Ac uşaq, arvadbaz yazıçı, missioner qoca


O, kasıb təbəqənin vəkili idi. Əsərlərində daha çox həyatda yaşadıqlarını yazırdı. Öz siyasi baxışlarına görə sürgündə olan zaman hər cümə axşamı kəndin kasıb uşaqları üçün nahar verirdi. Sonradan problem yaşandı. Belə ki, uşaqların sayı çoxaldıqca onlara ərzaq çatdırmaq mümkünsüzləşirdi.
Kasıblıq, aclıq həmin dövrdə geniş vüsət almışdı. Kasıb ailədə böyüyən bu şəxsin uşaqlığı ehtiyac və əzab içində keçdiyindən öz yaşadıqlarını digər uşaqların yaşamasını istəmirdi. Ətrafda baş verənlər ona çox pis təsir edirdi.

Viktor Hüqo...

İnsanlar arasında sosial təbəqələşməyə qarşı çıxan Hüqo özünə ciddi düşmənlər qazanırdı. İnsanların mövcud durumu ona rahatlıq vermirdi. Rahiblərdən zəhləsi gedirdi və əlinə imkan düşən kimi onların həqiqi simasını cəmiyyətə çatdırırdı. Gələcəkdə rahiblərlə bağlı yazdığı əsər bütün dünyada yazıçıya məşhurluq gətirəcək. Cəmiyyətdə bərabərsizliyin əzabını ürəyində çəkən yazıçı bəşəriyyətdə sülhün qalib gələcəyinə inanırdı.
Onun ən məşhur əsəri hamının tanıdığı “Notrdam qozbeli” (Notre-Dame de Paris) romanıdır. Bu əsər sifarişlə ərsəyə gəlib. Romanı sifariş verən şəxs Hüqodan Valter Skott tərzində bir əsər yazmağı xahiş edib.
Əsərin yaranması da maraqlı hadisə ilə bağlıdır. Deməli, bir gün yazıçının dostu Frederik Skott (alim və şair) onu Avinyona qonaq dəvət edir. Dəvətə yox deməyən Hüqo vilayəti gəzməyə başlayır. Və birdən köhnə kilsənin zəngini çalan şəxsi görürür. Qozbel olan cavan oğlanın siması həqiqətən qorxunc idi. Lakin bu çirkin şəxs yazıçının beynində yeni personajın yaranmasına gətirib çıxarır. Kvazimoda - “Təlxəklərin şahı”.
Hüqoya romanı yazmaq üçün əlavə düşünməyə də ehtiyac yox idi. Çünki Kvazimodanın başına gələn bütün hadisələr və əsərin bütün qəhrəmanları real həyatdan götürülüb. Yəni qəhrəmanların real həyatda prototipi mövcud olub. Jan Kokton “Gözəl və Bədheybət ” filmini bu əsərdən ilhamlanaraq çəkib.
Eyni zamanda Hüqo bu əsəri yazdığı zaman qeyri-adi hərəkət edib. Fikrinin dağılmaması və romanı vaxında təhvil vermək üçün qayçını əlinə alıb saçının və saqqalının yarısını kəsib. Sonra qayçını sındıraraq küçəyə atıb. Bu addımın adi bir səbəbi var. Utandığından bayıra çıxmamaq və romanı yazmağa məcbur olmaq.

Humanist olduğu qədər qadın düşkünü olan Hüqo

“Sevmək - hərəkətdə olmaq deməkdir”. Bu, Hüqonun öz əli yazdığı son sözüdür. Bu dəfə sizə Hüqo haqqında heç kəsin bilmədiyi və onun nəticəsinin dediyi hekayəni diqqətinizə çatdıracağam. Bu, Hüqo və qadınlar barəsindədir. Onun həyatında sevgililərin siyahısı çox genişdir. Hətta ömrünün sonunda bu vərdişindən əl çəkməyib. 83 yaşında bu hər kəsin işi deyil təbii ki.
İlk sevgililərindən biri olan Julyetta Drue yazıçının digər sevgililərinin yanına getməsindən bezərək, bir gün yazıçının həkimlərinə (Hüqonun böyrəyində ciddi problem vardı ) onun “sağa-sola” getməsini yığışdırmaqdan ötrü məsləhət verməyi xahiş edir. Və həkimlər Julyettanın bu xahişini yerinə yetirir. Hüqonun cavabı isə qısa olur: “Bilirsiz cənablar, təbiət özü mənə xəbərdarlıq edəcək”. Bu hadisə yazıçının ölümündən bir il əvvəl baş verib.



