Apeyron - yeni hekayə





Dünyanın bitkilər dövrünün yeraltı çeşməsi, heyvanlar dövrünün mağarası, insanlar dövrünün zindanı olan, qaranlıq suların oyduğu ağzıbağlı kahada üç adam oturmuşdu; onlardan biri ölülərin ruhunu sorğu-sual etməkdə Bəlxdə ad çıxarmış, qoca, yoxsa cavan, kişi, yaxud qadın olduğu bilinməyən, sifətini kirli saçlarıyla, arıq bədəninin məhrəm yerlərini quş, heyvan sür-sümüyü, rəngbərəng muncuq dənələri asılmış kətan qurşaqlarla gizləyən altıbarmaqlı hindli cadugər, - onun adı Kançanaqar idi, - o biri özünü Tanrı adlandırdığı üçün xəlifənin qəzəbinə tuş gələn, əslində isə islamı qəbul etdiyini söyləsə də, zərdüştiliyi uca tutmaqda, atəşpərəst məbədini məscidə çevirmək istəyən Bəlx imamını ələ salmaqda, sünnət olunmadığını gizləməkdə, evində iki çaqqalın söhbətlərindən bəhs edən qadağan olunmuş “Kəlilə və Dimnə” kitabını saxlamaqda, başı kəsilmədən öldürülmüş heyvanın ətini yeməkdə, islamı qəbul etmiş atəşpərəst hakimləri xilafətə qarşı üsyana çağırmaqda ittiham olunan, yırtıq yamaqlardan tikilmiş xirqəsinə bürünüb əlində keçi ayağının oynaq sümüyünü – faniliyin rəmzi olaraq - oynada-oynada gözləri gil çırağın işığında yol çəkən ahıl sufi, üçüncüsü isə... Bu adamın adını tarix çoxdan unutduğu üçün indi onun kimliyi haqqında heç kim heç nə bilmir.
Sifətindən xeyli irəli çıxmış və daima dişlərində nəyisə sıxan əngini mancanaq kimi gərən xunxar zindana gələndə edamın - işgəncə və təhqir allahının son cəzasının vəhşətini dərindən hiss etməsinlər deyə məhbuslara qətlqabağı keyidici kimi verilən hind çətənəsini bir ovuc buğda qovurğasına qarışdırıb sözarası “salavat gücə bağlıdır” deyərək keşikçiyə vermiş, özünə də tapşırmışdı ki, xəlifəni maraqlandıran bəzi mətləbləri məhkumun dilindən almaqdan ötrü burada olduğu müddətdə zindanın açarlarını ona verib, öz hücrəsində səmumun çovğunundan daldalansın. Ehtiyat üçün zindanbanın nizəsini özündə saxlamış və heç nədən şübhələnməyib, gözünə qum dolmasın deyə səmumun üstünə daldalı yeriyərək, qovurğadan ağzına ata-ata qızınmağa götürülən keşikçi Xayyatın səs-səmiri kəsiləndən sonra cadugər Kançanaqarı qucağındakı bir şələ çör-çöplə gizləndiyi qaya koğuşundan nizənin ucuna keçirdiyi qara heybəni alaqaranlıq havada yelləməklə yanına çağırıb, birlikdə zindanın qapısı ağzında görünməz olmuşdular. Uçrum kimi dərin hücrəyə girəndən sonra hindlini zindanın dibinə, dustaq sufinin yanına göndərən Xunxar gözdə-qulaqda olmaq üçün özü qapının ağzında, pilləkəni əvəz edən üst-üstə düzülmüş daş cərgəsinin üstündə oturmuşdu. İndi hücrədə rəngdənrəngə düşən hər iki qaşsız gözünün didəsini burnunun dibinə sıxıb, hücuma hazırlaşan çöl piçiyi kimi önündə bardaş üstə sağa-sola yırğalanan gözüyumulu sufiyə baxan hindli ona belə deyirdi: “Həllac, mən atəşpərəst əcdadlarımın ruhuna yalvaracağam ki, bu gecə səni azad etsinlər, ancaq əvvəlcə bir sualıma cavab ver, nədir inancı həyatdan üstün edən, azadlıqdan uca olan inam nədir? Öz inancından danış mənə". Çiyinlərinə tökülən saçlarının altında müdrikliyindən içəri batmış gicgahları dərin yarğanları, seyrək saqqalı ağ sıldırım buzlaqları, yuxa dərisinin açıq yerlərindən qabaran kövrək sümükləri sıra dağları, bütün vücudunu sarmalamış nazik qan damarları irili-xırdalı çayları xatırladan sufi, balaca, qırışmış insan xəritəsinə bənzəməklə, miskin əzablar içində yaşanmış bir ömrün yadigarı kimi oturub, ağ lavaş dərili alnının dərinliklərində ilim-ilim itmiş gözlərini açmadan yırğalana-yırğalana gülümsəyərək ona belə cavab verdi: “İnancım mənim mənəvi məhrəmimdi, məhrəmimdənmi danışım sənə?”
Zindana sükut çökdü.
Sufi qəsfildən gözlərini açıb hindlinin gözünün içinə əyildi və bu beyti oxudu:
“Sevgi eşqin zərrəsi, səbr et, üzülmə təksən
Nəyi sevirsənsə, sev, ona çevriləcəksən”.
Xunxar mancanaq əngini sıxıb oturduğu daşın üstündə bu ovsunlu mənzərəni dinləməkdən ötrü bağını biləyinə doladığı qara heybəli əlini çənəsinin altına dayaq edib bütün vücudunu qabağa gərmişdi.
Hindli: “Sən bu beyti kimin üçün oxudun?”
Həllac gözlərini ondan çəkmədən : “Sənin burada görmədiyin bir kəs üçün oxudum. Səkkiz ildir burda məni tək qoymayan yol yoldaşım üçün” dedi.
“Burada səkkiz il səndən başqa dustaq olmayıb axı, indi də yoxdu?”
“Biz dustaq deyilik, sadəcə, yolumuz qaranlıqdan keçir. Dustaq olan onun qaranlıq məcrası, mənimsə gözə görünən vücudumdur. O, axıb gedən, heç vaxt susmayan, mənim fikrimi də özüylə götürüb dünyanı gəzdirən, onu bir an da olsun yorulmağa, dincəlməyə qoymayan öz səsində, nəğməsində azaddır, mən isə zindandakı yoxsulluğumda. Mənim yoxsulluğum mənim azadlığımın son həddidir. İnsanı itirə biləcəyi müvəqqəti xoşbəxtliklərin qorxusu bağlayır dünyaya, mənim isə belə xoşbəxtliklərim yoxdur. Biz artıq çoxdan səs və fikirik, axıb gedən zamanda yeriyən iki yolçu”.
“Həllac, Tanrı eşqinə de, sən nədən danışırsan bayaqdan?”
Sufi başını zindanın qaranlıq dərinliklərinə tərəf çevirib həzin bir səs gəldiyini işarə edərək dedi: “Qulaq as, zindanın altından çay axır, o, qaranlıq küncdə üzə çıxır, sonra yenə qayaların altıyla yoluna davam edir. Balıqları da var, hərdən sevinib suyun üzünə atılırlar. Səkkiz ildir ki, o çayın səsi mənə söyləyir ki, azadlıq müvəqqəti yox, əbədi bir yoldur. Müvəqqəti olan, azad ola bilməz. Səkkiz ildir o axan su mənim fikir gəzərgiliyimin şahididir, yol yoldaşıdır. Cay daima öz məcrasından, məkanından qaçır, axdığı zamanda yaşayır və əbədi olana, ümmana qovuşub onda əriyir, yox olur. Sufi də öz həyatı ilə elə axar suyu yamsılayır ”.
Hindli qızardılımış quzu görən ac köçəri kimi iştaha ilə yerini rahatlayıb dedi: “Onda əvvəlcə sən insanın çay kimi zamanda yaşamağının sirrini aç mənə, Şərqin yollarına etibar yoxdu. Məni öz ölümsüz zamanına qəbul et”.
Ahıl sufi əsnəyə-əsnəyə, az qala, hindlini ələ salaraq dedi: “Gecdi, Kançanaqar, sən zamana daxil olmaq üçün min bir gün gözləməlisən, min bir günün əzabına, yoxsulluğuna, təhqirinə dözməlisən, qürurunun qətlinə şahidlik etməlisən. Sənin isə sabah dan yeri ağarana qədər vaxtın var, üstəlik, iradən də amanabənddir, həm də özün bilirsən ki, sufilər sözə inanmazlar, sözlə ancaq yalan danışarlar". dedi.
"Niyə axı?" İstədiyini ala biməyən uşaq kimi cinləndi hindli.
"Sufinin inancına görə, səs yamsılamaq, söz yalan danışmaq üçündür". Sufi candərdi cavab verdi.
"Bəs sənin elminin dili yoxdurmu?"
"Var, bu fikrin dilidir, təbiətin fikri kimi səssiz və sözsüz sükut".
"Biz hindlilər...” “Düzdür”, qoca sufi onun fikirlərini göydə oxudu, “siz hindlilər biz atəşpərəstlərə elmin sehrini, biz isə sizə fikrin elmini öyrətmişik beş əsr bundan öncə".
"Sizin elmin kitabı varmı? hanı o kitab?"
"Kançanaqar, səbirsiz Kançanaqar, sufi öz elmini əzbər bilməlidir, kitablar hərflərdən və sözlərdən yaranır, hərflər və sözlər indicə eşitdin ki, yalanı təmsil edir. Kitablar isə unudulmağa məhkum olunanları qorumaq üçündür". Sufi susdu.
“Mən əgər sağ qalsam bu elmin sirrini yenidən Hindistana, öz vətəninə qaytaracağam, yox, bizi yaxalayıb dərimizi soysalar, heç olmasa, uğrunda öldüyüm sirri biləcəyəm”.
Bunu deyib qaşsız, pişiksifət hindli qoynundan bir büküm əzik-üzük Səmərqənd kağızı və gil çövhərqabı ilə tükləri tökülmüş lələk çıxardı, qoca sufinin ovsun kimi avazla söylədiyi bayaqkı sözləri dizinin üstündəki kağıza əyri-üyrü devanaqari hərfləriylə, az qala, sehrbaz cəldliyi ilə yazmağa başladı. Sufi onun yazı yazan titrək əlinə baxıb soruşdu: “Bu yazdıqlarını üstündə tutsalar, bilirsənmi nə qədər yazı yaza bilməyən günahsızın biləyini kəsəcəklər”
“Bizə Hindistanda elə yazı yazmağı öyrədiblər ki, düzünə oxusan məktub, tərsinə oxusan özünün cavabı, çəpinə oxusan şeir, yozmaq istəsən, həm tənqid, həm tərif olur”. Kançanaqar əlini kağızdan qaldırmadan cavab verdi, hətta hiss olnudu ki, başının divardakı eybəcər kölgəsi də bu cavabdan razı halda gülümsündü.
