“Antixrist” – Tarkovskiyə ithaf olunan film


Təbiət şərə çevriləndə əsl terror baş verir

Danimarkalı kinorejissor Lars fon Trier (Lars von Trier) kino sahəsində öz film və eksperimentləri ilə yanaşı, ayrı-ayrı işləri ətrafında baş verən qalmaqallarla da məşhurdur. Lakin heç şübhəsiz ki, onun cəmiyyət arasında ən böyük rezonans doğuran əsəri isə “Antixrist” dir (Antichrist). Film olduqca sərt və qəddarlıqda, rejissorun özünü isə qadınlara nifrət etmək ittiham olunub. Lakin unutmaq lazım deyil ki, danimarkalı rejissorun digər filmlərində bir qayda olaraq şər, kişi simasında təsvir edilir, qadınlar isə sərt patriarxal cəmiyyət tərəfindən etinasız yanaşılan müsbət personajlar rolunda çıxış ediblər. Ona görə, rolların bu cür dəyişilməsi kino tənqidçiləri arasında heç də yaxşı qarşılanmadı.



Faktiki olaraq, “Antixrist” rejissorun qadın, ana və təbiət obrazlarında destruktiv elementləri aşkar etmək cəhdidir. Adətən, həyat və işıq simvolları kimi nəzərdən keçirilən obrazlar fon Trierin bu əsərində ölüm və qaranlıq simvollarına çevrilirlər. İlk başdan bütün bunlar hiyləgər provokatorun tamaşaçıları yalnız məharətlə ələ salmaq cəhdi kimi görünə bilər. Lakin ətrafımızdakı aləmə, baş verən proseslərə nəzər salsaq onda asanlıqla, hətta ilk baxışda ən parlaq əşyalarda belə qaranlıq başlanğıcları görmək olar. Filmdəki qadın, ana və təbiət obrazlarını daha ətraflı formada nəzərdən keçirək.

İnsanların böyük əksəriyyəti (ilk növbədə qadınların özləri) birbaşa olaraq ana obrazı ilə bağlıdır. Əgər övladsız, lakin həyatın digər sahələrində özünü reallaşdıran kişilər cəmiyyət arasında yüksək qiymətləndirilə bilərsə, eyni mühitdə sonsuz qadına nifrət, ən yaxşı halda isə rəhm hissə ilə yanaşılacaq. Ona görə də qadın obrazı filmdə ana obrazı ilə sıx bağlıdır. “Antixrist” tamaşaçının diqqətini geniş yayılan, lakin bir qayda olaraq gizlədilən qadın-qadın və qadın-ana münaqişəsinə cəmləyir. Məhz bu münaqişə baş qəhrəman Şarlotta Qensburda (Charlotte Gainsbourg) ürəktutmalara səbəb olur ki, bu da öz növbəsində onu sadomazoxizmin son həddinə çatdırır.



Ağrılar və əzablar altında dünyaya övlad gətirən, analıq hissələrinin eyforiyasında olan qadın yanlış olaraq öz azyaşlı oğluna ayaqqabıları səhv geyindirməklə ona əzab verir. Bununla, uşaq sanki diri-diri tülkü yuvasında basdırılan və fədakarcasına bu tələdən çıxmağa çalışan qarğaya bənzəyir. (Yeri gəlmişkən, buradakı qarğa obrazı heç də təsadüfü deyil. Çünki heyvanlar aləmindən ən zəif nəsil dünyaya gətirən quşladır. Quşlarla və insanların övladları uzun müddət valideynlərinin yanında qalır və onların himayəsindən çox asılıdırlar). Digər sözlə uşaq, öz anasının dustağı olur və onun ayaqqabıları isə onun qandallarına çevrilir. Lakin filmin proloqunda göstərilən uşağın vaxtsız ölümü tamaşaçıya yalnız bu hadisə baş verməyəcəyi təqdirdə ola biləcəkləri təxmin etməyə imkan verir. Çünki həddən atıq himayə, qayğı quş balasını lazımlı vaxtda yuvanı tərk etməməsi və ömrünün sonuna kimi ananın övladı kimi qalması ilə nəticələnə bilər. Öz övladını itirən qadın dözülməz ağrı-acı hiss edir ki, sonradan bu ümidsizliyə transformasiya olunur və faciəvi nəticələrə səbəb olur.

