Kandidin 12 sualı - yeni layihə


Bəxtiyar Əlirzayev: “İçində "mənəvi ehtiyac" adlı it sülənirsə, gedib çıxacağın yer ən yaxşı halda zibillik olacaq”.


Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın buçağının tanınan simalarına ünvanlayaq. Müsahibimiz bu gün 1 yaşını qeyd edən “atv.az” saytının baş redaktoru, şair Bəxtiyar Əlirzayevdir.

1. Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

- 20 təpiklə yaxşı qurtarıb. Sevginin gözəl bir şey olduğunu heç vaxt qəbul etməmişəm. Bir şey ki, adama dağı dəldirir, harası gözəldi? Bu hiss ehtiyacdan yaranır, məncə. İçində "mənəvi ehtiyac" adlı it sülənirsə, sənə hakimlik edə bilirsə, gedib çıxacağın yer ən yaxşı halda zibillik olacaq. "Bərk sevmək" anlayışım isə belədir: bütövləşdiyim insanlar, məsələn, ailəm mənim üçün oksigenə çevrilib. Bu mənəvi ehtiyacların bölüşdürülməsindən yaranan, sevgidən tamamilə fərqlənən bir şeydir. Hətta bərk ayaqda "sevgi" anlayışını təpikləyib, qova da bilir.

2. Sevgi öldürməyə qadirdir?

- Bıçağı-dəhrəsi yoxdu axı... Sevgiyə görə kimlərsə hələ də özlərini öldürməkdədirlər. Amma axmaq hərəkətdir. Avropalıların ulu və sərgüzəşt sevən babası Romeo bir qızın dərdindən dəli-divanə olur. Məcnundan fərqli olaraq, səhralara deyil, meşələrə üz tutur. Dostları bunu meşədə tutub, darta-darta düşmən qəbilənin təşkil etdiyi karnavala gətirirlər. Orda Cülyettanı görür. Həmin andan da dərdindən meşələrə düşdüyü qadını unudur. Unudur, sonra nə olur? Ölür. Axmaqlıqla bağlı insan oğlunun düzüb-qoşduğu ən böyük əhvalatdı. İnkar etdiyin şeyin uğrunda ölməyə başqa nə ad vermək olar?

3. Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- İstək önəmlidir. Amma bir-iki amili xüsusilə çatdırmaq istəyərdim. Azadlığına qovuşmaq üçün düşüncəndə onun sərhədlərini, sənin üçün hansı məqamlarda nə qədər lazım olduğunu və bu kimi amilləri dəqiqləşdirməlisən. Yoxsa, yüz faiz həyatında xaos yaradacaq. Heç vaxt yerini tapmayacaq, mühitini qura bilməyəcəksən. Yəni artığı daha şirin və çox təhlükəlidir.

4. Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- "Mümkün ola biləcək dünyaların ən yaxşısı..." Bilmədiyimiz şey haqqında çox əminliklə deyilmiş sözlərdir. Biz bu dünyaya da öz ruhi vəziyyətimizə uyğun qiymət veririk. Məsələn, kreditin var, 2 aydır gecikdirirsən, hər gün bankdan zənglər gəlir, pulun da yoxdur. Biri də yanında oturub gəvəzlik edir ki, dostum, inan mənə, bu dünya çox gözəldir. Gülməkdən dəli olar adam. Narıncı rəngi yaratdığı kimi, dünyanın və dünyaların necəliyini də beyinimiz yaradır. Həmin ana uyğun. Günəşi də gah sevir, gah sevmirik. Əslində isə onlar stabildir, hərəkətləri belə ətalət içində davam edir. Digər tərəfdən isə o biri dünyaların necəliyi vecimə də deyil. Zatən heç vaxt görməyəcəm onları.

5. Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə
Dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Məncə, bu suala cavab verməyə çalışmaq vaxt itkisidir. Sadəcə, bunu deyim: Sərçəyə həbsxanadan, barmaqlıqlar arasından baxırsansa, sevimlidir. Şəninə şeir də yazıblar. Səhrada su tuluğunu deşdiyi vaxt görürsənsə, başını üzərsən. Bax, bu məqama şeir yazılmayıb. Kandid həmin dünyaya rast gəlib və ya onu yaradıb. Mənim isə yeni dünya axtarmaq ehtiyacım olmayıb heç vaxt. Nə də beyinimin hüceyrələri qollarını çırmalayıb təzə dünya qurmayıblar. Yəni bu günə qədər sərçəyə barmaqlıqlar arasından baxmamışam.

6. Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan
bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik
mövcuddurmu?

- Bütün sərvətlər hamınındır. Bəli, ilk görünüşdən bu ədalətlidir. Amma bu ədalətliliyin özü də bir ədalətsizlik yaradır. Sahiblənmə, layiq olduğunu qazanma haqqı da var axı. Bu haqq özlüyündə çox gözəl və mahiyyətlidir. Əks təqdirdə marafon yürüşlərində bütün iştirakçılara birinci yer verilərdi. Belə olsaydı, ədalətin üzünə tüpürən tapılardımı? Məncə, bərabərliyi gücə uyğun bölünmə ilə təmin etmək olar. Buna da ki, bəşəriyyət yaranan gündən çalışır, amma gördüyünüz kimi istəyinə çata bilməyib. Baş verəcək bir şeyə də bənzəmir. Qısaca deyim: Dünyanın ən ədalətli cəhəti fərqliliklərin olmasıdır. Fərqliliklər isə həmişə bərabərlik deyilən adil anlayışı qatlayıb, dizləri altına qoyub.


7. Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Yaşamaqdan imtina etmək üçün əlimizdə düz-əməlli əsas yoxdur. Məsələn, qul olsaydım, əsasım olardı. Həyatım mənə ağır yük kimi görünərdi. İndi günlərimizin necə keçəcəyini özümüz müəyyən edə bilirik, beləcə də ömrümüzün axarını istiqamətləndirməyi bacarırıq. Üstündə israrla dayandığım fikrim belədir. Bütün zövqverici şeyləri - filmləri, mütaliəni, musiqini, təbiəti və s. hesaba almasaq belə, gündə 1-2 saat "iqra" oynamaq ölməkdən daha yaxşıdır. Yox, sual verilsə ki, bu şeyləri gəldin gördün, bir də dünyaya gəlmək istəyərdinmi, tərəddüdsüz "yox" deyərdim. Gəlmirsənsə, görmürsən. Görmürsənsə, ayrılmaq problem yaratmaz. Məsələn, NASA mənə deyir ki, sən heç vaxt Marsa getməyəcən. Cavabım "cəhənnəmə ki"dən başqa nə olacaq? Heç nə. O ki qaldı vicdan məsələsinə... Onu ağrıdacaq işin cavabı ölüm deyil. Hərəkət və bərpaolunmadı. Yəni vicdanını ağrıdan nə varsa, onu düzəltməyə çalışmalısan.

8. Bir-birindən ayrı din ola bilərmi?

- Görürük ki, ayrıdır və olur. Məncə, dinlərdəki fərqliliklər xalqların psixoloji quruluşu ilə bağlıdır. Məsələn, Buddaya tapınan birini kərbəlayi etsən də, gözü bütdə qalacaq. Necə ki, biz yüz illərdir həm Günəşə, həm də Allaha and içirik.

9. Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə
dayanır?

- Məncə, yamanlığı ilk başladan biri deyiləm. Həmişə mənə edilən pislikləri silməyə, edəni anlamağa çalışmışam. Amma bəzən haqsızlıq da etmişəm. Belə izah edim: kiməsə davamlı yaxşılıq edirsən. Hər dəfə də özündən asılı olmadan, ondan gözlədiklərin artır. Hörmət mənasında. Amma bunu ya tamamilə, ya da görüləcək səviyyədə eləmir. Normalda sən haqqını tələb edirsən, bu yaxşıdır. Amma həm də gözləntilərini artırmaqla özünə qarşı, məhz özünə qarşı haqsızlıq etmiş olursan. Açığı, bu məqamdan həmişə qaçmağa çalışıram. Təssüf ki, bəzən bacarmıram. Əziyyətverici bir şeydir.

10. Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik
axtarmağın adı və dadı nədir?

-Bizim cəmiyyətdə son vaxtlar bu cəhd tez-tez müşahidə olunur. Fərqli görünmək istəyənlərin sayı sürətlə artdıqca, bu cür məqamlar da artacaq. Dadı elə bəlkə də, bu fərqli olduğunu zənn etmək zövqü ilə bağlıdır. Amma bir şey İvan üçün gözəldirsə, sənə və digər insanlara heç bir dəxli yoxdursa, niyə burnunu soxub, zayını çıxartmalısan ki?.. Köpəkoğluluqdu bu.

11. Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri
oxuyanda çox maraqsız olur?

- Birincidə hərəkətlilik var, daha detallıdı. İnsanı həyəcanlı hisslərdən daha sürətlə təmizləyir. İkinci isə baş verənin soyuq özətidir. Faciənin ölçüsünü böyüdən detalların sayı azdır. Yazan ona daha çox təsir edənləri qələmə alıb. Öz fikrini və mahiyyətini daha çox ötürməyə çalışır. Hadisənin özü isə seçilmiş olmur deyə, bütöv görə bilirsən.

12. İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi,
fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Fanatiklik dövrlərə görə dəyişib, məncə. Digərləri isə ibtidai icma quruluşunda necə idisə, elə də qalıb. Hamısı vəhşilikdən və yazıqlıqdan yaranan hisslərdir.

“Kirpi”nin tikanı:

- Bəxtiyar Əlirzayev özünü hansı hallarda qorxaq hesab edir?
- Qorxu hissi olmayıb heç vaxt. Bu xüsussiyyətimi tanıyanlar təsdiqləyə bilər. Sadəcə, yaş üstə yaş gəldikcə, ailəmlə bağlı düşündüklərimi etmədən getmək ehtimalı qorxudur məni. Getmək qorxulu deyil. Öz ayaqları üstündə dura bilməyib, sənin əllərindən yapışanı tərk etmək qorxuludur.

Hazırladı Tural İsmayılov


Tarix: 01.10.2015

4777