Qafar Şövqi Satirik şeirlər


Bu gedişnən nə bizi cənnət özü cəlb edəcək, Nə cəhənnəm gələcək xoşumuza, bismillah.

 

Bismillah 

Gecə ruh çıxsa əgər qarşımıza, bismillah.

Hava gəlməzmi görən başımıza? Bismillah.

***

Kiçicik dərs otağından çıxan əlaçıya de:

Təbaşirnən yaza başdaşımıza, bismillah.

***

Qorxunu məhv eləmək eşqinə nolar ki bəyəm?

Bir adam öyrədə qardaşımıza, Bismillah.

***

Ölə kaş qonşuların gündə biri, kəfkiri biz

Böyük iştahla vuraq aşımıza, bismillah.

***

Uzadıb saqqalı din naminə məcnunluq edək.

Yapışaq "siyğəlik" oynaşımıza, bismillah...

***

Bu gedişnən nə bizi cənnət özü cəlb edəcək,

Nə cəhənnəm gələcək xoşumuza, bismillah.

***

Dilimiz zikrinə əzbərləsə toy-bayram olar.

Sora dildən köçə yaddaşımıza, bismillah.

***

Gözümüzdən qaçır hərdən ölümün vahiməsi,

Gəlib hərdən toxunur qaşımıza, bismillah.

***

Dikələn başları edam kötüyüyçün şişirib

Veririk baltanı fərraşımıza, bismillah.

***

Ağa gəl sürt əlini oğlumuzun boş başına.

Bəlkə təsir edə əyyaşımıza "bismillah".

***

Nə əcəb cin bizə girmir? Ya o bizdən qorxur,

Ya da ki, rəhm eləyir yaşımıza, bismillah.



Tarix: 17.01.2017

3441