Eqonun linqivistik təkamülü



Bəşəriyyəti inkişaf diapozonunda inqilabi yüksəlişlər anidən tutmuş və insanlıq təkamülü qarşısıalınmaz proseslərin iştirakçısı rolundan icraçısı və təkanvericisi roluna iddia etməyə başlamışdı.
Həyat insanların təsəvvür etdiyindən daha dözülməz və çətin olduqca, toplumlar yarandı. Alman filosofu Haydegger insanların birləşmə zərurətini təbiətin qanunauyğunluqları ilə izah edirdi. Haydeggerə görə, insan tək olanda güclüdür, amma cəm halında qüdrətlidir. Sosioloq Emil Dürkheym cəmiyyətin əmələ gəlməsini insanların bir-biri ilə ünsiyyət ehtiyacından doğan labüdlük sayırdı. Dürkheym insanın asosial varlıq olma cəhdlərini yanlış hesab edərək, bəşər insanını cəmiyyətin proqress qaynağı kimi görürdü. İnsan tək olanda daha azad olsa da, o, təbiətdə çox tənha qala bilməzdi. Canlı variasiyaların bir-birilə bioloji “transfer” erasının başlanması ilə dünya yeni bir dövrə qədəm qoydu və mədəniyyətlər ortaya çıxmağa başladı. İnsan təklik arzularını “dəfn edərək”, daha çox və toplu olmağa can atdı. Yığıcılıq və fərdi toxum yetişdirmə, ovçuluq və kütləvi əkinçiliklə əvəz olunmağa başladı. Karl Marks iqtisadiyyatın yaranmasını insanın birliklər halında inkişaf etməsində görürdü. Sonralar, Engels iqtisadi tərəqqinin birinci səbəbini kollektivləşmədə görəcəkdi. İnsan dünyaya daha ayıq başla baxmağa başladıqca və həyat onun üçün birgə və toplu halında hərəkət etməklə asanlaşdıqca, sosial birliklər, siniflər, sonralar isə cəmiyyət yaranmağa başladı.
Ünsiyyət arzu olunan reallıq prosesi oldu. Danışmaq tələbatı heç olmadığı qədər lazımlı bir hal aldı. İnsanlar danışıqlarının fonunda münasibətlər qurur. Münasibətlərin möhkəm və kövrəkliyi də bir növ ünsiyyətin formasından asılı olmağa başlayır. Dialoq prosesini ən yaxşı izah edən fikir adamlarından olan psixoloq Deyl Karnegi insanların şüuri fəaliyyətinin danışıqdan formalaşmasına inanırdı. Neofreydist psixoloq Erix Fromm “danışan adamlar” mühazirəsində prosesi daha dərindən təhlil edir və izah edirdi ki, ünsiyyətin canlı forması aşınmaya məruz qaldıqca, dünya savaşlar girdabına çevrilirdi. Buna görə dil bir ünsiyyət forması kimi özünü daha ideal formada təsdiq edə bilmirdi. Özəlliklə, orta əsrlər Qərb kilsə hegemoniyasında dilin funksiyası qüvvədən düşürdü. İnsanlar danışdıqlarına görə yandırılır, inkvizisiyaya məruz qalır və alternativ ünsiyyət vasitəsi olaraq, hərflərdən istifadə olunmağa daha çox meyil edilirdi.

