Pepsi və Coco-Colanın müdhiş sirləri - Şəhər əfsanələri


Uşaq vaxtı qardaşımla kola içməyi çox sevərdik. Hətta o qədər sevərdik ki, hər yemək zamanı qaçıb kolanı kasa ilə içərdik. Əlbəttə ki, valideynlərim kolanı belə çox içməyimizi düzgün saymırdılar. Kolanın insana ziyan olmasını tez-tez bizə deyirdilər. Ancaq kolanın nəyə ziyan olmasını isə deyə bilmirdilər. Bir gün anam həyətdən evə gəldi və dedi:
- “Qonşumuz Qızqayıt xala dedi ki, bəhs onun xalası qızının qonşusugil kolanın içinə lezva atıblar və lezva əriyib”.
Qızqayıt xala bu söhbəti təkcə anamın yanında etməmişdi. Bu söhbəti təxminən məhlədəki qadınların hamısı eşitmişdi və tezliklə söhbət ildırım sürəti ilə məhləmizdə yayıldı. Hər kəs bu mövzunu müzakirə edirdi. Tezliklə məlum oldu ki, bu eksperimenti təkcə Qızqayıt xalanın xalası qızının qonşusu keçirməyib. Məhləmizdəki və qonşu məhlədəki bir çox insanın qohumunun qonşusu belə bir hadisənin şahid olub.

Deyilənə görə, Avropanın tarixinin qaranlıq dövrü olaraq bilinən vaxtlarda kilsədəki keşişlər atın ağzında olan dişlərin sayını bilmək üçün Aristotelin kitablarına müraciət ediblər. Ancaq bütün cəhdlərinə baxmayaraq heç bir zaman da həmin kitabdan özlərinə lazım olan cavabı tapa bilmyiblər. Adamlar Aristotelin kitabına o qədər aludə olublar ki, heç birisinin ağlına gəlməyib ki, atın ağzını açıb dişlərini saysınlar. Bizim məhlədə də vəziyyət belə idi. Hər kəs təəccüblə bu mövzunu müzakirə edir, şişirdərək danışır, ancaq heç kimin ağlına gəlmirdi ki, bir kola alıb içinə lezva atsınlar. Ən sonunda mən və qardaşım anam başda olmaqla bütün məhəlləni sakitləşdirmək üçün kola ilə dolu bir stəkanın içərisinə lezva atıb tam bir həftə gözlədik. Lezvaya bir şey olmadı. Lakin məhlədəkilər bunu qəbul etmədilər ki, stəkanda kolanın qazı çıxır. Etmədim tənbəllik yarım litrlik bir kola alıb içərisinə lezva atıb yenə bir həftə gözlədim ancaq heç nə olmadı.

Bəs o zaman bu söhbət nədir? Nədən yaranır, məqsədi nədir? Əvvəllər bunun bir anti-reklam olduğunu düşünürdüm. Ancaq universitetdə oxuyarkən bunu anti-reklam deyil, folklorda təzə yaranmış bir forma, bir janr olduğunu öyrəndim. Sən demə, bu janr bütün dünyada çox məhşur imiş. Bu folklor nümunəsinin adı isə ingilis dilində “Urban Legend”, Azərbaycan dilinə tərcümə də isə “Şəhər Əfsanəsi” adlanırmış.
Adının “Şəhər Əfsanəsi” olmasına baxmayaraq, baş verən hadisələrin heç də hamısı şəhərlərdə baş vermir, yəni şəhərlə əlaqəli deyil. Kəndlə əlaqədar olan “şəhər əfsanələri” də var. Bu janrı “şəhər əfsanəsi” adlandırmaqda məqsəd sənaye inqilabından əvvəlki dövrdə yaranmış əski əfsanələrdən fərqləndirməkdi. Ona görə də bu janrın bir başqa adı da “müasir əfsanə”di. Bundan əlavə bu janr bəzən “urban myth” (şəhər mifologiyası), “urban tale” (şəhər nağılı) və s.-də adlandırırlar. Şəhər Əfsanələri” termini ilk dəfə 1968-ci ildə istifadə edilib. 1981-ci ilin əvvəllərindən başlayaraq Utah universitetinin professoru Can Harold Brunvard özünün bir neçə məşhur kitablarında bu termini istifadə edərək bu termini ictimailəşdirib.

Əksər “Şəhər Əfsanələri” xarakter və sujet xətti ilə tam bir hekayə formasında olur. “Şəhər əfsanələri”də, adətən, mistika, qorxu və yumor olur. Bəzən şəhər əfsanələri etik qaydalarda təbliğ edilir. Adətən, belə əfsanələrdə uşaqlar böyüklərin sözünə qulaq asmırlar və nəticədə başlarına çox pis işlər gəlir, hətta bəzən böyük sözünə qulaq asmamaq uşağın ölümünə də səbəb olur.
“Şəhər əfsanələri” adətən “dostumun dostu”, “əmioğlunun dostu, qonşusu və s.” kimi ifadələrlər başlayır. Bu yolla əfsanəni danışan adam əfsanəni daha inandırıcı edir və əfsanəni gücünü artırır. Əksər “şəhər əfsanələri” çoxlu insanlara təsir edəcək dəhşətli cinayətlər, çirkləndirilmiş qida kimi hadisələrindən bəhs edir. Belə əfsanələrə inanan insanlar öz yaxınlarını və sevdiklərini bu barədə xəbərdar etməkdə özlərini məcbur hiss edirlər. Sənaye inqilabından əvvəlki əfsanələrinin zəngin personajları, maraqlı süjet xətti var və onlar geniş olurlar. Əski əfsanələrdən fərqli olaraq “Şəhər Əfsanələri”ndə çoxlu xarakterlər olmur və qısa olur, bəzən heç süjet xətti də olmur.

