Kandidin 12 sualı - yeni layihə


Fərid Rəsul: “Məni düşündürən ən maraqlı məqam odur ki, görəsən, o dünyada iş var?”

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın buçağının tanınan simalarına ünvanlayaq. Müsahibimiz gənc teleaparıcı Fərid Rəsuldur.

1. Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

- Sevmək, sevgi mənə görə boşdur. Bir-iki dəfə sevmək istəsəm də, alınmayıb. Növbəti illərdə də bərk sevməyi düşünmürəm. Hələ ki yumşaq sevirəm desəm, daha uyğun olar, məncə.

2. Sevgi öldürməyə qadirdir?

- Sevgi var, öldürür. Sevgi də var yaşadır. Bəzən isə, yaşadan sevgi mahiyyətini dəyişərək öldürən sevgiyə çevrilir. Heç kim bundan sığortalanmayıb. Allah hamımızı öldürən sevgidən qorusun. Mən sevginin öldürmə funksiyasına da inandığım üçün, birmənalı deyirəm ki, bəli, sevgi öldürür.

3. Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

- Bu suala rast gələndə yuxum gəlir. Amma ironik yox, real cavab verməm lazımdır. Gərək insan daxilən azad olsun. Daxildən azad olan insan, zahirən də azaddır. Buna isə heç bir şübhə yoxdur.

4. Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

- O biri dünya deyilən anlayış həmişə mənə maraqlı olub, əsasən də uşaq yaşlarımda. Həmişə o dünyalar haqqında bilmək istəyirdim. Dindarlardan və başqa insanlardan bu haqda çox soruşurdum və indi az da olsa, məlumatlıyam. İnandığım tək şey odur ki, oralar da bu dünya kimi, kiminə yaxşı, kiminə isə pisdir. Dünyaları ancaq əməllərimizlə qazanırıq. Və məni düşündürən ən maraqlı məqam odur ki, görəsən, o dünyada iş var? Məncə, işləyənə orda da iş həmişə var.

5. Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə
Dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Bir əzbərlənmiş mahnıda deyildiyi kimi, dünya sənin, dünya mənim, dünya heç kimin. Əgər Volter o yeni dünyanın dənizlərini avropanın dənizlərindən yaxşı hesab edirdisə, onda yüz faiz yeni dünya Azərbaycanda, Xəzər dənizinin sahilindədir. Mənim yeni dünyam isə həmişə Neftçaladır.

6. Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan
bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik
mövcuddurmu?

- Dünyada bərabərlik olmayıb. Dünyada bundan sonra bərabərlik olacaq kimi də görünmür. Eramızdan öncələrdən, insanlar formalaşmağa başlayandan sosial bərabərsizlik yaranıb. Mən heç bərabərlik işarəsinin özünün bərabər olduğuna inanmıram.


7. Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Ölüm yaxşıdır, mənim fikirimcə. Nə qədər tez ölsən, o qədər də az günah etmiş olarsan. Lakin yaşamaq daha yaxşıdır. Ən əsası, vicdanlı yaşamaq hamısından və hər şeydən üstündür.

8. Bir-birindən ayrı din ola bilərmi?

- Tanrı vahid, dinlər isə müxtəlifdir. Buddizmi mən din baxımdan tamam fərqli qiymətləndirirəm. Düşünürəm ki, dinləri bir-birindən ayırmaq doğru deyil. Əgər Tanrı istəməsəydi, digər dinləri yaratmazdı, heç.

9. Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə
dayanır?

- Kandid sualları həqiqətən düşündürücü və eyni zamanda da yorucudur. Yamanlıq etməmişəm və bundan sonra da etməyəcəyəm, yəqin ki. Yamanlıq etmədiyim üçün yamanlığın kökündə nə dayandığını da dəqiq deyə bilmərəm.

10. Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik
axtarmağın adı və dadı nədir?

- Hər kəsin dünyaya baxış bucağı var. Kimsə mənim gözəl hesab elədiyimi gözəl hesab etməyə bilər. Zövqlər müxtəlifdir, axı. Amma elə insanlar var ki, qəsdən yaxşı bir şeydə də əyər-əskiklik axtarır.

11. Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri
oxuyanda çox maraqsız olur?

- Faciəni real görəndə, məsələn, yolda qəza olanda hamı maraqla ətrafa toplaşır. Kimi video çəkir, kimi də selfi. Real olan hər zaman realdır. Həmin faciə televiziyada göstəriləndə də maraqlı olur, çünki faciəyə baxılır. Əsl faciə odur ki, bədii əsərlərdəki faciələr az oxunur. Bizim cəmiyyətdə kitaba həvəs çox azdır.

12. İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi,
fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Zaman dəyişdikcə insanlar da dəyişir, onların xüsusiyyətləri də. İnsanlar zamanla ayaqlaşır. Amma yalançı bütün dövrlərdə olub, qorxaq da, iki üzlü də, həmçinin. Əməllər dəyişmir, o əməlləri etmə səbəbləri zamana görə dəyişir.

“Kirpi”nin tikanı:

- Fərid Rəsul özünü hansı hallarda biabır edir?

- Özümü, indiyə qədər, biabır edəcək hərəkət etməmişəm. Nə vaxt etsəm, bilin ki, ağılım yerində deyil. Etiraf edim, utanacağım hərəkətlər etmişəm. Unutmayaq ki, hamı səhv edir və insan səhvlərdən nəticə çıxararaq kamilləşir.

Hazırladı Tural İsmayılov


Tarix: 31.10.2015

3927