəm. Qabarlı barmaqlarını cütləyib silləni elə fırladır ki, damaqların sızıldayır. Keşmiş(!) arvadımla da yola getmirdi. "Sən mənim gəlinimsənsə ipin oğlumun əlində olmalıdır. Oğlumsa mənə sadiq və tabedir. Onun boğazındakı hava rəngli çatını elə bağlamışam ki, özümdən başqa heç kim aça bilməz". Biçarə qadın tonnajlı dərdlərdən o qədər kürəyinə şəllədi ki, axırda onurğasının çat verməsinə dözə bilməyib ocağımızı tərk etdi.Uşağımızın olmamağı ayrı həngamə idi.
Əbülfət kişinin saçlarını yüngüllədib qıllı bakenbardlarını kəsirəm. Süpürləşib zorla üç manatı güzgülü şkafın üstünə qoyur. Təsəlli verib səbr arzulamaqdan savayı əlimdən nə gəlir ki? Qayıdanbaşı bir siqaret çıxarıb damağına qoyur. Yeyin addımlarla gözdən itir.


Axşamtərəfi hava soyuyur. Zəif külək get-gedə şiddətlənir. Uzun pencəyimi əynimə bərk sıxışdırıb üstüörtülü meyvə-tərəvəz bazarından bəzi şeylər almaq üçün ora yollanıram. Bəstəboy, donqar arvad piştaxtasının yanından keçəndə səsləyib dayanmağıma işarə edir. Ayaq saxlayıb üst-üstə yığılmış əzik pomidorlara baxıram. Hiss olunur ki, çoxu satılıb, qalan tör-töküntüdür. Baxışlarındakı köntöylənmiş məsumluq, ifadəsiz səsindəki ah-fəryad içimi sarsıdır. Yarım kilo da olsa pomidorlardan alam gərək. Həvəslə çəkib pulunu alır. Təbəssümlə başımı bulayıb ordan uzaqlaşıram. Bazarın başqa bir küncündən yerkökü, ispanaq, göy soğan alıram. Ahıl yaşlı satıcı tərəvəzləri torbaya dolduranda ora-bura döyükür, qonşu piştaxtaların arxasındakılarla pıçıltıyla nəsə danışır. Ovqatının təlx olduğu açıq-aşkar sezilir. Başqa satıcıların da bənizlərində durğunluq, hərəkətlərində təlaş yaranır. Elə bil bu dəqiqə yüklərini bellərinə bağlayıb rədd olmağın xofunu yaşayırlar. Bunun mənə dəxli olmadığını bilsəm də marağım laqeyd görkəmimə göz gəlir. Yaşlı satıcıdan nəyin baş verdiyini xəbər alıram.
-Xəbər yayılıb, indilərdə "Uzun Fatma" gələsidir. - gözlərini yerə dikir. Sincaq quyruğuna bənzər bığlarını gəmirir.
-O kim olur, dayday?
-Başımızın bəlası, urvatımızı qaçıran bazar sahibəsi...Zalımın, qəddarın yekəsidir, ay oğul. - Son sözləri pıçıltıyla deyir.
Daha bir mərhəmətsiz qadın...Görəsən, onların sayı belə çoxdurmu? Bədbəxt bazar alverçilərinin günahı nədir ki, hansısa qadının gəlişini eşidəndə komandirini görəndə altını atıran qorxaq əsgər kimi rəngləri saralıb. Özümün də qorxaq olduğumu xatırlayıb ürəyimdə cəsarət hissini dəbdəbəli söyüşlə yad edirəm.


Evdə vəziyyət kəskinləşib. Anam çığırıb-bağırır, niyə gəldiyimi qəddarcasına xəbər alır. Cavab gözləmədən əlimdəki torbanı alıb döşəməyə boşaldır. Nə qədər höccələsəm də sözləri quraşdırıb cavab verə bilmirəm. Atam öləndən sonra o çox sarsıntı keçirib. Mərhumu yaman sevərdi. Bəlkə də, həyatda sevə bildiyi yeganə insan idi. Güclə cəsarətimi toplayıb bir daha bu evə addım atmayacağımı deyib çölə çıxıram. Bağırıb arxamca söyüşlər yağdırır. Yağışlı gecədə islana-islana doğma tikilimin qapısını açıb içəri keçirəm. İşığı yandırıb qızdırıcını cərəyana qoşuram. Üst paltarlarımı soyunub ehtiyat üçün asılqandan asdığım yun köynəyi, cins şalvarı geyirəm. Stula yayxanıb hərəkətsiz halda qalıram. 10 dəqiqə keçər-keçməz qapı iki dəfə döyülüb aramla açılır. Çevrilib arxaya baxanda beli əyilmiş, gözləri çuxura düşmüş, ağzındakı siqareti acıqla sümürən Əbülfət kişini görürəm. Dodağının altda söylənə-söylənə mənə yaxınlaşır.
-Xeyir ola bu vaxt, Əbülfət kişi, yoxsa saçların ərköyünlük edib 5 saata uzanıblar?
-Ehh, yetim...arvadla dalaşmışam. Buradan keçib gecələmək üçün qardaşımgilə gedirdim. İçəridə işığın yandığını görüb fikirləşdim ki, bu vaxtlar sən işləmirdin axı.Dedim əşi qoy bir girib maraqlanım. Xeyirdirmi?
-Belə xeyir heç olmamışdı, Əbülfət kişi...


Tarix: 18.03.2016

3604