Dünya yazarları Donald Tramp haqqında


“Təqdim edilən iki stəkandan birini seçib içmək lazımdır idi - birində sidik, digərində boya turşusu vardı”

ABŞ-da keçirilən prezident seçiklərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qələbə qazanaraq ABŞ-ın 45-ci prezidenti oldu. Bu surpriz təkcə dünya siyasi elitasında yox, ədəbi mühitində də təəccüblə qarşılandı. Bunu dünyaca məşhur olan yazıçıların Trampın prezident seçilməsinə münasibətindən bilmək olar. Bundan öncə 450-dən çox yazıçı, o cümlədən məşhur Stiven Kinq milyarder Donald Trampın ABŞ prezidenti postuna namizədliyinə qarşı onlayn-petisiya imzalamışdı. Bu təşəbbüslə yazıçılar Mark Slauka və Endrü Altşul çıxış etmişdi. Məqsəd 10 min imza toplamaq idi. Lakin bu petisiya belə Donaldın prezident seçilməsinə mane olmadı. Yazıçılar isə yalnız sosial şəbəkə vasitəsi ilə öz etirazlarını bildirdi. Yazıçıların münasibətlərini təqdim edirik.

Amerikalı yazıçı Corc Martin ABŞ-da prezident seçkilərinin nəticələrini şərh edərək qalib Donald Tramp haqqında “Baz prezident” deyib. Yazıçı öz bloqunda bildirib ki, respublikaçı Trampın qələbəsindən sonra hissiyyatını tamam itirib:

“Amerika öz rəyini ortaya qoydu. Həqiqətən mən düşünürdüm ki, biz daha yaxşıyıq. Görünür, yox. Tramp böyük partiya tərəfindən prezident postuna irəli sürülən ən savadsız namizəddir. Tramp Amerika tarixinin ən pis prezidenti olacaq. Tramp dünya arenasında təhlükəli, sabit olmayan oyunçu olacaq. Hətta demokratlar Trampa mane ola bilməyəcəklər. Növbəti dörd il ərzində bizim problemlərimiz artacaq və vəziyyət daha da pis olacaq. Qış yaxındır. Mən sizi xəbərdar etadim”- deyə Martin fikirlərini tamamlayıb.

Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klintonu dəstəkləyən amerika yazıçısı Stiven Kinq isə daha irəli gedərək bundan sonra “Twitter”dən istifadə etməyəcəyini bəyan edib. O vurğulayıb ki, bundan sonra oxunması vacib olan kitabları tövsiyə etməyəcək, həmçinin yaxın gələcəkdə siyasət haqqında şərhlər yazmayacaq və məzəli it şəkilləri paylaşmayacaq.

Seçkilərə qədər Kinq ABŞ prezidentliyinə namizəd Donald Trampı sərt tənqid edirdi. Seçki günü o, prezident seçkilərində mübarizəni “ən pis seçkilər kimi xatirəmdə qalacaq” deyə xarakterizə etmişdi.

Dünyanın ən zəngin yazıçısı Coan Roulinq də öz “Twitter” səhifəsində ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini bu cür şərh edib: “Harri Potter” mətbuatın necə güclü qüvvə olduğunu bizə göstərdi. ABŞ-ın prezident seçkilərində qalib gələn Respublikaçılar partiyasından namizəd Donald Tramp məni qorxudur. Dərindən nəfəs alın. Yadda saxlayın ki, bir çox insanlar sənin tərəfində ola bilər. Savaş sizin mübarizəni dayandırğınız zaman bitər” - yazıçı əlavə edib.

Demokratların namizədi Hillari Klinton çıxış etdikdən sonra : “Mənə ağlamaq da lazımdır. Hillari Klinton, bu necə çıxış idi? Biz hamımız birlikdəyik. Biz dəyişkən əhali təbəqəsini müdafiə edirik. Biz fanatiklərə meydan oxuyuruq. Biz sözlərin nifrət norması olmasına imkan vermirik. Biz öz xəttimizi əyirik”.

