İosif Brodski - “Ədəbiyyatın yan-yörəsində fırlanan eşşəkarısı”  


“Mən əzab verən Allahı özümə daha yaxın hiss edirəm”

İosif Brodski - yəhudi əslilli görkəmli rus şairi, esseist, dramaturq, tərcüməçi. Leninqrad blokadasının cocuğu. 

Gənclik illərində İosif Brodski sovet cəmiyyəti üçün qəbuledilməz sayılan bir həyat tərzi keçirmək – istədiyi şəkildə yaşamaq və azad sənətkar kimi yazıb-yaratmaq fikrinə düşmüşdü. Bu isə avtoritar rejim tərəfindən mühakimə olunmaqla cəzalandırıldı. 

“Veçerni Leninqrad” qəzeti 1963-cü ildə bir qrup müəllifin imzaladığı “Ədəbiyyatın yan-yörəsində fırlanan eşşəkarısı” adlı satirik yazı çap etmişdi. Sovet demaqogiyasının tipik nümunələrindən olan bu məqalədə İosif Brodskinin “parazit həyat tərzi” ifşa obyektinə çevrilmişdi. Yazının sifarişli olduğu şübhə doğurmurdu. Bu, sovet ideologiyasına yad müəllifin təqibi, bəlkə də, həbsi üçün hazırlıq idi.

1972-ci ilin mayında müvafiq orqanlar Brodskini dilemma qarşısında qoydular – ya ölkəni tərk etməli, ya da dəlixananı seçməlidir. Həmin dövrə qədər iki dəfə məcburi şəkildə psixi dispanserə salındığından şair birinci təkliflə razılaşdı. İyun ayında Vyanaya gələn Brodski tezliklə ABŞ-a yollandı və Miçiqan universitetində rus ədəbiyyatı tarixi, XX əsr rus poeziyası və şeir nəzəriyyəsi fənlərini tədris etməyə başladı.

 

 Şübhəsiz, Nobel laureatı kimi İosif Brodski rus ədəbiyyatının ən parlaq nümayəndəsi deyildi. Əgər mükafat mütləq rus yazıçısına veriləcəkdisə, ondan daha layiqli namizədlər tapmaq mümkün idi. Təbii ki, bir sıra digər təsadüflərdəki kimi burada da siyasi amillər ədəbiyyat meyarlarını üstələmişdi.

 

O, “aydın fikir və coşğun poeziya ilə zəngin hərtərəfli yaradıcılığına görə” 1987-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.

 

 “Zaxarov” nəşriyyatı şairin 60-illiyə ilə bağlı onun verdiyi müsahibələrdən ibarət  kitab nəşr etdirib. Kitabda dərc edilən müsahibələrdən ən maraqlı sualları təqdim edirik. 

 

 - “İstehzaya qorxaqlıqdan qaçılır. Hər şeyə düz baxmaq lazımdır”. Bu fikirlərinizi ətraflı başa sala bilərsiniz?

 

 - İstehza aldadıcıdır. Düşdüyün vəziyyətlə bağlı gülməli və istehzayla danışırsansa, guya, mövcud şəraitə boyun əymədiyini nümayiş etdirirsən. Amma bu, belə deyil. İstehza problemin həllinə nail olmağa və onu üstələməyə köməklik etmir.O, bizi düşdüyümüz vəziyyətin çərçivəsində saxlayır. Əgər probelm varsa mübarizə aparıb onu həll etmək lazımdır. Təkcə istehza ilə qalib gəlmək mümkün deyil.

 İstehza şüurun psixoloji səviyyəsində bir məhsuludur. Burada müxtəlif səviyyələr mövcuddur: bioloji, siyasi, fəlsəfi və dini. Həyat faciəvi məsələ olduğu üçün orada ironiyaya yer yoxdur. 

- Həyatınıza nəzər salanda bəlli olur ki, uşaqlığınız çətin olub. 

- Ruslar uşaqlıq illərinə elə də əhəmiyyət vermirlər. Elə mən də ciddi əhəmiyyət vermirəm. Adi uşaqlıqdır. Düşünmürəm ki, uşaqlıq illəri gələcək perspektivə hər hansı təsir göstərə bilsin. Heç bilmirəm sizə uşaqlıq illərimdən nə danışıb? Bunun üçün gərək sübh tezdən durub yaxşı içəm.

 - Sizin şeirləriniz Boston universitetində oxumaq üçün vacib hesab edilən “Müasir yəhudi ədəbiyyatı”na daxil edilib.

 

 - Səmimi qəlbdən Boston universitetini təbrik edirəm. Düzünü desəm, bilmirəm buna necə münasibət bildirim? Çox pis yəhudiyəm. Vaxtında həmyerlilərim yəhudlərin hüquqlarını qorumadığım üçün, İncilə şeirlərimdə çox yer verdiyim üçün məni incidirdilər. Mənə görə, bu, tamamilə boş bir söhbətdir. Burada əcdadlarımızdan üz döndərməyimdən söhbət gedə bilməz. Sadəcə olaraq, gələcək nəslin nümayəndələrinə keçmişə nəzər salmağa və nəticə çıxarmaqlarına imkan vermək istəyirəm. Bu qədər. 

- Şairi necə təəccübləndirmək olar? Ümumiyyətlə, səhərlər hansı düşüncülərlə dünyaya baxırsız? 

- Dünya məni çoxdan təəccübləndirmir. Düşünürəm ki, düyada yalnız bir qanun işləyir - şərin çoxalması. Görünən budur. Vaxt da onun xeyrinə işləyir. Səliqə-səhman mövcudluğu qeybə çəkilib. Hələ düzgünlükdən danışmıram. 

