Tarixi idarə edən güc



Ana babamgilin kəndində bir kişi vardı. Ədəbiyyat üzrə müdafiə edib professorluq almışdı. Riyaziyyat müəllimi olan babam daima onu ələ salırdı. Deyirdi ki, “gedib hər hansı bir adamın həyatını yazıb adını qoyub professor. Ədəbiyyat da elmdimi? Elm dediyin riyaziyyatdı, bütün fənnlərin şahıdır. Hünərin var, gəl riyaziyyatda, olmadı, nə bilim fizikada nəyisə kəşf et, deyim oğulsan”. Bu tip sözləri çox eşitdiyimdən özlüyümdə qəbul etmişdim ki, ədəbiyyat bir elm deyil. O, sadəcə, bir əyləncədi, bambılı insanların vaxt keçirmək üçün və ya bacarıqlı insanların öz dövrlərinin şahlarını, sultanlarını tərif edərək onları “yolmaq” üçün lazım olan bir şeydir.

Universitetə sənət verərkən ən axırıncı yerdə ədəbiyyatı yazmışdım. Çünki özümə o qədər əmin idim ki, sonuncuya düşməyəcəmi bilirdim. Yeddi yer yazmışdım biri boş qalmışdı, xala xətrin qalmasın deyə orada Lənkəran Dövlət Universitetinin “İndilis Dili və Ədəbiyyatı” ixtisasını yazdım. Ancaq tale elə gətirdi ki, gəlib ən sonuncuya düşdüm. Bu ixtisası elm saymadığım üçün bu ixtisasdan zəhləm gedirdi, ancaq getməyə məcbur oldum.

Ədəbiyyat ilk dəfə Erik Blairin “Heyvanıstan” adlı əsərini oxuduqdan sonra sevməyə başladı. Həyatımda çox az kitab olub ki, bir nəfəsə, kitabı yerə qoymada oxuyub qurtarmışam. Daha sonra Erik Blairin və Apton Sinklerin həyat-yaradıcılığını oxuduqdan sonra anladım ki, ədəbiyyat heç də elə zəif bir şey deyilmiş. Hətta mən deyərdim ki, digər elmlərlə müqayisədə onlardan qat-qat güclüdür.
Orta məktəblərdə bizə öyrədiblər ki, ədəbiyyat ədəb, təlim-tərbiyə öyrədir. Yalandı. Ədəbiyyat insanlara yalnız tərbiyə, əxlaq vermir. Ədəbiyyat insanları idarə edir, onların beynini yeyir, onlara hətta etmək istəmədiklərini də etdirir. İnsanlar özlərini ədəbiyyatın “köməyi” ilə qurban verir, özünü partladaraq terror törədirlər. Ancaq sizə bir misal göstərim. Siz hec hasısa terror ideoloqunun danışıqlarına qulaq asmınızmı? Heç bir dəfə görmüsünüzmü bu cür adamlar cazibə qüvvəsi, kosinus, kotangensdən bəhs etsinlər. Nə zaman baxsanız görərsiniz ki, onlar Allahla, müqəddəs hesab etdikləri adamlarla bağlı emosional, fantastik hadisələrdən bəhs edirlər, insanları onlar kimi cəsur olmağa, qadınları isə mütləq bu cəsur cəngavərlərlə evlənməyə dəvət edirlər. Öz əməllərini allahın əmri kimi yeridirlər çənələrinin altına düşənlərə. Bildiyimiz kimi bütün bunların hamısı həm də ədəbiyyata məxsusdur və ədəbiyyatın predimentləridir.

Bizim Anadoludakı türklərdən ayrılmağımız tarix səhnəsində çoxdan baş vermiş bir hadisə deyil. Onlarla eyni dili danışmışıq. Ancaq tarixdən bildiyimiz kimi Şah İsmayıl Anadoludakı və Mərkəzi Asiyadakı türk qardaşlarımızla müharibələr apararkən əsgərlərin qarşısında saz çaldırarmış. Öz tabeliyində olan türklər, qarşı tərəfdəki türklərlə saz sədaları altında vuruşdururdu. Saz yaradıcılığı da ədəbiyyata aiddir. Müxtəlif musiqi sədaları altında insanları müharibəyə aparıb qırdırmaq tarixi Şah İsmayıldan əvvəl başlayıb hələ də davam edir və bunun özü də kökünü şifahi xalq ədəbiyyatından götürür.
Ədəbiyyatın hətta qardaşı-qardaşa qırdırması ilə əlaqədar bir misal kimi Koreyanı göstərə bilərik. Bildiyimiz kimi keçən əsrin ortalarında kapitalistlər və kommunistlər arasında ikiyə bölünən bu xalq hazırda bir-birinə qarşı elə nifrət edir ki, elə bil ki, yağı düşməndilər. Təbii ki, hər iki tərəfin ədəbiyyatı bu düşmənçilik təbliğatında böyük rol oynayır.

