Kandidin 12 sualı - yeni layihə


Əsəd Qaraqaplan: “Özümü ümidin öhdəsinə buraxıb “işgəncəmi uzatmaq” istəmirəm”

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın buçağının tanınan simalarına ünvanlayaq. Müsahibimiz gənc yazar Əsəd Qaraqaplandır.


1. Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

- Məncə, bu dünyada nə varsa, hamısının bir pis tərəfi, bir pis nəticəsi var. Ona görə bu dünyadakı sevgi də belə iyrənc nəticələr doğura bilir. Çünki o sevgi sevgi olmaqdan çıxıb “bu dünyanın”, ya da “bu adamların sevgisi” halına gəlib. Məncə, Kandid 20 təpiklə hələ çox yaxşı qurtarıb. O gün biri sevgilisiylə telefonda dalaşa-dalaşa özünü qatarın altına atıb öldürdü. Bəli, bərk sevirəm mən də; bir öpüşə görə 20 təpik yeməyə hazır olduğum halda özümü qatarın altına atmaram.

2. Sevgi öldürməyə qadirdir?

- Bəli. Bu dünyada nə varsa ölümlü və öldürməyə qadirdir. Elə bir şey yoxdur ki, öldürməsin. Və ən pisi odur ki, sevgi adamı yaşaya-yaşaya öldürür. Zatən sevgi olmasa, insan nə vaxtsa yaşadığını, ümumiyyətlə, yaşaya bildiyini bilməz.

3. Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- Məncə, bütün istəklərin gerçək bir mənbəyi, onu istəkli edən bir əsası olur. Görünür, azadlıq istəyi də içindəki ilkin azadlıq varoluşundan doğur. Yəni içində azadlıq var imiş ki, sən də sonradan azad olmaq istəyirsən. Heç nə qıraqdan gəlmir, əlbəttə. Nə varsa içimizdədir, nə varsa içindədir. Mövlanə demiş: “Fihi ma fih”. Azadlıq da başqa duyğular, məsələn, sevgi kimi pulnan satın alına bilinmir. O ya var, ya da var...
Mənə ən mənasız gələnsə odur ki, məsələn, azadlığı cəhd edərək, çalışaraq əldə etmək söhbəti, düşüncəsidir. Belə bir şey texniki olaraq mümkün deyil.


4. Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- Mən heç bir dünyanın var olduğuna inanmır, inana bilmirəm. Hətta mənə elə gəlir ki, bu dünya da nəsə bir fırıldağın, nəsə anormallığın, nəsə bir yanlışın nəticəsidir. Çünki hər şeyin pisi burda və buradırsa, başqa dünyalar mümkün ola bilməz. Olsa belə, bundan artıq olmadığı kəsin. Dünyayla bağlı elə də ciddi və yaxşı fikirdə deyiləm, açığı.

5. Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə
Dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Zatən bu utopik ölkə, məkan, cəmiyyət anlayışları onun məhz olmadığından yaranır. Çünki heç olmayan bir şey yalnız hər mənada gözəl ola bilər. Var olan bir şeyin mütləq bir pis tərəfi var. Bütün bunlar dünyanın pisliklərindən, əzablarından, ağrılarından qaçmaq cəhdləridir. Amma nə yazıq ki, mən qəbul eləmişəm ki, başqa gözəl bir dünya yoxdu və ola da bilməz. Ona görə özümü ümidin öhdəsinə buraxıb “işgəncəmi uzatmaq” istəmirəm. Məncə, insanlar bu utopik xəyalları buraxıb, dünyadakı gerçəklərlə barışıb, onlara uyğun yaşasalar, onda bu dünayada indikindən daha az pislik, daha az acı olar.

6. Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan
bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik
mövcuddurmu?