Zindanın dərinliklərindən axan zülmət sularda kor balıqlardan birinin şappıltısı eşidildi, sufi gözüyumulu halda susdu, xunxar sakitliyə qərq olub qanı sorulmuş həşərat kimi cansızlaşdı, hindli boynuna endiriləcək qılıncın kəsmə anını gözləyən götükdəki məhkum kimi keyidi. Nəhayət, yumulu gözlərinin arxasında hər şeyi unudub öz aləmində itkin düşən sufi qəfildən sönən çırağın son şöləsi kimi var gücüylə gərilib aydınlandı və çox uzaqlardan eşidilən daşlaşmış bir yaddaşın qopub-tökülən səsi ilə önündəki alaqaranlıq boşluğa bunları söylədi: "Axı bu elmi Hindistanda çoxdan unudublar, kimi üçün yazırsan o kağızı?”
“Ömrümü Bağdadda, Hələbdə, Xorasanda, Təbrizdə qorxu, səfalət içində yaşadım. Hindistanın mənə verdiklərini xərclədim, indi fərsiz oğul kimi əliboş qayıtmaq istəmirəm vətənimə. Mən ya sənin özünü, ya da sənin elminin sirrini özümlə aparmaq istəyirəm. Mən sənin dilənçinəm, əsl sufi dilənçinin kim olduğunu yaxşı bilir, məncə, onu boş qaytarmamalıdır”.
“Sufi dilənməklə qazanc güdmür, Kançanaqar, öz qürurunu qətlə yetirir”. Qoca dustaq əsəbi halda yerində dəbərdi və birdən vəcdə gəldi. “Sufinin inamı şübhələrin etirazından, ümidsizliklərin əzabından doğulur, Kançanaqar. Sənin öyrənmək istədiyin inanc həyəcanlı fikirlərin gərgin axtarışlarının bəhrəsi olduğu üçün yorğun sufi öz fikri zəhmətindən zövq alır, bu inanc həzzə çevirilmiş əzabdır. İnsan şərin, söz yalanın bədəndir, Kançanaqar, bunu bayaq dedim. Tanrı bədəndə şərin, həqiqət sözdə yalanın işgəncə verdiyi əsiridir. Sufi sözü və bədəni yox etməklə onlarda yaşayan yalanı və şəri məğlub edəcəyinə inanır. Sufi şəri öz bədənində məğlub edənəcən onun işgəncəsindən, əzabından qorxmamalıdır, ağrını müqəddəs həzzə çevirənəcən yaşamağa dözməlidir. Sufi öz dözümü ilə şərin ağrısını üstələyir. Sufiyə əzabla qalib gəlmək olmaz. Sufi şəraba və eşqə dalmaqla hindli buddanın sükunət halını, gəzərgiliyi, yaxud rəqsi ilə hind allahlarının əbədi hərəkətliliyini alqışlayır. Sufinin yoxsul həyatı insan azadlığının son həddidir. Bu azadlığın sonu ölümlə yox, sufinin Tanrı tərəfindən cəzb olunması ilə başa çatır. Ölüm nəfsin aqibətidir, azadlığın yox”.
Qoca sözünü bitircək, zindanın qaranlıq tavanından bir-neçə daş qopub töküldü. Hindli və xunxar anında başlarını qoltuqlarında gizlədilər, sufi isə öləngi həddinə çatmış yorğun bədənini yamaqlı xirqəsinin içində gizləyib məsum əzabkeş görkəmi aldı. Xunxar hindlinin öz-özünə “bu yaddaşın qarşısında kitab acizdir” mızıldadığını görüb işarə barmağını ağzının üstünə qoyaraq "sss" deyə səs salmamağı tapşırdı və əliylə onu oturduğu daşın yanına çağırdı. Hindli səssiz-səmirsiz iməkləyə-iməkləyə ölümcül düşmüş sufidən aralandı. Xunxar astadan danışmağa başladı: "Kançanaqar, bu da qurudulmuş canavar başı”. O, bağını biləyinə doladığı köhnə heybəni açıb dişləri ağaran qurudulmuş qəzəbli başı, parçalamaq hissinin keçmiş xatirəsini hindli cadugərin qarşısına qoydu. “Başlaya bilərsən". Hindli adi vərdişlə başı qoltuğuna vurub dedi: "Mən indi əcdadlarımın ruhlarını çağırıb, bu başın içindəki quru canavar beyninin tüstüsüylə birlikdə sənin o keşikçinin boş başında gəzdirdiyi yaddaşı göylərə üfürəcəyəm”. "Deməli, mən də ilk dəfə odda yanmayan atəşpərəst hindlini öz gözlərimlə görəcəyəm". Xunxar tələsik dedi. Hindli canavar başının otərəf-butərəfinə baxa-baxa izah verdi: "Biz odun əcdadımız olduğuna inanırıq, Xunxar. Əcdadımız isə bizi yandırmır, qoruyur. İnandığı hər şey insanın əcdaddır, onu özünə cəzb edir. İnam əcdadın cazibəsindən yaranır. İnamsız adamın əcdadı yoxdur, o, hər şeydən qorxur, ona görə də inamsız adam hər şeyə düşmən gözüylə baxır. Bayaq Həllacın oxuduğu beytdə olduğu kimi, nəyi sevursənsə sev, ona çevriləcəksən".
Xunxar həyəcanlandı: “Sufilər odun yox, insanın müqəddəsliyinə inanırlar”. Kançanaqar gülümsəyib əlini yuxarı qaldırdı və axırıncı, altıncı paxla barmağını göstərib dedi: “Sufilərin inancının kökü indi də Hindistanda yaşayan şudraların unudulmuş dinidir, Xunxar. Dünya yaranandan hind allahları şudraları əcdadlarının günahına görə əbədi lənətləyib. Onlar mənim bu altıncı barmağım kimi heç nəyə gərək olmayan murdar məxluqlardır. Əcdadlarının günahına görə onlar heç vaxt tanrılara qovuşa bilməyəcəklər. Tanrılar onlardan əbədi üz çeviriblər. Biz hindlilər dünyaya hətta heyvan kimi gəlməyi də şudra kimi gəlməkdən üstün tuturuq”. Xunxarın mancanaq əngi gərildi: “Onların əcdadları hansı dəhşətli günahı törədiblər ki? Əbədi cəzaya layiq olan o günah hansıdır?” “Xəyanət! Qədim hind rəvayətinə görə, Tanrı birinci kişini yox, qadını yaradıb, öz sevgisinin sonbeşiyi kimi. Qadın isə yarandığı gün ilahi səltənətdə od oğlu kimi tanınan İblisə vurulur, Tanrıya xəyanət edir, gizlin sevgilisi İblisdən əkiz uşaq doğur. Tanrı buna qəzəblənir, xəyanətkar qadını çağaları və sevgilisi İblislə birgə yer üzünə tənhalıqdan əzab çəkməyə qovur. Amma qəzəbi soyumur, daha sonra öz oxşarını, kişini yaradıb arxalarınca göndərir və tapşırır ki, gedib qadını İblisin əlindən alsın və ona ağalıq eləsin, iblisin sevgisini isə onun qəlbindən çıxarsın. Bax, şudraların əcdadı qadının Tanrıya xəyanətdən doğduğu o əkiz uşaqlardır, İblisin övladları. Biz isə qadının və iblisin arxasınca yer üzünə Tanrının öz oxşarı kimi göndərdiyi və qadının qəlbindən iblis qovub orada özünə yer edən o yalqız kiminin törəmələriyik, şudraların ana bir, ata ayrı bacı-qardaşları. Şudraların dini lap əvvəlcə əbədi cəzaya etiraz idi. Onlar atalarının günahkar, analarının xəyanətkar ruhlarını daşımamaqdan ötrü dünyadan imtina edirdilər. Sonralar bu etiraz onların arasında həyat tərzinə, nəhayət, dini inanca çevirildi. Hindistandan uzaqlaşandan sonra isə bu din, məbəddən uzaqlaşan bütün dinlər kimi yenidən həyat tərzinə və etiraz həddinə qayıtdı. Onlar insan nəslinin kəsilməsini istəyirlər, Şəhvət hissindən Şər adlandırılan əcdadlarının mirasından imtina edirlər, ruhu bədənləşdirməmək, dünyaya yeni lənətlənmiş şudralar gətirməmək üçün, evlənmir, həmişə subay və gəzərgi həyat sürür və bütün dünyaya şərin dərd allahı olduğunu yayır, insanları şərabın, eşqin, musiqinin həzzi ilə dərd allahını yenməyə səsləyirdilər".
Xunxar daha heç nə demədi, fikirli-fikirli qapıdakı nizənin yanına qayıtdı, hindli cadugər isə özüylə gətirdiyi çırpı şələsinin yanına iməklədi, çaxmaqdaşılarını çaxıb od saldı. Tüstüləyib alışmağa başlayan ocaqla bir xeyli üzbəüz dayanıb getdikcə zarıltıya çevrilən səslər çıxarmağa başladı, onun səsinə uyğun olaraq alovun yaylıqları gah ona yaxınlaşır, gah geri çəkilirdi. Hindli önündə qıvrılan yaylıqlara üzünü, əllərini sürtür, dayanmadan, yəqin ki, odun başa düşdüyü dildə anlaşılmaz sözlər pışıldayırdı. Sonra o, ayaqlarındakı dəri səndəli çıxarıb asta-asta zarıyan sözlər pıçıldayaraq odun içinə girib dövrə vurmağa başladı. Get-gedə odun içindən alov şəklində qəribə kölgələr dikəlib yanaraq ərşə çəkilir, onlardan kürsəyə gələn dişi pişik cığırtısına bənzəyən qəribə səslər eşidilirdi. Yanan əcdadlarının fəryadına pişik fəryadı ilə cavab verən hindliyə, yuxarıda qapıda dayanıb baxan xunxara elə gəlirdi ki, aşağıda odun içində zarıyan Kançanaqar yanan ruhlarla dalaşır. Onların qarışıq səslərini açıq-aydın eşidir, lakin odun içində nə danışdıqlarını, nədən ötrü cırmaqlaşdıqlarını başa düşmürdü. Nəhayət, Kançanaqar gərgin və yorğun halda sağ-salamat odun içindən çıxdı, sir-sifətini əyə-əyə canavar başını götürüb qulağına zarıltıya bənzəyən ağrılı səslər üfürdü, başının tüklərini dəlicəsinə yolub ocağa atdı, sonra başı boğazındakı deşikdən çomağına keçirib əzabla xırıldaya-xırıldaya ocağda qıvrılan əcdadlarının ruhlarına uzatdı. Əcdadların ruhları başı dörd tərəfdən sarıb qəzəbli pıçıltılar içində yandırmağa başladılar. Canavar başının tüstüsü zindan hücrəsinin qaranlıq gümbəzinə, külü ocağın ortasına yığıldıqca hindlinin zarıltısı da azalırdı. Nəhayət, baş tüstüyə və külə, cadugərin zarıltısı isə kəsik ulartılara çevirildi. Yanan ruhlar yavaş-yavaş sönüb sakitləşdilər, pıçıltıları eşidilməz oldu. Ucu közərən çomaq Kançanaqarın əlindən düşdü, o, səcdədə ölən qoca müsəlman kimi alnı üstə torpağa düşüb yastılandı. Zindana yanıq qoxulu cəhənnəm vahiməsi çökdü.

