Matevosyandan camış nümunəsi


Erməni qeheteşniki Vaan Emilyeviç Martirosyan da qaçıb bu tərəfə keçəndən sonra orda-burda gileylənir ki, Ermənistanda günü-gündən ermənilərin say azalır. Day biz kişiliyimizə sığışdırıb soruşmuruq ki, drats’i (ermənicə qonşu deməkdir), sizə necə kömək edə bilərik? Erməni də olsa, allah əmanətidir, xətrinə dəymək olmaz.
O gün dəm-dəzgahlı bir yas yerində də - Allah ölənlərinizə rəhmət eləsin - kişilər ehsanı yeyib, yağını aşağı siyirmək üçün üstündən siqaret tüstülədərək xısın-xısın danışırdılar ki, "News.am" saytında ermənilər aləmə car çəkiblər: amanın bir günüdür, bizə yardım əlinizi uzadın. Yoxsa belə getsə, 40-45 ildən sonra dünyada erməni deyilən zatın kökü kəsiləcək. Kişilərdən biri mollanın danışdığı hədisə ağız büzə-büzə "cəhənnəmə kəsilsin" deyib, yaxasını söhbətdən qırağa çəkdi. O birisi növbəti "Fatihə"nin yolunu gözlədi ki, durub aradan çıxsın, hiss olunurdu ki, ehsanın yağı qısnayıb, ayaqyolundan ötrü kişinin burnunun ucu göynəyir. Üçüncü kişi isə mollaya "Həccdə aşan kran şeytan əməli ola bilərmi?" sualını verərək mətləbdən yayındı. Mən isə məclisin yuxarı başında, mollanın başı üstündə, zavallı mərhumun xalçaya "izolentlə" yapışdırılmış və bir ucu qopmuş şəklinə baxa-baxa xəyallara cumdum.

O illərdə atamın şəkil albomunda qayçıyla kəsilib düzəldimiş bir cüt göz şəkli vardı və rəhmətlik kişi həmişə bu "gözlərə" baxanda nədənsə dərindən ah çəkirdi. Sonralar öyrəndim ki, bu qayçılanmış şəkil kişinin cavanlıq vaxtı Bakıda "gəzdiyi", yaxud milli-mənəvi ləhcədə desək, "üç öpüb bir dişlədiyi" erməni qızının gözləridir. Yas yerində adamın belə şeyləri xatırlaması adi haldır, çünki ağız-ağıza verən molla cütlüyü, hətta triosu öz çeynətüpür etdikləri söhbətləri ilə adama belə bir hiss aşılayırlar ki, hamınızın "Fatihə"sini beləcə oxuyacayıq, hamınız cəhənnəmə vasil olacaqsınız. Bu hissin bədbinliyindən qurtulmaq üçün, nəinki erməni qızının gözlərini, lap erməni porvanəsi Kim Kardaşyanın döşlərini də düşünmək əfzəldi.
“Kak raz” uşaqlıq illərinə getmişkən, o illərdən qalan bir düşüncəmi də danışım. Uşaq vaxtı elə bilirdim ki, mollalar ölmür. Onlar ölənləri o dünyaya yola salmağa gələn əbədi sirli məxluqlardır, hətta ölümdən qorxmağa başladığım yeniyetməlik vaxtlarımda əbədi yaşamaq üçün bir ara molla olmağa qərar vermişdim. Nəysə, mətləbdən caymayaq.

Hə, demək, ermənilərin doğub-törəmək problemi gündəmdədir. Bizdə belə bir atalar sözü var: ehtiyac düşmən qapısına aparar. Ancaq mən bu sözün bizim ataların dediyindən bir az şübhəliyəm, çünki bu yaşa gəldim, acından ölən azərbaycanlı gördüm, ancaq düşmən qapısına çörəyə gedənini görmədim. Yüz faiz bu sözü bizim atalara təzyiq altında dedirdiblər, bəlkə də, başlarına tapança-zad da dirəyiblər.

