Qərblə Rusiya savaşının yeganə qalibi


Qoy insan səsləri hər şeyi özləri desin

Bu günlərdə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən belarus yazıçısı Svetlana Aleksiyeviçin kitabları haqqında deyirlər ki, bu xanımın kitabları əvvələr eşitmədiyimiz və inkar etdiyimiz səslərin beynimizdə həkk edilməsi üçün xüsusi mühit yaradır, yazdığı hər səhifə postsovet vətəndaşının mozaika formasında nümayişidir. Onu birləşdirb formaya salmaq isə oxucuya qalır. Ukraynada doğulsa da Svetlana rus dilində yazan Belarus yazıçısıdır. Nobel mükafatı postsovet məkanında yaşayan, pioner qalstuku taxan və sovetlərin şüarları ilə böyüyən şəxsləri ədəbi mühitdən kənarlaşdıraraq yenidən keçmişə qaytardı. Təbii ki, onun kitabları ilə yaxın tanış olan şəxslərdən gedir söhbət.

Yazıçı, yoxsa jurnalist? Bu sual ətrafında bir çoxları düşünür. Əslində, ingilis ədəbiyyat nəşrləri yazıçının yazı formasını “Non-fikshn” adlandırır. Qadının daxilində formalaşan ideyalar özünəməxsusluqla seçilir. Obrazlara fərqli yanaşma mövcuddur. Svetlana əsərlərində insan siması canlandırmaqdan daha çox onun daxili aləminin qışqırıqlarını, obrazların fərqli durumlarda səslənirdiyi səsləri əsərlərinə köçürür. Yazıçı cəmiyyətdə hər birimizin gördüyü və qəbul etmədiyi, müxtəlif səbəblərdən kimlərinsə başqa istiqamət üzrə yönləndirdiyi sosial fəlakətləri çılpaqlığı ilə oxucuya çatdırır.

“Müharibənin qadın siması yoxdur” romanı 30 il əvvəl sovetlərdə yazılsa da, öz aktuallığını bu gündə saxlayır. Əsərdə Böyük Vətən müharibəsində qadınların döyüş cəsarəti birbaşa, mübaliğəsiz vərəqlərə köçürülür. Əsər oxucuya müharibədə qələbənin əldə edilməsində qadınların rolunun adi gözlə deyil, linza ilə yaxından görməsinə imkan verir. Əsərin səhifələrində müharibə qadını döyüşçü, həkim, düşməni qətlə yetirən qatil, ailəsi üçün darıxan, qanlar içində şəffaflıq axtaran şəxs kimi canlandırılır.



Əsər iki il çap olunmur, rəsmi dairələr müəllifi pasifizmdə, naturalizmdə, sovet qadınının qəhrəman obrazını gözdən salmaqda ittiham edir. Aleksiyeviçə qarşı təqiblər başlayır, onu kommunist partiyasının üzvü olmamaqda ittiham edirlər.
Lakin bu təqiblər çox da sürmür. Qorbaçovun hakimiyyətə gəlməsi ilə sovetlərdə yenidənqurma başlayır. “Müharibənin qadın üzü yoxdur” 1985-ci ildə çap olunur.
Yazıçının hər bir kitabı öz qohumlarının sənə sakitcə deyə biləcəyi sözlər, kitablarda heç zaman rastlaşa bilməyəcəyiniz ifadələri şüurunuza həkk edir.
Nobel mükafatı alan xanımın ədəbiyyatı mənəvi fəlsəfə nümunəsi olmaqla bərabər, iztirabın yaranma səbəblərinin əsl simasını yazıçıya çatdırır. O, sosialist ideyasının, sosialist ölkəsinin yox olmasına dözə bilməyib intihar edən və ya intihara cəhd edən, yeni dünyanı qəbul etməyə özündə təpər tapmayanların hayqırtılarını kitab vərəqlərinə köçürməyi bacarıb. Yazıçı hesab edirdi ki, bir çox insanlar həqiqətən sosial nərdivanla aşağı düşdülər və indi yuxarı qalxmağa çox az adam müvəffəq olur. Ölkədə uduzmuşlar udmuşlardan çoxdur. Qalaqlanmış təcavüzkarlıq hissi də elə buradan qaynaqlanır.

Siyasi sifariş, yoxsa...

Xanım yazıçının adı potensial Nobel mükafatçılarının sırasında çəkilmirdi. Eyni zamanda o, beynəlxalq aləmdə rəqibləri Filip Rot, Joys Carol Oates və Haruki Murakami qədər tanınmırdı. Buna görə də mükafatın elan edilməsi gözlənilməz və inanılmaz oldu.