İndi gedib atəşpərəst hindlinin yaddaşdan məhrum elədiyi, bundan sonrakı həyatını, sadəcə, yeriyən büt kimi yaşayacaq, ya da günü sabah bir qılınc həmləsiylə boynu vurulacaq gözətçini oyadıb qapıdakı yerinə gətirmək, nizəsini özünə qaytarıb daldanacaq əvəzi çapılmış qayaya söykəmək lazım idi. Əgər Kançanaqarın ovsunu onun yaddaşını silib apara bilməmişdisə, onda yalnız bir yol qalırdı; öz nizəsini qovurulmuş çətənə yağının məstliyinə dalmış gözətçinin köksünə saplamaq.
Amma keşikçi hücrəsində vahiməli bir mənzərə var idi; hindlinin od əcdadlarının sehri və qurudulmiş canavar başının hikməti gözətçinin, nəinki yaddaşını yox etmişdi, onu həftələr öncə səhrada susuzluqdan ölən, içini həşəratların, çölünü günəşin və qumun istisinin qurutduğu qılınclı-qalxanlı, dəbilqəli-niqablı bir döyüşcü cəsədinə çevirmişdi. Ona baxanda xunxara elə gəlirdi ki, sevimli zindanbanı hücum zamanı qaladan tökülən qaynar qatranın altında qalmış, bağıra-bağıra işgəncə içində yanıb ölmüşdür. O, gözətçi hücrəsində kətili əvəz edən qıfıllı dəmir sandığın üstündə gildən yoğurulub qatranla boyanmış əyri-üyrü axirət buddası kimi vahimə içində qacıyıb oturmuşdu. Xunxara onu çiyninə alıb zindanın qapısına aparmaqdan və nizəsini əlinə verib qayaya söykəməkdən başqa bir şey qalmadı.
Səmumun qumunu sehrin qaxac etdiyi gözətçinin ağırlığı ilə birlikdə üst-başından çırpıb, sümük və tük yanığının qoxusunu əliylə burnundan qova-qova içəri qayıdan xunxar hücrənin dibində ocağın sönməkdə olan son qığılcımlarını , yenidən ərşə çəkilən əcdadlarının arxasınca çömbəlib bədənini çəyirtkə kimi dizlərinin arasında gizləyib cansız oturmuş Kançanaqarın müqəvvasını, qeyb aləmindən qayıdıb aydınlanan sufinin cana gəldiyini gördü; hücrədən, sanki, küləyin qovaladığı qəfil bir yanğın keçib getmişdi. O, hindliyə yaxınlaşıb çiyninə toxundu: "Qalx, Kançanaqar, səhər açılır. Bir azdan azan səsi eşidilən hər yerdə sizi axtaracaqlar. Xəlifənin qılıncı bu səsin yetdiyi hər yerə çatır". Kançanaqar belindən yuxarı qalxmış dizlərinin arasından sür-sümüklə bəzədiyi yırtıq-sökük əyin-başını dartışdırıb şıqqıldada-şıqqıldada ayağa duranda sufi artıq xirqəsini və təkkəsini soyunub, içindəki insanın, sanki, möcüzə nəticəsində yoxa çıxdığını xatırladacaq bir şəkildə oturduğu yerə sərərək xunxarın gətirdiyi ortasından qolları keçirmək üçün iki yırtıq açılmış yöndəmsiz köhnə kilimə bürünürdü.

***

Ondördgecəlik ay Bağdadı ikiyə bölən Dəclə çayının üzərində şəhəri bəd nəzərlərdən qoruyan paslı nal kimi sallanırdı. Gil kəssəklərdən hörülmüş yastı evin camaxatanında bu evdən əcəlin əmri ilə yola salınan mərhumlarla qəbiristanlığa arası dolu gedib boş qayıdan köhnə qırmizi xalı dürməyinin böyüründə bükülüb oturmuş xunxar mancanaq çənəsini sıxıb ərəbcə ağlayırdı (Saray xidmətində vurnuxan casuslar o qədər çoxalmışdı ki, hətta şəxsi dərdinə təklikdə ağlayanlar da qorxusundan sifətlərinə iztirabının ərəb çöhrəsini yansıtmalıydılar). O, arvadının axşamdan yerə dəstərxan sərib saxsı dərinkədə üstünə qoyuduğu, üzü bayaqdan soyuyub qaysaq bağlamış yağsız xəşilə və süfrənin küncündə, dərinkənin iki qarışlığında dibsiz, xırslı gözlərini ona qıymış qurudulmuş canavar kəlləsinə baxa-baxa oturduğu yerdə göz yaşı töküb, mumdan düzəldilmiş qoca peyğəmbər heykəlciyi kimi damcı-damcı əriyirdi. Otağın küncündə öləziyən gil çırağın işığı, sanki, özünün divardakı qorxunc kölgəsinin zəhmində boğulur, nar yarpağına bənzəyən şölə gecə nəhəng fıtrınaya tuş gələn təknəsində lopa yandırıb Allaha yalvara-yalvara kömək edə biləcək hər şeyə işarət edən balıqçı kimi otaqdakı qaranlığın qoynunda görünüb-yox olurdu . Xunxarın halı dünən gecə quru ot kələtəsi təpilmiş, pəncərəni əvəz edən gil suvağlı kələ-kötür oyuğun - evin səs eşidən tayqulağının dibində qəfildən at fınxırtısı eşidiləndən sonra pisləşmişdi.
Üzüniqablı atlı zindanın çaparı, xunxarın sağ əli Xayyat idi, o, həmişə Xunxarın evinə Bağdadda həyatın yuxuya getdiyi, ölümlərin yuxudan qalxıb haçadilli ilanlar kimi sürünə-sürünə öz şikarlarına tərəf süründüyü bir vaxtda, gecədən xeyli keçmiş gəlir və xəlifənin yaxalanmış xilafət düşmənlərinə verdiyi edam hökmlərini, zindanın gizlin xəbərlərini divardakı mancanaq yarasına oxşayan bu oyuqdan ona çatdırırdı. Xayyat bu oyuğa Əl-Müqtədirin xəlifəliyə başladığı gündən o qədər edam xəbəri pıçıldamağa çapmışdı ki, artıq evi qoruyan itlər onun qara niqablı başını və ağ qaşqalı qara atını qaranlığın içində gendən tanıyırdılar. Xunxar atın fınxırtısını eşidən kimi ot kələtəsini dartıb bacadan çıxardı, qulağını onun yerinə tutdu:
- Xayyat, danış.
Atlı yəhərin üstündə əyilib örtülü başını bacanın boyuna endirdi:
- Üç gündən sonra, Xunxar. Xəlifə sufiyə “qan tökmədən edam” hökmü verdi... – Yel atlının sözünün qalanını ağzından alıb apardı. – Üç gündən sonra, hazırlaş.
Xunxarın qutan buxaqlı boğazı udqudu, mancanaq əngi nəyisə əzdi. O, zindan çaparının dediyi sözün arxasınca yelə qoşulub nə vaxt əsib getdiyini eşitmədi.
Zindanda işləyənlərin hamısı bilirdi ki, edamların ən təhqiredicisi, rüsvayçısı olan “qan tökmədən edam” hökmünü xəlifə yalnız özünün şəxsi düşməni hesab etdiyi məhkumlara vermək üçün icad etmişdi. Bu edam möhürlü kağızlarda “pazçalma” adlanırdı. Heç bir qəddarlıq, qisascıllıq duyğusu tələb etməyən, əksinə, insanın edam zamanı ağrı çəkməsin deyə daxili orqanların düzülüşü haqqında təbabətin öyrətdiklərini dərindən mənimsəmiş xəlifənin şəxsən özünün xunxarlıq sənətinə hədiyyə etdiyi bu cəza ayininin təhqiredici gücü məhkuma verilən işgəncələrin şiddətində deyildi, edamın, az qala, ağrısız və soyuqqanlı ustalıqla, hətta məhkumla danışa-danışa, zarafatlaşa-zarafatlaşa həyata keçirilməsində idi. Bir cəlladın təkbaşına yerinə yetirə bilməyəcəyi bu hökmü uzun illər ərzində tibbi biliklərə yiyələnmiş, meyitlər üzərində gecə-gündüz təlim keçmiş loğman-cəlladlar bölüyü icra edirdi. Bəzən gün boyu sürən, yarıyacan paza keçirilmiş məhkumu böyrü üstə uzadaraq, onunla birlikdə günorta yeməyi yeyib yenidən işə başlayan edam həkimləri baş xunxarın göstərişi ilə ucu yonulub paz şəklinə salınan və məhkumun münasib yerindən qarın boşluğuna yeridilən, Tanrı tərəfindən nə vaxtsa barsız həyatla cəzalandırılmış söyüd ağacının ütülüb qurudulmuş budağını yenidən edam olunanın daxili orqanlarının arasındakı boşluqla əlləşdirə-əlləşdirə ta xirtdəyəcən gətirməli idilər. Bu zaman ani diqqətsizlik məhkumun daxili orqanlarının birinin zədələnməsinə və onun vaxtından əvvəl daxili qanaxmadan ölməsinə səbəb ola bilərdi. Belə olduqda edam hökmü baş tutmamış hesab olunurdu və çox vaxt paz mərhumun cəsədindən çıxarılıb işinə səhlənkar yanaşdığı üçün xəlifənin qəzəbinin rəmzi kimi baş xunxarın özünün anadangəlmə dəliyinin ölçüsünə yonulurdu. Soyuqqanlılıqla həyata keçirilmiş və uğurla nəticələnmiş bu edam cərrahiyyəsindən sonra paza taxılmış günahkarı, başqalarına görk olsun deyə, meydana gətirib xürrəmi məşəli kimi hündür dirəyin ucuna bərkidirlər və o zavallı yuxarıdan-aşağı zarıya-zarıya dirəyin ucunda günlərlə ölməyə başlayırdı.