Yadıma İkinci Dünya müharibəsi zamanı bizim rayonun yalnız fars mənşəli əhalidən ibarət olan bir kəndində baş verən hadisə düşdü. Müharibə başlar-başlamaz sovet hərbi komissarı bu kəndə də gəlir ki, kişiləri səfərbərliyə alsın. Fars olduqları üçün ətraf türk kəndləri ilə qaynayıb-qarışmayan bu kəndin kişiləri komissardan soruşurlar ki, müharibə nə olan şeydir və biz orda nə iş görəcəyik? Komissar cavab verir ki, müharibə ölüm-dirim məsələsidir, siz orada faşist öldürəcəksiniz. Əlində yaba tutmuş və komissarın dediklərindən heç nə anlamayan bir kəndli soruşur: "Məsələn, elə məni götürək, nə qədər faşist öldürməliyəm sizin üçün?". "Yaxşı döyüşsən, beş-altısını öldürərsən, yəqin" - komissar cavab verir. Kəndli əlindəki yabaya söykənib gileylənir: "Olmaz ki, siz faşistləri gətirəsiniz, biz kənddə yabalayıb öldürək?" Elə bu təklifə görə də həmin kəndi İkinci Dünya müharibəsində iştirak etməkdən məhrum edirlər.

Bu arvad-uşaq məsələsində biz türklərin əli həmişə gətirib. Təkcə qan qohumumuz Çingiz xanın müharibə siyasətindən danışmaq kifayətdir ki, oxucunu buna inandırasan. Çingiz xan işğal etdiyi ölkələrdə o qədər oğul-uşaq əkmişdir ki, deyilənə görə, bu gün də dünyadakı hər altı adamdan biri onun genini daşıyır. Biz indi, məsələn, yığışıb erməni camaatına köməyə getsək, əminəm ki, cəmi 50-60 ildən sonra zırramalar bunun adını genosiddən-zaddan bir şey qoyacaqlar. Məsələnin ikinci, daha qəliz tərəfi budur ki, tutalım, düşmən də olsaq, yardım əlimizi uzatdıq, bəs bu doğulan uşaqları kim saxlayacaq? Yoxsa sonradan bizi məhkəməyə verib "alimentlə" dolanmaq fikrindədir bu xalq? Bir sözlə, bizi erməni ilə drats’i (qonşu) edənin atasının goruna I Pyotrun süngüsü...

Maraqlı bir erməni yazıçısı var, Matevosyan. Yəqin, oxucularımızın beş-altısı onun "Camış" hekayəsini oxuyub. Hekayə erməni camışının özünə necə kəl axtarması haqqındadır. İnsafən deyək ki, - düşmən də olsaq - yaxşı hekayədir. Camış doğmaq istəyir, bunun üçün ona əyani vəsait, yəni kəl lazımdır. Camış bir-iki həftə həyətdə kəlin yolunu gözləyir, qarasına həsrətlə böyürür. Kəl gəlib çıxmır ki, çıxmır. Ağzında "KƏL" deyirsən, kəl elə hər böyürtüyə gəlsə, tula olar ki. Kəli əldə etmək üçün gərək aylarla, illərlə böyürəsən, yeri buynuzlayasan, dizin-dizin sürünəsən. Bəlkə, onda Allah kəlin könlünə rəhm saldı, dönüb sən tərəfə baxdı. Matevosyanın camışı da bir xeyli gözləyib əmin olur ki, kəl, deyəsən, gələn şoğəribə oxşamır, özü bəzənib-düzənib onun görüşünə gedir. Ardını özünüz məndən yaxşı bilirsiniz. Bu hekayəni xatırlatmaqda məqsədim ondan ibarətdir ki, erməni camaatı öz yazıçısının yaradıcılığından ibrət götürsün. Böyürməklə iş olmaz, könlü balıq istəyənin quyruğu suda gərək. Uşaq doğmaq istəyirsənsə, evdəki kişi də zırdan düşübsə, "kəli" axtarmağa özün gedəcəksən. Ya da...

Böyürə-böyürə qalacaqsan.


Tarix: 18.09.2015

4700