Kandidin 12 sualı - yeni layihə


Turan İbrahimov: “Qaçan da, yatan da, yeriyən də, sürünən də eyni yerə gedib çıxır”.


Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın buçağının tanınan simalarına ünvanlayaq. Müsahibimiz teleaparıcı Turan İbrahimovdur.

1. Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

- Oxuyan adam olmağıma baxmayaraq, Volterin bu əsərini oxumamışam. O ki qaldı, sevgiyə görə döyülmək məsələsinə... Əslində, məncə, insan döyülmək səviyyəsinə çatmamalıdır. Düzdür, mən məktəb vaxtı sevmişəm, sevdiyimə görə də yuxarı sinifin uşaqları tərəfindən döyülmüşəm, psixoloji olaraq alçaldılmağa qədər gətirib çıxaran bir həddə çatmışam, amma müqavimət göstərib, qalib gələn özüm olmuşam birmənalı şəkildə. Mən belə düşünürəm ki, sevgi əgər qarşılıqlıdırsa, o sevgi döyməyə, döyülməyə gətirib çıxarmamalıdır, çıxara da bilməz. Mənim üçün sevgi ürək və ağılın vəhdətidir. Ona görə də, birdəfəlik və həmişəlikdir.

2. Sevgi öldürməyə qadirdir?

- Sevgi öz uğrunda öldürməyə gətirib çıxarırsa, bu kontekstdə şübhəsiz ki, öldürməyə qadirdir. Vətənə də sevgindən gedib ölürsən, ailən üçün, ailəni sevdiyindən onu qorumaq üçün ölürsən, hətta ailənin rahatlığını təmin etmək üçün ruzi dalınca gedəndə bir qəzaya uğrayırsansa, ölürsən. Əgər məsələyə bu cür yanaşsaq, sevgi öldürməyə qadirdir.

3. Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- Azadlıq bir az nisbi anlayışdır. Mənim üçün azadlıq, müəyyən bir çərçivə var, o çərçivə içindədir. Əgər deyirsinizsə ki, çərçivə ilə azadlıq necə olur, bunu da izah edim. Bu gün bütün dünya ictimaiyyətinə Qərb dairələrindən və müəyyən mərkəzdən sırınmağa çalışılan bir azadlıq anlayışı var ki, onda anarxiyanın nə olduğu anlaşılmır. Anarxiya nədir bəs onda? Azadlığın özünün də bir sərhədləri olmalıdır. Mənim özüm üçün 34 yaşımda gəldiyim qənaətdən çıxış edərək deyə biləcəyim və özümün çərçivələdiyim azadlıq anlayışım var. Azadlığın istəklə törəməsi çox subyektiv fikirdir. Hər kəs öz azadlığını özü müəyyənləşdirir.

4. Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- Mən İslam prizmasından düşündüyüm üçün Kandidin fikirləri ilə razı deyiləm. Yaşadığımız bu dünya mövcud ola biləcək dünyaların ən yaxşısı deyil. Bu dünyanın özü də fərqlidir. Hər təfəkkür sahibinin özünə məxsus dünyası var. Bu dünyada yaşaya bilərik, amma əslində biz ayrı-ayrı “dünyalarda” yaşayırıq. Hərənin dünyası özünə görə yaxşıdır.

5. Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə
Dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Volterin dünyaya baxışı çox ziddiyətli olduğu üçün hər zaman ona qarşı çıxanlar olub. Öz təfəkkürünü Kandidin timsalında ictimailəşdirir. Ona görə də, Volter və mən tam ayrı cür düşünən insanlarıq. Mən söz oyunbazlığı naminə birbaşa fəlsəfə ilə məşğul olan adamları heç cür anlaya bilmirəm. Ola bilər, onlar nəsə deyirlər, mən o cür düşünmədiyim üçün anlamıram. Amma bəzən heç nə deməyən insanlar söz yığını ortaya qoyurlar və bu nəticədə qəliz olduğu üçün kimlər üçünsə fəlsəfə kimi görünür. O gözəl dünya modelini gerçək Quran nöqteyi-nəzərindən təqdim etsəm, orada müəyyənləşir: orada halal çərçivə var və o çərçivədə bütün bizim başa düşə biləcəyimiz müasir nemətlərdən istifadə edərək yaşamaq var. Çalışıram, bu cür yaşayım. Mən, o dünyada dənizlər və sair məsələsini isə söz oyunu sayıram.

6. Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan
bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik
mövcuddurmu?

- Bərabərlik hansısa insanların uydurması deyil. Bərabərlik Tanrının formalaşdırdığı və ortaya qoyduğu şərtlərdən biridir. Sadəcə olaraq, bərabərliyə tabe olaraq, bərabərlik uğrunda yaşayanlar və bərabərliyi məhv etmək üçün yaşayanlar problemləri ortaya çıxarır. Sosial bərabərliyin tarixdə mümkün olduğu dövrlər olub. Digər anlamda isə, insanların intellektual bərabərliyindən söhbət gedirsə, hamının eyni dünyagörüşə sahib olma bərabərliyindən bəhs ediriksə, bu mümkün olacaq şey deyil. İnsanlar bir-birilərinin haqqlarına təcavüz eləməsələr, o baxımdan bərabərlik ola bilər.


7. Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Biz yaşamağı özümüz seçmirik. Materialist yanaşmada insan bunun fərqinə varanda dəli olmaq, intihar etmək, özünü mənasız və heç hesab etmək səviyyəsinə gəlib çatır. Materialistlərə mən iki tərəfdən gözləri bağlanmış və avtomobillərin arasında avtobana buraxılmış at kimi baxıram. Onlar məhdud baxdıqları üçün, məhdud da düşünürlər. Amma bir az metafizik düşünəndə görürsən ki, elə deyil. Biz bu dünyaya bir etapı yaşamaq üçün gəlmişiksə, oyun qaydası çərçivəsində hərəyə bir rol biçilibsə, bu rolu ifa edə-edə müəyyən mərhələni keçərək burdan üzü ağ, alını açıq çıxmaq əsas məsələdirsə, onda qaçan da, yatan da, yeriyən də, sürünən də eyni yerə gedib çıxır. Önəmli olan simanı itirmədən yaşamaqdır. Vicdanı ağrıyıb yaşayanlar məhdud insanlardır və onların problemidir.

8. Bir-birindən ayrı din ola bilərmi?

- Bütün bizim bildiyimiz və bilmədiyimiz dinlər Tanrı axtarışıdır. Səmavi dinlər hamısı eyni şeyi deyir. Sadəcə, təhrif olunan dinlər var ki, onlar artıq səmavilikdən çıxıblar. Yeganə haqq din olan islam dini isə səmavi və batil dinləri çox gözəl formada ayırd edə bilir. Dinlər bir-birindən ayrı deyillər, sadəcə, deqradasiyaya uğrayan və uğramayan dinlər var. İnsan nəyi isə ortaya qoyub buna din deyirsə, bu din ola bilməz. Kiçiyin ortaya qoyduğu kiçik fikirdir. Tanrının göndərdiyi dini təhrif ediriksə, bu artıq başqa bir şeydir, xurafata qayıtmaqdır. Dinin məqsədi Tanrı və insanlar arasında münasibəti tənzimləməkdir. İnsanlar bunu unudub başqa işlərlə məşğuldurlar. Bir-birindən ayrı din insanların nöqteyi-nəzərindən onsuz da yoxdur.

9. Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə
dayanır?

- Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarımın kökündə də birbaşa islam yanaşması dayanır.

10. Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik
axtarmağın adı və dadı nədir?

- Hər yerdə pislik axtarmaq istəyən insan fikirini əsaslandırmaq üçün nəsə axtarırsa, mütləq tapacaq. Hər yerdə əyər-əskiklik var, kamil olan ancaq Tanrıdır. Mən o cür insanları sevmirəm. Onlarla nə təmasda olur, nə də ünsiyyət qururam. Axmaq insanlardırlar. Axmaq və qərəzli. Özləri yaşamağı bilmirlər, başqalarını da yaşamağa qoymurlar.

11. Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri
oxuyanda çox maraqsız olur?

- Kandid müasir dövrün insanını nəzərə alıb, elə bil bu gündən söhbət gedir. Volterin dövründə də teatr, incəsənət intibah dövrünü yaşayırdı. Televiziyadakı seriallar hansısa romanlardan götürülür və yaxud da oğurlanır. İnsanlar romanları oxumurlar, oxumamaq üçün min bir bəhanə gətirirlər, amma onlara çəkilmiş ucuz və romanların şirəsinin şirəsi olan seriallara oturub baxırlar. Birbaşa tənbəlliklə bağlı olan bir şeydir. İnsan baxarkən heç nə etmir, oturur və baxır. Burda insanın heç bir zəhməti olmur. Oxumaqda isə səbr, analiz prosesi gedir, ona görə də, insanlar ondan yayınırlar.

12. İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi,
fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Tarixə nəzər yetirsək, insanlar bəzi dövrlərdə bir-birilərinə qardaş kimi baxıblar. İslam tarixinə qərəzsiz yanaşanlar mənim nə demək istədiyimi çox gözəl anlayarlar. İslam xəlifələrindən Ömərin dövründə sədəqə verməyə adam tapmırlarmış. O qısa dövrü araşdıran insanlar görərlər ki, bu mümkün olub.

“Kirpi”nin tikanı:

- Turan İbrahimov özünü cəsarətli adam sayırmı?

- Bəzən deyirlər, cəsarət dəlidə olur. Dəli cəsarəti deyilən bir ifadəmiz də var. Təəssüf ki, bunda həqiqət payı da var. Qorxaqlar cəsarətlilərə dəli deməyə başlayıb. Bu məsələnin bir tərəfi. Mən praqmatik düşünən insan olduğuma görə cəsarətli olmağın yerini də müəyyən edə bilirəm. Cəsarətli davrandığım yerlər də olub, başqaları üçün cəsarətsiz görünən davrandığım vaxtlar da olub. Həyatıma baxsaq, cəsarətliyəm. Başqalarının cəsarətsizlik edəcəyi məqamlarda mən çox cəsarətli davranmışam. Cəsarətim kimlər üçünsə ilk baxışda yanlış görünsə də, mənə uğur gətirib.

Hazırladı Tural İsmayılov


Tarix: 17.10.2015

4461