Bu hökm səkkiz il əvvəl məhkum olunmuş üçüncü Həllacın edamı idi. Birinci Həllac illər əvvəl qərmətilərin üsyanı zamanı yaxalanmış, Xorasandan gələnlərlə yaxınlıqda, şərabın halal, Quranın Allahın deyil, külli ağlın kitabı olduğunu təbliğ etməkdə günahlandırılaraq, axşamçağı, günəş qüruba enərkən Dəclənin sahilində edam olunmuşdu, o Həllacın altmışa yaxın yaşı vardı və Bağdadda söz gəzirdi ki, o, hələ öldürülməsindən əvvəl xəlifənin onu necə edam etdirəcəyini müridlərinə danışıbmış. Danışdığı kimi də oldu; zilqədə ayının ortalarında uşaqlı-böyüklü şəhər əhalisinin, qonşu ölkədən gələn tacirlərin, elm və din adamlarının, hətta əlləri-ayaqları zəncirlənmiş dustaqların qarşısında əvvəlcə onun dərisini soydular, dabanına çəkilən bıçağın ilk sıyrığına azca diksinsə də, o, asta-asta ağrını unutdu, elə bir məstliyə daldı ki, dar ağacında ölüb-ölmədiyini heç kim ayırd edə bilmədi. Sonra ayaqlarını və əllərini kəsdilər, dilini kökündən çıxarıb başını qopardılar, kəsilmiş əllərini, ayaqlarını, dilini, başını səliqə ilə doğranmış gövdəsinin üstünə yığıb tonqalda yandırdılar. Elə ki, külü Dəcləyə səpdilər, qiyamət qopdu: hava qaraldı, çör-çöplü, qumlu-tikanlı isti gərmic qasırğası ifritə vıyıltısıyla özünü yetirdi, səhradan gətirdiyi qurumuş heyvan nəcislərini, ilan-kərtənkələ qabıqlarını, çürümüş sür-sümük qırıntılarını, kollara ilişən dəvə, qoyun yunlarını, at, uzunqulaq tüklərini, əcinnə, dərviş cır-cındırlarını şəhər zibilliklərindəki üfunətli yemək qalıqlarına, pırtlaşıq qadın saçlarına, qarışqa daraşmış xurma dənələrinə, yandırılmış ölü geyimlərinin əski-üsküsünə qatıb edama baxmağa gələn və gətirilən xalqın üstünə çırpdı. Dəclənin suları coşdu, sahili aşıb Bağdadın üstünə yeridi. Çaxnaşmaya düşən xalq bir-birini cırmaqlaya-cırmaqlaya, əzə-əzə çığırıb lənət yağdıra-yağdıra, haray çəkib Allahı dada çağıra-çağıra, fələyə lənət yağdıra-yağdıra selin qabağından qaçmağa başladı. Elə bir quyamət qopdu ki, insanla itin, qadınla kişinin, məhkumla cəlladın, möminlə kafirin, Allahla iblisin arasındakı fərq yoxa çıxdı; it zingiltisi insan fəryadına, mömin yalvarışı kafir küfrünə, Allahın hökmü iblisin qəhqəhəsinə qarışdı. Bu zaman möcüzə baş verdi; qiyamət çaxnaşmasının içindən gənc bir oğlan çıxıb yahular bağıraraq əlindəki sufi xirqəsini çayın qabağına atdı və çaya dayanmağı əmr etdi. Su xirqənin ətəyinə çatıb dayandı və asta-asta sakitləşib daldalı iməkləyə-iməkləyə geriyə, öz məcrasına qayıtdı. İnsanlar dəhşətdən saxsı kimi qızarıb çatlamış qaynar başlarını geri çevirib suya hökm edən sufiyə baxdılar və gördüklərini başqalarına danışmaq həyəcanı içində baş-gözlərinə döyə-döyə yenidən Bağdadın küçələrinə götürüldülər.
Xalq tezliklə bu möcüzəni yaddaşlarda əbədiləşdirməkdən ötrü hamının anlaya biləcəyi dedi-qoduya çevirdi. Guya, selin önünü kəsən gənc Həllacın öyrədilmiş müridi, çayın qəzəbini sakitləşdirən isə astarına “ənəl-həqq” yazılmış Həllacın öz xirqəsi imiş. Hadisədən sonra həmin gənci də cadugərlikdə günahlandırıb edam etdilər, amma bu dəfə xalqın və Dəclənin xəbəri olmadan.
İkinci edamda isə Həllac hənbəli dərvişlərini xilafətə qarşı üsyana qaldırmaqda günahlandırılırdı. Birinci edamdan beş il keçəndən sonra günlərin birində onu Bağdad bazarının girişində diz çöküb diləndiyi yerdə bir qadın tanıdı və vay-şivən salıb Həllacın ölmədiyini, bu bazar dilənçisinin onun özü olduğunu candarlara xəbər verdi. Bu dəfə ona xəlifənin hökmü ilə əvvəlcə min şallaq vurdular, sonra gün ərzində tikələrə bölərək hər tikəsini qurbanlıq kəsilən heyvanın əzaları kimi qarmağa keçirib meydanda quraşdırılmış dəmir sallaqxana zivəsindən asdılar. Bu dəfə edamın sonunda xalqı dəhşətə gətirən qorxulu bir mənzərə yarandı; Adamlar qəfildən sufi qanının edam taxtının ətəyindən süzülərək torpağın üstündə “ənəl-həqq” kəlməsini yazdığını gördülər. Edama toplaşanlar aşağı əyilib ayaqlarının altında torpağın üstünə yazılan bu qanlı kəlməni oxuyanda vahimə içində, heyrətdən səsi batmış möcüzə iştirakçıları kimi əl-ayaq hərəkətləri ilə nəsə deyə-deyə, çığıra-çığıra, iməkləyə-iməkləyə, sürünə-sürünə, atıla-atıla hara gəldi qaçmağa başladılar. Hətta ünvanı bilinməyən bu yırtıcı qaçışların xofundan və yerdə qanla yazılmış “ənəl-həqq” kəlməsinin soyuq vəhşətindən sarsılan cəlladlar belə xəncəri-baltanı tullayıb bir anda yox oldular. Üç gün Bağdad da həyat ölüm sükutuna qərq oldu, insanlar həşəratlar kimi qaçıb yuvalarında gizləndilər, heç kim qorxusundan Həllacın meydandakı şaqqalarına yaxınlaşmadı. Edamın xofundan əsəbləri pozulmuş divanələr bu Məhşər əzabının vəhşətindən canlarını biryolluq qurtarmaq üçün özlərini öldürməyə başladılar. Allahın varlığına inam sarsıldı. Şübhə peyğəmbərinə inananlar bir-bir özlərini ona quban verirdilər, şübhəyə inam sübut tələb edirdi; mənə inanırsansa, intihar et! Yaşayanlar bizdən deyil! Başqaları özünü asa bilməsin deyə şəhərdəki tək-tük ağacları budaqlarından sallanan meyitlərlə birlikdə kəsib yox edirdilər. Yalnız dördüncü günə keçən gecə sufinin şaqqaları meydandan yoxa çıxdı. Öz yalanlarından dastan, əfsanə düzəldən xalq bu sufi şaqqalarının ərşə çəkilib bitişdiyi və nə vaxtsa geri dönüb öz qisasını alacağı haqqındakı yalanını da əfsanələşdirdi.
Hər iki edam möcüzəsinin sirrini indi camaxatanda bükülüb, döşəmədə öz kölgəsindən rəhm diləyən çırağın öləzi işığında qurudulmuş canavar kəlləsinə baxa-baxa o zamanları, islamı qəbul eləmiş atəşpərəst ailələrinin övladları arasından yeniyetmələrin saray xidmətinə - candarlığa, cəlladlığa, çaparlığa, dərziliyə və başqa qulluqlara götürüldüyü günləri xatırlayan xunxar çox yaxşı bilirdi. Onu köntöy görkəminə, ləng davranışına və ən əsası sifətinə anasının əmcəyini kəsən qansız fateh zəhmi verən irəli çıxmış mancanaq ənginə görə gənc cəlladların dəstəsinə götürmüşdülər; elə bil, Allah bu mancanaq çənə ilə onu yaratdıqlarından qisas almaq üçün göndərmişdi. Əvvəlki Həllac adlı iki sufinin edamında o, artıq xunxar əlaltısı idi. Lakin bu, üzdə belə görünürdü, əslində, o, xəlifə sarayında sufi hərəkatının minlərlə casusunun biri kimi cəllad qiyafəsində gizlənmişdi və sarayla zindan arasında baş verən bütün gizli niyyətləri sonsuz ər-arvad kimi bir dam altında yaşadığı oğlansifət qadınla sifi xanəgahlarına ötürürdü. Həllac adı ilə şaqqalanan hər iki sufi üsyançının edamının möcüzəvi sonluğunu hazırlayanlardan biri də o idi. Sufilər öz casuslarının köməyi ilə insanları öz hikmətlətinə inandırmaqdan ötrü xilafətin hər tərəfində sufi möcüzələri hazırlayırdılar. Bu möcüzələrin ən sarsıdıcıları da ən çox edamlar zamanı baş verirdi. Birinci “Həllacın” edamından əvvəl sufi münəccimləri təriqət üzvlərini xəbərdar etmişdilər ki, edam günü İraq ərazisində ay tutulacaq və günəş qüruba enəndə Dəclənin suyu yarım saatlıq qalxıb ətrafı basacaq. Sufilər isə bu bilgidən azad edə bilmədikləri məhkum silahdaşlarının edam möcüzəsini hazırlamışdılar: ayın cazibəsi zamanı su qalxacaq, qabarma vaxtı bitənə yaxın gənc müridlərdən biri fəryadla yahular hayqıraraq qoltuğundakı yamaqlı xirqəni ərklə cayın önünə atacaq və beləliklə, heç kimin ağlına sığmayan növbəti sufi möcüzəsi baş verəcəkdi; daşan çay fəryad edən sufinin önündən geri çəkiləcəkdi. İkinci edam da isə cəllad casus özü gecəykən sabahkı edam üçün qurulan taxtın ətəyində qan asan axsın deyə yonulmuş qanovun altına qabaqcadan çubuqla ərəbcə “ənəl-həqq” cızaraq, yazının bilinməməsindən ötrü çızığın üstünü taxta-tuxta ovuntusu ilə doldurmuşdu. Taxtın ətəyindən qabaqcadan yazılmış cızığa axan üsyançı sufinin qanı quru ovuntunu qabağına qatıb “ənəl-həqq” kəlməsi boyunca süpürüb aparmış, nəhayət, torpağın üstündə qanla yazılmış sufi ideyası peyda olmuşdur.
