5-ci sinif, Ədəbiyyat dərsi


Frensis Bekon deyirdi ki, kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. Dərslik bu yolda insanın ilk ayaq basdığı gəmidir və insan dünyanın, həyatın necəliyini bu gəmidən müşahidə etməyə, öyrənməyə başlayır. Dərslik xalqın gələcəyini, gələcək nəsillərin taleyini müəyyənləşdirir. Biz Kirpi.info olaraq cəmiyyətin təhsil və tədris prosesində yaxından iştirakı məqsədilə bu günki dərsliklərin vəziyyətini öyrənmək qərarına gəldik. Məqsədimiz, sadəcə, dərsliklərdə nöqsan bildiyimiz məqamları həm oxucuların, həm də dərslik yazan müəlliflərinin diqqətinə çatdırmaqdır. İlk olaraq tədris olunan ədəbiyyatımızın vəziyyəti ilə maraqlandıq.

Birinci yazı
Dövlət vəsaiti hesabına nəşr edilib məktəblərə pulsuz paylanan orta məktəb dərsliklərindəki qüsurlar barədə çox yazılıb. Cəmiyyətdə ciddi mübahisələrə səbəb olmuş bu mövzu, sanki, heç bitməyəcək kimi görünür. Müstəqil təhsil ekspertlərinin və eləcə də TQDK-nın ekspert qruplarının dərs ilinin sonunda tərtib etdikləri tövsiyə xarakterli təklif və rəylər mütəmadi olaraq səsləndirilsə də, dərslikləri tərtibində hələ də zövqsüzlük, pərakəndəlik hallarına rast gəlinir.
Bakıda evdə olan 5-ci sinif ədəbiyyat dərsliyini ilk dəfə vərəqləyəndə kitabın üz qabığının heç bir anlam verə bilmədiyim, göy qurşağına bənzər rəngi dəqiq yadımda idi. Rayonda yaşayan qohumlarımgildə gördüyüm 5-ci sinif dərsliyi isə başqa rəngdə idi və tərtibçilər də başqalarıydı. Dəqiq xatırlayırdım ki, bizdəki kitabın tərtibçilərinin üçü də qadın idi. Şəhərə qayıtdıqdan sonra apardığım kiçicik araşdırma sonrası qəribə bir mənzərə ilə rastlaşdım. Demə, əslində müəllimin və sinif sagirdlərinin hazırlıq əmsalına uygun olaraq bir-birinə alternativ dərslik kimi nəzərdə tutulmuş, nəşrinə icazə verilmiş bu dərsliklər məktəblərə - “şəhər məktəbləri” və “rayon məktəbləri”- kimi ayrımçılıqla paylanılır. Dövlət tərəfindən tikilmiş məktəblərin maddi-texniki bazasının heç bir fərq qoyulmadan yeniləşdirildiyi bir zamanda şəhər və kənd məktəbləri arasında belə fərqləndirmə, görəsən, nəyə və kimə lazım olub?! Dərslik tərtibçilərinin nəzərinə çatdırmaq istəyirik ki, biz bu işi sevinə-sevinə araşdırmaq fikrindən uzağıq. Sadəcə, bildirdiyimiz iradlar gələcəkdə dərslik tərtibatına yardımçı ola bilər deyə araşdırmamıza “davam” dedik. Bir də ki, öz gələcəyimizi və “bu gözəlim məmləkət”in taleyini əmanət edəcəyimiz övladlarımızın bu cür qüşurlarla dolu dərsliklərlə “savadlandırılmasının” əndişəsini yaşama haqqımız doğal deyilmi?