- Sizi 100 faiz allaha inanmayan şəxs kimi adlandırmaq olarmı? Çünki bu, sizin bəzi şerlərinizdə sezilir. 

- Düşüncənin sonsuz gücünə inanmıram. Rasional başlanğıc var. Rasionallığa ona görə inanıram ki, o, məni irrasionallığa gətirib çıxaracq. Rasionallıq sizi tərk etdiyi zaman panika üstünlük qazanmağa başlayır. Bax burada sizi həqiqət gözləyir. Bu rasionallıqla irrasioanallığın astanasında yerləşən sərhəd xəttidir. Həyatımda yadda qalan bu cür həqiqətlərlə bir neçə dəfə rastlaşmışam.

 Bütün bunlar çətin ki, aydın, nizamlı din sistemində olsun. Ümumiyyətlə, mən dini mərasimlər və ya formal ibadət tərəfdarı deyiləm. Mən tamamilə təsadüfi, qeyd-şərtsiz iradənin daşıyıcısı kimi Allah ideyasının tərəfdarıyam.

Mən ticarətlə məşğul olan xristianlıq psixologiyasının əleyhinəyəm: bunu et - onu alacaqsan. Və ya daha yaxşı: Allahın sonsuz mərhəmətinə inam. Mən əzab verən Allahı özümə daha yaxın hiss edirəm.

 Bütün hallarda azad və sirli ideyalar ürəyimcədir. Bu mənada İsraildəki hər hansı bir yəhudidən  özümü iudaizmə daha yaxın hesab edirəm.Sadəcə olaraq, mən despotik və sirli Allaha inanıram. 

İncili ilk dəfə 23 yaşında əlimə aldım. Necə deyərlər, bundan sonra çobansız qaldım. Uşaqlığımda beynimə cənnət haqqında heç nə yeritməyiblər. Halbuki, o zaman cənnət haqqında fikirlər formalaşmağa başlayır. Həmçinin sərt anti-dini təbliğat şəraitində, ölümdən sonrakı həyat haqqında düşüncənin olmadığı bir zamanda böyümüşəm. Bütün hallarda göydə olanları tam olaraq anlamağa çalışıram.

 - “Natürmort” şeriniz çox qəliz və sirlidir. Düzünü desəm, anlamaq üçün xeyli müddət düşünməlisən. Bu barədə şərh verə bilərsiz? 

- Şeir bəzi yollarla göstərir ki, İsa natürmortdur. Donmuş həyat. 

- Demək istəyirsiniz ki, xristianlıq statikdir? 

- Xeyr, statik deyil. Bu şeirimdə insanlar və obyektlər var. Hesab edirəm ki, insanlar məni xəstələndirib. Predmetlərə üstünlük verdiyim üçün üzr istəyirəm. Şerimdə bunu gözəl ifadə etmişəm. Lakin İsanı eyni zamanda həm insan, həm də predmet kimi təqdim edirəm. Bu barədə bir az danışmaq ağılsızlıqdır. Düşünürsünüz ki, öz şeirləri haqqında danışmaq asandır?

 - Feminizmə münasibətiniz bəs necədir?

 

 - Mənfi. Rusiyada hakim, mühəndis, həkim və digər vəzifəli qadınlar çoxdan mövcuddur. Onlar kişilərə verilən bütün imkanlardan istifadə edirlər.

 

 - Öz-özünə baş verdi bu?

 

- Bəli. Konstitutsiyada göstərilib. Lakin bu prinsip işləmir. Bəzi qadnlar çox istedadlıdır. Onlar işləmək istəyir, bunu da edirlər. Ancaq nə vaş verdi? Onlar bütün hüquqlara malik olsalar da işə olan məsuliyyətə, sədaqətliliyə, güclü enerjiyə malik deyillər. Onsuz da bizdə bir çoxları səhv yerdə işləyir. Kişi işi cəlbedici deyil. Qadınlar mütləq istədiklərinə nail olduğu zaman buna əmin olacaqlar.

 

 - Marks və Freyd haqqında fikirlərinizi öyrənmək istərdim.

 

 - Heç bir fikrim yoxdur. Sadə bir şeyi anlayın. Bu barədə deyə biləcəyim ən ciddi düşüncədir - mənim nə fəlsəfəm, nə məqsədlərim,  nə də inadırmaq düşüncəm yoxdur. Yalnız əsəblərim var. Düşüncələrimi formalaşdırmaq, onları sıraya düzüb nizamlı formada danışmaq üçün səbrim yoxdur. Reaksiya verə bilmək qabiliyyətim var ancaq. Bu mənada, sanki, it kimi ya da pişik kimiyəm. Əgər nəsə mənim xoşuma gəlirsə ona toxunuram, iyləyirəm. Xoşum gəlmirsə dərhal ....!!! İdarə edə bildiyim ən böyük orqanım – iyi bilmək orqanımdır.

 

 - Bir dəfə dediniz ki, insan qədər dünyada qorxunc heç nə yoxdur. Nəyi nəzərdə tuturdunuz?

 

 - Geoloji partiyalarda işlədiyim dövrləri çox gözəl xatırlayıram. Tayqa, Şərqi Sibirdə çox vaxt keçirirdim. Orada canavar və ayıları görmək adi hal idi. Yalnız meşədə bir dəfə insan gördüyüm zaman çox qorxmuşdum. Yırtıcı heyvan belə məni belə qorxuda bilməzdi. Bu qədər! 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 08.07.2016

5823