Umberto Ekonun “Qızıl Gülün Adı” əsərini oxuyarakən orada bəzi xristian dini sektalarının qurşağa qədər soyunub, özlərini döyərək öz bədənlərinə əzab vermələri haqqında olan bir epizoda rast gəldim. Bu epizodu oxuyarkən kitabı bir kənara qoyub bu hadisəni bir anlıq təsəvvür etməyə, gözlərimdə canladırmağa çalışdım. Görün insanları necə inandırıblar ki, onlar özlərini döyərək, bellərini qan çanağına çevirərək Yaradan qarşısında savab iş gördüklərinə inanıblar.
Bəs əslində bu hadisə necə olur?

Təbii ki, əgər hər hansı bir keşiş qalxıb kiməsə desə ki, “sən özünü qamçı ilə döysən Yahve (xristian dinində Allahın adı) səni mükafatlandıracaq” bunu heç kim ciddi qəbul etməz. Ancaq kilsə uzun illər fərqli-fərqli yazıçılardan, ədəbiyyatçılardan, mədihəçilərdən və s.-lərdən istifadə edərək müəyyən mətnlər hazırlayır, müəyyən şayələr yayır. Müəyyən bir vaxtdan sonra isə artıq insanlar bunu sorğulamadan qəbul edir, kilsəni bu dünyada əsas mərkəz, Papanı Yahvenin bu dünyadakı elçisi kimi görür, onun hər dediyini həqiqət olaraq sanırlar.
Belə hadisələrdə, yəni propoqandalarda ədəbiyyat tarixdən istifadə edir. Əslində, tarixin elə ədəbiyyatın bir növüdür desək, zənimcə yanılmarıq. Yəni bir sözlə tarix elə ədəbiyyatın bir uydurmasıdı və məqsəd hər hansı bir informasiyanı manipulyasıya edərək insanların beyninə yeridib onları istədiyin kimi idarə etmək üçündür. Hətta bir çox Qərb dövlətlərində və Türkiyədə tarix ixtisası adətən universitetlərdə ədəbiyyat fakültəsinin nəzdində olur. Tarix elminə və ya fənninə baxdığımız zaman tarixin xronologiya və ədəbiyyatdan ibarət olduğunu görürük. Tarix fənni öz missiyasını yerinə yetirməsi üçün əsas güc xronologiyaya nisbətən ədəbiyyata verir. Məsələn, keçmiş Sovetlər birliyində insanlara vətənpərvərlik ruhunu aşılamaq üçün İkinci Dünya müharibəsi haqqında çoxlu tarixi kitablar yazılmışdı. SSRİ vətənpərliyin aşılanması sayəsində çox uğur qazanmışdı. Hətta rus dilini bilməyən insanlar belə SSRİ uğrunda öz canından keçməyə hazır idilər. Bunu isə yuxarıda qeyd etdiyim kimi SSRİ tarix, xüsusi ilə də Böyük Vətən müharibəsi haqqındakı tarix kitablarına borcludur. Lakin bir anlıq düşünün. Əgər həmin tarix sadəcə xronologiya ilə yazılsaydı, məsələ 1941-ci ildə Almaniya hücuma keçdi, 1944-cü ilin yanvarında Leninqrad blokadası qaldırıldı, 1945-ci ildə müharibə qurtardı və s. SSRİ tarixçiləri qarşılarına qoyduqları məqsədlərinə çata bilməyəcəkdilər. Həmin tarix kitablarını oxuyarkən oradakı bir çox sadə, siravi insanların həyatları haqqında hekayələr görürük. Onların necə vuruşduqlarını, vətən uğrunda necə canlarından keçdiklərini və s. Bütün bunları oxuyan Sovet vətəndaşı özünü həmin şəxslərin yerinə qoymaq, onlar kimi olmaq istəyirdi.
Beş gün sonra “İngilis Dili və Ədəbiyyat” ixtisasına qəbul olmağımın 10 ili tamam olacaq. Bu on il ərzində anladım ki, ədəbiyyat fizika, riyaziyyat, və s. kimi robot, təyyarə və ya hər hansı bir mexanizm yaratmır. Ədəbiyyat bu mexanizmləri idarə edən insanları idarə etmək üçün bizə şans verir. Başqa cür desək, Ədəbiyyat fənni “elmlərin şahı” olmasa da “elmlərin ruhani lideridir”. Tarix boyunca ruhani liderilərin insanlar üzərində gizli nüfuzu şahların və sərkərdələrin nüfuzundan daha güclü olub.


Tarix: 11.09.2015

3828