Karikatura təhlükə növüdür


Karikatura sənəti yaradıcılığın ən azad qolu hesab edilir. Karikaturada mövzu yığcam formada təhlil edilir və dövrün eybəcərlikləri konkret bir hədəf kimi müəyyənləşərək qısa formada, amma ağır tənqidə məruz qalır. Ədəbiyyatçının tənqidləri bəzən üstüörtülü olur, yaxud bir jurnalist tənqidi dolayı ifadələrlə çərçivələnə bilir. Karikaturada isə bunlar yoxdur, karikaturanın sərhədləri yalnız tənqidin dozundadır. Onsuz da, istənilən bir karikaturaçı nə qədər çalışsa da özünü buxovlaya bilmir. Çünki karikaturanın mahiyyətində sonsuz azadlıq idealları dayanır. Yarandığı gündən karikatura bu üzdən incəsənətin digər növlərindən ayrılmağa müvəffəq oldu.

Daha əvvəllər karikatüristlər bir müddət təsviri incəsənətin bir neçə qoluyla “anlaşma” şəraitində fəaliyyət göstərsə də, orta əsrlərin sonuna doğru bu vəhdət pozulmaya başladı. Karikaturanın müstəqillik qazanması pilləli formada baş verdi, bu ayrılma və ittifaqdan qopmalar özünü 4 mərhələdə göstərdi: 1) Öncə karikaturistlər rəssamlıqdan ayrıldı. Seçim qarşısında qalan karikaturaçı rəssamlar bu yol ayırıcında konkret bir tərəfi tutmağa məcbur oldu. Eynilə, Van Qoqun dediyi kimi, rəssamlıq və karikatura sənətiylə məşğul olanların hadisələri izahetmə metodu əsla eyni ola bilmirdi. Rəssam üçün peyzaj və gözəllik əsas xammal idisə, karikatura iyrəncliklərdən və eybəcərliklərdən “qidalanırdı”. Karikaturanın rəsm sənətindən ayrılması bu fonda ustalıqla baş verdi, rəssamlıq karikaturadan bir dəfəlik ayrıldı. 2) İncəsənətin digər növləri ilə karikatura arasında 18-ci əsrə qədər barış və anlaşma mövcud olsa da, daha sonra bu müttəfiqlik aradan qalxdı. Heykəltəraşlıq həmişə karikatura ilə məsafə saxlayırdı. Onların bir-birinə ideya baxımdan yardımdan savayı heç bir təsiri ola bilməzdi, şübhəsiz. Qrafik incəsənət və dizaynın formalaşması ilə daha sakit və mötədil xətt tutan rəsm dərgiləri yavaş-yavaş karikaturistlərdən qurtulmağa başladı. 3) Hər zaman bir-biriylə sıx bağlı olan ədəbiyyat adamları və karikaturaçılar bir müddət bir-birinə töhfələr verdi. Belə ki, karikaturaçıların yazarlardan fikir aldığı, şairlərin şeirlərində dilə gətirdiyi naqislikləri karikaturaya dönüşdürdüyü məlum idi. Bu əlaqə indi bərpa olunsa da, uzun əsrlər ədəbiyyatla karikatura arasında “soyuq savaş” hökm sürürdü. Ədəbiyyatın despotizmə boyun əyməyən nümayəndələrinin sərbəst və müstəqil fəaliyyəti, sonra isə ədəbiyyatın ideoloji bir alt qat qazanması ilə karikaturaçılar yazarlardan uzaqlaşmağa başladı. 