Yo Nesbö - Yeniçağın Norveç ədəbiyyatı


“Beynəlxalq hesabatlarda norveçlilər xoşbəxtlik dərəcəsinə görə ilk sırada yer alır. Bizim xoşbəxt olmaq istedadımız var. Bədbəxtlik isə bizim heyranlığımızdır”

Modern dedektiv janrının məşhur nümayəndəsi hesab edilən bu yazıçının kitabı hər 30 saniyədən bir satılır. Onunla eyni dili danışan 4 milyon insan olsa da yazdığı kitablar 30-dan çox dilə tərcümə edilir. Yo Nesbö. 29 mart 1960-cı ildə Osloda doğulan yazçının anası kitabxanaçı işləyib. Odur ki kitablara marağı uşaqlıqdan yaranıb. Cavanlıq illərində futbolla məğul olub. Lakin ciddi zədə aldıqdan sonra musiqi qrupu yaradıb. Ona inspektor Harri Hole haqqında romanları məşhurluq gətirib. Yazıçı həmçinin Tom Yohansen təxəllüsü ilə daha üç roman yazıb.

Harri Hole alkoqolizmdən əziyyət çəkir, Norveçin paytaxtı başda olmaqla Avstraliya, Konqo kimi başqa ölkələrdə cinayətlərin üstünün açılmasına nail olur. Spirtli içkilərə meylinə baxmayaraq, Hole bədrəftar xarakterli şəxsdir və təhlükəli cinayətkarların, rus mafiyası üzvlərinin, silsilə qətl törədənlərin, bank oğrularının cinayət tərkibli əməllərinin üstünü açaraq həbs edir. Harri həmçinin alkoqolizm və psixi dəyişkənliyin yaratdığı dəhşətlərlə mübarizəyə də xeyli vaxt sərf edir. Həlak olan həmkarlarına görə kədərlənir və onların obrazları Harriyə keçmişi daim xatırladır.

Yazıçının dünyaca məşhur romanı  “Qar adam”dır. Harri Hole itən Birta Bekkeri axtararaq belə bir nəticəyə gəlir ki, ilk qar yağan günü Norveçdə neçə illərdir ərli qadınlar izsiz itirlər. Qəzetlərin “Qar adam” ləqəbi verdikləri cinayətkar, sanki, baş inspektora bilərəkdən sataşır, onu dəli olmaq dərəcəsinə gətirib çıxarır.

Digər roman isə “Qisas İlahəsi”dir. Bank kassirini güllələyən adam nəzarət videomüşahidə sistemi tərəfindən qeydə alınır. Harri istintaqa başlayır, lakin köhnə tanışı olan qızla axşam yeməyindən sonra, ən azı son 12 saatı xatırlaya bilməyəcək vəziyyətdə yuxudan oyanır. Sonra qız yatağında ölü olaraq tapılır və bundan sonra qəhramanın macəraları başlayır.

“Qızılgərdən” romanında isə hadisə Osloda sammit zamanı baş verir. Belə ki, güllə ilə vurulan amerikalı xüsusi agentlə bağlı qalmaqalı ört-basdır etmək üçün polis müstəntiqi Harri Holeni Təhlükəsizlik Xidmətinə keçirirlər. Hole orada gizli silah ticarətçiləri ilə neonasistlər qrupu arasında əlaqəni üzə çıxartmalıdır. Harrinin həmkarı Ellen Yeltenin cinayətin izinə düşməsi ona həyatı bahasına başa gəlir, lakin inspektor Harri Hole təhqiqatı davam etdirir.

“Şeytan Ulduzu” romanı da mövzusu və sujet xəttinə görə digərlərindən fərqlənmir. Ümumiyyətlə, Yo Nesbö həyəcan və təşviş doğuran romanlar yaradır. Onun əsərlərinin sonları gedişatından da gözlənilməz olur və daha ciddi sirrləri ortaya qoyur.

Yazıçının müsahibələrindən birini təqdim edirik.

 

- Siz iqtisadçı, rok-musiqiçi oldunuz. Amma yazıçı, özü də nuar stilində detektiv müəllifi olmaq üçün bütün bunları atdınız. Bu necə və niyə baş verdi?

- Sadəcə, mənə elə gəldi ki, yazıçılıq bu günə qədər məşğul olduğum işlərdən daha yaxşıdır. 14 yaşımdan yazıram və ilk romanım ərsəyə gəldiyi zaman başa düşdüm ki, uzun müddət məhz bunu gözləmişəm. Doqquz il borker işləmişəm. İlk romanımı yazmağa başladığımdan iki il sonra atam vəfat etdi. O, təqaüdə çıxdıqdan sonra ilk kitabını yazmağı planlaşdırırdı, amma bədbəxtlikdən, həmin il vəfat etdi. Bu zaman anladım ki, yazmağı gecikdirmək olmaz.

 - Niyə məhz detektiv?

