İçkilərin sevgilisi, qadınların qənimi


“Çirkli realizm”in kefli İsgəndəri

“İçmək çox həssaslıq tələb edir. Sizi gündəlik rejiminizdən çıxarır. Sizi bədəninizdən və zehninizdən uzaqlaşdırıb divara vurur. İçkini intiharın bir növü hesab edirəm, yeganə fərq odur ki, səhəri gün yenidən geri qayıdıb başlamaq fürsətiniz olur. Özünüzü öldürüb yenidən doğulmaq kimi. Deyəsən, mən indiyə qədər 10, ya da 15 min həyat yaşamışam”.
Söhbət Amerika ədibi, şairi, yazıçısı və jurnalisti “Çirkli realizm”in nümayəndəsi Çarlz Bukovskidən gedir. Kasıb ailədə doğulan yazıçının uşaqlığı çox çətin olub. Çarlzın atası qəddar və fiziki cəzaların tərəfdarı idi, növbə ilə gah oğluna, gah da arvadına işgəncə verirdi. O, avara, yaxud, necə deyərlər, qeyri-düzgün həyat sürürdü - ötəri sevgilər və seksual əlaqələr, alkoqolizm, təsadüfi tanışlarla dava-dalaş və daima asan yolla əldə edilən xırda qazanclar - onun gündəlik həyatı idi. Atası tərəfindən tez-tez döyülən yazıçı 13 yaşından içməyə başlayıb.
20 yaşı olanda yazıçının atası onun otağında tapdığı ilk əlyazmaları lazımsız hesab edərək pəncərədən atıb. Həqiqətən Bukovskinin ilk nəşr etdiyi yazılar heç kimi maraqlandırmırdı. 32 yaşında poçta işə düzələn yazıçı çox içdiyinə görə iki dəfə daxili qanaxmadan xəstəxanaya yerləşdirilib. Hər ikisində ölümdən dönüb. Həkimlərin içki düşkünü olan yazıçıya “Bir qurtum pivə səni öldürə bilər” xəbərdarlığına baxmayaraq, Bukovski xəstəxanadan çıxan kimi yaxınlıqda yerləşən bara gedərək içib. Və heç nə olmayıb.
Pivəni qurtumladıqdan sonra: “Sərxoş olmaq gözəldir və bunu həmişə sevirəm. Sərxoş olmaq sizi dəqiq olan hər şeydən uzaqlaşdırır və sonra artıq özünüzə qarşı da dəqiq ola bilmirsiniz” - deyib.
Xəstəxanadan çıxdıqdan sonra ədəbiyyata qayıtmaq istəyən yazıçı poçtda işləyərək məşhur olmayan jurnallarda öz yazılarını çap etdirirdi. Artıq 40 yaşında romanlara keçən içki düşkününə elə məşhurluğu “İçkili” filmi gətirdi. Məhz bu film nəticəsində onun adı dövrün klassiklərinin sırasında çəkildi.
Bütün hallarda Bukovski o , şəxslərdəndir ki, pis vərdiş olsa belə içki ona uğur və xeyir gətirib. Hətta onu qabağa da apardı. Uşaqlıq illərində içkini özü üçün kəşf edən yazıçı harada gəldi pivə və çaxırı su kimi içirdi.
“İçki aldığım yerləri mütəmadi dəyişirəm. Çünki səhər-axşam bir yerdən çox içki alanda satıcıların yadında qalırsız. Bir müddət sonra onların mənim nə vaxt öləcəyimlə maraqlandıqlarını düşünməyə başlayıram. Bəlkə də, belə bir şey fikirləşmirlər. Amma bir adam ilin 300 gününü “paxmel” olursa, paranoyaklaşa bilər”.



Atanın əngini əzən azadlıq aşiqi

Çarls Bukovski 16 avqust 1920-ci ildə Almaniyada doğulub. Əsl adı Henrix Bukovskidir. Atası Henri Çarlz Bukovski bir amerikan əsgəri, anası Katerina Fett isə qadın dərzisi idi. Birinci Dünya müharibəsi ərəfəsində Almaniyada tanış olmuşdular. 1923-ci ildə Bukovski 3 yaşındaykən ailə Amerikaya köçüb Los Angelesə yerləşdilər. Çarlz adını isə yazıçı evlərini tərk edəndən sonra özünə təxəllüs götürüb.
Atası ona qarşı çox qəddar idi. Yazıçı öz uşaqlığında yaşadığı hadisələri “Çörək arası” kitabında daha ətraflı yazıb. Kiçik bir səhv edən kimi atası onu kəmərlə döyürdü. Anası isə yalnız kənardan bu əzabı izləyirdi. Aldığı mənəvi və fiziki zərbələr nəticəsində Bukovski 13 yaşında ciddi xəstəliyə tutulur. Bütün bədəni səpgi ilə dolu olan yazıçı cəmiyyətdən də təcrid olunur.
Rahat olduğu məkan isə yaxınlıqda yerləşən kitabxana idi. Burada o, Con Fante, Uilyam Şekspir, Ernest Heminqueyin yaradıcılığı ilə tanış olur. Lakin digər tanışı olan - içki ilə isə onu dostu tanış edir. Bu tanışlıq ömrü boyu davam edir. Yazıçının özü də etraf edir ki, bu tanışlıq onu real dünyadan ayırır.
Atasının əzablarına dözməyən Çarlz 16 yaşı olanda evə içkili gəlir. Atası onu döymək istəyən zaman Çarlz atasının çənəsinə ağır zərbə endirir. Bundan sonra onlar arasında heç bir narazılıq yaranmır.
Məktəbi bitirdikdən sonra Los-Angelesdə yaşmağa başlayır. Elə bu dövrdə ilk şer və hekayələrini yazmağa başlayır. Lakin bununla kifayətlənməyən Çarlz 1941-ci ildə bütün Amerikanı gəzərək real həyatdan yazmağı düşünür.