- Mümkün deyil. Elə ona görə indiyə kimi mümkün olmadı. Bu dünya sadəcə bəzi adamlarıdndır, hər kəsin deyil. Bu dünya hər kəsə görə yer də deyil; burda insan öz təbii halıyla yaşaya bilmir. Hətta göydəki hava da başqalarına aiddir.
Mən öz doğma ata evimizdə - kəndimizdə dincəlməyə gedəndə anlayıram ki, hətta bunun da bir bədəli var. Bunda bərabərlik yoxdur. Mən mütləq nəsə bir bədəl ödəməliyim ki, öz haqqım olanı əldə edim. Bu mənada ən çox xərclədiyim əsəbdir.


7. Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Dünyada ən ədalətli şey ölümdür. Ancaq biz özümüzə qarşı da tam ədalətli ola bilmədiyimizə görə ölümü də rahatlıqla qəbul edə bilmirik. Bu dünyaya gələn hər kəs və hər şey həm də bu dünyanın bir parçasına çevrilir. Ona görə də “ilahi ədalət” burda zədələnir və biz ölümə - özümüzə ədalətli yanaşa bilmirik.
Hərdən hər şeyi başa düşürəm, amma dörd əllə həyata sarılan, bütün günü didişə-didişə sərvət qazanan, onun-bunun ayağının altını qazıb, yaltaqlıq və daha nə bilim neçə min hoqqalardan çıxıb yaşayan insanları ciddi başa düşə bilmirəm. Məncə, bu dünyanın, bu dünyadakı insanın və ədalətsizliyin ən böyük faciəsi budur.

8. Bir-birindən ayrı din ola bilərmi?

- Ümumiyyətlə, din ola bilərmi? Mən ən çox bunu düşünürəm. Düşünürəm, amma hələ bir qərara gələ bilmirəm.

9. Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə
dayanır?

- Bayaqdan dediyim ki, yaradılışın, dünyanın ümumi mənzərəsi, yaşamağın əslində böyük bir ağrı prosesi olduğunu düşünməyim. İnsan yaxşı məxluq olsaydı, insana – özündən birinə pislik eləməzdi. Onu satmaz, onun üzərində maddi və mənəvi yamanlıqlar qurmazdı.

10. Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik
axtarmağın adı və dadı nədir?

-İçimizdən keçirə bilməmək. Bizim içimizdən, duyğularımızdan keçməyən bir şeyin, hətta nə qədər gözəl olsa, adı da, dadı da başqa olur.

11. Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri
oxuyanda çox maraqsız olur?

- Görünür, insanın göz-faciə yaddaşı daha güclüdür. Çünki o doğulandan – dünyaya göz açandan faciələr görür. Ona görə göz artıq öyrəşir ona baxmağa. Bəlkə də bu dünyadakı faciələr gözlə görünsün deyə var. Bəlkə də, ona görə gözümüz var bizim, kim bilir.

12. İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi,
fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Bütün çağlarda. Sadəcə, getdikcə daha da inkişaf eləmiş, daha da təkmilləşmişdir bütün bu insani xüsusiyyətlər. Məncə, insanın ən böyük kəşfi və həmişə təkmilləşdirdiyi bir şey varsa, o da fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü kimi dəyərləridir. Mopassan “Əziz Dost” romanının sonunda belə qərara gəlir: “Gələcək fırıldaqçılarındır”.

“Kirpi”nin tikanı:

-Əsəd Qaraqaplan “Kandid” yarada bilər nə vaxtsa?
– Hər kəsin bir “Kandid” dövrü olur, mənim elə bir dövrüm trilogiyamı, xüsusən üçüncü roman “Savaşroman”ı yazanda olmuşdu. Ondan sonra dünyayla bütün bağları kəsdim. Çünki anladım ki, bu suallara heç vaxt cavab tapa bilməyəcəyəm. Daha doğrusu, anladım ki, bu suallar yanlışdı, yanlış qoymuşuq, ona görə də bu dünyada onların cavabları yoxdur.

Hazırladı Tural İsmayılov


Tarix: 17.09.2015

4854