Kandidin 12 sualı - yeni layihə


Murad Əzimzadə: “Bərabərlik və ədalət yaxşı bir lətifədir, qara yumordur”.

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın buçağının tanınan simalarına ünvanlayaq. Müsahibimiz gənc teleaparıcı Murad Əzimzadədir.

1. Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

- İyrənclikləri, hadisələrin nəticələrinin iyrənc və gözəl olmasını insanlar təyin edir. “Pis insan yoxdur, pis münasibət var” misalını çəkmək istərdim. Sevgi isə mənim üçün absurddur, xəyaldır, gerçəkləşməyəcək rəngli kadrlardır. Bunun rəngini, iyisini, dadını real həyatda hiss edəni tanımıram. Mən, ümumiyyətlə, sevmirəm.

2. Sevgi öldürməyə qadirdir?

- Sevgi yaşamaga qadirdirsə, niyə bu qədər nağıl, əfsanə qəhrəmanları sonda ölürlər, qovuşmurlar. Əgər öldürməyə qadirdirsə, niyə həmin o nağıl, hekayə, roman qəhrəmanları bu günə gəlib çatıblar?! Təzadlı məsələdir. Sevgini əlində vasitə hesab edən Tanrı həm öldürür, həm də yaşadır.

3. Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- Azadlıq zamanla özü-özünü dağıdan məfhumdur. Böyüdükcə partlayışlar yaradır. Amma hər bir halda insanlar şəxsən, fərddən azad olmalıdırlar, amma azadlıq istəklə yox, mübarizə və savaşla qazanılır. Azad olmamağın dibinə enib, azadlıq üçün savaşa qalxmaq kimidir bu.

4. Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- “O biri dünya” maraqlı səslənir. Kaş ekskursiya təşkil olunaydı və mən o dünyalardan birinə gedəydim. Getsəydim, qayıtmağa da cəhd edərdim ki, orada gördüklərimi buradakılara çatdırım. O dünya mənə maraqlıdır. Yəqin ki, ölməyə dəyəcək, sırf o dunyanı görmək üçün.

5. Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə
Dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Bəlkə də, biz də öz dövrümüzün kandidləriyik. Bilmirəm, bəlkə də, yanılıram. Amma dünya al-əlvan yaradılsa da , əslində, çox standartdır. Dənizlər eyni, dağlar eyni, fərqlilik hərənin öz beyinində yaratdığı yeni dünyasındadır.

6. Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan
bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik
mövcuddurmu?

- Bərabərlik? Haradadır bu sözün həyata keçdiyi dünya? Bax, bu söz harada tətbiq olunursa, mənim üçün ən yaxşı yeni dünya oradır. Bərabərlik olsaydı, ədalət olardı, ədalət olsaydı, bu qədər akulaların mədəsində üzüşməzdik. Bərabərlik və ədalət yaxşı bir lətifədir, qara yumordur.


7. Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Məsələn, mən öləndə torpağa qarışmaqdan qorxuram. Yandırsalar, daha az ağrı hiss edərəm, bəlkə də. Ümumiyyətlə, bəlkə də, heç nə hiss etməyəcəyəm öləndən sonra. Həyat sevgisi isə, ölümdən qorxduğumuz üçün yaranır. Biz ölmək istəmirik, qorxuruq, çünki günahlarımız xoş əməllərimizi üstələyir. Düşünürük ki, birdən orada qapıda sınaqdan keçmərik, qalarıq mat-məəttəl. Ona görə yaşamaq ən yaxşısıdır. Buna da həyat sevgisi deyirlər adamlar. Vicdan ağrısı varsa, deməli, hələ yaşamağa dəyər.

8. Bir-birindən ayrı din ola bilərmi?

- Tanrı bu qədər kainatı yaradıb, bu qədər möcüzələr filan. İnanmıram, o müxtəlif dinlərlə insanlara təzyiq edəcək qədər düşünsün. Allahın dini birdir.

9. Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə
dayanır?

- Yamanlığı bacarmıram. Maddisi də, mənəvisi də mənə olsa daha rahat olaram, yamanlıq nöqteyi-nəzərindən.

10. Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik
axtarmağın adı və dadı nədir?

- Başqalarının gözəllik anlayışı ilə mənim və digərlərinin gözəllik anlayışları fərqli ola bilər. Çox təəssüf ki, gözəlliklər indi azalıb, tapmaq da olur, əyər-əskikliklər isə artıq mənə gözəl bir şey kimi görünür. Bir söz var, deyir ki, kasıblıqdan ölmürsən, kasıblığa öyrəşirsən. Bu da belədir, mən artıq əyər-əskiklərə öyrənmişəm. Deyəsən, qəbul etmişəm bu fundamental taleyi.

11. Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri
oxuyanda çox maraqsız olur?

- Çünki biz insanlar həmişə şouya baxmaq istəyirik. Şou bizi ekstaza qaldırır. Ən möhtəşəm marağa səbəb olan şou isə faciədir. Oxumaq isə vizual görüntünün effektini verə bilmir. Ümumiyyətlə, indi nəsə oxuyan var ki? Bir-iki kitab adamı var, qalanlari facebook alimləridir.

12. İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi,
fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Düşünürəm ki, indi paklıq azalıb. Paklıq azalanda çirkab artır. Digər dövrlərdə yaşamamışam, amma oxuduqlarıma, baxdıqlarıma nəzərən deyə bilərəm ki, bütün dövrlərdə insanlar eynidir.
“Kirpi”nin tikanı:
-Murad Əzimzadə cəsarəti nədə görür?
- Digərlərinin cəsarət etmədiyi bir çox şey mənim üçün cəsarət predtmetidir. Kariyeramda cəsarətli ola bilərəm, amma özüm özümə enəndə kabusa bənzəyə bilərəm. Cəsarət elə yaşamaqdır. Bu böyük cəsarətdir.

Hazırladı Tural İsmayılov


Tarix: 10.09.2015

7132