Bu yerdə filmin strukturunu xatırlamaq lazımdır. “Antixrist” proloq, 4 hissə və epiloqdan ibarətdir. Filmin hissələri belə adlanır: “Kədər”, “Ağrı” (Xaos idarə edir), “Ümidsizlik” ( Qadının ölümü) və “Üç dilənçi”. Kədər simvolu kimi maral və onun ölü doğulmuş övladı çıxış edir. Ağrı simvolu öz bədənini yeyən və filmdə əsas ifadə “Xaos idarə edir” səsləndirən tülküdür. Ümidsizlik simvolu isə tülkü yuvasında basdırılan qarğadır. Bütün bunlar birlikdə özü-özlüyündə üç dilənçini təmsil edir. Yəni hər bir dilənçi eyni zamanda heyvan və müəyyən hissidir.



“Antixrist” filminin əsas obrazları meşə və meşənin dərinliklərində yerləşən “Eden” adını daşıyan ev, daxma obrazıdır. Filmdəki meşə eyni zamanda gözəl və dəhşətlidir. “Antixrist”dəki meşə amansız, lakin qəribə formada da olsa ədalətli və məntiqli təbiət simvoludur. Lakin belə ədalət əxlaq haqqında olan insan anlayışları ilə üst-üstə düşmür. Filmin qəhrəmanları “Eden”də gizlənməyə çalışdığı vaxt bu ev onlar üçün əsl cəhənnəmə çevrilir.
Filmlə bağlı maraqlı detal: Filmdə adlar yoxdur, onlar bir-birlərinə “sən” deyə müraciət edirlər. Qadın və kişi, Adəm və Həvva Edendə. Lakin bu halda bura onlar üçün cənnət yox, cəhənnəmdir.

Film haqqında:
“Antixrist” 2009-cu ildə işıq üzü görən Danimarka eksperimental qorxu filmidir. Filmin ssenaristi və rejissoru Lars fon Trierdir. Tierin sözlərinə görə, bu onun karyerasında ən yaxşı filmdir. Rejissorun sayca 29-cu ekran işi olan filmdə baş rolları Uillyem Defo (Willem Dafoe) və Şarlotta Qeynsburq oynayıblar. (Charlotte Gainsbourg)
“Antixrist”in ümumi büdcəsi təxminən 11 milyon dollar təşkil edib. Lakin belə böyük məbləğə baxmayaraq film dünya kinoteatrlarında cəmi 791 min dolla pul yığıb.
Film sovet rejissoru Andrey Tarkovskiyə ithaf olunub.
Film ilk dəfə 18 may 2009-cu ildə Kann kinofestivalında nümayiş etdirilib və ictimaiyyət tərəfindən olduqca soyuq qarşılanıb. Filmin nümayişi zamanı açıq zorakılıq səhnələri ilə əlaqədar ən azı 4 nəfər huşunu itirib.

“Antixrist”in çəkilişləri
Filmin çəkilişlərinin 2005-ci ilə həyata keçirilməsi planlaşdırılırdı. Lakin layihənin icraçı direktoru təsadüfən filmin əsas ideyasını ictimaiyyətə açıqlayıb: İlkin ssenariyə əsasən Yer planeti Tanrı tərəfindən yox, İblis tərəfindən yaradılır. Bundan əsəbiləşən Trier ssenarini yenidən yazmaq üçün filmin çəkilişlərini təxirə salır.
2007-ci ildə Trier depressiyada olduğunu və bəlkə də daha bir film çəkə bilməyəcəyini açıqlayır: “Hesab edirəm ki, Antxirist mənim növbəti filmim olacaq, lakin hazırkı mərhələdə mən buna belə əmin deyiləm”.
İlkin dinləmələr üçün Danimarka paytaxtı Kopenhagenə gələn britaniyalı aktyorlar geri qayıtmağa məcbur olurlar. Trierin psixoloji durumu ona aktyorlarla görüşməyə imkan vermir.
Nəhayət 2008-ci ildə “Antixrist”in çəkilişləri başlayır. 40 gün (20 avqust – sentyabrın sonuna qədər) davam edən filmin çəkilişlərini fon Trierə məxsus “Zentropa” şirkəti həyata keçirir. “Antixrist” fon Trierin tamamilə Almaniyada çəkilən ilk filmidir.


Tarix: 27.10.2015

4367