Beləliklə, təkamül prosesinin gözqamaşdırıcılığı özünü yazılarda göstərir, antik Qərb dünyagörüşü oyanmağa başlayır. Orta Əsrlərin qaranlığını antik fəlsəfənin işıqları aydınlatır. Bütün Qərb dünyası ellinizmə can atmağa çalışır. Təsadüfi ki, filosof Orteqa-İ Qasset renessansın yaradıcı faktoru rolunda aydınlanmaya olan darıxma hissini əsas sayırdı. Danışan səslərin susdurulduğu, nitqlərin “qurudulduğu”, bütün fərqli fikirlərin “autodafe” hücumuna məruz qaldığı, naturalistlərin zindanlarda acılara düçar edildiyi, astronomiya və dünyəvi təkamül elmlərinin birmənalı olaraq qadağan olunduğu Qərbdə yazılar insanlara nəfəslik funksiyasını üzərinə götürdü. Yazı prosesi günümüzə qədər əsas 4 meyar üzərində təşəkkül tapır: 1) Təhlükəsiz formada öz ideyalarını daha çox insanla bölüşməyi qarşısına məqsəd qoyan və məsafələri yaxınlaşdıran, özünə tərəfdar toplamağa hesablanmış, məqsədli-sərhədli yazı. Bu yazı növü bütün tarix boyu yalnız öz dövrü üçün aktual olmuş və formasiyaların əvəzlənməsi ilə əhəmiyyəti, sadəcə, tarixi bir materialdan kənara çıxa bilməməsi olmuşdur; 2) Müxtəlif elmi istqamətlərə və ruhani ideyalara bəlağət və cəlbedicilik qatmaq üçün istifadə olunan məqsədli-sərhədsiz yazı. Buraya saray ədəbiyyatlarını, təriqət moizələrini və sair əlavə edə bilərik. Adətən, bu yazı formasındakı sərhədsizlik məqsədin olmamasına deyil, daha tutarlı reallaşmasına xidmət edir. Şərq imperatorları qəsbkarlıq yürüşlərindən öncə, öz canişinləri ilə yürüşə hazırlaşdıqları torpaqlara yazılı vədlər yollayırdılar. Bu vədlər sonralar nəinki puç olur, istismar olunan torpaqlarda faciəvi təlatümlərə və qırğınlara bais olurdu; 3) Konkret bir ideyaya söykənməyən, hadisələrin gedişatı nəticəsində ortaya çıxan, planlaşdırılmamış və təsadüfi formada meydana çıxan yazı növü. Şekspir xatirələrində öz əsərlərini məhz bu qəbildən qiymətləndirirdi. O, hesab edirdi ki, onun bütün əsərləri tamamilə təsadüfi formada ərsəyə gəlmişdi. Bu qəbildən olan digər bir fikirə sevimli yazıçı, “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin müəllifi Selincerdə də rast gəlirik. Öz yaradıcılığını proqnozlaşdırılmamış məcmuələr toplusu hesab edən Cerom Selincer uğurunun səbəbini təsadüflərdə görürdü, bəlkə də; 4) İdeyalara malik, güclü sosial mesaja malik fəlsəfi yazılar isə yazı prosesinin mürəkkəb və lazımlı nöqtəsi idi. Məqsəd və hədəf bu yazı formasında bir-birini tamamlamağı bacarır.
Yazının ilkin forması şəkli piktoqrafik yazı hesab olunur. Rəssamlıq və təsviri incəsənət də ilkin başlanğıcını məhz şəkli yazıdan götürməyə başlayır. Antik Yunan filosoflarının öz simvolik yazı dilləri var idi və buna görə yazının ilkin örnəkləri 3000 il bundan öncəyə təsadüf edir. Qədim Misirdə heroqliflər yazı dilində geniş izah olunmağa başlayır. Sonra bu heroqliflər Mesopotamiya boyunca yayılaraq, Nil vadilərini aşdı. Şərq toplumları öz yazı üslublarını təkmilləşdirməklə, sağlam elmi “cücərmələrə” rəvac verdi. Finikiyalılar əlifba yaratmağa nail olur. Ticarət əlaqələrində yazılı materiallardan geniş istifadə olunmağa başlayır. İranın ilkin yerli elamları və anadolu hetləri bu yazılardan istifadə edir. Finikiya yazıları öz sərhədlərini dəqiqləşdirərək, yaxın ərazilərdə liderlik rolunu qazanır. Hetlər yazı üslubunu olduğu kimi saxlamayaraq, onu inkişaf etdirdi və Mikena kültüründə yeni işarələr sistemi ortaya çıxsa da, üstünlük qazana bilmədi. Yunanlar daha ağıllı davrandılar. Onlar Finikiya əlifbasını sistemləşdirdi və özlərinə xas olan əlifba sistemləri yaratdı. Yunan yazısı o qədər qəliz oldu ki, geniş ərazilərə çıxa bilmədi. Sina yarımadasında mədən işçiləri 30 işarədən ibarət ilkin əlifba sistemləri yaradır və sonra bu yazılar illər boyu abidə formasında qorunur. İstənilən halda, yazıya dair bütün sadalanan cəhdlər Sami əlifbasının təşəkkülündə rol oynayır.

