Bığ sülhün düşmənidir


Amişlər təriqəti haqqında

Hər bir dində olduğu kimi xristianlıqda da təriqətlər, məzhəblər, inanac formaları yetərincədir. Onlardan biri də indiyədək dünyanın bir çox ölkələrində kiçik icmalar şəklində yaşayan, öz inanc ənənələrini nəsildən-nəsilə ötürən amişlərdir. Amiş icması 1644 - 1720-ci illərdə yaşamış Cakob Amman tərəfindən yaradılmışdı. Elə İcmanın adı da buradan gəlir. Amişlər Mennonit (mennonitlər - xristianlığın protestantlıq qoluna mənsub olan məzhəb üzvləri. Bir dini cərəyan kimi 1525-ci ildə İsveçrənin Sürix şəhərində K.Qrebel tərəfindən yaradılmışdır. Xristianlıqda əsas fərqli cəhəti körpələrin xaç suyuna çəkilməsindən imtina edilməsidir - red) təriqətinin içərisindən çıxmış bir yarımtəriqətdir. Əsasını dini lider Menno Mennonitin yazılarından götürən amişlərin rəhbəri Cakob Amman mennonitlərin öz inanclarından uzaqlaşdığını düşündüyü üçün XVII əsrdə öz təriqətini qurdu və mennonitlərdən ayrıldı. Sonralar mennonitlərlə barışığa gəlmək istəsə də, bu istəyi alınmadı. Amiş təriqəti İsveçrədə və Almaniyanın cənubunda yaranmasına baxmayaraq, tezliklə Rusiya və Hollandiyaya qədər yayıldı. XVIII əsrin əvvəllərindən başlayaraq amişlər Şimali Amerikaya köçməyə başladılar. Onların Şimali Amerikaya köçü və mennonitlərlə assimiliyasiya olmaları nəticəsində Avropada Amiş icması yox oldu. İndi Amişlər ABŞ-ın Pensilvaniya, İllinois, İndiana və digər ştatlarında, az sayda isə Kanada da yaşayırlar.
Şimalı Amerikaya köçdükdən sonra amişlər arasındakı ən böyük parçalanma, əsasən 1850-ci illərdən sonra yaşandı. Sosial dəyişikliyi və texnoloji ixtiraları qəbul edənlər “Yeni Amişlər”, qəbul etməyib ənənəvi üsulla yaşamaq istəyənlər isə “Köhnə Armişlər” adlandırıldı. Amişlərin diqqətçəkən xüsusiyyətlərindən biri də ondadır ki, onların xüsusi kilsələri yoxdur. İbadət üçün evlərdə toplanırlar. Buna görə də yaşadıqları qəsəbədə amişlərin sayı çoxaldıqda yeni qəsəbə salırlar. Çünki say çox olduqda hər hansı bir evə yığışmaq çətinləşir. Amerikada 200-ə yaxın “köhnə amişlərin” yaşadığı qəsəbə var və bu qəsəbələrdə 250 minə yaxın “köhnə amiş” yaşayır.

Amişlərin dini doktrinası “bu dünyaya uyğunlaşmama, ondan ayrı qalma” üzərində qurulub. Amişlərə teatra getmək, kinoya baxmaq, telefon, fotoaparat, avtomobil, soyuducu, elektrik, internet, kompüter və s. kimi müasir texnalogiyalardan istifadə etmək qadağandır. Texnologiya ilə yanaşı, onlara zinət əşyaları taxmaq, hətta düymədən istifadə etmək də qadağandır. Onlar sığorta etdirmirlər, siyasi və digər təşkilatlara qatılmırlar. Maşın yerinə əsasən faytonlardan istifadə edirlər. Öz saçlarını özləri kəsir, paltarlarını özləri tikirlər. Bazardan sənaye üsulu ilə tikilmiş hazır paltarlar almırlar. Kişiləri başlarına şlyapa qoyur, qara və ya tünd rənglərdə paltara üstünlük verirlər. Qadınları isə başlarını bağlayır, uzun don geyinir, əksər hallarda qabaqlarına önlük bağlayırlar. Uşaqlarını isə elə geyindirirlər ki, sanki, özlərinin miniatürləridir.
Amiş kişiləri evləndikdən sonra saqqal saxlasalar da, bığlarını mütləq qırxmalıdılar. Əslində, bunun özünün də maraqlı bir səbəbi var. Belə ki, Orta Əsrlərdə Avropa ordularında olan kişilər qalın bığ saxlayardılar. Müharibə əleyhinə olduqlarını göstərmək üçün onlara etiraz olaraq, ilkin amişlər saqqal uzadır, bığlarını isə qırxırdılar. Qeyd edək ki, amişlər anti-millitarist olduqlarından orduya qatılmırlar.


Əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Yaxşı fermer olmaları ilə məşhurdular. Kənd təsərrüfatı onlar üçün çox önəmlidir. Özlərinin assimilyasıya olmamalarını kənd təsərrüfatı ilə əlaqələndirirlər. Onlar bir çox kənd təsərrüfatı yeniliklərindən və üsullarından istifadə edən ilk icmalardan olmuşlar, ancaq bununla yanaşı, traktorlardan istifadə etmirlər. Bu da onları digər fermərlərlə rəqabətdə çətin vəziyyətdə qoyur.
Hazırda amiş icmasının ən böyük problemi gənclərin bu adətlələrlə yaşamaq istəməməsidir. Gənclər, adətən, kinoya, teatra getmək, maşın sürmək, bir sözlə, müasir texnoloji nemətlərdən faydalanmaq istəyirlər. Bu problemin qarşısını almaq üçün, adətən, amişlər öz övladlarını gənc yaşlarda evləndirirlər ki, maddi baxımından ailəyə bağlı olsunlar.Amiş icmasının ikinci ən böyük problemi dünyəvi təhsildir. Çünki bu təhsil amiş uşaqlarına dünyadakı hadisələr və yaşam haqqında məlumatlar verir. Amişlərə görə, ən yaxşı təhsil dini təhsildir. Amişlər, əsasən, alman, holland dillərində danışırlar. Ancaq hazırki amişlər ingilis dilini də bilirlər.
Amişlərin öz sosial qaydalarının pozulmamalarına nəzarət etmək üçün xüsusi mexanizmləri var. Kiçik xətalar üçün “tövbə etmək” kifayət etsə də, qaydanı pozan şəxs bir daha belə hadisələrin təkrarlanmayacağına söz verməlidir. Daha ciddi qayda pozuntuları üçün başqa cəzaları var. Buna təcridetmə deyirlər. Belə şəxslərlə mərhəmətli davransalar da həmin şəxslərin ailə üzvləri də daxil olmaqla heç kim həmin şəxslərlə danışmır. Hətta ailədə belə onlar bütün ailə ilə birlikdə deyil, kənarda tək-tənha otururlar. Təcridetmə o qədər ciddi olur ki, bu qaydaları pozanlar ya özlərini buna uyğunlaşdırırlar və ya icmanı tərk edirlər.




Tarix: 17.07.2015

4827