İndi bütün xilafət üçüncü, bu dəfə həqiqi Həllacın edamına hazırlaşırdı, üçüncü Həllacı səkkiz il zindanda ona görə saxlmaşıdılar ki, bu illər ərzində Bağdadı bürüyən, az qala, gündəlik xalq əyləncələrinə çevirilən edam mərasimlərinin bolluğunda xalq birinci və ikinci Həllacın edam vahiməsini unutsun.
"Kançanaqar! əgər indi o, altıbarmaqlı hindli cadugər Xorasana qaçmış sufi dəstələrinin arasında tapılmasa, üç gündən sonra edam olunacaq Həllacın qoca başı da bu canavar kəlləsi kimi qoparılıb bazar meydanının darvazası önündə gəlib-gedənlərə göz qoyacaqdı". Xunxar göz yaşı içində bunları düşünür, ölmək istəməyən ümidin son intizarıyla tez-tez qapıya baxır və indicə Kançanaqarın şeytan kimi zühur edəcəyini gözləyirdi.

***

Üç gündən sonra səhərin alatoranında, gecənin soyuqqanlı sürünən ovçuları sübhün soyuğundan gizlənmək üçün qumun altına girmədən öncə axırıncı səhra ulduzlarının üşüntüsündə son bir qismətlə qarşılaşacaqları ümidiylə gözlərkən, üzüniqablı bir atlı zindanla sarayın arasındakı xəlvət yolu dördnala çapırdı. Ancaq atlı özünə və qara atına əbəs yerə belə əl qatmışdı; onun qaranəfəs apardığı qara xəbəri zindanla saray arasındakı xaraba daxmalarda gecələyən bayquşlar, elə bil, bir-birilərinə ulayaraq çoxdan gərəkən qulaqlara çatdırmışdılar. Saray gecə narahat yatmışdı, sanki, yuxudan da “kafir Həllac gecə zindanda xirqəsinin içindən yoxa çıxmışdır” xəbərinin vahiməsi içində oyanmışdı. İndi bu qara xəbərin xəyalı, özündən əvvəl cübh namazını da qabaqlayıb sarayda qapıdan-qapıya, yataqdan-yatağa soxulur, canını qoymağa yer gəzən ilan soyuqluğu ilə yuxulu bədənləri vəlvələ içində diksindirirdi. Sanki, saray yuxularına girən soyuq ilanlar yuxulu başların gözlərindən, qulaqlarından sürünüb yataqlara doluşmuşdular.
Təngnəfəs çapar xəlifənin vəziri, Əcəmdə “səhraların sahibi” kimi ad çıxarmış, xilafətin gizli xəlifəsi Əli ibn İsanı dan namazının tən ortasında haqladı, o, üzüqibləyə diz çöküb ibadətin sehrli sözlərini pıçıldayan vəzirin arxasında cullu-cuxalı, az qala, üzüqoylu yerə sərilərək, yalnız ağzındakı qara yaşmağı aşağı darta-darta, xəlifənin cəzasının qorxaraq, Allahın əmrini pozub namazın bitməsini gözləmədən nəfəs alıb-verərkən at burnu kimi bir-birinə yapışan və cırılacaq həddə gərilən burun pərlərinə, qaralmış ağzına doldurub-buraxdığı havayla birlikdə sözləri boğula-boğula içəri-çölə necəgəldi üyüdüb-tökməyə başladı. Onun udquna-udquna dediyi “Həllac...”, “xirqənin içində...”, “zindanban...” “qaxac ət...” kimi əlaqəsiz, alayarımçıq, amma öz həyəcan ilə gecə Kərxdə dəhşətli bir hadisənin olduğundan xəbər verən sözləri Əli ibn İsanın diqqətini namazdan yayındırsa da, o, Allahın əmrini xəlifənin qəzəbindən və hətta xilafəti dağıda biləcək olsa belə, bir azdan eşidəcəyi xəbərin dəhşətindən uca tutdu, ibadəti öz əzəli axarı ilə bitirib qarşısındakı ibadət süfrəsini səliqəli bir təmkinlə yığışdırandan və üç dəfə öpüb alnına qoyandan sonra küncdəki sandığın üstündə yerbəyer etdi. Yalnız bundan sonra hər iki əlinin baş barmağını o biri barmaqlarının buğumlarına toxundurub zikr edə-edə dəvəsayağı ləngərli addımlarla gəlib çaparın başının üstündə dayandı. Sarayın həndəvərində, qulluqçu hücrələri ilə at tövlələrinin, mal-qara sallaqxanalarının, toyuq-cücə hinlərinin, çamaşırxanaların, ərzaq anbarlarının cərgələndiyi tərəfdə dalbadal banlayan iki xoruzun susmağını gözlədi. Xoruzların arxasınca hər gün üç dəfə eyni vaxtda anqıran dişi dərviş uzunqulağı növbəti səhər nəğməsini oxuyub qurtardı. Hücrənin ibadət sükutuna çaparın özü kimi icazəsiz soxulan bu tanış çağırışlar xilafətin gizli sahibinə bəs etdi ki, qarşısında diz çökmüş adamın gətirdiyi xəbəri qabaqcadan öz aləminədə dəqiqləşdirsin, üstəgəl, götür-qoy edib qərarını söyləsin. Bu, Əli ibn İsanın müdhiş idarəetmə vərdişi idi, o, baş vermiş hadisəni öz içində qərar verəndən sonra dinləyirdi. Bu fəhmi onda ilahi möcüzə yox, uzun illərin saray təcrübəsi yaratmışdı. İndi xilafət ərazisində ondan yaşlı bir bəndə yaşamırdı, yalnız onunla yaşıd olan beş-altı xurma ağacı tapmaq olardı; buna görə də çaparlar xilafətin dörd bir yanından ona baş verəcəyini qabaqcadan gözlədiyi xəbərləri gətirirdilər. “Yaşca özündən kiçik olan xilafət” hətta cəhd göstərsə də hələ onu fəhmində yanılda bilməmişdi. O, xilafətə təhlükə ola biləcək adamların babalarını belə şəxsən tanıyırdı. Hansı quşun hansı yuvada hansı ovçudan gizləndiyini ovcunun içi kimi bilirdi.
O, qarşısında ikiqat əyilib, Allahın cəhənnəm işgəncəsindən deyil, xəlifənin edam hökmündən qoxduğuna görə bayaqkı ağciyərliyinin xəcalətini çəkən çaparın başı üstündə quzğun balası kimi qanla bəslənmiş bu təcrübəni bir daha sınamaq fikrindəydi.
- Kərx zindanında neçə nəfər hənbəli dustağı var?
Zindanban dərhal barmaqlarını qatlaya-qatlaya beynində Kərxdə divarlar arasında qoyub gəldiyi xeyli sayda cəhənnəm yırtıcılarını xatırladan əsəbdən qıc olmuş puştuların, qəzəbli ağızlarına yiyəlik edə bilməyib gecə-gündüz lənət oxuyan ərəblərin, ilan kimi soyuq baxan qıyıqgöz Asiya köçərilərinin, qaranlıq künclərdə dişlərindən başqa heç nəyi ilə sezilməyən həbəş kölələrinin, oturduğu yerdə gözünü yumub yalnız özünün eşitdiyi gizli səsə qulaq kəsilən türk sufilərinin sayını hesablayıb dedi:
- Bu gecə yuxuda ölənlərlə birlikdə dörd yüz dörd nəfər.
- Dörd yüz dörd... Bəs o boş xirqənin sahibinin adını nə qoyaq, ölü, yoxsa diri? – O, barmaqlarını əl zikri qaydasına uyğun bir vərdişlə bir-birlərinə sürtüb saqqalını ovuşdura-ovuşdura arxasına çevirildi və eşitdiyi gözlənilməz sualın dəhşəti içində gözlərini əllə boğulan adam kimi bərəldib aşağından-yuxarı ona baxan çapara kinayəylə özü də cavab verdi: - nə ölü, nə diri, Allahın cazibi.
Sonra sifətini bürüyən vahiməni çapara göstərməmək üçün otağın dərin küncündən səsləndi:
- Qalx, elə bu saat Kərxdən gələn çaparların yolu ilə geriyə çap, qarşına çıxanları geri qaytar, o atəşpərəst ər-Rasimbin oğluna de ki, vəzir Əli ibn İsa belə söylədi: “Edama qədər heç kim Kərxdə yerindən tərpənməsin. Fil boyanmalıdır! Ola bilməz ki, dörd yüz dörd nəfər hənbəlinin arasında yalnız bircə Mənsur Həllac olsun”. Təkrar et, vəzir Əli ibn İsa necə söylədi?
Çapar ilan ağzından qurtulan qurbağa kimi gözlərini səs gələn küncə bərəldib təkrarladı:
- Fil boyanmalıdır! Ola bilməz ki, dörd yüz dörd nəfər hənbəlinin arasında yalnız bircə Mənsur Həllac olsun.
- Di tərpən. Dediklərimi Kərxə çatdır, günorta namazında burda ol,
Bu dəfə səs küncdən deyil, günbəzdən gəldi.
Hücrədən nə vaxt dalı-dalı iməkləyib çıxdığını, göz qırpımında ağzıköpüklü atının belinə ayağını üzəngiyə qoymadan nə vaxt sıçradığını, üzünün niqabını nə vaxt örtdüyünü xatırlamağa belə vaxt itirmək istəməyən çapar saraydan uzaqlaşarkən soyuq səhra günəşi qarşısını kəsən qum təpəsinin qara gölgəsi üstündə nazik qırmızı yəhudi qaşına oxşayırdı. Bu vaxt onun ardınca daha bir silahlı süvari atını mahmızlayırdı. İkinci atlını - şəxsi çandarını - yola salandan sonra xəlifənin kölgəsi ağzına gümüş tençədən bir xurma atdı, rahatca yerinə uzanıb səhər yeməyinə qədər mürgüləməyə və bu dəhşətli xəbəri çarhovuzun ətrafına salxım söyüdlərdən tökülmüş yarpaqlarla birlikdə süpürüb, yerinə su çiləyən cariyələrin sərin mehlə hücrələrə dolan yuxulu zümzümələrinə qulaq asmağa başladı.

