Qulun belindən gələn zadəgan yazıçı


Onun atası Tomas-Aleksandr Davi-Düma de La Payetri Napoleon qoşununun generalı və imperatorun ən yaxın dostlarından idi. Nənəsi isə San Dominqodan olan qaradərili qul ailəsinin qızıydı. Onun fransız babası bu qadından olan 4 uşağını qul kim satsa da, yalnız dörd ildən sonra böyük oğlunu geri alıb. Sonradan ailəyə qaytarılan bu yeganə övlad onun – haqqında danışacağımız Aleksandr Dümanın atası idi. Düma soyadı ona qaradərili nənəsinin ona hədiyyəsi idi. Onun nəslinin qaradərili olması ilə bağlı belə bir lətifə də var.
Bir gün Dümanın düşmənlərindən biri onun yanında zəncilərin əleyhinə sözlər deməklə onu əsəbiləşdirmək istəyir. Bunu heç vecinə də almayan Dümaya müraciət edib:
- Siz, məncə, zəncilər üzrə ən yaxşı mütəxəssizsiniz, cənab Düma, elə deyilmi?- deyir.
- Təbii, mənim atam mulat, babam zənci, ulu babamsa meymun olub. Gördüyünüz kimi, mənim ailəm sizin ailənin taleyinin əksini yaşayıb.




Napoleonla arası dəyəndən sonra ailəsi demək olar ki, pulsuz-parasız yaşamalı olub. Dünya ədəbiyyatında özünəməxsus iz qoyan bu yazıçı düşüncə tərzinə görə, uşaqlıqdan tamamilə fərqlənib. Atasını itirən yazıçı özünə qapanır. Anasının “Sən atanı bir də görə bilməyəcəksən. Allah onu öz yanına aparıb” cümləsini həzm edə bilmir. Bunu eşidən Düma əlinə silah alıb çardağa qalxır və atasını öldürən Allaha güllə atır.
Beş yaşında yazıb-oxumağı öyrənən Aleksandr fenomen yaddaşa sahib olub. Anasının arzusu onu skripkaçı görmək idi. Hətta bunun üçün aylıq 10 frank da ayırmışdı. Lakin bir müddət sonra müəllim onun bu bacarığının olmadığını deyir. Bütün hallarda anası Dümanın müxtəlif elmlərə sahib olması üçün müəyyən dərnəklərə qoyur. Uşaqlıq vaxtlarında anasının ona Napoleonun şanlı müharibələrində atasının nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağızdolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyadır. O, əmək fəaliyyətinə notariat kontorunda xidmətə başlasa da, bu iş onu qane etmədiyindən meylini teatra salır. Teatra maraq onun ədəbi fəaliyyətinin başlanğıcını müəyyənləşdirmiş və o, ədəbiyyata dramaturq kimi daxil olmuşdur. Həyatda çox bədxərc insan olan Düma ömrünün sonuna kimi pulunu saymağı öyrənə bilmədiyindən dünyadan müflis olaraq köçmüşdür.

Qoacalarla başlayıb, yeniyetmələrlə qurtaran sevgi

Düma mavi gözlü, zərif, qarabuğdayı, qüsursuz ədaları olan Mari ilə 1844-cü ildə kafedə tanış olur. Onlar arasında münasibətlər istiləşməyə başlayır. Mari özünü aristokrat ailənin nümayəndəsi kimi apasa da, keçmişi bunu təkzib edirdi. Kənddə böyüyən bu qızı borca görə, atası bir qocaya satmışdı. Qoca Marini qovduqdan sonra o, pul qazanmaq üçün xidmətçi işləməli olur. Gecələr isə bu gənc qız kişiləri pul müqabilində qəbul edir. Bir dəfə qarson işlədiyi kafedə o, varlı bir cənabın diqqətini çəkir və artıq səhəri gün Parisdə məxsusi onun üçün tutulmuş mənzilə köçür.
Lakin bu münasibət uzun sürümür. Bir ildən sonra qəfildən Mari yoxa çıxır. Axtarışlardan sonra Düma Mari ilə görüşməyə nail olur. Lakin Mari ona bir cümlə deyir: “Məni daha narahat etmə”. Bu sözlər yazıçını mənən sarsıdır.
Səbəb isə açıq-aydın idi. Mari yazıçını özündən qoruyurdu. Sürətlə ağırlaşan vərəmə görə keçmiş sevgililəri də Maridən üz döndərirlər. Tamamilə kimsəsiz qalan Mari dərmanların və həkimin pulunu ödəmək üçün öz zinət əşyalarını və olan-qalan əmlakını satmağa məcbur olur.
1847-ci ildə Mari vərəmdən vəfat edir. Sevgilisinin ölüm xəbərini eşidən Düma isə “Kameliyalı qadın” romanında onun obrazını yaradaraq Marinin xatirəsini əbədiləşdirir. Roman 1848-ci ildə işıq üzü görür və dərhal da müəllifinə şöhrət gətirir.



