Kandidin 12 sualı - yeni layihə


İlham Tumas: “Sevgi iyrənclik doğura bildiyi kimi, nifrət də xoş bir nəticəyə çevirilə bilər”.


Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın buçağının tanınan simalarına ünvanlayaq.
Müsahibimiz “Atv.az” saytının redaktoru, publisist İlham Tumasdır.

1. Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

- Hə, Kandid bir öpüşün badına getmişdi və Volterin yazdığı kimi, yaşadığı cənnət kimi qəsrdən qovulmuşdu. Nəyin iyrənc, nəyin xoş nəticələr doğurduğunu heç kim əvvəlcədən müəyyən edə bilməz. Bu baxımdan sevgi iyrənclik doğura bilər, nifrət isə xoş bir şey. O ki, qaldı mənə, mən ya sevirəm, ya sevmirəm. Mənim sevgimin bərki-boşu yoxdu.

2. Sevgi öldürməyə qadirdir?

- Sevgi öldürməyə də, yaşatmağa da qadirdi. Əgər yenə Kandidin həyatına baş vursaq, onun sevgi üstündə qatil olmağına adidən də adi baxıram.

3. Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- Çətin sualdır. Hətta Allah azaddır, yoxsa yox sualı qədər... Məncə, azadlığın hardan, kimdən gəlib çıxdığını, azadlığın nə olduğunu, bizim azadlıq kimi başa düşdüyümüzün, əslində, bir zindan həyatından fərqlənmədiyini, yaxud başqalarının zindan həyatı adlandırdığının, əslində, azadlıq olduğunu anlamaq mümkün deyil. Bu mənada bəlkə də, Adəmlə Həvvanın cənnətdən qovulmağı, əslində, onların azadlığa qovuşmağı idi.

4. Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- Kim dedi ki, yaşadığmız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdır? Və kim dedi ki, o biri dünya var? Kandidlə heç razı deyiləm.

5. Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə
dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Kandid özünə gülür. Yeni dünya bu qoca və fahişə dünyanın içindədir. Sadəcə, dünyaya yeni baxmalısan ki, yeni görünsün.

6. Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan
bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik
mövcuddurmu?

- Yer üzündəki bütün sərvətlər nisbi olaraq hamınındır. Kimi bicliyindən, kimi gicliyindən, kimi ağıllılığından, kimi başıboşluğundan, kimi xarakterindən asılı olaraq nə qədər qamarlaya bilirsə, qamarlayır. Deməli, dünyada bərabərlik deyilən bir şey mövcud deyil.

7. Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- İspan şairi Kalderon yazırdı ki, insanın ən böyük günahı onun doğulmağıdır, doğulmusansa, bacar tez öl! Mən bu boğazdan yuxarı danışan ispanla qətiyyən razı deyiləm. Əksinə, doğulmusansa, yaşamalısan. Necə yaşamaq məsələsinə gəldikdəsə, Kandidlə razıyam. Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşıdır.

8. Bir-birindən ayrı din ola bilərmi?

- Allahın varlığını qəbul ediriksə, Mahatma Qandinin bu fikri mənim üçün aksiomadır: “Allahın dini yoxdur”! Bir də yanılmıramsa, elə Volterin sözləridir: “Bir dinin cəhənnəminə düşmək riskini göz önünə almadan, başqa dinin cənnəti barədə heç düşünmə də!”

9. Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə
dayanır?

- Nə maddi, nə mənəvi yamanlıqları qəbul edirəm. Nə başqasına rəva görürəm, nə də özümə. Ancaq maddi və mənəvi yamanlıqlar üzrə baxışlarımın kökündə “nə olursa, mənə olsun” prinsipi dayanır. Yəni kimlərinsə maddi və mənəvi yamanlıqlarını qəbul edərəm, təbii ki, yana-yana, ancaq məndən kiməsə maddi və mənəvi yamanlıqların ünvanlanmasını heç vaxt istəmərəm.

10. Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik
axtarmağın adı və dadı nədir?

- Belə adamlara ən yumşaq halda nihilist deyirəm. Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik axtaranlar əyər-əskikli və dadsız adamlardır.
11. Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri
oxuyanda çox maraqsız olur?

- O, insanına baxır. Yəqin ki, birilərinin göz emosiyası, digərlərinin isə təsəvvür emosiyası güclüdür, yaxud əksinə...

12. İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi,
fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Qədim Misir papiruslarının birində maraqlı bir traktat var : “İnsanın ruhu ilə söhbəti”. Burada qəhrəman öz-özünə şikayətlənir: “Bu cəmiyyətin səs-küyündən, yalançılarından, qorxaqlarından, dönüklərindən bezmişəm”. Görürsünüz, söhbət neçə min il əvvəldən gedir. Deməli, dəyişən zamandır, insanların sadalanan xüsusiyyətləri heç vaxt dəyişmir. Yəni insanları fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü eləyən zamandır.
“Kirpi”nin tikanı:
- İlham Tumas cəsarətli adamdır, yoxsa Kandid?
- Dostlar məni ədəbi qəhrəmanlardan daha çox Knyaz Mışkinə - idiota oxşadırlar. Bilmirəm, Kandidin düşdüyü situasiyalarda mən nə edərdim, ancaq bircə onu bilirəm ki, mən də malik olduğum dünyagörüşünü , aldığım tərbiyənin gərəkdirdiklərini və yaşatdığım prinsipləri qorumaq üçün heç nədən vaz keçməzdim, eynən Kandid kimi...

Hazırladı: Tural İsmayılov


Tarix: 02.09.2015

4492