***
Bağdad əvvəlcə gözlərini açmadan ətrafını dinşəyən, arxasınca gözlərinin birini, daha sonra o birini açıb tərpənmədən yan-yörəsini düşməncəsinə pusan, təhlükəli bir səs, bir qaraltı olmadığına əmin olduqdan sonra caynaqlı ətraflarını irəli-geri uzadıb gərilən, nəhayət, gecədən sağ çıxdığını qorxunc bir nərilti ilə bəyan edən, özündən güclülərə şikar, gücsüzlərə qənim yaradılmış miskin bir səhra sürünəni kimi oyanırdı yuxudan. Xəlifə əl-Müqtədir anadangəlmə ağrıyan çöhrəli üzünü saray karvansarasından yola düşmək üçün ayağa qaldırılan dəvələrin acıqlı nəriltiləri eşidilən səmtinə tutub: “Deməli, deyirsən ki, atəşpərəst Bəhram bu şərab və xərabət düşkünləri olan sufilərin peyğəmbəri Manini ona görə edam etdirdi ki, atəşpərəst mobadlar bu adamın zərdüştçülük dinini zəiflədib Fars imperiyasının axırına çıxmaq istədiyini söylədilər. Fars hökmdarı da buna inandı və öz inancını özünə qarşı qoymaqla onu aclıqla ölümə məhkum etdi” deyib sözünə yubatdı və ağriyan üzünü qaşıya-qayşıya nəyisə xatırlamağa çalışıb davam etdi: “Bəs xəlifələrlə sufilərin düşmənliyi nəyə görə başladı?” Xəlifənin, sanki, öz-özünə verdiyi bu sualı qulağı darı dələn İsanın oğlu göydə tutsa da, cavab verməyə tələsmədi. O, əlindəki qara təsbehin yaşıl qotazını sığallaya-sığallaya öz aləmində Kərxdən gələn xoş xəbərin zümzüməsinə dalmışdı. Birinci çaparın arxasınca Kərxə yola düşən və Bağdadın göbəyinə günəşdən əvvəl çatan ikinci çaparın, şəxsi çandarının gətirdiyi xəbər bundan ibarət idi ki, gecə zindanda xunxarın gözü qarşısında öz xirqəsinin içində ərşə çəkilən Həllac Əlvənd dağında yaxalanmış, başı, əlləri və ayaqları bir-birinə zəncirlənərək zindana, yamaqlı xirqəsinin yanına gətirilmişdir. Fil edam mərasimi üçün boyanmış, sufi şairin yox olması xəbərini saraya gətirən, axtarılıb tapılması əmrini Kərxə aparan birinci çapar isə “geri qayıdarkən yolda pusqu quran hənbəlilərin oxuna tuş gələrək öldürülmüşdür”. Odur ki deyəcəyi sözləri əlindəki ipə düzülmüş qara dənələr kimi səlis ardıcıllıqla söylədi: “Mobad əvvəlcə özünü sonuncu elan edən bu hind peyğəmbərindən Bəhram şahın qarşısında soruşdu ki, sənin dinin nə üçün insan nəslinin kəsilməsini istəyir? Mani üzünü mobada yox, şaha doğru tutub " İnsanın içindəki Tanrı nurunun xilasından ötrü bu vacibdir" dedi. Mobad çəkdiyi aclıqdan arıqlayıb qırış-qırış olmuş torpaq rəngli sifətində gözlərindən başqa həyat işarəsi olmayan adama çəpəki gülümsəyib ikinci sualını vedi: “Olmazmı ki, o nurun xilasına birinci elə sənin özündən başlayaq. Birinci xilaskar elə sən özün ol”. Atəşpərəst hökmdar da onun sözlərini təsdqlədi: “Qətl inancın son sübutudur, mobad. Qoy o, öz inancını öz qətli ilə sübut etsin”. Hind peyğəmbəri başa düşdü ki, zərdüşt hökmdarı və mobadı son sözləri ilə onun ölümünə fətva verdilər, toxdaq halda üzünü onlardan çevirdi və əllərini göyə qaldırıb həzin bir avazla son sözlərini söylədi: “Mən sənin iradənin əmrini yerinə yetirdim, ucalığın oğullarını dünyaya yaydım, şərin əzabını onun pisliyini təmsil edən bədənimdə məğlub etmək üçün bütün ömrümü bir dərviş kimi imtinalar içində yaşadım, məndə şərdən, zülmətdən heç nə qalmadı, indi icazə ver, hüzuruna çatım”.
Xəlifə vəzir Əli ibn İsanın nitqindən eşitdiyi “şərin əzabını məğlub etdim” sözlərinin mənasını daha dərindən başa düşmək üçün öz-özünə təkrar edə-edə taxtın önündə gəzişirdi və birdən dayanıb soruşdu: “şərin əzabını məğlub etmək nə deməkdir?” “Onların dini insan bədəninə elan etdikləri əbədi müharibə idi. Onlar insan bədənini şər allahının zindanı hesab edirdilər. Guya, şər allahı insan bədənində xeyirin, işığın zərrələrini nəfsin, qürurun tələsinə salaraq əsarətdə saxlayır, onlara əzab verir. Onlar bədəni yox etməklə, şər allahının həqiqi dünya Tanrısının əsir ruhlarına verdiyi ağrını, pisliyi məhv etdiklərinə düşünürdülər. Onlar həyatı şərin əzabı, ağrısı ilə mübarizədə keçirirdilər. Bu mübarizədən qalib çıxmaq üçün intihar etmək, dünyaya uşaq, yeni bədən gətirmək, ölmüş bədənin ətini yemək günah sayılırdı onların dinində. Həqiqi Allahla ölüm ağrısını hiss etmədən görüşüb onda əriyib yox olmaq üçün onlar öz bədənlərini müvəqqəti tərk etməliydilər və buna görə bədənli mövcudluqlarını unutduran, onları bir heçə çevirən başgicəldən iyrənc ayinlərlə yanaşı, küçələrdə könüllü halda dilənib alçalmaqdan, nifrət və təhqir olunmaqdan çəkinmirdilər. Onlar ruhun müqəddəsliyini, azadlığını qürurun təhqir olunmasında, alşaldılmasında, insanın kamilliyini nəfsin öldürülməsində, həyatın nemətlərindən uzaqlaşmaqda görürdülər, hətta məhrəmlərini örtən xirqələrini də yırtıq-sökük yamaqlardan tikirdilər. Onlar ac-susuz dünya gəzərgilikləri ilə hind allahı Şivanı və xristian peyğəmbəri İsanı yamsılayırdılar”.
“Bəs bu yoxsul müqəddəslər ac qarınlarının üsyanını necə yatırırdılar?”
“Dilənirdilər və yığdıqları sədəqəni Allahın göndərdiyi ruzu hesab edirdilər, çaylardan su, çöllərdən çör-çöp gətirib bazarlarda satırdılar, düşünürdülər ki, çaylar və çöllər Allaha məxsusdur. Onlar hökmdarların sərvətini haram sayırdılar. Hətta belə bir rəvayəti də var ki, qonşusu xəlifənin candarı olduğu üçün bir dərviş öz toyuğunu onun həyətində xəzinə pulu ilə aldığı dənlikdə eşələnərkən görüb lənətləyərək gecə hinə buraxmamış, murdar quşu çaqqallara yem etmişdir...”.
Xəlifə son cümləyə ağrıyan üzüylə kinayəli-kinayəli güldü: “Yaxşı, keç sualın ikinci hissəsinə”. Əlbəttə, “xəlifənin kölgəsi” öz sahibinə “sufilik elmli adamların və sənətkarların inancı olduğu üçün onları islamın kitabına inandırmaq mümkün deyildi, onları qılıncla məğlub etməkdən başqa yolumuz yox idi” deyə bilməzdi. Odur ki qısa və izaha ehtiyacı olmayan bir cavabla kifayətləndi: “Onlar öz iradələrini Allahın iradəsindən uca tuturdular”. Xəlifənin kinayəli üzü yenidən canlandı: “Kimlər? Bu kor yolçular, bazar dilənçiləri, qadın tamarzıları?.. Əli ibn İsa xəlifənin kinayəsindən hiss etdi ki, cavabı hədəfə dəyib.
“Atəşpərəst hökmdar onların peyğəmbərini necə edam etdirdi?” Xəlifə qəfildən qəzəbləndi, solğun üzündə ağrıdan əsər-əlamət qalmadı. “Üzləşməyə aparılarkən əvvəlcədən öz tərəfdarlarına dediyi kimi. Başını kəsib şəhər darvazasına qadaqladılar, cəsədini şaqqalara ayırıb bazar itlərinə atdılar. Səhəri gün isə onun “ucalığın oğulları” adlandırdığı müridlərini bir-bir qətlə yetirdilər, sağ qalanlar Bəlx məmləkətinə qaçaraq türk tayfalarına sığındılar”.
Sükut. Sonra getdikcə güclənən təsbeh dənələrinin şaqqıltısı. Nəhayət, xəlifənin xırıltılı hökmü: “Qoy sabah günortanın istisində əjdaha ilə şərab içən bu iyrənc atəşpərəst oğlunu da elə atəşpərəstlərin öz hökmü ilə edam etsinlər. Günün altında tuluğa dönənəcən isti şərab içirsinlər, başını kəsib şəhər darvazasına mıxlasınlar, şaqqalayıb cəsədini bazar meydanında sümsük itlərə atsınlar”.
Xəlifənin qəzəbi soyudu, üzü yenidən ağrımağa başladı.
Bizans orduları və Qərməti üsyançıları ilə apardığı müharibələrdə xilafətin ən böyük şəhərlərinin, nəhayət, Məkkənin itirilməsindən, üsyançıların Kəbəyə soxulub zəvvarları doğrayaraq Zəm-zəm quyusuna tökərək günahkar insanların öpüşlərindən rəngi qaralan müqəddəs daşı oğurlanmasından sonra düşkünləşən, üzünün anadangəlmə ağrıları daha da şiddətlənən xəlifə əl-Müqtədirin yorğun başı dərdini dağıtmaq üçün dövlət işlərindən daha çox tünd şəraba və saysız-hesabsız kənizlərlə yorucu kef məclislərə qarışdığından xəbəri yox idi ki, türk qızı olan anasının təsiri nəticəsində bütün xilafəti türk sərkərdələrinin ixtiyarına buraxmış xəlifənin ana soyundan qisas almaq üçün uzun illər ərzində fürsət gözləyən və indi qarşısında eşitdiyi hökmü başıyla təsdiqləyən “Səhraların sahibi” iki gün əvvəlcədən Həllacı, təbrizli kafir sufini onun adından ən təhqiramiz “pazakeçirmə” cəzasına məhkum edib və Həllac da ötən gecə Kərx zindanında xunxarın gözü qarşısında öz xirqəsinin içindən “yoxa çıxıb”. Xəlifənin ondan da xəbəri yox idi ki, qarşısındakı bu “sadıq” qocanın gizli göstərişi ilə xilafət ərazisində türk olmayanların hər səhər göylərə atdığı sübh oxlarının – müsəlmanların sübh namazı üstündə kiminsə qarasına kütləvi şəkildə lənət yağdırması – onun üstünə yağmasına çox az vaxt qalıb.
