Qərb qadınlarının “kişiliyi”


Tibb dünyasının klassik məktəblərinin hamısında 20-ci əsrə qədər ağır bir “kişimərkəzçilik” hökm sürürdü. Yalnız təkamülçü tibb ortaya çıxdıqdan sonra, bu ağır və basqıcı ortam aradan qalxmağa başladı. Təkamül tibbi bütün baxışları dəyişməyə nail oldu, bu isə başqa yazının mövzusudur. 18-19-cu əsrlərdə qadınların elmi nailiyyətləri zaman kəsiyində dəyərləndirilir, onların uğurları qısqanclıqla əngəllənirdi. “Elm kişilər üçündür” və “qadın təfəkkürü sərhədlidir” kimi zərərli və bir yanlı fikirlər bütün dünyanın elmi çevrələrində müdafiə olunan düşüncə olaraq qalırdı. Fəlsəfədə “yandırılan” qadın təfəkkürü, elm sahəsində “zindana salınırdı”. Kölgəyə atılan qadın ixtiraları acı patriarxal kişi beyininin təcəssümü kimi tarixə öz möhürünü ustalıqla vururdu. Bu günün özündə də fizika deyiləndə ağıla Nyuton gəlir, Faradey gəlir. Bəs qadın fiziklərin sonsuz məhrumiyyətlər hesabına bəşəriyyətə bəhs etdikləri elmi nəzəriyyələri silmək olarmı?

18-ci əsrdə avropanın Renessans sonrası ən sivil cəmiyyətlərində belə qadın alimlər qeyri-ciddi qarşılanırdı. Ali məktəblərdə və həmin dönəmin ən tanınan universitetlərində, kolleclərində, akademiyalarında mühazirə söyləyən qadın və kişi alimlər arasındakı say nisbəti qorxunc idi. Bunları qələmə alan Qərb qadınlarının elmi dayanışma dərnəkləri bu statistik rəqəmləri élan etmək üçün, nəinki tv-radio, heç mətbuat səhifəsi də tapa bilmirdilər. İllər sonra Mariya Küri yazırdı: “Elmi konfranslarda bizə qarşı açıq ayrıseçkilik hökm sürürdü. Utanc duyurdum, bəzi əks cinslərin bizim ideyalarımıza olan hörmətsiz münasibətindən. Nüfuzlu alimlər və universitet rəhbərləri başqalarının “quru” və plagiat elmi yanaşmalarına saatlarla vaxt ayırsa da, bizə konfranslarda verdikləri on dəqiqəni yüz dəfə kəsirdilər”.

Romantik qadın yazarlar bu halı obrazlaşdıraraq bunu həmcinslərinə qarşı məsuliyyətsizlik hesab edirdi. Feministlər isə bu halı daha ifrat formada “qadın düşmənliyi” kimi izah edirdi. Bu yanaşmaların hamısı kökündən yanlış olmasa da, obyektivv həqiqət də deyildi. Qadın elm nümayəndələrinə qarşı bəslənən münasibət qadının təfəkkürünə qeyri-ciddi münasibətdən törəyirdi. Qlobal təsdiqini tapmış elm jurnallarının arxivlərində qadın alimlərə həsr olunmuş az sayılı məqalələrdə açıq ironiyalara rast gəlmək mümkündür. Adını çəkmək istəmədiyim bir müəlliməmiz bir dəfə seminarda xarici elmi simpoziumlardan birində başına gələn hadisələri belə danışırdı: “Avropada həndəsə alimlərinin və doktorantlarının qatıldığı bir konfrans üçün Şərq ölkələrinə də kvota ayrılmışdı. Müraciətlər arasında qadın riyaziyyatçılar çox idi. Sonda birtəhər seçildik və təxminən iyirmiyə yaxın qadın riyazziyatçı həmin tədbirə yola düşdük. 21-ci əsrin bu inkişaf çağında bizim riyazi təhlillərimizi təqdim etmək üçün ayırılan çıxışlarda keçirdiyimiz stressi heç vaxt keçirmədiyimizə əminəm. Qadınlara çıxış üçün ayırılan zamanda dəfələrlə müdaxilələr edilir, sözümüz kəsilir, təqdim etdiyimiz cədvəllərin müzakirəsinə yer verilmir və mən anlayırdım ki, qadın təfəkkürünün özünü təqdim etməsi üçün dünya tarixi hələ də çox axsaq addımlayır”. Deyl Karnegi pisxologiyanın qısqanclıq reflekslərini izah edəndə məsələni digər psixoloqlardan fərqli qoya bilirdi. İnsan bir şeyi mütləq kimi qəbul edəndə, nə qədər gerçək və effektiv olsa da, heç nə onun qərarını dəyişdirmək iqtidarında olmur, necə ki, qadınların elmə töhfəsinə olan primitiv münasibət indi də davam edir və bu elm tarixinə qarşı ən bəsit haqqsızlıqlardan biridir.