Fahişlərin, quldurların səfil dahisi

Yazıçının necə insan olduğunu bilmək üçün onun hər hansı bir hekayəsini oxumaq kifayət edər. Müsahibələrini birində o, belə deyir: “Bilirəm ki, mən cəmiyyət tərəfindən qəbul olunmuram. Bu hamıya məlumdur. Mənim mədəni, təqdirəlayiq işdə işləyən insanlardan daha çox küçədə böyüyən, quldur şəxslərə hörmətim var. Mənim üçün əxlaqlı qadın siması əhəmiyyət kəsb etmir. Mənim üçün daha çox küçədə fahişəlik edən qadın daha çox maraqlıdır. Səfil insanlarla ortaq dil tapmaq daha asandır. Çünki mən də səfiləm. Mən qanunları, qaydaları və dini sevmirəm. İmkan vermərəm ki, cəmiyyət məni istədiyi kimi böyütsün. Mən insanlara elə böyük maraqla baxmıram. Bu, mənə mane olur. Əgər nəyəsə uzun müddət baxsan, ona bənzəməyə başlayırsan. İnsanlar… Əksər həyat məsələlərində onlarsız da keçinə bilərəm. Onlar məni zənginləşdirmir, əksinə düşkünləşdirir. Mən heç bir insana hörmət etmirəm. Buna görə də mənim onlarla çoxlu problemlərim olur. Mən yalan danışmıram, inan mənə dediklərim hamısı doğrudur”.
1971-ci ildə bütün Amerika və Avropada onu tanıdan ilk romanı “Poçt İdarəsi” işıq üzü görür. Roman hətta tənqidçilər tərəfindən də beş qiyməti alır. Halbuki onlar vaxtında Bukovskinin əsərlərini açıq, cəmiyyətə yaraşmayan və yumordan uzaq kimi dəyərləndirirdilər.
1975-ci ildə “Faktotum”, 1978-ci ildə “Qadınlar” romanı Bukovskinin cəmiyyətdə yazıçı kimi qəbul edilməsinə gətirib çxardı. Bundan başqa qısa hekayələri və şeirləri də məşhurluğuna görə romanlarından geri qalmırdı. Lakin Bukovski öz məşhurluğuna skeptik yanaşırdı və nifrət edirdi. Tanınmış filosof Jan Pol Sartr Bukovskini böyük Amerika yazıçı adlandıran zaman Çarlz cavabında bunları deyib: “Məni yazıçı adlandırmaq əclaf və səviyyəsiz insanın özünü müdrik kimi göstərməsinə bənzəyir”.



Bukovski içkini, azadlığı və yazmağı sevən inqilabçı olub. Deyilənə görə, onun həyatında küçə qadınları, içki, mütəmadi dava-dalaş üstünlük təşkil edib. Hətta bəziləri onu bomj hesab edirdi. Çünki daimi yaşayış və iş yeri yox idi. Yalnız əlli yaşlarında yazıçının normal simada görmək mümkün oldu.
Bukovski vaxtilə “Open City” qəzetində çap olunan hekayə və şeirlərinə görə qəpik-quruş alırdı. Lakin bir gün həyat onun üzünə güldü. Yazıçının şeir və hekayələri Con Martinin o qədər xoşuna gəldi ki, ona “Black Sparrow Press” nəşriyyatında dərc etdirməyi təklif etdi. Bundan sonra Martin Bukovskiyə poçtda işi buraxıb özünü yaradıcılığa həsr etməyi məsləhət görür. Martinin təklifi də yazıçının ürəyincə olur. Belə ki, nəşriyyat hər ay Bukovskiyə ömrünün sonuna kimi 100 dollar məvacib verməyi təklif edir. Özü də yazıçının nəsə təqdim edib-etməməyindən asılı olmayaraq. Çarlz təbii ki, razılaşır.
Çarlz Bukovskinin də həyatında qadınların sayı çox olub. Buna baxmayaraq, onun nikahlı üç həyat yoldaşı olub. 1957-ci ildə kiçik bir şeir jurnalının sahibi olan zəngin Barbara Fryelə evləndi. Barbara Bukovskinin şeirlərini jurnalında nəşr etməyə başladı. 1959-ci ildə boşandılar. Sonuncu həyat yoldaşı Linda Li Beqli yazıçının ömrünün sonuna kimi onun yanında olur.
80-ci illərin sonunda yazıçının səhhətində ağırlaşmalar olur. İmmun sistemi dağılan yazıçının bədənində bir-birinin ardınca xəstəliklər inkişaf etməyə başlayır. Öncə pnevmaniyadan əziyyət çəkən yazıçıya daha sonra “leykemiya” diaqnozu qoyulur. Onun qəbrinin üstündə isə yalnız bu ifadə var “Çalışmayın”. Qeyd edək ki, onu Buddist rahiblər basdırıb.
Bütün ömrü boyu yazıçının yaradıcılığının əsas obyektləri klassik musiqi, tənhalıq, müəllifi göylərə qaldıran alkoqolizm, öz uşaqlığından götürülmüş səhnələr, yazıçılıq, ruh yüksəkliyi, ağılsızlıq, qadınlar, seks, məhəbbət və at yarışları idi.


Tarix: 24.08.2015

4178