On birinci əsrdə kral Ahiramın 22 işarədən ibarət yazısı formalaşır və bir müddət həm Finikiyalılar, həm də ibranilər bu yazıdan məharətlə istifadə edir. Yunanlar yazını daha da təkmilləşdirməkdə davam edərək, öz əlifbalarını yaratmağı bacarır. Yunan əlifbası Etrusklardan, Kiprlilərə qədər, böyük bir coğrafi arealda yayılmağa başlayır və tədrisdə öz əsas yerini tutmağa başlayır. Heroqliflər ilk öncə, şərqli tacirləri bezdirir. Heroqliflərdə müxtəlif heyvan şəkilləri və təsviri örnəklər var idi. Az vaxtda daha çox iş görmək şərq ticarətinin dəyişməz qaydalarından olduğu üçün, heroqliflərin çətinliyi onları qane etmirdi. 700-dən yuxarı heroqliflər çətin yadda qalır və yazı prosesini uzun və yorucu bir hala salırdı. Yazının lazımlılığı artdıqca ideoqramlar və səsli fonoqram ortaya çıxmağa başlayır. Yunanların yazı üslubu yeni bir forma alaraq “demotic” adını aldı. Bir növ xalq yazısı hesab olunan bu heroqlifvari sistem dünya boyunca, bir müddət öz aktuallığını qorumağa nail oldu. Kağız istehsalından söhbət getmədiyi üçün, yazılar bambuk lövhələr və papiprus üzərinə həkk olunurdu. Şumer toplumu da yazıya əvəzsiz töhfə verdi. Əvvəllər, heroqlif istifadə edən şumer mədəniyyəti sonra 150 heca və 600 işarədən ibarət orijinal yazı sistemlərini formalaşdırdı. Çağdaş yazı kültürünün ən yaxın varisi şumerlilərin yazı sistemi hesab edilirdi. Sami mənşəli Akkad xalqı şumer yazısını mənimsəməyə çalışdı. Tək hecalı sistemə uyğun olmadığı üçün, Akkad dilçiləri şumer yazısının strukturuna toxunmadan, bu yazı əsasında öz sistemlərini formalaşdırmağı bacardı. Akkad dili də iki qola ayrılaraq, Assuriya yazılarına və Babil hərflərinə təsir etdi. Babil hökmdarı Hammurapinin gön dəri üzərinə həkk etdirdiyi qanuni yazılar toplusu akkad-babil yazı sisteminin nəticəsi idi.