Münsiflər heyətinin təqdimatında göstərilir ki, Nobel mükafatı yazıçıya "zamanımızın cəsarətinə və iztirablarına abidə qoyduğu üçün" verilir. Svetlana Aleksiyeviç ədəbiyyat üzrə Nobel mükafatını qazanmış sayca 14-cü qadın olub. Əsərlərini rus dilində yazan yazıçı 28 illik fasilədən sonra İvan Bunin, Boris Pasternak, Mixail Şoloxov, Aleksandr Soljenitsın, İosif Brodski kimi Nobel alan rusdilli yazıçılar arasında yer aldı. “Nobel” akademiyası bu mükafatı təkcə istedada görə deyil, həm də cəsurluğa, ləyaqət və vicdana görə verir. O əsərlərə verir ki, onlar insanlıq üşün bəşəri ideyaların daşıyıcısı sayılır.

Lakin işin içində siyasi çaların olması da istisna deyil.
Bunun arxasında Ukraynada baş verən hadisələrin dünyanın yenidən gündəminə gətirmək məqsədi də mövcuddur. Çünki Yaxın Şərqdə baş verənlər, Rusiyanın Suriyaya müdaxilə etməsi Ukraynanın Şərqində baş verən hadisələri kölgədə qoymuşdu. Baxış bucağı isə hər zaman siyasətçilərin dili ilə dəyişən deyil. Bundan başqa hadisəyə eyni baxış da cəmiyyəti yorur. Odur ki, Rusiyanın ən yaxın müttəfiqi olan Beloruslu yazıçı Minskdən qalib olur.

Mənəvi toxunuşun insan beyninin alt yaddaşında qalma müddəti daha çoxdur. Nəzərə alsaq ki, siyasi gedişlər artıq öz bəhrəsini vermir və dibi qurumuş ağac kimidir. Odur ki, bu gedişin siyasi səsi gələcəkdə atılacaq addımlardan xəbər verir. Artıq ədəbi dil, bədii ruhun insan əxlaqına təsirindən yetərincə istifadə edilməyə başlanılır.

Eyni zamanda yazıçının son zamanlar ədəbiyyatdan uzaqlaşaraq siyasi gedişlər etməsi, rəsmi Moskvanı qıcıqlandıracaq müsahibələr verməsi də mükafatın almasının digər tərəfinin föstəricisidir. Məsələn, yazıçı Krımın ilhaqından bir az öncə 2014-cü ilin martında Le Monde-dakı məqaləsndə V.Putinin üsullarını təsvir edib qeyd edirdi ki, prezident öz reytinqini qaldırmaq və Ukraynada hazırladığı müharibədə Rusiya xalqının dəstəyinə güvənmək istəyir. Və ya digər məqalədə yazır: “Adamlar Putində keçmişimizin əzəmətini ifadə edən şəxsi görürlər. 20 il bizə əzbərlətdilər ki, Qərb ölkəsi qururlar, lakin liberalizmin nazik layı bir anda yox oldu. Qərb oyunu bitdi. Lakin Qərbdə həssaslıq çatışmır. Rusiya xeyirxah və ruhsal olduğu halda, Qərb praqmatikdir”.

Lakin o, bərabərliyi qorumaq üçün Qərbi də vurmaqdan çəkinmir. Çünki balanslı yanaşma əlavə divident gətirir. Qərbə də güvənmək olmaz axı. Çünki güvənənlərin aqibəti göz önündədir. Müsahibələrini birində o, belə deyirdi: “Bu, o demək deyil ki, Avropada hamı yaxşıdır, amma mənim üçün açılış idi ki, orada dəqiq qaydalar var, onlara əməl olunmalıdır. Məşhur Moskva jurnalisti, onun soyadını deməyəcəm, işlədiyi qəzetdə yazmışdı: “Pullu kişi - bu, xüsusi kişidir, xüsusi qoxudur, xüsusi hər şeydir”. Əgər o, Avropa qəzetində oxşar sözləri dərc etsəydi, elə günü sabah onu işdən qovardılar, ona heç əl uzadıb salam da verən olmazdı”.
Qısaca Qərblə Rusiyanın savaşından öz xeyrini götürən yazıçı Nobel mükafatını aldı. Bir sözlə, keçmiş yalnız tarix kitablarında yazılmır, həm də bədii əsərlərdə hadisə və obrazlarla dərk edilir. Məhz yazıçının yazdığı bu cür bədii əsərlər vasitəsilə dövrün xarakterini, düşüncəsini, yaşam tərzini, epoxanın fəlsəfi mahiyyətini öyrənmək, dərk etmək mümkün olur.


Tarix: 26.10.2015

3396