Bu sualın cavabını əlaqədar təşkilatların öhdəsinə buraxıb şəhər məktəbləri üçün nəzərdə tutulmuş 5-ci sinif ədəbiyyat dərsliyini nəzərdən keçirmək qərarına gəldim. Rastlaşdıgımız qəribəliklərlə buyurun siz də tanış olun. Elə kitabın 5-ci səhifəsində, dərsliyin giriş hissəsində “ədəbiyyat” sözü şagirdlərə düzgün izah edilmir. Dərslikdə “Ədəbiyyat” sözünün ərəb dilindəki “ədəb”sözündən yaranması, mənasının isə tərbiyə, əxlaq, mərifət olduğu yazılır. Əslində isə ”Ədəbiyyat” sözü ərəbcə “ədəb” yox, “ədubə” felindən yaranıb, mənası ədəbli, mərifətli, qanacaqlı olmaq deməkdir. Bir qayda olaraq ərəb dilində sözlər fellərdən yaranır, isimlərdən yox. Səhifə 8-də H.Ziyanın “Birinci zəng” şerinin verilməsi dərs ilinin ilk günü düşünürük ki, uğursuz tapıntıdır. Yaxşı olardı ki , dərsliyin ilk səhifəsindən şagirdlərə yüksək vətənpərvərlik, gələcəyə inam ruhu aşılayan şeir tədris ediləydi. Şairin nostalji hisslərlə yazılmış, bədbin misralarla yüklənmiş bu şeri elə ilk dərs günündən şagirdlərin ovqatını korlaya bilər.
“Oxudan əvvəl”, “Oxu zamanı” və “Oxudan sonra” (səh. 9-10, 14) təlimatlarını oxuyan 5-ci sinif şagirdinin başını itirəcəyinə şübhə yoxdur. Bu təlimatlar şagirdin fikrini mətn üzərində cəmləməkdən daha çox onun diqqətini yayındırmağa, onu həyəcanlandırmağa xidmət edir. Sanki, uşaqlara belə bir göstəriş verilir: kəmərlərinizi bağlayın, gözlərinizi qırpmayın, nəfəs dərməyin, indi siz bir hekayə oxuyacaqsınız. Hələ mətni oxumağa başlamamış şagirdə mətnə aid suallar yağdırmaq, mətndə nədən bəhs olunacağına dair fərziyyələr irəli sürməyi ondan istəmək, elə oxu prosesinin ortasındaca mətndə nəql olunanları eşidib-bildikləri ilə əlaqələndirməyi şagirddən tələb etmək hansı metodiki zərurətdən irəli gəlir?
Bir sıra mətnlərin əvvəlində “Səncə, bu hekayədə nədən bəhs edilə bilər?”, “Əsərin qalan hissəsində müəllif daha nələri təsvir edəcək?” tipli sualların qoyulması da təəccüb doğurur. Belə çıxır ki, 5-ci sinif şagirdi iki-üç cümlədən, yaxud üç-dörd misradan sonra yetkin bir qələm adamının əsər üçün qurduğu planın detallarını ayırd etməlidir. Zənnimizcə, bu tip suallar uşaqların bədii zövqünün yox, münəccimlik qabiliyyətinin inkişafına səbəb ola bilər.
Ümumiyyətlə, sualların mətnin oxunuşundan sonra verilməsi daha məqsədəuyğundur. Özü də hər mətnə dair konkret suallar olmalıdır. Bu zaman şagird hər sualla bağlı mətni bir daha gözdən keçirməyə məcbur olar ki, bu da tədris olunan bədii nümunənin daha yaxşı mənimsənməsinə gətirər.
Səh.11-də (“Alim və quldur” hekayəsi) şagirdə “Buradakı hansı cümlə ideyanı dəstəkləyir?”, səh.13-də “Buradakı hansı fikir ideya ilə bağlıdır?”, səh.16-17-də (“Usta-şagird” hekayəsi) yenə eyni suallar verilir. Halbuki “Bədii əsərlərdə ideyanın müəyyən edilməsi” bölməsi dərsliyin yalnız 18-ci səhifəsində tədris olunur.
“Alim və quldur” (səh.11) hekayəsinin elə ilk cümləsi qrammatik cəhətdən səhv qurulub:” Çox-çox illər bunda qabaq bir alim vardı.”Yaxşı olmazdımı ki, cümlə: “Qədim zamanlarda bir alim yaşayırdı” kimi anlaqlı dildə yazılaydı.Yaxud “o dağların altından lağım atdırıb yollar düzəltdirir” cümləsini 5-ci sinif şagirdi necə başa düşsün? Bəlkə, alimin tövsiyyəsi ilə lağım atılır, yollar çəkilirmiş? Yenə həmin səhifədə “bab” sözünü işlədib şagirdi izahlı lüğətə yönləndirməyə nə ehtiyac var? Yəni bu sözü şagirdin anlayacağı başqa bir sözlə əvəzləmək belə çətinmiş? Bir də uşaqları necə inandırmaq olar ki, hətta 5-ci sinif şagirdi olsalar belə, “qu deyəndə qulaq tutulan” səhranın cəmi yeddi arşın dərinliyində çay axır.Yəqin hekayə müəllifi arşın ölçüsünü elə-belə sözgəlişi işlədib. Müəllif bir azca diqqətli olsaydı aydınlaşdırardı ki, uzunluq ölçüsü olan arşın 75 sm-ə bərabərdir, yəni səhranın altı ilə axan çay yerin 5 metr dərinliyindədir. Əgər səhranın 5 metr dərinliyində çay axarsa, ora səhra yox, gülüstanlıq olar. Yenə həmin səhifədə “Alim baxdı ki, yoldaşlarında o kəramət yoxdur ki, bu istidə səhranın yeddi arşınlığına ensinlər” cümləsi başdan ayağa səhvdir. Qısa bir cümlədə iki dəfə “ ki” bağlayıcısından istifadə edilir. Həm də bu cümlədəki “ kəramət” sözü şagirdlərə izahlı lüğət vasitəsi ilə anladılmalıdır. Sonrakı səhifədə (səh.12) dəvələrin yükünün zəncirlənib, həm də qıfıllandığı nəql edilir. Quldurlar yükləri açanda məlum olur ki, yük dəftər-kitab imiş. Şagirdlərdə haqlı olaraq belə bir sual yarana bilər: görəsən kitab-dəftəri zəncirləmək, sonra da qıfıllamaq alimin nəyinə lazım imiş? Yenə həmin səhifədə “alim əyri bir dəmir çıxarıb quldurun çənəsini araladı” cümləsini oxuyarkən çox güman ki, şagirdlər ilk növbədə gözləri önündə mismarçıxaran ling canlandıracaqlar. Müəllifdən soruşmaq lazımdır ki, alim quldurun ağzını əyri dəmirlə niyə aralayır?