Yazı o qədər mürəkkəb tarixi inkişaf dinamikası keçdi ki, sonralar heroqliflər, Mesopotamiya yazıları, Finikiya və şumer yazıları oxunsa da, oxunmayan və anlaşılmayan yazılı mətnlərə bu gün də rast gəlinir. Bu gün, Misir xalqı əski yazı formasından tam uzaqlaşsa da, tədqiqatçılar bəzi xristian-Misir təriqətlərində heroqliflərdən istifadə olunduğunu iddia edirlər. Fars yazı ənənəsi daha sabit qalmağı bacardı. Elamların formalaşdırdığı yazı ənənəsi sami və ibrani yazı kültürünün təsirinə məruz qalsa da, öz orijinallığını qorumağı bacardı. 1754-cü ildə Bartalamey bütün Finikiya yazılı mətnlərini oxudu. İlkin yazılarda tibbi bilgilər və qədim şərq təbabətinə aid dəyərli məsləhətlər ortaya çıxdı. 19-cu əsrdə, İngilis yazı tədqiqatçısı və filoloq Ravlinson İranın Bisutin kəndində qiymətli yazı materialları tapdı. Daha çox marağa səbəb olan Fars və Akkad yazısıyla qələmə alınan, fars hökmdarı Daraya həsr olunan mətnlər idi. Qərb tarixçiləri bu tapıntılar əsasında Daranın taxta çıxan dönəmə qədər olan bütün həyat yolu ilə tanış oldu. Ravlinson farsca olam mətnləri açıqladıqdan sonra, Norris daha qədim olan Elam yazılarının üzərində tədqiqatlar aparmağa başladı. Qərb alimləri İran ərazisindəki yazı tarixini mükəmməlləşdirərək, şərq yazı mədəniyyətini dünyaya təqdim etməyə başladı. Thema Larous bütün yazı sistemlərinin açılması tarixiylə bağlı qaynaqları özündə saxladı.
Türkiyənin öz yazı ənənələri bir neçə dəfə dəyişikliyə məruz qalır. Göytürk, uyğur və ərəb yazısı Türk tarixi boyunca bir-birini əvəzlədi. Modern Türkiyə cümhuriyyəti qurulanda, latın əlifbasına keçilsə də, türk dilçilər latın yazısına da müdaxilələr edir və yeni bir yazı dili formalaşdırırlar. 1928-ci ildə, “Türk Harflerinin Kabul ve Tatbiki Hakkında Kanun” layihəsi qəbul olunur və yeni yazı üslubu əsas yazı vasitəsi kimi istifadə olunmağa başlayır. Göytürk yazı üslubuna dair İssık-Kul gölü ətrafındakı tapıntılar və sonra türk yazılı tarixinin kult abidəsi olan Orxon-Yenisey yazılarının kəşfi bu sahədə türklərin də tutarlı bir keçmişə malik olduğunun göstəricisidir.
10-cu əsrə dair Alban yazı ənənəsi Azərbaycan yazı tarixiylə yanaşı, şərq yazı sistemində əsaslı bir yenilik yaradır. Alban əlifbası haqqında fikrin təşəkkül tarixini T.M.Məmmədov daha ətraflı araşdırmışdır.
Lakin Azərbaycandakı yazı kültürünün daha qədim olmasını Mannada, Ziviyədə tapılan gümüş sini üzərindəki yazılar sübut etdi.
İnsanlıq tarixinin mənəvi mirası olan yazı prosesi ədəbiyyatı və incəsənəti yaratmış və bu gün dünyaya əvəzsiz əsərlər bəxş etməkdədir. Yazmaq bəzən bir ənənə, bəzən də bir məşğuliyyət forması olsa da, insanlara nələrisə ötürə bilməkdə yazı əvəz olunmaz bir rol oynayır. “Kitab oğrusu” filmində bir fraqment var. Balaca qızcığaz anbarlarında gizlətdiyi yəhudi oğlandan yazıçıların niyə bu qədər çox əsərlər yazdığını soruşur. Yəhudi gəncin cavabı konkret olur: “Yazmaq ruhi tələbatdır”. Rus dühası Qoqol yazını sağalmaz xəstəliklə eyniləşdirirdi. Makiavelli yazı anını bir yazıçı üçün tənəffüs alma prosesinə bənzədirdi.
Yazmaq ideyaları möhkəmləndirən və insana mənəvi dözüm verən hərəki prosesdir.
Yazılar vasitəsilə içərimizdə yığılıb-qalan və bizi boğan nüanslara öz etirazımızı bildiririk.
Yazı prosesi, sadəcə, hərflərin vəhdətindən ibarət sadə bir proses olmayıb, dünyaya verilən mesajları özündə saxlayan bir mexanikadır.