Əski əfsanələrdə olduğu kimi, “şəhər əfsanələri” də lokal yəni sadəcə, bir millətə və ya bir regiona xas ola bilir. Bəzən xüsusi texnologiyanın sayəsində hər hansı “şəhər əfsanəsi” birdən çox ölkədə yayıla bilir. Belə əfsanələrdən biri müsəlman dünyasında geniş yayılmış “PEPSİ” haqqında olan əfsanədir. Bu “şəhər əfsanəsi”nə görə, güya, “PEPSİ” sözü tərsinə oxunduqda “12.9.39” təqvimini bildirir. Həmin tarixdə, güya, Almaniyada antisemitizm qanunu qəbul edilib və bu yolla Massonlar bütün insanların şüuraltına həmin tarixi yerləşdirmək istəyirlər. “PEPSİ” ilə əlaqədar başqa bir şəhər əfsanəsində isə qeyd edilir ki, güya, “PEPSİ” sözü ingilis dilində “Pay Each Penny for Saving İsrail” sözlərinin baş hərflərinin birləşməsindən yaranıb. Mənası isə “İsraili xilas etmək üçün hər qəpiyini xərclə” deməkdir. Beləliklə, bütün müsəlmanlara İsrail-Fələstin müharibəsində İsrailə yardım etməmək üçün “PEPSİ” almamağı məsləhət görülürlər. Ancaq qeyd etməyi özümə borc bilirəm ki, “PEPSİ” sözü 1898-ci ildən istifadə edilir. Yəni Antisemitizmlə heç bir əlaqəsi yoxdur. “PEPSİ” sözü isə “DİSPEPSİYA” sözündən yaranmışdır. “Dispepsiya” “həzmsizlik” xəstəliyidi və “PEPSİ”nin bu xəstəliyin müalicəsinə xeyir verdiyi iddia edilir. Yəni “dispepsiya” həzmsizlik “pepsi(ya)” həzmlilik deməkdi.
Şəhər əfsanələrin bəziləri yarandığı vaxtdan xeyli zaman keçməsinə baxmayaraq, ölkədən-ölkəyə keçərək, heç bir dəyişiklik edilmədən indiki vaxta qədər gəlib çıxıb. Bəziləri isə bir ölkədən və ya regiondan başqa regiona və ya ölkəyə keçdikdə dəyişdirilib. İnkişaf edən texnologiyalar və yeni brend mallarla əlaqədar əvvəllər heç bir zaman eşdilməmiş yeni “şəhər əfsanələri” də yaranıb. Belə əfsanələrdən biri də 1970-ci illərdə Prokter and Qambl (Procter & Gamble ) şirkəti haqqında olub. Belə ki, həmin illərdə şirkət öz məhsulları üzərində on doqquzuncu əsrdən qalma əmtəə nişanından istifadə edirdi və bu, şirkətin şeytanın hərbi gəmiləri ilə əlaqəli olması haqqında “şəhər əfsanəsi”nin meydana gəlməsinə səbəb oldu. Yaranmış “şəhər əfsanələri” şirkətinin ticarət dövriyyəsinə elə bir zərbə vurdu ki, şirkət məcbur olub həmin əmtəə nişanından istifadə etməyi dayandırdı.

Hər dövlətin özünə məxsus fərqli “Şəhər əfsanələri” var. Məsələ Türkiyədəki “şəhər əfsanələrinin” birində deyirlir ki, “güya yaponlar Xəlic limanını pulsuz təmizləmək istəyiblər, ancaq şərt kəsiblər ki, limanın dibindən nə çıxacaqsa hamısını özləri götürəcəklər. Xəlic limanın altında tonlarla qızıl olduğunu öyrənən Türkiyə dövləti buna imkan verməyib”. 1940-cı illərdə Türkiyədə yayılmış çox məhşur olan başqa bir “şəhər əfsanəsi”ndə isə Hitlerin müsəlman olduğu qeyd edilir.
Amerikadakı ən məhşur “şəhər əfsanə”lərindən biri Nyu-Yorkun kanalizasiya sistemlərində böyük timsahların yaşadığı və bu timsahların tez-tez insanlara hücum edərək sakinlərə xəsarət yetirməsidir. Hətta deyilənə görə, “Ninca Tisbağaları” cizgi filmi bu əfsanə əsasında yaradılmışdır.

Keçən əsrin 90-cı illərində Azərbaycanda adamyeyənlər və manyaklar haqqında şəhər əfsanələri yaranmışdı. Güya, cəbhədə ac qalan əsgərlərdən bir neçəsi dostlarının meyitini yemiş və adam əti yeməyə aludə olublar. Cəbhədən qayıtdıqdan sonra, guya, burada dostlarına da gizlincə adam əti yedizdiriblər və indi şəhərdə belə manyaklar var. Bu əfsanələrə elə inanmışdım ki, gecələr qaranlıqda evdən küçəyə çıxmağa qorxurdum.


Tarix: 27.08.2015

7512