Fizika sahəsində adını həkk etdirən qadınlar arasında diqqətimi çəkən qadınlardan biri Mileva Mariçdir. Fəlsəfədə Epikürün qadınının fədakarlığını Eynşteynin həyat yoldaşı Mileva Mariç fizikada etmişdir. Doktoranturadan yuxarı elmi pilləyə qalxmamasının tək səbəbi Eynşteynlə davam edən 16 illik evlilik həyatında üç uşağı böyütmək məsuliyyətinin də onun üzərinə yüklənməsi idi. Albert Eynşteynin fiziki kəşflərində Mileva Mariçin tövsiyələrinin ciddi rol oynadığına inanılır. Qadın fiziklər arasında xüsusən cəsur olanı Liza Maytner idi. Dahi fizik Maks Plan onun uğurlarını etiraf etmək istəmir və “təbiət qadınlara iki vəzifə verib ana olmaq və uşaq böyütmək” fikirini də Berlin Universitetindəki dərslərə qatılmaq istəyən Liza Maytnerə ünvanlamışdı. Liza öz biliyi ilə Plankı sonralar peşman edir və o Lizanın bacarıqlarını görərək, onu asistantı kimi işə götürür. Praktiki fiziklər Maytneri laboratoriyalardakı təcrübələrə buraxmadığı üçün, o ailəsinin maddi dəstəyi ilə öz evində kiçik təcrübə otağı üçün lazım olan materialları əldə edərək, araşdırmalara başlayır. Maddi gəlirə ehtiyacı olduğu üçün yazdığı elmi məqalələri başqa adlarla dərc etdirir müxtəlif dərgilərdə. 20-ci əsr Almaniyasında qadınların yazıları elmi jurnallarda verilmədiyi üçün o buna məcbur qalırdı və öz imzasını gizlədirdi. Villem Universitetindeki illərdə Maytner “protactinium” elementini kəşf etsə də, onunla birgə çalışmış kişi fiziklər əsas ad olaraq önə çıxarılır və verilən mükafatın yalnız kopyası Maytnerə çatır. Maytner fizikadan kimya sahəsinə yönəlir və Berlin Universitetitin ilk qadın professoru adını qazanır. Uranla bağlı çalışmaları olsa da 1938-ci ildə Almaniyanın Avstriyanı işğal etməsindən dolayı qaçmaq məcburiyyətində qalır. Məşhur fizik Otto Friş həm Maytnerin tələbəsi, həm də qohumu idi.

1939- cu ildə bütün dünya tarixinə səs salan “Uranın neyronlara parçalanması” elmi məqaləsi yayılır. Həmin zamanlar atom bombalarını təkmilləşdirən ABŞ Maytneri özünü məşhur “Manxetten proyekti” layihəsinə dəvət etsə də, Maytner elmin savaşlarda üstünlüyə xidmət etməməsi gərəkdiyinə inandığı üçün bu yüksək maddi gəlirli təklifdən imtina edir. Maytner 1949-cu ildə Maks Plank mükafatına layiq görülür və ölümündən sonra 109-cu elementə onun adı verilir. Qadınların elm dünyasında ikinci sıraya qoyulduğu illərin önəmli simalarından biri də fransız fizik Emilya dü Şatelet idi. Ailəsi imkanlı idi və Emilyanın atası 14-cü Luinin baş müşaviri vəzifəsində olmuşdu. Bu qadının ən önəmli keyfiyyəti, məncə, hələ 12 yaşında olanda latın, italyan, yunan və alman dillərini öyrənməsi idi. Şatelet fəlsəfi esselər yazıb, opera musiqiləri ifa etməyi də bacarırdı. Şatelet dünya fəlsəfi fikirinin üstad maarifçisi Volterlə gənc yaşlarında tanış olma şansına sahib olur. Kilsə və dövlətin ayrı olması məsələsində Volterlə həmfikir idi.