Hər bir yazar və şairə, fikir adamına verilən “niyə yazırsan” sualına cavab vermək həmişə çətin olub. Corc Oruel bunun üzərinə “Niyə yazıram” kitabını ərsəyə gətirdi və bir çox suallara aydınlıq gətirməyə çalışdı. Corc Oruelin tiranlığa və despotluğa savaş açan əsərləri o qədər aktual xarakterdədir ki, bu gün də sevilərək oxunur. Öz məqalələr toplusunu toplu bir yazı halına gətirən Oruel “Niyə yazıram”-da kiçik yaşlarından içindəki üsyanı ən yaxşı izah edən şeyin yazı olduğunu vurğulayır. Oruel öz dövrünün İngiltərəsində insanların istismara məruz qaldığını, qanun və hüququn bir qrupun əlində vasitə olduğunu gördükcə, dəhşətə gəldiyini və bu üzdən yazmağa başladığını ustalıqla, qələmə alır. Oruel deyirdi ki, saxtakarlığın qlobal xarakter aldığı illərdə gerçəkləri yazmaq üsyankar bir mübarizə forması sayılırdı.
Oruelə görə bir insan yazmaq istəyirsə və davamlı olaraq yazmağa başlayırsa, bunun 4 səbəbi var: 1) Mütləq eqoizm. Ağılı görünmək üçün və öldükdən sonra özündən bəhs olunmasını istədiyi üçün yazanlar və Oruel bildirir ki, daha çox uşaqlığı pis keçən və həmişə əzilən insanlar yetkinliyə çatandan sonra yazmağa və etiraz etməyə başlayır. Oruel burada maraqlı bir müqayisə aparır və qeyd edir ki, yazarlar jurnalistlərdən daha az pula meyilli olsalar da, özlərini daha çox bəyənirlər. 2) Estetik coşğu. Kənar dünyanın gözəllikərini bir nemət kimi görən insan təbiəti təsviretmə ehtiyacı hiss edir və yazılara köçürmə işinə başlayır. İnsan həyatında çox dəyərli gördüyü bir anı mütləq əbədiləşdirmək istəyir və buna görə də yazılar onun köməyinə gəlir. Oruelə görə, klassik dərs kitablarından başqa, heç bir kitab estetik qatdan məhrum deyildir.
3) Tarixi güc. Hadisələri görən insanlar bir növ ənənəçi funksiyasına sahiblənirlər və gələcək nəsillərə bir şey ötürmək üçün yazmağa başlayarlar. Tarixi yalnız keçmişlə bu günün qovşağında görməyən insanın yaradıcı ruhu ondan nələrsə yazmağı bu üzdən tələb edər. 4) Siyasi məqsədlər. Heç bir kitab siyasi məqsəddən yan keçməyib və Oruel bu fikirini bir çox misallar çəkməklə əsaslandırmağa çalışırdı. Siyasəti bir vasitə kimi qiymətləndirən yazar, siyasi məqsədli kitabların ərsəyə gəlməsini zərurət hesab edirdi. Oruelin 1984-cü ildə qələmə aldığı və dünyada sevilərək oxunan “Heyvanıstan”-ı bu qəbildən olan yazı örnəyinə ən yaxşı misal olar. Oruel yazma prosesini məğlubiyyət hesab edirdi. Yeddi ildir roman yazmamasının səbəblərini sıralayan yazar hər yeni yazdığı kitabda böyük sarsıntılar keçirdiyini etriaf edir.
Yazmaq bizim deyə bilmədiklərimizin ən yaxşı izah formasıdır.
P.S. Biz yazmaq istdəiyimiz üçün yazmırıq, içimizi dağıdan şeyləri sərbəst buraxmaq üçün yazırıq.
P.P.S. Yazmaq üçün bu qədər səbəb var ikən, yazmamaq yaradılışımıza haqqsızlıqdır.


Tarix: 18.08.2015

5010