Hüqo sevgililərini əlcək kimi dəyişirdi və geniş əlaqəsi olan şəxs kimi tanınırdı. Lakin o, yalnız bir qadını həyatının əsl sevgisi, “Həqiqi həyat yoldaşı” adlandırırdı - Julyetta Drueni. Əslində, onlar rəsmi şəkildə ailə qurmamışdılar. Çünki yazıçı ailəli idi və boşanmaq istəmirdi. 50 il ərzində Drue Hüqonun kölgəsində yaşadı. Onun həyatından və yatağından keçən bütün qadınlara məsumluqla baxır və onun kaprizlərinə dözürdü.
Bəziləri hesab edir ki, yazıçı və aktrisa maskaradda tanış olub. Lakin digər xəbərlərə əsasən teatrda Hüqo öz əsərinin pyesində iştirak edən zaman aktirsalardan birini gözü tutur. Bu gözəl xanım - Drue olur. Dövrün məşhur şəxsləri onu istedadlı aktrisa hesab etmirdi və yalnız kiçik personajların rolunu həvalə edirdilər. Ona “Lukreçi Bordjina” pyesində əsas qəhrəmanın rolu təklif olunanda o, heç düşünmədən: “Hüqo cənablarının pyesində kiçik rollar olmur” deyə cavab vermişdi. Bu pyesdən sonra onların sevgisi başlamşdı.



Yaradıcılığa qarşı çox məsuliyyətli olan Hüqo 1862-ci ildə yazdığı “Səfillər” (Les Misérables, epopeya) romanının cəmiyyət arasında necə qəbul olunduğunu bilmək istəyib. Və romanı dərc edən nəşriyyata “?” işarəsindən ibarət məktub göndərir. Qarşı tərəf isə yalnız “!” işarədən ibarət cavab göndərir. Bu da yazıçının həyatında və dünyada ən qısa yazışmadır.

Hüqonu Leonardo da Vinçi, İsaak Nyutonla nə birləşdirir?

2001-ci ildə İtaliyalı fotoqraf Barbara Freyl Vatikanın gizli arxivindən tarixi sənədlər tapdı. Bu sənədlər 1308-ci ilə aid idi və papa V Klementlə Tampilyerlərin böyük ustadı Jak De Molay haqqında idi. Sənəd Fransanın Sion şəhərində Berenger Frodoli tərəfindən yazılmışdı. Sion Prioratı təşkilatı Qotfrid Bulion tərəfindən xaç yürüşləri zamanı 1090-cı ildə “Müqəddəs torpaq” da yaradılmışdı. Belə ki, Qüdsün işğalından sonra Sion dağında təşkilatın yaranması elan olunur. Arxivlərdə tapılan sənədlərə əsasən, 1118-ci ildə bu təşkilat Tampliyerlər ordenin yaradılmasının təşəbbüskarı olub. Tampliyerlər təşkilatın hərbi qolu hesab edilirdi. Gizli təşkilatın əsas vəzifəsi magistirlər tərəfindən yaradılan daxili qanunların qorunması və xarici qüvvələri zərəsizləşdirməkdən ibarət idi. Prioratın üzvləri müasir zamandək gəlib çıxmışlar. Ustadlar beş nəfərdən ibarət idi. Onlardan biri böyük ustad hesab olunurdu. Hesab olunur ki, 2003-cü ildə Priorat ləğv olunandan sonra sənədlərin yeri bilərəkdən gizlədildi. Bəzi mənbələrə görə sənədlər İngiltərədədir.
1825-ci ildə Şarl Nödye gənc yaşlarında (22 yaşında) yazıçını Sion Priorata gətirir və yüksək posta əyləşənlərə təqdim edir. Müəyyən vaxtdan sonra adi tələbə kimi bura qəbul olan yazıçı müəllim statusu qazanır. Buna səbəb isə Şarl Nödyenin dünyasının dəyişməsi olur.
Lakin gənc tələbənin anidən müəllim seçilməsi birmənalı qarşılanmır. Ona qarşı daha çox qara piar aparan Teofil Qotye olur. Halbuki Qotye Hüqonun təkidi ilə bu gizli təşkilata qəbul edilmişdi.
Teofil Qotye "Sənət sənət üçündür" nəzəriyəsinin tərəfdarı idi. "Parnak" ədəbi məktəbinin rəhbəri olmuşdu. Lakin o, Hüqo üçün qazdığı çuxura özü düşdü. Bu məğlubiyyətə dözə bilməyən Qotye Fransanı tərk edərək Əlcəzairə gedir.
Hüqo isə öz növbəsində təşkilatı uğurla idarə etdi və ömrünün sonuna qədər təşkilat tərəfindən qəbul edilən daxili nizamnamələrin heç birini pozmadı. Onun bu təşkilatda fəaliyyətinə aid yalnız bir portreti qalıb.



Tarix: 10.08.2015

4078