4) Musiqinin karikatura ilə münasibətləri həmişə yaxşı idi. Sxolastika zülmətində “autodafe” vəhşətinə məruz qalanlar içərisində xüsusən karikaturistlər daha çox əzaba məruz qalırdı. Onların eybəcərlikləri açıq və hədd gözləmədən çəkməsi içtimai “laxlamalara” təkan verir və teokratik sistemin dayaqlarını sarsıdırdı. Həmin dönəmin qeyri-insani basqılarını qələmə alan tarixçilər maraqlı bir nüansa diqqət çəkir. Elm adamları və alternativ təfəkkür daşıyıcısı olan yazarlar daha “söz dinləyən” olduğu üçün, onların bəziləri edamdan əvvəl həbslərə atılır, hətta bağışlanaraq həbsdən çıxanlara da rast gəlinir aralarında. Amma təəssüf ki, elə dəhşətli bir mənzərə var idi ki, bəzən bir karukaturası çıxan həvəskarı həmin dəqiqə tonqala atırdılar. Bəstəkarlar karikaturaları bir növ notlara köçürürdü, sonralar isə musiqi də rəsm kimi daha çox zövqü oxşamağa başladıqca karikatura ilə dəqiq məsafələri müəyyən olundu. Karikatura kiminsə diqtəsinə və sifarişinə sığmır. Məhz, elə buna görə də, indi insanlarda qıcıq yaranır. Son zamanlar özəlliklə karikaturalara sifariş diqtə etmək cəhdlərinə rast gəlirəm. Bir qrup adam elə başa düşür ki, karikatura onların dediyi ilə şəkillənməli və konkret fərdə dayanmadan çəkilən təsvirlər təsir edici olmur guya. Totalitarizmin eyforiyası belə bu bir qrup adamların beyinindən daha dəhşətli deyil. Karikatura fərdlərə söykəndiyi qədər, həm də toplumsal tənqidi və satirik məğzi ilə bütöv eybəcərlikləri tənqid edəndə daha güclü olur. Mediada karikaturaların çərçivələnməsi bizim ölkədə rast gəlinən acı haldır. Bəzi medi orqanlarında çəkilən karikaturalarda ancaq bir istiqamət formalaşır, karikatura siyasi müxalifətin oyuncağına çevirilir və çox acınacaqlı haldır ki, bu duruma səs çıxarmayan, karikaturanın mahiyyətinin siyasi vasitə olmadığını anlamayan adamlar ölkədə alternativsiz və tək-tük formada sağlam satirik tənqidə fokuslu portal və bir neçə dərgidən də öz missiyalarının təbliğatçısı olmasını tələb edir, sanki. “Filankəsi tənqid edin, onda sizə deyərik, karikaturanız effektlidir”, “karikatura müxalifəti tənqid etməməlidir, əgər bu hal baş verirsə, deməli, onda sifariş var” və sair kimi dözümsüzlük qoxan fikirlərin girdabında qalan adamlar nədənsə Çak Palanikin “Döyüşçü klubu” əsərindəki mənzərəni canlandırır gözümdə. Karikaturadan qorxduqları üçün ifrat fərdiyyətçi ehkamları insanlara sırımağa cəhdlər edirlər. Tarix boyunca karikaturalara iki tip basqı mövcud olmuşdur. Bunlardan birincisi, ən dəhşətli olan sui-qəsdlər və terror hücumlarıdır şübhəsiz. İkincisi isə, mənəvi təhdidlərdir. Karukaturaçının məsuliyyət daşıdığı bir həqiqətdir sözsüz ki. Bayaq da qeyd etdiyim kimi, karikaturanın strukturu o qədər çılğındır ki, onu istənilən formada nə qədər mötədil təqdim etməyə çalışsaq da, təhqirə keçid mərhələsində ehtiyyatlı olmaq lazımdır.