***
Həllacla Kançanaqarı zindanın qapısı ağzından xısıntı səsinə diksinib xəncər tiyələri ilə Bağdadın qaranlıq göylərini doğrayan qayalıqların arasında gözdən itən bayquşun arxasınca Süheyl ulduzunun əks səmtinə yola salmazdan öncə, altıbarmaq hindliyə qapını çöldən bağlatdırıb açarları müqəvva kimi qayaya söykədiyi qacımış nigahbanın kəmərinə bərkitdirən xunxar yenidən zindanın dibinə, "ərşə çəkilən sufinin" içiboş xirqəsinin yanına qayıtdı. Cadugərdən və sufidən zindana yadigar qalan yoxolma izlərini ilim-ilim itirib, sübh azanından sonra bütün xilafəti bürüyəcək qorxulu xəbərin sorğu-sualına hazırlaşmağa başladı. Bu yoxaçıxma hadisəsi Həllacın üçüncü edam möcüzəsi, əsl sufi həyatının sonu - paklanmış sufi ruhunun Tanrı tərəfindən cazibəsi kimi sabah bütün xilafəti sarsıdacaq, daha bir sufi möcüzəsi qorxusuyla eşidənlərin ödünü ağzına gətirəcəkdi. Möcüzənin yeganə şahidi Xunxar idi. Onun gördüyü möcüzə isə belə baş vermişdi: Xunxar zindana, həmişə olduğu kimi, edam olunacağını şüurlu hiss etməsin deyə bütün ölümə məhkum olunmuş dustaqlara iflic etmək üçün gecədən verilən hind çətənəsi toxumlarını Həllaca vermək, sufilərin islama qarşı elan etdikləri sülhsüz müharibənin yeni mürşidlərinin, təkyə və ləngələrinin gizlin yerini ondan öyrənmək üçün gəlmişdi. Nigahban onu içəri ötürüb qapını çöldən bağladı. Ahıl sufi hücrədə saman yatağın üstündə bardaş qurub oturmuşdu. Gözlərini yumub hücrənin sal daşlarının altından axıb gedən çeşmənin zümzüməsinə dalmışdı. Xunxar sakitcə keçib onunla üzbəüz oturdu. Səkkiz illik dustaq həyatı sufinin üzündə heç bir iz qoymamışdı. Sufi gözlərini açdı və dedi: “Mənim xirqəm azadlıq istəyir, o özü sənə şahidlik edəcək”. Xunxar canıyananlıqla: “Mən sənə bir ovuc çətənə və bir cürdək iskəncəbil gətirmişəm” söylədi və gətirdiklərini ona vermək üçün arxaya çevirilib xurcununu eşələməyə başladı. Bu vaxt boynunun ardında yerə düşən bir qaraltı hiss etdi, ağlına gələn fikirdən dəhşətə gəlsə də, özünü itirmədi, barmaqlarını xurcunda gizlədiyi xəncərin dəstəyinə dolayıb asta-asta başını sufiyə tərəf çevirdi. Sufinin oturduğu yerdə içiboş xırqədən başqa heç nə yox idi. Xunxar qəfildən var gücü ilə bağırıb qapıya doğru dırmaşdı, qapı çöldən bağlı idi, nikahbandan isə səs-səmir gəlmirdi. Hiss etdi ki, səsi batıb. Kürəyini dəmir üzlü qapıya söykəyib zindanın qaranlıq künc-bucağında sufinin qaraltısını axtardı. Sifi yoxa çıxmışdı, hücrədə yeganə şahid onun içiboş xirqəsi idi.
Azan səsi Kərx zindanına həmişə gec gəlib çatırdı. Edama məhkum olunmuşlar zindan hücrələrində bu səsin zəif sədalarını eşidəndə Bağdad əhli artıq sübh namazının ikinci rükətini pıçıldayırdı. "Əs-Sidreyn" məscidindən ucalıb Dəclənin üstündə keçərək, uzaq səhralardan paytaxta dönən yuxusuz və yorğun karvanları qarşılayan, gecənin soyuğunda şehlənmiş çılpaq qayalara sürtünüb ağırlaşandan, çöl quşlarını gecələdikləri oyuqlarda diksindirəndən, gecə sürünənlərini yenidən yerin altına qovandan, nəhayət, ilahi çağırış həyəcanını itirib, ölüm iniltisinə çevriləndən sonra zindana çatan bu səs öz yubanmağı ilə sanki, bir azdan cəllad baltaları ilə ömürləri yarımçıq kəsiləcək dustaqların, heç olmasa, son yuxularını axıracan görmələrini istəyirdi.
Səhər edam gününə açılırdı. Xunxar Həllacın içiboş xirqəsi ilə üzbəüz oturub iki gün, üç gecə ərzində baş verənləri, indi zindanın qapısı ağzında müqəvvaya dönmüş yaddaşsız Xayyatın “xəlifənin edam hökmü” xəbərini gətirdiyi gecəni, həmin gecə arvadını, əslində isə uzun illəri onunla birgə keçirmiş, onun zindandan gətirdiyi saray xəbərlərini gizlincə sufi ləngələrinə çatdıran oğlanüzlü qadın təriqət üzvünü ata mindirib beş ağac uzaqlıqda yerləşən sufi xəlvətinə cadugər Kançanaqarı tapmaq üçün göndərməsini, özü səhər açılar-açılmaz yaraq-yasaqlı zindana gəlib Həllaca burdan qaçmaq üçün nə etmək lazım olduğunu deməsini, daha sonra adi qaydada üç gündən sonrakı edama hazırlıq üçün köməkçilərinə göstərişlər verməsini, hətta hamının gözü qarşısında yonulmuş pazlardan bir neçəsini əlinə götürüb ora-burasına baxmasını xatırlayırdı. Xayyatı, gənc keşikçini qurban vermək fikri əvvəl-əvvəl onu qüssələndirsə də, bu yolda qurban gedən günahsızların necə nəhəng fikir sahiblərinin olduğunu düşünüb amansızlaşdı; dırnağnacan fikirdən, düşüncədən yoğrulmuş, hər biri bir ölkəyə bərabər olan o insanlarla müqayisədə bir keşikçi nə idi ki? O, bu müqəddəs amansızlığa düz otuz il əvvəl Əlamut qalasında daldalanan sufilərə gizli yolla azuqə daşıyarkən and içmişdi. Qoy lap onun öz başını kəssinlər, amma Həllaca, Tanrının yadigarına heç nə olmasın. Yox olsun, Hindistana, Tibetə getsin, itkin düşsün, təki onun aləmin sirri ilə dolu olan başını Şərq öz darvazalarına mıxlaya bilməsin, təki onun Tanrı eşqi ilə döyünən qəlbinə xilafət şeşpəri sancılmasın...
“Qarşıla nurunu Tanrı, bağrına bas övladını, o, xilas oldu, əbədiliyini ondan əsirgəmə”. Xunxar mancanaq sifətini yuxarı tutub bu sözləri pıçıldayanda evdə axşamdan gözünü qırpmayıb xunxarın Kərxdən gecəykən yola salacağı, özlərinə zindanla qürbət arasındakı yolları vətən seçən sufilərin ustadı Həllacın və ona gəzərgi vətəndə bələdçilik edəcək hindlinin gəlişini, ya da əllərində üç kəsik baş tutmuş yaraqlı döyüşçülərin atlarının tappıltısını eşidəcəyi anı gözləyən həyat və təriqət yoldaşı camaxatandakı ailənin axirət libası olan kilimin altında tapdığı vəsiyyətnaməni oxuyurdu. Xunxar qadından dar ağacında ölərsə, onun nə dirisinə, nə ölüsünə yaxın durmamağı, yox, Tanrının istəyi ilə bir gün həyatla vidalaşarsa, əsl sufi kimi son yolçuluğa uğurlamağı xahiş edirdi. Qadın bilirdi ki, sufilər torpağı ölmüş insanların cəsədləri ilə murdarlamağı günah sayırdılar, onların meyitlərini əqidədaşları daşlı-qayalı yüksəkliklərdə, daşdan tikilmiş hündür sükut qüllələrində qoyurdular ki, qurd-quşa yem olsun. Ətini quşların, böcəklərin, qoxusunu yağışların, küləklərin təmizlədiyi, günəşin qurudub ağappaq etdiyi sümükləri isə saxsı küplərə yığıb xəlvət yerlərdə basdırırdılar. Xunxar bu məktubu yalnız sufilərin oxuya biləcəyi bir üsulla yazmışdı ki, onu adi məktub kimi oxuyanda, sadəcə, bir eşq şerinə bənzəyirdi. Ölümlərini yazıda eşqlə bəzəmək sufilərdə ilahi sevgiyə işarə idi.
Əgər zindandan qaçış qəzasız baş tutsaydı qadın sufini və Kançanaqarı gizli yollarla Kərxdən uzaqlaşdırıb, Babək üsyanından sonra xarabalığa çevirilmiş Meşkin yaxınlığındakı Qəhqəhə qalasında daldalanan sufi ləngəsinə aparacaqdı. Onlar bu ləngədə hər il yazqabağı gözləri çıxarılmış sufi dərvişlərinin oturub diləndiyi yollarla, təkəm-seyrək ağacları meyvə əvəzinə asılmış adamlar “gətirən” çöllərlə Lahoradan Reyə, oradan Zəncana, Miyanaya, Saraba, Ərdəbilə və nəhayət, Qafqaza yollanan hindli atəşpərəstlərin karvanlarının gəlişini gözləyəcəkdilər. Bu karvanlar onları özləri ilə Quzğun gölünün sahilindəki Bakuh şəhərindəki atəşgahlara ziyarətə, bazar meydanlarına ticarətə, oradan da geriyə, Lahoraya aparacaqdı.
Xunxar dizüstə oturub Həllacın uğruna sühb dualarını pıçıldadığı yerdə zindanın qapısı nəhəng bir pəhvəvanın dartıb ikiyə cırdığı bədheybət cəhəng carıltısı ilə aralandı. Yaraqlı dəstə günəşin işiğına macal vermədən, az qala, daş qapını yırtıb içəri soxuldu...