Həyatında 350-dən artıq qadın olan Düma18 yaşı olanda ilk dəfə özündən 4 yaş böyük olan Adel Delvanla sevgili olur. İki il davam edən münasibətləri onunla bitir ki, Adel başqasına ərə gedir. Daha sonra yalqız Düma Parisdə qonşusu, özündən 8 yaş böyük Mari-Katrin-Lor Labe ilə “münasibətə” girişir.
O, yeni məşuqələrini əldə elədikcə köhnələrini də atmırdı, onların da maddi problemlərini həll eləməkdə davam edirdi. Düma yaşlaşdıqca məşuqələrinin yaşı kiçilirdi. Düma həmişə iyirmi yaşlılara üstünlük verib - 17 yaşında da, 70 yaşında da...
Onun sonuncu sevgisi amerikalı yəhudi Ada Ayzeks Menken olub. Onların bir-birini qucaqlamış fotosu Paris mətbuatında rezonans doğurur. Çünki həmin fotoqrafa bir qədər borcu vardı və bu yolla borcundan çıxmaq fikrindəydi. Bütün Parisin küçələrini bəzəyən bu fotoları aradan yığışdırmaq üçün Dümanın oğlu və qızı çox əziyyət çəkməli oldular.

Mərclə 3 günə yazılan roman

Aleksandr Düma günün yarısından çoxunu işləməyə həsr edirdi. Bu da bir sıra şaiyələrin yaranmasına gətirib çıxardı. Bəziləri iddia edirdi ki, Dümanın “ədəbi neqr”ləri var. Bu iddialar müəyyən qədər düz idi. Belə ki, onun həqiqətən də köməkçiləri vardı. Amma Düma işin əsas hissəsini özü görürdü. Köməkçilərin işi, əsasən, durğu işarələrini yerinə qoymaq idi, çünki bu işi Düma heç sevməzdi.
O, bəzilərinin mətni üzündən köçürə biləcəyindən daha artıq sürətlə yenisini yarada bilirdi. 40 sətirlik çap səhifəsini yazmağa ona cəmi 15 dəqiqə gərək olurdu.
Bütün iddiaları yox etmək üçün yazıçı bir romanı 3 günə yazacağını mərc edir. Romanın birinci hissəsini 66 saata bitirən yazıçı yataq otağında bağlı qapının arasından yazılan səhifələri bayıra ötürür. Beləcə 3 gündən sonra “Şevalye de Mezon Ruj” romanı ərsəyə gəlir.




Aleksandr Düma 1858-1859-cü illərdə Qafqaza səfəri zamanı bir müddət Azərbaycan ərazisində səyahət edib. 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət “Qafqaz səyahətinin təəssüratları” (fransızça: İmpression de Voyage Le Caucase) Parisdə çap olunub. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Xurşudbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Natəvan Dümaya qalib gələrkən onun 26, Dümanın isə 56 yaşı vardı.
Bundan başqa Düma Şəkiyə gələrkən dövrünün tanınmış ziyalısı Nurməmməd Əfəndinin evində qalır. Lakin bu ev heç də təsadüfü seçilməmişdi. Çünki Nurməmməd Əfəndi məhşur ruhani alim Abdulqəni Nuxəvinin oğlu və davamçısı kimi atasının Yaxın Şərq ölkələrindən gətirdiyi çoxlu sayda qiymətli kitab və əlyazmaların hesabına zəngin kitabxana yaratmışdı. Ondan kitab rica edən Düma Nurməmməd Əfəndidən “yox” cavabı alır.
Lakin Düma istəyindən əl çəkmir. Şəhəri idarə edən erməni mənşəli Tarkanovun təsiri ilə məhz həmin əlyazma bu evdən götürülür və bu kitab, sonradan qaytarılmaq şərtilə, Dümaya verilir. Kitabın sonradan Fransadan geri göndəriləcəyi vəd olunsa da qaytarılmayıb. Fakt isə odur ki, Düma qiymətli kitabı sahibinin təkidinə baxmayaraq, ölkəsinə aparıb.
“Qraf Monte Kristo”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” kimi əsərlərin müəllifi olan Düma 1870-ci il 5 dekabrda Fransa-Prussiya müharibəsi və Fransanın alman ordusu tərəfindən işğalı zamanı Fransa ilə eyni gündə süqut edir.


Tarix: 16.10.2015

4382