Kanada yazarı, ədəbi tənqidçi Marqaret Etvud “Twitter”də bədbin status yazıb: “Əziz amerikalılar. Uzunmüddətli perspektivdə hər şey yaxşı olacaq. Nə qədər uzunmüddətli? Görərik. Bundan da da pisi olub. Yəqin xatırlayırsınız”

Con Qrin isə lakonik olaraq “Nə əkərsən, onu da biçərsən” deyib.

Çinəsilli Amerikalı yazıçı, romanlarında çinlilərin amerikadakı həyatından bəhs edən Emi Tan Trampın prezident seçilməsindən narahat olduğunu deyib. Xüsusən də Trampın miqrasiya ilə bağlı siyasətini tənqid edib:

“Mən valideynlərim haqqında düşünürəm. Onlar 1949-ci ildə ABŞ-a gəlib və kommunistlər ölkəni nəzarətə götürüblər deyə Çinə qayıtmaq imkanları olmayıb. Valideynlərimin viza müddəti başa çatıb. Onlar on il ərzində miqrant olaraq ABŞ-da yaşayıblar və gələcək həyatları qeyri-müəyyən olub. Onlar ABŞ vətəndaşlığını aldıqları gün sevincdən ağlayırdılar. Mən yazıçıyam və valideynlərimi, immiqrant və qaçqını qəbul edən ölkədə anadan olmuşam. Ümidvaram hər şey əvvəlki kimi qalacaq. Mən öz ölkəmi çox sevirəm. Qorxuram ki, Trampın təsiri altında o, qorxu, nifrət və KİV-lərə senzura qoyulan bir ölkəyə çevrilə bilər. Qorxu sağlam düşüncəyə, nifrət xoşməramlığa qalib gəlib. Amma bizim öz prinsiplərimiz var və biz öz həyatına görə qorxu keçirən insanlar üçün dayaq ola bilərik”.

Rusiyalı yazıçıların düşüncələri də amerikalı həmkarlarından fərqlənmir. Valeri Boçkov düşünür ki,  ABŞ-da baş verənlər  Rusiya ədəbi və siyasi mühitinə müsbət təsir etməyəcək: “Dünən Moskvadan, “1 Radio” dan zəng vurub, seçkilər barədə soruşurdular. Efirdə bildirdim ki, seçkilərin bu halını bilirsiniz necə təsəvvür etmək olar: Sizə təqdim edilən iki stəkandan birini seçib içmək lazımdır- birində sidik, digərində boya turşusu var. Bu gün biz bilirik ki, artıq Amerika seçimini edib. Pis yaşamalı olacağıq, lakin, çox şən. Bütün hallarda ömrümüz uzun olmayacaq”.

Novellaları ilə Rusiyada məşhur olan Aleksandr Çıpkin: “ABŞ-da seçki günü Rusiyada xalq birliyinin günüdür. Onu da istirahət günü etmək lazımdır. Onsuz da, heç kim işləmir. Qalibə görə axşam başlayacaqlar içki içməyə. Bütövlükdə bazar ertəsinə qədər ölkə iflic olacaq” - deyə fikrini tamamlayıb.

Oxucuların rəğbəti qazanan digər yazıçı Marina Qalina sözlərində daha çox mübaliğədən istifadə edib: “Əlbəttə dünyanın ən böyük ölkəsi sistemli olaraq “hər ikisi pisdir” seçimi arasında qaldı.  Düzünü desəm, hansısa qaranlıq və çarəsizlik görürəm. Maraqlıdır, məsələn, Conatan Franzenin şərhlərini oxumaq olardımı?”

 

Digər yazıçı, biznesmen Sergey Minaev isə deyir ki, Trampın qələbə qazanması Amerika seçkilərinin nəticələrində ən heyrətamiz haldır: “Bu adamlar (okeanın hər iki tərəfində) niyə seçkilərdə Klintonun qalib gələcəyini bir həftə əvvəl rəqəmlərlə, sorğularla, gözəl inoqrafika ilə parlaq ifadələrlə təbliğ etdilər. Onlar indi də savadsızları və qocaları inandırdılqları kimi ağ inoqrafika ilə insanları başa salmağa başlayır. Yəni bir həftə əvvəl olanlar bu gün başqa cürə təbliğ edilir. Ədəbiyyat da həmçinin eyni durumda olacaq”.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 11.11.2016

4417