-Detektiv yazıçılığa başlamağın ən asan yoludur. Bilirdim ki, ilk romanı çoxları çap etmir və məhz bu səbəbdən maksimal dərəcədə sadə bir şey yazdım. Bundan əlavə vaxt və istirahət haqqında da düşünürdüm. 6 aylıq məzuniyyət götürdüm. Bu ay ərzində romanı bitirməli idim. Əslində isə beş həftəyə bütün işlərimi yekunlaşdırdım. Daha sonra klassik janrda yazmağı düşünsəm də detektiv janrı o qədər xoşuma gəldi ki, ikinci kitabım da eyni janrda oldu. Üçüncü də əvvəlkilərindən fərqlənmədi. Bu günə qədər bu janr hələ də xoşuma gəlir və mənə zövq verir.

-Nobel mükafatını qazanmış ingilis yazıçı və şair Uilyam Qoldinqin “Milçəklər kralı” alleqorik romanın sizə təsir etdiyini demişdiniz. Bu siyahıda başqa kimlər var?

- Bəli, bu məni sarsıdan ilk kitablardan biridir. Bundan əlavə Mark Tvenin təhkiyə üslubu çox xoşuma gəlir. Atam və böyük qardaşım da bu cür təhkiyə üslubundan istifadə edirdilər. Odur ki bu üç nəfər mənim yaradıcılıq fəaliyyətimə daha çox təsir edib. Sonra Amerika yazıçılarını oxumağa başladım. Onlardan Heminquey, Bukovski, Keruak və digərləri Knut Hamsun, Dostoyevski, Pasternak xoşuma gəlirdi. Rus ədəbiyyatıdan kənar keçə bilməzdim. Çünki anam kitabxanaçı idi evə özü ilə rus romanları gətirirdi.

- Sizin qəhrəmanların şəxsi həyatında dəhşətli dramları necə yaradırsınız? Nə üçün Hole və onun çoxdankı yoldaşı Rakel arasında xoşbəxt sonluq olmur? Sizin fikrinizcə, müasir insanın həyatını nə idarə edir?

- Aldanmayın, hətta Harri və Rakelin sonluğunda hər şey daha yaxşı ola bilər! (gülür). Müasir dünyada səbr lazımdır. Norveçdə “Xoşbəxtlik istedadı” adlı gözəl kitab çıxıb: Bəzilərində belə bir istedad var, bəzilərində isə, əksinə, bədbəxtlik istedadı var. Belə ki, Harridə ikinci variantdır. Adamı ancaq bədbəxt hadisələr çəkir. Hansısa məqamda sevgilim mənə dedi ki, mən, sadəcə, bədbəxt olmağı, əziyyət çəkməyi sevirəm. Romanlarımın bir çox qəhrəmanlarının xoşbəxt olmaq istedadı var. Bu da onların bəxti gətirir deyə olur.

- Bu “Bədbəxtlik istedadı” norveçlilərin milli xüsusiyyətidir, ictimai tendensiyadır, yoxsa sizin şəxsi xüsusiyyətinizdir?.

- Daha doğrusu, mənim şəxsi xüsusiyyətimdir. Bütün beynəlxalq hesabatlarda norveçlilərin xoşbəxt olması barədə məlumatlar ilk sıralarda qərarlaşır. Bizim xoşbəxt olmaq istedadımız var. Bəlkə, biz daha çox varlıyıq və digələri kimi ağır işləməyə məhkum deyilik.

- Bəllidir ki, siz kitab yazmamışdan öncə mövzu üzrə araşdırma aparırsınız. Romanlarınızda o qədər manyak, qatil, psix, narkoman var ki..! Bu qədər insanı haradan tapırsınız?

- Mən bankı yaran şəxslərdən və qatillərdən həbsxanaya gedərək müsahibə almışam. Düzünü desəm, heç zaman psixi sağlamlıqdan əziyyət çəkənlər üçün müalicə təcridxanasına getməmişəm. Əsas öz daxilində manyak və psixi xüsusiyyətləri tapmaqdır. Yəni bu iki xüsusiyyətin bir hissəsini taparaq böyüdürsən. Məsələn: Harri. Ona da bədbəxtlik qismən gəlir. Öncə anası ölür, daha sonra ilk sevdiyi qadın intihar edir. Daha sonra psixi problem yaşayaraq insanlarla ünsiyyətində problem yaşayır, dialoq qura bilmir. Hətta bütün çatışmazlıqları aradan qaldırmaq istədiyi zaman sevgilisi ölür. Məhz bundan sonra o qəlbinin qapısını bağlayaraq açarını qara quyunun dibinə atır. O, anlayır ki, sevdiyi şəxslər ölümə məhkumdur.  

- Bəs rəfiqəniz sizin xəyalınızdan qorxmur?

- Hazırda rəfiqəm yoxdur. (gülür). Əvvəlki rəfiqəm isə mənim kitablarımı oxumurdu.

- Əgər yazıçı olmasaydınız hansı peşəni seçərdiniz?

 

- Əgər mən peşəmi dəyişmək qərarına gəlsəydim, mütləq hər səhər zəngli saata görə durmağı tələb etməyən bir iş seçərdim.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 19.01.2017

3404