Zindanda baş verən hadisələrin bizə gəlib çatan axarı burada qırılır. Tarix yazır ki, həmin gün Bağdadda günorta namazından sonra “fil boyandı”, Mənsur Həllac xəlifənin hökmünə uyğun və heç bir möcüzə baş vermədən edam edildi. Ancaq onun həqiqi Həllac olmadığını ibrət götürmək üçün edama gətirilən xalqın və edamı gündəlik iş vərdişiylə yerinə yetirən saray mənsublarının arasında yalnız bircə nəfər bilirdi – “Səhraların sahibi”. Bir də onun yoxa çıxmış sufinin əvəzinə edam üçün “tapdığı” üzübağlı dustağı Bağdada gətirən dəstəyə sui-qəsd üçün saraydan göndərdiyi, lakin sirr açılmasın deyə öldürüləcəklərindən duyuq düşüb paytaxt tərəfdən onlara tərəf çapan tozanağı görüncə, günahsız dustağı arabadaca buraxıb dağlara üz qoyan zindanban dəstəsi.

***

Lahoradan Reyə, oradan Zəncana, Miyanaya, Saraba, Ərdəbilə və nəhayət, Qafqazın ətəklərinə, hindli atəşpərəstlərin Quzğun gölünün sahilindəki Bakuh şəhərindəki atəşgahlara ziyarətə, bazar meydanlarına ticarətə, oradan yenidən gəldiyi yolla geriyə, Lahoraya qayıdan karvan dincəlmək üçün Lut çölündəki xırda vadidə ayaq saxladı. Burada dəvələr və qatırlar üçün yaşıl tikanlar, yolçular üçün su və sərinlik vardı. Yüklər boşaldıldı, hava isti olduğu üçün gecələr çadırlarda deyil, dəvələrin dövrəsində yatmağa qərar verildi. Hamı vadinin ortasında sınıq güzgü kimi parlayan şurğandan doyunca si içəndən sonra bu duzlu səhranın göbəyinə enmiş yaşıl cənnətin gözəlliklərinə dağıldı. Sonuncu qatır da tuluğunu ağzınacan su ilə doldurub suya təzim edirmiş kimi başını aşağı-yuxarı ata-ata daldalı çəkilib otlamağa götürüləndən sonra şurğana yaxınlaşan sufi əvvəlcə bir ovuc su götürüb gözlərini sildi, sonra əyilib suyun üzündə titrəyən, hiss olunmadan axıb gedən, axıb getdikcə təzələnən əksinə baxmağa başladı.
Bu yer havanın, günəşin, torpağın, suyun sevgililər kimi bir-birinə qoşulub kəndlərin xarabalıqlarından, şəhərlərin pozğunluğundan, bazarların səs-küyündən, qəbiristanlıqların vahiməsindən, müharibələrin qan-qadasından qaçıb gizləndiyi, dincini almaq üçün çəkildiyi bir xəlvət idi.
Ahıl sufi karvanın həndəvərində yatdığı şurğanın – çölün və zamanın tükənməzlik duyğusuyla insanı öz ənginliyində udub yox edən yalqız suyun qırağında üç gün, üç gecə oturdu; Gündüzlər ətrafında oynayan uşaqlardan başqa heç kimin onunla işi yox idi. O, elə hey çölün dərinliklərindən qaynayıb bu balaca daşların arasından özünə yol tapdığına sevinən, gülümsəyə-gülümsəyə fikir kimi axıb gedən şurğanın duruluğuna heyran-heyran baxdı, yalnız otların və böcəklərin eşidə bilcəyi səssizliyini dinlədi. Su öz gizlin, dumduru yaddaşında indiyədək ona baxanlardan yalnız gözəl əlamətləri seçib saxlamışdı deyə onun gülümsəyən üzündə heç bir əskiklik görmək olmurdu. Onun üzündə su içən çüyür gözlərinin büllurluğundan, quş ürəklərinin ürkəkliyindən, ilan zəhminin xəfifliyindən, səhər mehinin üşüntüsündən, getdikcə itkinləşən qürub rənginin üzüntüsündən nəsə var idi. Sufi suyun üzündə bunları görürdü, eşidirdi. Şurğan çölün ortasında üzünü insanlardan gizləmiş təbiət güzgüsü kimi parlayırdı. Onda nə belində şəhərdən-şəhərə sərvət daşıyan dəvələrin nəriltisidən, nə içində bu dəvələrin yükündən də ağır ölkədən-ölkəyə dərd, hiylə, qorxu aparan insanların arzularıdan, nə bu dəvələrin nəriltisini boğazında, insanların arzularını gözündə qoyan amansız quldurların tamahından, nə yolu burdan düşərkən boşalmış cürdəyini su ilə doldurub həqiqiət arxasınca dünyanı dolaşmağa yollanan dərvişlərin nisgil, fəryad dolu “yahu”larından, nə qoyun-qoltuğunda bütöv nəsillərin, xalqların taleyi yazılmış hökmdar məktubları daşıyan təngnəfəs çaparların at təri qoxuyan qaraltısından bir şey vardı.
Üç gün, üç gecə sufi suya, su sufiyə baxdı.
Sufi suya daldıqca hiss edirdi ki, hər şeyi unudur, yaddaşı yüngülləşir, zahiri gözəllikləri, dadları, ehtirasları ilə insan nəfsinə tələ kimi qurulmuş dünyanın həqiqətən mövcud olmadığını daha dərindən dərk edir. Dərk edirdi ki, insanın ölüm kimi iyrənc bir sonluqla başa çatması ömrünü nəfsinin qulu kimi yaşamağındadır. İnsan dünyanı özünə götürmək kimi yoxsul bir niyyətlə yox, başqasına bağışlamaq kimi ali bir məqsədlə yaradılıb; çölün ortasındakı bu su kimi. O, özünü səhralara, çöllərə bağışlamış suyun üzündə istəyinə çatmış Tanrının dincliyini görürdü. Aşağıdan-yuxarı ona minnətdarlıqla baxan bu dinclik onun imtinalar içində keçən ömrünün əvəzi idi: bu dinc, nurani sifət ona dönə-dönə təşəkkür dolu gözlərlə baxmaqdan doymurdu. Elə bil, deyirdi ki, səni yaratdığıma görə məni peşman etmədiyin üçün sənə təşəkkür edirəm. Verdiyim həyatı özünə görə yox, mənə görə imtinalar içində yaşadığın üçün sənə təşəkkür edirəm. Yaratdığım dünyanın hər yerini, qaranlıq zindanını belə öz evin bildiyin üçün sənə təşəkkür edirəm. Həyatının hər anında məni unutmadığın, tək qoymadığın üçün sənə təşəkkür edirəm. Mənim səndəki ruhumu, əmanətimi öz iradənlə axıra kimi qoruduğun, şərə təslim etmədiyin üçün sənə təşəkkür edirəm. Sufi suyun üzündəki sifətə baxa-baxa sevincindən ağlayırdı. Bu üz Tanrının üzü idi. Tanrı da fərəhindən ağlayırdı. Sufi vaxt keçdikcə daldığı bu yuxu həzzinin təsirindən nə düşünə, nə hiss edə bilirdi. Tanrının üzünü görmək! Dünyadakı hansı uzun ömür, hansı məqsədli gözəllik, hansı dad, hansı ehtiras bu anın qarşılığı ola bilərdi?!
Su qonağının üzünə heyran-heyran baxıb axıdıqca onun yorğun keçmişini yuyub aparır, öz səssiz sığalı ilə sufiyə yuxu məstliyi gətirirdi. Zaman keçdikcə sufi suyun, su sufinin gördüyü gözəl yuxuya çevirilirdi və onlar bir-birini görməkdən doymayan iki yuxu kimi üz-üzə qalmışdılar çölün ortasında.
Üçüncü gecənin dan yeri uzaqdan ağarmağa başlamışdı. Daha nə su, nə sufi heç nə hiss etmirdi. Onların üzləri get-gedə bir-birilərinə yaxınlaşırdı; sufinin başı asta-asta aşağı əyilir, suyun səthi isə utana-utana ona doğru qalxırdı. Bu mənzərə gül ətrinin havaya, odun-oda, rəngin rəngə, sükutun-sükuta intim səssizliklə qarışmasına bənzəyirdi. Qovuşma anı bir an çəkdi, bir dirsəklik qüllə kimi qalxan su qəfildən sufiyə yumulub hıçqırığa bnzəyən şıppıltıyla şurğana töküldü. Çöl suyun səsinə diksindi, amma bu səsin iki yalqız gözəlliyin qovuşma həzzinin ağrı səsi olduğunu duyub, yenidən yuxuya daldı.

Gecə karvan mürgüləyəndən sonra suya qarışan sufinin bədənini əvvəlcə arx kənarındakı otlar, analarının yan-yörəsində oynaqlaşan dayçalar, köşəklər, gündüz çölün dərinliklərində ciyəri suya təşnə olan ilanlar, siçanlar, çaqqallar, çüyürlər içdi. Sufinin üzünü su heç kimə vermədi, özünə saxladı.
Səhər yuxudan qalxan yolçular sufinin yoxa çıxdığını görüb, onu axtarmağa başladılar, kövşəyən dəvələrin yan-yörəsinə baxdılar, atlanıb çölün dörd səmtinə çapdılar, göz yaşı tökdülər, qoca şamanı oynatdılar, oxutdular, sufi tapılmadı. Hamı qan-tər içində yolüstü ləngəyə qayıdıb oturdu. Susmaqdan, gözləməkdən başqa bir yol qalmamışdı. Kançanaqar zindanda Həllacın dilindən köçürdüyü sufilər haqqındakı sözləri kor-peşman yolçulara söyləyib onları inandırmağa çalışdı ki, sufi öz Tanrısını axtarmağa gedib, gözləməyə dəyməz. Ancaq dediklərinə özü də inana bilmirdi, o, üç gün-üç gecə idi ki, şurğanın yanında oturub onun duruluğuna, səssizliyinə dalmış sufinin bir zamanlar zindanın altından axan suya dönə-dönə oxuduğu beyti xatırlayırdı. Bütün uşaqlığı, gəncliyi hindli cadugərlər ocağında keçən Kançanaqara öyrətmişdilər ki, inam əcdadın, möcüzə inamın gücüdür. O, atəşpərəstlə od arasında olan inamın gücünü bilirdi, bu gücün sufi ilə su arasında olmasından şübhələnirdi.
Birdən çeşmə tərəfdən çığıra-çığara karvana sarı yüyürən uşaq çölün sükutunu pozdu. Uşaq yüyürə-yüyürə geri çevrilib əliylə çeşməni göstərir və ara vermədən çığırırdı: “Sufi suyun üzündədir! Sufi suyun üzündədir!
Müdrik dəvələr çeynədikcə tükənmək əvəzinə təzələnən ən qədim fikirləri bütün ömürləri boyu gövşəməyə vərdiş etmiş ənglərini saxlayıb, əyri boyunlarını ağır-ağır çevirərək uşağın göstərdiyi səmtə baxdılar.


Tarix: 07.09.2015

5534