Həyatı boyunca çəkdiyi karikaturalara görə ətrafdan basqılara məruz qalanların başında fransız karkaturist Honore Daumiyer dayanır. Karikaturanın inteqrasion modelini işləyən tək-tük sənətkarlardan olub. Mənə görə, onun hər şeydən öncə bir rəssam və heykəltəraş olması, sıxılanda şeirlər yazıb, poeziya ilə məşğul olması da bunda önəmli rol oynamışdır. Daumiyer 18 fevral 1808-ci ildə Marseldə dünyaya gəlib. Atası adi bir pəncərə sexində işləyir və ailəsinin maddi durumuna görə 1814-cü ildə Parisə köçür. Hətta maddi vəziyyəti ailəsinin o qədər pis olur ki, Daumiyer bir vəkilin yanında köməkçi kimi işləməyə başlayır. Daumiyer balaca olarkən çəkdiyi rəsmlər ilə ətrafdakıların marağına səbəb olur. Onun çəkdiyi rəsmlərdə bir uşaq üçün bir qədər çox olan tənqid elementləri bol olur və asudə vaxtlarında digər uşaqlar kimi gəzməyə üstünıük vermək yerinə, Luvr muzeyində araşdırmalar aparır. Gənclik illərində bir müddət kitab evində katib kimi çalışır və nəhayət, həyatının axışını dəyişən adamı tanıyır. Arxeoloq və heykəltəraş olan Aleksandr Lenoiri tanıdıqdan sonra, onun emalatxanında çalşmağa başlayır. Bütün boş vaxtlarında isə yenə də nələrsə çəkirdi və bunların hamısını müəllimindən gizlətməyi bacarırdı. İspaniya, Hollandiya tənqidi təsvir sənətini öyrənirdi, daha sonra həmin vaxtlarda yenicə təşəkkül tapan litoqrafiyanı öyrənir. 1828-ci ildə akademiyaya daxil olur. Burada müxtəlif təsviri rəsmlər çəkir. 1830-cu ildən başlayaraq ard-arda karikaturalarını yaymağa başlayır. Fransız monarxiyasını sərt formada tənqid edir və dəfələrlə təhdid mesajları alır. “La Caricatura” dərgisindəki işləri yaradıcılığında dönüş yaradır. Çəkdiyi “Qarqantua” karikaturası ilə kral Luinin qəzəbinə səbəb olur. Çünki çəkdiklərində Lui “qızıl hərisi olan bir görməmiş” obrazında verilir. Onu əvvəlcə pul və təzminat cəzasına məruz qoyan məhkəmə bununla kifayətlənmir və Daumiyeri həbs edir. Həbsdən çıxdıqdan sonra da dayanmayan karikaturaçıya görə “La Caricatura” dərgisi bir müddət sonra bağlanır. Ailədən gələn bir çox xahişlərdən sonra siyasi krikaturalardan bir müddət vaz keçir və “Çarivari” dərgisində içtimai şüurun tənqidinə yönəlik karikaturalar çəkməyə başalyır. 1848 inqilabından sonra “Respublika” dərgisində yenidən siyasi karikaturaya geri dönür. 1870-ci ildə ona verilən legion ordenindən imtina edir. Alman-fransız müharibəsi illərində rəqib Otto fon Bismark və Prussiya əleyhinə müxtəlif litoqrafiyalar yayımlamağa başlayır. Göz səhhətində problemlər yarandığı üçün karikaturadan uzaqlaşan Daumiyer Viktor Hüqonun yardımıyla son sərgisini keçirdikdən bir il sonra, 1879-cu ildə infarkt keçirərək vəfat etdi. Avropada karikaturanın çiçəkləndiyi illərdə özəlliklə Venesiya məktəbinin təsirləri olmuşdu Daumiyerə. Reportajlardan birində Daumiyer özünü relaist kimi yox, romantik biri olaraq qələmə verir. Lakin müasirləri onun hadisələr qarşısında çox həssas olsa da, həddən artıq duyğusal reaksiya göstərmədiyini bildirirlər. Həm də onun maraqlı bir tərəfi diqqətimi