Təəsüf ki, mükəmməl bir zehinə sahib olan Şatelet 20 yaşında müraciət etdiyi Fransız Elmlər Akademiyasından qadın olduğu üçün rədd cavabı alır. İllər keçəcək və bu akademiya onun “Təbiət üzərinə tezislər” kitabını nəşr etdirəcəkdi. Fransanın Nyutonla tanışlığı Şataletin onun elmi fikirlərinə həst etdiyi kitablar və yazılar sayəsində mümkün olmuşdu. O, həmçinin nə qədər qatı Nyutonçu olsa da, sonralar Leybnitsin müddəalarını müdafiə edir. 42 yaşında hamilə qalır və həyatı hamilə qaldığı illərdə bətnindəki körpə ilə sonlanır. Şatalet elmdə qadın özünə güvənin imzası idi. “Məni ikinci sırada görməyin. Öz bilgi potensialıma baxanda özümü heç də bir filosofdan, ya da metafizikçidən aşağıda görmürəm. Öz etdiklərimlə, özümə cavabdeh olan bütöv bir insanam mən”- fikirləri qadın özünü təsdiqin nümayişi idi. Şərqdə bu çağlarda qadın fizikaçılara demək olar ki, rast gəlinmir. Yalnız Türkiyənin ilk qadın kimyaçılarında olan Rəmziyyə Hisarın 20-ci əsrdə fizikaya dair çalışmaları olmuşdu. Rəmziyyə Hisar həm də Fransanın məşhur Sarbon Universitetitinin məzunu olan ilk türk qadını idi. Onun taleyində Azərbaycanın da xüsusi yeri vardı. Türkiyə darülfünunlarında o illərdə qız və oğlanlar eyni yerdə dərs almadıqları üçün Rəmziyyə Hisar Bakıya gəlir və burda oğlan tələbələrə dərslər keçir. Azərbaycanın müstəqilliyinin süquta uğramasından sonra Sovet mühitində qalmaq istəməyən Rəmziyyə Hisar Bakıda ailə qurduğu türk doktor Rəşid Gürey ilə İstanbula geri dönür. Sarbonda təhsilini davam elətdirdiyi zamanlarda tarixin ən parlaq kimyaçı qadını Mariya Küridən dərs alır və ondan yüksək qiymətlər almağa müvəffəq olur. Rəmziyyə Hisar Türkiyəyə döndükdən sonra burada fizika və kimya sahəsinə dair ciddi tədqiqatlar aparır və bir də 1930-cu ildə doktorantura təhsilini davam etdirmək üçün Parisə qayıdır. Rəmziyyə Hisar ana kimi də uğurları ilə türk elm tarixinin yaddaşında qalmağı bacarır. Bir qızı dünyaca məşhur psixiyatr olur, digər qızı Fəza Gürsey 20-ci əsrin ortalarında Türkiyənin dünyada tanınan fiziklərindən idi.

Biologiyada qadınların uğurlu təcrübələri paralel olaraq tibbin inkişafına təkan verirdi. Biofizikaçı Rozalind Franklin adi bir qərbli ailəsində dünyaya göz açsa da, Kembric Universitetindən məzun olmağı bacarır. Polio və tütün virusları üzərində etdiyi araşdırmalarla adından bəhs etdirən Rozalind insan DNK-sı ətrafında apardığı araşdırmaları tamamlaya bilmədi və 37 yaşında xərçəngdən vəfat etdi. Biologiya və genetika sahəsində Maria Stivensin işləri tanınır. X və Y xromosomlarına dair onun ortaya atdığı müddəalar uzun illər dünya elm meydanının əsas silahı olmağı bacardı. “Biologiya mələkləri” siyahısında qadın botanikaçı Barbara Makklintok daha çox tanınır. Qarğıdalı bitkisi üzərində etdiyi tədqiqatlar botanikada bu gün də istifadə edilir. Barbara 1983-cü ildə fiziologiya sahəsində Nobel mükafatını qazanır. Bioloq qadınlar içərisində həyatın ironiyası ilə üzləşən molekulyar bioloq Anita Roberts olmuşdur. O kök hüceyrələrin sistematik analizi ilə uzun illər məşğul olmuş və xərçəngin müalicəsi ilə bağlı tədqiqatlar aparılan laboratoriyalarda çalışsa da özü xərçəngə məğlub olmaqdan qurtula bilmir. Amerikalı primatoloq Dian Fossi qorillalar üzərində ciddi elmi araşdırmalarını yekunlaşdırmağı qarşısına məqsəd qoymuşdu. Bu səbəbdən Afrikaya gedərək qorillaları yerində öyrənmək eşqi ona həyatı bahasına başa gəlir. 1985-ci ildə qaldığı yerdə vəhşicəsinə öldürülmüş formada tapıldı.