Belə cümlələrin hekayəyə salınması kiçik yaşlı uşaqlarda psixoloji gərginlik yarada, onları bu cür əməllər törətməyə sövq etdirə bilər. Sonra da təəcüblənirik ki, cəmiyyətdə “bu yaramaz uşaqlar” hardan əmələ gəlir? Hekayədə təsvir olunan “qılıncından qan daman” quldurbaşının bir anda “elm yolunda qula dönməsi” isə təəccüb və heyrət doğurur.
Hekayənin sonunda min bir əziyyətlə çıxarılmış suyun lazımsız yerə boş səhraya axıb getməsi hec kəsi maraqlandırmır, amma bunun əvəzində, “milli mentalitetimizə uyğun olaraq” yeyib-içmək heç kəsin yadından çıxmır. Maraqlıdır, bu cür başdansovdu, uydurma nağıl “hekayə” adlandırılaraq ikinci dərsdən 5-ci sinif şagirdinə niyə tədris edilir? Dərslik tərtib edənlərə tövsiyyəmiz: Əvvəlcə siz özünüz HEKAYƏ və NAĞIL janrları anlayışını özünüz üçün müəyyənləşdirin!
Dərsliyin 14-cü səhifəsində “Bunu bilməlisən” tövsiyyə xarakterli təlimatda şagirdlərə müasir Azərbaycan yazıçılarının hekayələri ilə tanış olacaqları xəbər verilir. Amma elə növbəti səhifədə görkəmli Azərbaycan yazıçısı Süleyman Rəhimovun bir hekayəsi verilir. Nəzərə alsaq ki, S.Rəhimov 11 oktyabr 1983-cü ildə rəhmətə gedib, deməli, qocaman yazıçı sagirdlərin müasiri ola bilməz. Hekayə dərslikdə “Usta-şagird” başlıgı ilə verilib. Sanki, hekayədə usta ilə şagirdin bəhsə girməsi başlıq üçün bir vəsilə olub.
Amma hekayəni diqqətlə oxuduqda başqa mətləblər ortaya çıxır. Məlum olur ki, hekayə sənətin sirlərini öyrənərək, hətta öz ustadını belə ötüb-keçən bir şagird haqqındadır. Maraqlısı budur ki,yazıçının seçilmiş əsərlərində bu hekayə “Usta şagird” başlığı ilə verilib. (Bakı Gənclik nəş.1968).Yəni sözlər arasında defis işarəsi yoxdur və bu da əsərin məzmununu tam ehtiva edir. Dərsliyə salınmış mətndə isə hekayənin başlığı ilə oynamış “qələm olmuş bəd təhrir əli” həm görkəmli yazıçıya hörmətsizlik, həm də şagirdləri çaşqınlıqa düçar edib.Yazılı mətnimizdə omoqraf vurğusu olmadığından yerində qoyulmamış defis işarəsi ifadənin mənasını dəyişir. Hekayəyə aid rəsmdə ( səh.18) balaca bir sərdabə şəkli verilib.



Şagirdi necə inandırmaq olar ki, qocaman neftçidən də balaca görünən bu sərdabə yeddi il gecə-gündüz dincəlmədən çalışma sonrası ərsəyə gəlib? Halbuki tərtibatçılar mətni diqqətlə oxusaydılar görərdilər ki, əsərdə “göyə ucalan gözəl günbəz”dən bəhs edilir. Rəsmdəki qocaman neftçini isə nədənsə zövqsüz toy xanəndələrinə bənzər “kitayski” gödəkcədə və quzu dərisindən tikilmiş papaqda təsvir ediblər.

Davamı olacaq...


Tarix: 20.10.2015

14586