çəkdi. Daumiyer heç vaxt öz çəkdiyi əsərlərdə restavrasiya etməyib. Onun hansısa karikaturasına və rəsminə sonradan düzəliş verdiyi, yaxud yenilədiyi bilinməmişdir. Daha çox qırmızı və qara rənglərdən istifadə etmişdir. Qara rəng ornament sənətində “sönüklük” və “passivlik” simvolu hesab edilsə də, çağdaş rəngkarlıqda qara rəngin daha fərqli yozumlarına rast gələ bilərik. Qırmızı rəng tarix boyu o qədər anlam qazandı ki, onun Daumiyer yaradıcılığında niyə ağırlıqda olmasının dolğun bir izahı verilməmişdir. 1848-ci ildə çəkdiyi “Cümhuriyyət” əsəri sonrakı illərdə Pisarro kimi dahi rəssamların yaradıcılığına təsir göstərmişdir. Daumiyerin sistemi tənqid edən əsərləri arasında “Donuz Qəssabı” və 1868-ci ildə ərsəyə gətirdiyi “Don Kixot və Ölü Qatır” daha məşhurdur. Sənətşünaslar Daumiyerin çəkdiyi hadisələri və insan həyatlarını Moliyerin əsərləriylə müqayisə edirlər. Fransız karikatura məktəbində öz cəsarəti, sağlam mövqeyi və rasional əqli ilə Daumiyer böyük bir səhifəyə malikdir. Bütövlükdə Qərb karikatura sərgilərinin çoxunda onun əsərlərindən həmişə istifadə olunur. Yaradıcılığı boyunca bir çox repressiv təqiblərə, qohum qınaqlarına, həmkarlarının iftiralarına məruz qalsa da, bir gün də olsun, öz mövqeyindən çəkilmir. Tənqidi karikaturalarına bir müddət ara verdiyi zamanlarda da gizli formada öz istədiklərini çəkmişdi. Məhbəsə məruz qaldığı illərdə çəkdiyi karikaturaları həbsxanada digər məhkumlarla bölüşməkdən çəkinməmişdir. Karikaturistlərin çəkdikləri şəxslərdə seçim etmək imkanına xüsusi fikir verilir. Bütöv icmaların, xalqların, toplumların həssaslıq göstərdiyi nünaslarda daha ölçülü davranmaq tarixin zərurətidir. Qərblilər belə bir iddia irəli sürürlər ki, müsəlman Şərqində, ümumiyyətlə, şəxslərə yönəli və dini karikaturalar mümkünsüzdür. Pakistanlı karikaturaçı Sabir Nəzər deyir: “Burada Talibanı, ya da militanları hədəf alıb çəkəndə heç bir problem olmur, lakin konkret şəxslərə yönəlik karikaturalara görə hətta qan davası da düşə bilir.” Sabir Nəzər bir neçə il əvvəl radikal dindarlar tərəfindən təhdidlər və ölüm xəbərdarlıqları almışdı. Məsələn Türkiyədəki karikatura dərgisi “Penguen” dəfələrlə həm dərgi olaraq, həm də karikaturaçılarına olan məhkəmə basqıları ilə gündəmə gəlmişdi. Şərq karikatursitlərdən ən dəhşətli taleyi sözsüz ki, fələstinli Naci Əli yaşayır. Fələstində baş verən olaylar üzündən kiçik yaşlarından ailəsi ilə birlikdə öz doğma vətənini tərk edir. Naci Əli karikaturada obraz yaradan adam olaraq da tanınır. “Hanzala” obrazı onun bəxş etdiyi karikaturist qəhrəman idi. Ailəsi ilə birgə qaçqın həyatı yaşayır, Livandakı qaçqın düşərgələrində olduğu müddətdə bir çox qətliamlara şahidlik edir. Uşaq yaşlarında aldığı acılar üzündən bir müddət sonra ərəb milliyətçi hərəkatlarına qoşulur və orada fəal olmağa başlayır. Daha sonralar, Livan İncəsənət Akademiyasından məzun olur və çəkdiyi karikaturaları ilə tanınmağa başlayır. Naci Hanzalayı insanlığın Fələstində yaşananlara qarşı sakit qalması üzündən küskün formada, üzü çevrili, bel hissədən çəkmişdi. 