Qadın elm simasının ən populyar olanı Maria Küri idi. Dünyanın ən yaxşı 5 kimyaçısından biri hesab edilir hələ də. Əslən polyak olan Mariya Varşavada dünyaya gəlir. Atası da məşhur riyaziyyatçı fiziklərdən idi. Mariya Sarbonda fizikadan doktorantura oxuyarkən müəllimi Pier Küri ilə tanış olur və onunla evlənir. Pier Küri ilə birlikdə kimyəvi elementlərin kəşfinə fokuslanan Maria iki elementin kəşfinə nail olur. Bu elementlərdən birini vətəni Polşanın şərəfinə polonium, digərini isə radium adlandırdı. Pier Kürinin ölümündən sonra onun Sarbondakı vəzifəsinə gətirilən Küri Radium elementinin incəlikləri üstünə tədqiqatlar aparır və kimya üzrə Nobel mükafatına layiq görülür. Maria daha öncə Pierlə birgə Nobel Fizika mükafatını da qazanmışdı. Ölümündən sonra qızı İren valideynlərinin yolunu davam etdirərək evləndiyi Coliot adlı alimlə tədqiqatları davam etdirir.

Qadınların riyazıiyyatdakı özünü tədqiqi erkən dövrlərdə Hypatianın adı ilə bağlıdır. Həm də filosof olan Hypatia haqqında daha əvvəlki yazımda bəhs etmişdim. Orta Əsrlərin məşhur qadın riyaziyyatçıları arasında Sofia German daha çox vurğulanmalıdır. German tələbə olanda qadın olduğu üçün tezislərinin ciddiyə alınmayacağı narahatlığından dolayı müəllimləri tərəfindən verilən tapşırıqları “M. LeBlank” saxta adıyla təqdim edir. Bir çox prestijli riyaziyyat yarışmalarına qatılır və Poisson kimi ünlü riyaziyyatçılarla qarşı-qarşıya gəlir. Rəqəm teoremləri üzərinə etdiyi araşdırmalar yarımçıq qalır və 55 yaşında xərçəngdən dolayı həyatı bitir. Rus riyaziyyatçı Sofia Kavalevskayanın adı həyatı boyu Stokholm Universitetində professor mərtəbəsinə yüksəlmiş qadın kimi xatırlanır. Ədəbiyyatı sevdiyi bilinən Kavalevskaya Dostoyevski və Anton Çexovla yaxın münasibətlərdə olmuşdu. Tibbin bu gün gəldiyi nöqtəyə də qadınların tarixi təsiri böyük olmuşdur. 11-ci əsrə qədər qadınların tibb sahəsindəki işlərinə rast gəlinmir. Yalnız 11-ci əsrdə İtalyadada qadınların rahat tibb təhsil aldığı məktəblər açılır. Teokratik xristianlığın iqtidar olduğu dönəmdə paqanizmdə günahlandırılanlar içərisində daha çox qadınlar yer alırdı. Teodosiya və Tekla kimi qadın tibb araşdırmaçıları və xalq arasında şəfa verici kimi qiymətləndirilən simalar edama məhkum edildi. Təsəvvür edin, yalnız 20-ci əsrdə qadınlara rəsmi həkim kimi işləmək icazəsi verilir Avropada. Elizabet Bləkvel ilk rəsmi qadın həkim hesab olunur. Tibb təhsili alsa da məzun olmasına icazə verilmədi və yalnız əczaçı sertifikatı ilə təmin olundu. Qadınların astronomiya və kosmos araşdırmaçılığı sahəsində müxtəlif xidmətləri mövcud olmuş, sovet kosmonavtı Valentina Tereşkova səmanı “fəth etməyi” bacarmışdı.
Qadınların elmdə məruz qaldığı ayrıseçkilik tarixi formada bu günə qədər bu formada davam etmişdir.
Qadın təfəkkürü bu gün insan elminə sonsuz nailiyyətlər qazandırmaqda əvəzsiz olmağı bacardı.
P.S. Qadının təfəkkürü incə və dəqiqdir. Orada olan elmi analizlər və ideyalar tarixin hər dövründə əngəllənsə də, öz ağırlığını və çəkisini qorumağa nail olmuş və gələcəyin elmi zəkasına mühüm töhfələr verməyi bacarmışdı.


Tarix: 14.09.2015

5929