Klassiklərin üstünə KAMAZ sürənlər


Bu yazı, bəlkə də, sözü duyan
yazıçılara, olsun ki,
“antenalı şairlərə” və
dili bilən redaktorlara ithaf olunur...


German Geseviçin “Bizimkilər” adlı məşhur bir şeiri var. Çingiz Əlioğlu dilimizə çevirib. Çəkilin, o şeiri oxuyum:

Ümumi dayımız Çaykovskidir,
Müştərək babamız – Lev Nikoloyeviç.
Puşkin – qardaşımız,
Lermontov – bacıoğlu.
Qohum-əqrəbanın hesabı yoxdur.
Odur ki, kefin istəyən qədər
Bir-birimizi qıra bilərik.

Postneft dövrünün (nöötdən sonrakı dövr – izahlar özümüzündür) sədası gələn kimi hər sənətdən ayıq olan ədəbiyyat, elə bil, bundan duyuq düşdü, o saatca anladı ki, işdi, kasıbçılıq başlasa hamı bir-birinin “ətini yeyəcək”. Proses belə başladı, qadası: Başqa sahələrdə nə oldu deyə bilmərəm, ancaq didişmə ədəbiyyatdan start götürdü. Əvvəl böyük şair, dramaturq Hüseyn Cavidə layiq olmadığı, xoşagəlməz sözlər dedilər, sonra isə digər klassikləri “tək dedilər - təklədilər, qanına yeriklədilər” (dırnaq içindəki şeirin müəllifi Eldar Baxış olsa da, izahlar özümüzündür). Söz-söhbətlərdən, ittihamlardan belə nəticə hasil oldu ki, xalqı aldadıblarmış, sən demə, bu günə qədərki zirvələr, “kül təpəcik olmaz” imiş, amma bir Dədə Qorqud lazım imiş ki, dilə gəlib dillənə.

And verirəm gecəyə, qayıdın mənimlə yuxarıdakı şeiri bir də oxuyaq. Oxudunuzmu? Şeiri öz ədəbi durumumuzla və polemika mədəniyyətimizlə müqayisə edək. Bizim ədəbi polemikalarımız necə başlayır və aqibəti necə bitir? Əvvəla “klassiklər quyusu”na bir “canlı klassik” daş atır, sonra yüz bəni-adəm o daşı çıxara bilmir. Hətta məsələlər şəxsi münasibətlərin korlanmasına gətirib çıxarır. Bir müddət sonra hər şey də unudulur. Üç məqama zillənək:
1. Klassikləri tənqid eləmək çox asandı, o boyda ürəksiz-ürəksiz hər mətnini bəyəndiyimiz “canlı klassiklər” haqda bir xoşagəlməz söz desək bizi çıxdaş edərlər. Nəinki yarındığımızdan, hətta perspektivdə yarınacaqlarımızdan gen gəzə-gəzə, klassiklər tənqid etmək bu gün Əbülfəz Elçibəyi tənqid eləmək qədər asandı.
2. Bizim ən böyük bəlamız dövrü unudaraq tənqid etməkdi. Əhməd Cavad, Mikayıl Müşfiq və s. YAŞAMAQ (yəni ölməmək – izahlar həqiqətən özümüzündür) üçün mübarizə aparırdı, bizsə DAHA YAXŞI YAŞAMAQ üçün min hoqqadan çıxırıq. Bax, bizim onlardan fərqimiz bundadır.
3. Əgər söhbət onların (Hüseyn Cavid əqidəsinə sadiq qalaraq Sovet quruluşunu mədh etməsə də Əhməd Cavadın və Mikayıl Müşfiqin imperiya siyasətinə uyğun çoxlu şeirləri var – bilməmiş deyilsiniz ki, izahlar özümüzündür) çox yazıb özünü gözdən salmağından gedirsə, onlar (Müşfiq, Cavad və s.) o dövrdə daha çox bədii mətnlərlə özlərini gözdən salıblarsa, bizlər məqalələrimizlə, köşələrimizlə, ön sözlərimizlə, televiziya çıxışlarımızla, kimlərisə aramsız müdafiə etməyimizlə, daim güclülərə sığınmağımızla, güclülərin istedadlı düşmənlərini görməzdən gəlməyimizlə ittiham etdiklərimizdən daha pis gündəyik. Axı bütün sadaladığım pis cəhətlərimiz kimi, yazı da əməldir. Yaradıcılığın motoru olan, onu işə salan ürəyimizin əleyhinə getməyin axırı sizcə yaxşı mətnlər yazmağımızla qurtaracaq? “Hurrey”lə tərifləyib, dinməzcə görməzdən gəlmək, gələcəkdə mənasız şeir, lazımsız əsər yazmağa bəyəm bizə az stimul olacaq? Bəyəm bu qəlblə, bu üzlə, bu qədər vicdan məhkəməsində özümüzün öz üzümüzə durmağımız bizi qoyacaqmı Tolstoy olaq, Aksenov obrazı yaradaq? Oskar Uayldın “Dorian Qreyin portreti” romanında qəhrəman pisliklər etdikcə, portreti – (portret əsərdə qəlbinin şəkli, daxili dünyanın rəsmi kimi mənalandırılır – papacanı, izahlar özümüzündür) eybəcərləşib tanınmaz olur. Allah da bizim qəlbimizin şəklini eybəcər çəkməyib, ancaq biz onun ilk halı ilə son halı arasında ömrümüzü parçalayıb dibi bataqlıq olan “uçurum tikirik”, ey əti ətimizdən, qanı qanımızdan, ruhu ruhumuzdan, problemi problemimizdən olan həmkarlarımız.
İndi oğulsunuzsa, əsl oxucusunuzsa, qalxın yuxarı, German Geseviçin şeirini bir də oxuyun, sonrasa düşün aşağıdakı şeiri gözünüzə təpin. Dərhal sonrasa güzgüyə baxmaq “klassika terrorçuları”na “uğursuzluq” gətirə bilər, Qoqolun “Portreti” kimi...

Ümumi dayımız Nizami Gəncəvi,
Müştərək babamız – Məhəmməd Füzuli.
Hüseyn Cavid – qardaşımız,
Əhməd Cavad – bacıoğlu.
Qohum-əqrəbanın hesabı yoxdur.
Odur ki, kefin istəyən qədər
Bir-birimizi qıra bilərik.


Tarix: 10.09.2015

4679