40000 karikatura çəkir Naci və Hanzala bu gün Fələstinin azadlıq simvoluna çevrilir. Sonralar Naci Hanzala obrazı ilə bağlı qeyd edir ki, bu obraz sadəcə bir fələstinli üçün yox, istismara məruz qalan hər kəs üçün dəyərli olacaq. “Heç kimə bənzəmir, amma milyonların qəlblərinə bənzəyir. Ona yol göstərən insani zənginlikdir. Qəlbi geniş, məkanı dar, asan ağlayan və zərbələrə doymuş bir fələstinlidir Hanzala. ” Bütün əzilənlər, məhdudiyyətlərə məruz qalanlar Nacinin karikaturalarında “can alırdı”. O, yalnız İsraili deyil, ərəbləri və bütün coğrafiyanı tənqid edirdi. 1987-ci ildə Londonda, işlədiyi “Əl-Qabbas” qəzetinin London bürosuna gedərkən sui-qəsdə məruz qalaraq öldürülür. Sui-qəsdi kimlərin təşkil etdiyi bu günə kimi bilinmir və “Charlie Hebdo” olaylarında “qırğın qoparanlar” bu hadisəyə qəribə formada səssiz qaldı. Ölümündən sonra Dünya Jurnalistlər Birliyi tərəfindən “Golden Pen of Freedom” mükafatına layiq görüldü. Nacinin karikaturaları Şərqdə böyük səs-küyə səbəb oldu və ondan təsirlənərək bir çox karikatura ənənələri formalaşdı. Fələstinli digər karikaturist Məhəmməd Sabaaneh bunların arasında ən məşhurudur. Peyğəmbərlə bağlı çəkdiyi karikaturaya görə işindən qovulur, haqqında axtarış elan olunur və çoxlu ölüm təhdidlərinə məruz qalır.

“İndependent” qəzetinə verdiyi açıqlamada yalnız insanları düşündürmək istədiyini söyləmişdir. Sabaaneh səhv anlaşılmanın və kompleksli Şərq dəyərləndirməsinin qurbanıdır. Çünki onun məqsədi Şarli olaylarından sonra müsəlmanları qınayan insanlara cavab vermək idi. O, daha sonra bu fikirləri irəli sürür: “Əgər bir karikaturistə qarşı islamı müdafiə edəcəksinizsə, onda bunu karikaturistləri öldürərək yox, karikatura çəkərək edin”.

Parisdəki acı təcrübə göstərdi ki, insanların həssasiyətinə qarşı açıq hücumlar etmək sonunda çox dəhşətli mənzərələr yaradır. Parsidəki qanlı hücuma qədər Almaniyada irqçi Pegida hərəkatnın mitinq və aksiyalarına göz yuman hökumət olaylardan sonra irqçi aksiyalarda islam müqəddəslərini hədəf alan karikaturaları qadağan etdi.
Karikaturaçulara tarix boyunca olan basqı və hücumlar haqqlı və haqqsız tərəfləri ilə yaradıcılığın edamıdır. Maraqlı olan isə, Azərbaycanın karikatura tarixinə nəzər yetirdikdə daha azad və sərbəst fəaliyyətin görünməsidir. Sonrakı yazılarda bu mövzuya toxunacam.

Karikaturaçılar yaradıcılığın ən fədakar nümayəndələridir.
Onlar hədəfi dəqiq nişan ala bilir və cəsarətin yaradıcılıqda axsamadığı bir sferanı formalaşdıraraq, insanları aydınlandıra bilirlər.
Karikaturaları yönləndirmək, çəkən insanlardan tələblər etmək yerinə, bir az “açıq gözlə” düşünmək lazımdır.
Karikaturanın əsas məqsədi düşündürməkdir.
Düşünmək istəməyənlərin qaranlığı ölümdən daha betərdir. Zülməti tərənnüm etmək və hamını öz qaranlığınızla buxovlamaq yerinə bir şam da siz yandırın, çünki yanan tək bir şam da ümid deməkdir və ümid həyatın özüdür.
Bokaccio ümidi “həyatın günəşi, parıltısı, nuru” hesab edirdi.



Tarix: 22.09.2015

4789