Qafar Şövqi Satirik şeirlər


"Oğlanın qız olmasından biz xəbərdarıq, fəqət, Ə, Qorxuruq qızlar çönüb oğlan olar, biz bilmərik"

 Biz bilmərik

 

 Birdən ey dil, biz deyən dövran olar, biz bilmərik.

 

Çevrəmiz başdan-başa insan olar, biz bilmərik.

 

Bizlərə çox dağ çəkibdir sevgimiz də şahidik.

Dağ da bizlərdən böyükdür, dərdimiz də, şahidik.

Dərdimiz dustaq olubdur qəlbimizdə, şahidik.

Məkrimiz hər bir kəsə elan olar, biz bilmərik.

***

Kimdə əksik, kimdə artıqdır bu gün bir parça ət.

Cins dəyişdirməkdə bilməm kim tapıbdır mənfəət.

Oğlanın qız olmasından biz xəbərdarıq, fəqət,

Ə, Qorxuruq qızlar çönüb oğlan olar, biz bilmərik.

***

İndi çaqqallar da hətta çıxdı bizdən hiyləgər.

Ta əzəldən vaxtımızdan oğruyubdur tülkülər.

Bir xəbər ver qərdeşimsən, bir xəbər ver, bir xəbər

İt boğuşdurmaq üçün meydan olar biz bilmərik.

***

Ay həci, bir sor ki ey dad, yoxmu ölmək istəyən?

Yaşlı erkək, yaşlı arvad, yoxmu ölmək istəyən?

Yoxmu dünyadan bezən zad, yoxmu ölmək istəyən?

Sizdə birdən qəflətən ehsan olar, biz bilmərik.

***

Biz gedib xor-xor yatarkən sən şeir yaz, sən şeir.

Bunca yatmışlar içində tək oyanmaqdır xeyir.

Şövqi, biz yatsaq əgər, gör kim bizə laylay deyir.

Üstümüzdə rəngbərəng yorğan olar, biz bilmərik.

 

 

 

 

Sevgililər gününə görə

 

Sevib ayrıldı yüzü sevgililər gününə görə.

Cibimiz sıxdı bizi sevgililər gününə görə

***

Ən böyük mişkanın üstündə yazın qanım ilə,

Yaranıbdır yer üzü sevgililər gününə görə.

***

Kasıba eşqi-məhəbbət qadağandır ki həyat,

Yarama basdı közü sevgililər gününə görə.

***

Kasıbın gözləri vitrindəki qiymətdə qalır.

Utanır sevgi özü sevgililər gününə görə.

***

Elimin gül kimi bayramlarını ləğv elədiz.

Dilimin yoxdu sözü sevgililər gününə görə.

***

Sevgilin yoxdusa, yat-qalx yenə şükür eyləginən.

Ey əzizmin əzizim, sevgililər gününə görə...

***

Sevgilim, ver əlini hər günümüz sevgi ola.

Yaşadaq sevgimizi sevgililər gününə görə.

 



Tarix: 17.02.2017

4468