Qafar Şövqi - satira


Kim çəkəcək dəhridə ehsanımızın xərcini? Ölmə Qəzənfər dayı, ölmək qadağandır bizə.  

Dözərik

 

Dözərik, qismətimizdə nə zülm var, dözərik.

Eləyərlər bizi hər bir şeyə vadar, dözərik.

 

Hələlik anlayarıq sadə işi xeyli qəliz.

Hələlik, bilmərik heç kimdir ögey, kimdir əziz?

Hələlik hissimizi məhv eləyərlər, buna biz

Hələlik daşlara, heykəllərə oxşar dözərik.

***

Axıdarlar daha leysan kimi göz yaşımızı.

Tanıdarlar bizə düşmən kimi qardaşımızı.

Cəlladımız daha pambıqla kəsər başımızı.

Demərik heç "bu nə qayğı, bu nə rəftar?" dözərik.

***

Gülərik hər dəfə böhranla gələrkən üz-üzə.

Deyərik böhrana ki, "hörmətimiz vardı sizə".

Manatın qiyməti ölsə, bu, kifayətdi bizə.

Özünü qoysa da dağ başına dollar, dözərik.

***

Şövqi, dünyada duyub, indiki əhvalımızı

Yandırarlarmı cəhənnəmdəki tonqalımızı?

Təki dərd, qəm, kədər olsun, dəyişib halımızı,

Olarıq lal, olarıq kor, olarıq kar, dözərik.

 

Bizə

 

Şükür ola Allaha ki, dünyası məkandır bizə.

Ondan əmanət verilən bir quru candır bizə

***

Kimsə fikir verməyib heç mədədə ifamıza.

Bir başı əmmaməli də baxmayıb əmmamıza.

Aclığımız təsir edib qəlbdə teqvamıza

Hər gün aşura deyil, hər gün Ramazandır bizə.

***

Xalqa ağır sözləri xalqın tərəfinden dedik.

Vicdanı zorlanmışa basqın tərəfindən dedik.

Biz yanan olduq deyə, haqqın tərəfindən dedik.

Biz yalan olsaq, deyərik xalqı inandır bizə.

***

Versə bədənmiz hələlik canımızın xərcini,

"Ağcaqanadlar" ödəyər qanımızın xərcini?

Kim çəkəcək dəhridə ehsanımızın xərcini?

Ölmə Qəzənfər dayı, ölmək qadağandır bizə.

***

Men neçə vaxtdır televizordan uzaqdım ama.

Baxdım o gün ekrana, antenanı qoydum dama.

Ay kişilər, sən demə, dünya girişib reklama.

"Molped"i tərif eləyirlər nə zamandır bizə.

***

Aşkara çıxdıq, quzuyuq, yaxşı bilir el-oba.

Mərhaba gizlindəki mərdanəliyə, mərhaba.

Təkcə danışmaq ziyan olsaydı, susardıq, baba.

Dərd odu susmaq da, danışmaq da ziyandır bizə.

***

Şeirimizə qiyməti gözlərdəki yaşdan soruş.

Boğmasın hirsin səni təmkinlə, yavaşdan soruş.

Şövqi, bədəndən deyil, hər bir şeyi başdan soruş.

 

Baş ki fikirləşməyə qadirdi, təkandır bizə.



Tarix: 05.07.2016

3352