Kandidin 12 sualı - yeni layihə


Kənan Hacı: “Sevgini qidalandıran gözəlliyin arxasında həmişə bir faciə gizlənir”.

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın buçağının tanınan simalarına ünvanlayaq. Müsahibimiz yazar Kənan Hacıdır.

1. Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

- Sevginin yaşı dünyanın yaşı qədər qədimdir, dünya yaranandan ayrılıq həmişə sevginin gizli, gözəgörünməz yol yoldaşı olub. Sevgi ilə ayrılıq mələklə şeytan kimi daim rəqabətdə olublar və şeytan mələkdən güclü çıxdığı kimi, ayrılıq da həmişə sevgiyə qalib gəlməyi bacarıb. Ölüm isə həmişə neytral mövqedə dayanıb, öz qaçılmazlığı, labüdlüyü ilə sizin dediyiniz iyrənc nəticələrdə heç bir rolu olmadığını və bu faciəyə şərik olmadığını göstərib. Ölümdə, bir növ, günahsızlıq prezumpsiyası var, həm də ölüm Allah əmridir. Məcnun sevginin ucbatından divanə olub çöllərə, Yusifsə zindana düşdü. Kandid baronun qızı Kunikundaya aşiq olsa da özünü divanəlikdən qorudu və vüsalına yetişdi. Sevgini qidalandıran gözəlliyin arxasında həmişə bir faciə gizlənir, bütün iyrənc nəticələr gözəllikdən doğur. Bu da dünyanın ən böyük təzadlarından biridir. Mənə gəldikdə isə mən sevginin zamanla ötüb keçdiyini, amma şüurda, yaddaşda iz qoyduğunu düşünürəm. Dostoyevski yazır ki, əgər sevgi yer üzündə bu günədək mövcuddursa, bu, təbiətin qanunundan irəli gəlmir, yalnız insanları öz ölümsüzlüklərinə inandırmaq üçündür. Böyük çıxmasın, mən də bu fikrə şərikəm. Dünyada heç nə əbədi olmadığı kimi sevgi də əbədi deyil.

2. Sevgi öldürməyə qadirdir?

- Şübhəsiz. Ətrafımız belə nümunələrlə doludur.

3. Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- Azadlıq son dərəcə nisbi anlayışdır. İnsan tam mənada azad deyil. Fatalist nöqteyi-nəzərdən yanaşsaq, insanın alnına ilk dəfə azadlıq damğasını Adəmin vasitəsilə şeytan vurub. Daha sonra olanlar hamımıza məlumdur. Şeytan tam mənada azad idi. Yenə Dostoyevskiyə üz tutaq: “heç vaxt heç bir şey insan və insan cəmiyyəti üçün azadlıq qədər dözülməz olmayıb!” Bununla belə, hər insanın özünün özü üçün yaratdığı azadlıq ölçüləri var. Bunun üçün bəli, istək lazımdır. Bunlar ziyansız, başqalarına zərər toxundurmayan azadlıqlardır. Məsələn, daxilən azad olmaq kimi.


4. Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- Bu seçimi etmək üçün gərək başqa dünyalarla da tanış olasan ki, müqayisə apara biləsən. Biz yaşadığımız dünyadan başqasını görməmişik, ona görə seçim etmək imkanımız da yoxdur.

5. Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə
Dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

-“Kandid” paralel dünyaları təsvir edən nə ilk, nə də sonuncu əsər deyil. Yazıçının beynində qurduğu dünyaların ən yaxşısını, bəlkə də, Volter yaradıb. Axı Volter özü də bu dünyadan başqa ayrı bir dünyanın varlığına skeptik yanaşıb. Bəlkə də, bu dünyadan savayı başqa dünyalar mövcuddur, lakin Tanrı insanın bundan xəbərdar olmasını lazım bilməyib. Bizim idrakımız o biri dünyalar üçün qapalıdır.

6. Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan
bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik
mövcuddurmu?

- Bərabərlik yalnız ictimai icma quruluşunda mövcud olub. İnsan şüuru inkişaf etdikcə təbəqələşmə də yarandı. Tarixin bütün dövrlərində siniflər arasında münaqişələr olub, antik dövr cəmiyyətində azad vətəndaşlarla qullar arasında, orta əsrlərin feodal cəmiyyətində bəylərlə rəiyyət arasında, daha sonra isə kapitalistlərlə proletariat arasında amansız mübarizə gedib. Amma bəşəriyyət tam mənada bərabərliyə nail ola bilməyib. Heç sosializm də bunu bacarmadı. Bərabərlik bəşəriyyətin ən böyük illüziyazısıdır.

7. Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

-Vicdanı ağrıyan adamı elə özünün vicdanı müalicə edə və sağalda bilər. Yaşam sevgisi deyəndə Kandid dünyagirliyi nəzərdə tutur. Bu mənada onunla razıyam, dünyaya həddən artıq bağlılıq insanın ən zəif nöqtəsidir. Amma insanın yaşam sevgisi xeyirxah missiya daşıyırsa, bu sevgiylə yaşamağa dəyər.

8. Bir-birindən ayrı din ola bilərmi?

-İnsan yaranandan gözü göylərdə olub və göylərin də istinad nöqtəsi Tanrıdır. Hamının Tanrısı birdir, amma yer üzündə müxtəlif millətlər olduğu kimi dinlər də, təriqətlər də müxtəlifdir. Bu dinlər insanların ruhi, mənəvi sərhədlərini müəyyən etmək üçün yaranıb. Volter özü yazır ki, dünyanın tarixi fanatizmin tarixidir. Din varsa, fanatizm də var.

9. Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə
dayanır?

- Yaşamın ən qısa formulu budur: Hər kəs öz bağını əkib-becərməlidir. Yaşaya bilmək üçün bundan başqa yolumuz yoxdur. “Kandid” əsəri də bizə bunu məsləhət görür.

10. Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik
axtarmağın adı və dadı nədir?

- İnsanın içi necədirsə, ətrafı da elə görür. Gözəllik olan yerdə əyər-əskiklik axtarmaq insanın natamamlığının göstəricisidir. Demək, o insan gözəlliyi görməkdən məhrumdur.

11. Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri
oxuyanda çox maraqsız olur?

- İnsanın xislətində bir sadizm var, bu xüsusiyyət daha çox vizuallıqla qidalanır. Başqa bir insanın əzablarına soyuqqanlı şəkildə tamaşa etmək insanın qəddarlığından doğur, bu qəddarlıq da onun stixiyasıdır. Bəşəriyyət bu tipli insanların ucbatından böyük fəlakətlər yaşayıb. Hitler, Stalin, Mussolini, Çauşesku və sair. Onlar birbaşa bu faciələrin icraçısı olublar. Bu, çox dərin və mürəkkəb bir mövzudur. Bunun
12. İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi,
fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Eramızdan əvvəlki dövr Misir ədəbiyyatında da insanların zəmanədən şikayətlənməsinə rast gələ bilərsiniz, onlar bir-birləriylə söhbət edərkən zəmanənin korlandığını, adamların yolunu azdığını, təşviş və həyəcan içində qiyamətin yaxınlaşdığını deyirlər. İndi də biz eyni söhbətləri az qala hər gün eşidirik. Özünüz nəticə çıxarın.
“Kirpi”nin tikanı:

-Kənan Hacı ölümdən qorxurmu?

-Zənn edirəm ki, qorxmuram. Amma ölüm gələndə özümü necə aparacağımı bilmirəm.

Hazırladı Tural İsmayılov


Tarix: 24.10.2015

4602