Sadizmin ixtiraçısı - Sad


Pozğun aristokrat

Sosial və əxlaq azadlığına çağırış edən, illüzion hakimiyyətin hərisi, insan davranışlarının instinktlərini, gizli arzularını, seksual istəklərini qaranlıqda aydın göstərən, riyakar əxlaqa qarşı etirazın simvolu - Markiz de Sad...
Şəxsiyyətin ən vacib xüsusiyyətlərindən biri olan xarakter - ictimai tarixi bir kateqoriya olduğu üçün onun formalaşmasında sosial şərtlərin təsiri qaçılmazdır. Sosial həyatın insanın psixoloji durumuna təsiri də hədsiz çox olur. Onun isə sosial həyatı öz yolunda idi. Markiz özü-özlüyündə Fransada çox yüksək bir titul adıdır. O, hersoqdan aşağı, qrafdan yüksək yerdə dayanır. Sad varlı və tanınmış ailədə doğulmuş, orduda xidmət etmiş, aristkroat nəslin nümayəndəsi idi. Lakin bütün bunlara baxmayaraq onun üçün heç bir çərçivəyə sığmayan, sərhədsiz əxlaqsızlıq başlıca həyat tərzi idi.
Dini və hüquqi qanunları qəbul etməyən Markiz de Sadın ateist olması gün kimi aydındır. Yazıçı ciddi şəkildə Tanrının olması ilə bağlı iddialarla mübarizəyə girməsə də, dini xurafatları inanılmaz məzəli formada təsvir edir. Həbsdə və dəlixanalarda 32 il vaxt keçirən Markiz de Sad dünyaya sadizm kimi termini də özündən sonra elmə töhvə verdi. Seksual və mədəni azadlıq haqqında inqilabi ideyalar irəli sürən Sad izah etdi ki ağrılardan da zövq almaq mümkündür.

Ağrıdakı həzzi kəşf edən yazıçı

Sad kitablarında şəxslərarası əlaqələrdə insanın bir dəfə özünü itirdiyində, nələr ola biləcəyinin məlumatını verir. Əsərlərində dövrün ideyalarının ən qəddar tənqidini əsrarəngiz formada canlandıran Sad əmin idi ki, yer üzündə yaxşılıq və pislik yoxdur. Çünki təbiət özü hər şeyi vaxtaşırı olaraq yaradır və məhv edir, təbiətin özü də bu yaradılış və məhvolma proseslərinin təsiri altındadır. Sad hesab edirdi ki, həyatda hər şeydən mümkün qədər çox həzz almağı, və ani bir həzz uğrunda milyonlarla insanı qurban vermək olar.
Eqoizmi təbliğ edən Markiz de Sadın özünəməxsus fantaziyalı, erotika, qan, ölüm, əziyyət, murdarlıq dolu romanlarının qəhrəmanları varlılar, hakimiyyətdə əyləşən məmurlar, rahiblər, monarxlardır. Sadın qəhrəmanları göstərdi ki, mənəvi boşluq insanların daxilindədir. Allaha da, sivil insan kodeksinə uyan insanlar bədəninin təkcə toxunuşundan həzz alır. Ancaq bunun tərsi daha çox ehtiras dünyaya gətirir. İntim həyat yalnız bir-iki işarədən ibarət olmamlıdır. Bütöv cümlə fikri aydın ifadə etdiyi kimi bu həyatın intim cümləsində bütün hərflərə, durğu işarələrinə yer vermək lazımdır.
Əslində, sadizm adlandırdığımız bu romanlar Sadın intim hisslərinin fantaziyasıdır. İntim həyatlarında çərçivədən kənara çıxa bilməyən şəxslər üçün bu dəhşətli bir fakt kimi görünsə də yenilik heç zaman qaçılmazdır. Həm də bu yenilik də deyil. Tarix buna şahiddir. Məsələn: Antik ədəbiyyat. Burada o qədər erotik eybəcərliklər təsvir edilib ki, Markizin fantaziyaları o eybəcərliklərə heç çata da bilməz. Məsələn, Odisseyin kənizlərinin edamı səhnəsi.
Fransız aristokratı, yazıçı, filosof Markiz 1803-cü ildə Napoleon Bonapartın əmri ilə məhkəməsiz və istintaqsız həbs edilir, ağılsız elan edilərək Şaranton psixi xəstəxanasına aparılır. Bu onun ilk həbsi olmayıb. O, 15-ci Lüdovikin şəxsi xeyir-duasıyla madmuazel de Montreylə evlənir. Evliliyindən bir müddət keçməmiş fahişəxanada yaratdığı insidentə görə 15 günlük həbs cəzası aldı.

“Məni unudun!”

Şikayətlər davam edirdi. Lakin tarixin yaddaşında qalan şikayət Roza Killer adlı fahişə xanımla bağlı idi. Belə ki, bu xanımı karetasına mindirib villasına aparan Sad qəribə istəklərini ən murdar və qəddar yolla həyata keçirdikdən sonra onu qamçıyla döyür. Yaralarına mum sürtəndən sonra onu otaqda bağlayıb getmişdi. Pəncərədən özünü bayıra atıb təsadüfən sağ qalmış bu qadın Markizin skandallı həyatında nə birinci, nə də sonuncu idi.
Sadın ehtiraslarını müxtəlif türmə və dəlixanalarda keçirdiyi 29 il söndürə bilmədi. Əfsanəvi qəddar məşuq hər görüşünü qeydə alaraq kitab halına gətirirdi. 20 metrlik rulon şəklində olan “Sodomun 120 günü” adlı kitabı ərsəyə gəldi. Bu əsəri seksual pozğunluğun ensiklopediyası da sayırlar. Əsərdə yazıçı illər boyunca adi mənəviyyat qaydalarını, mentaliteti, dini məharətlə inkar edir.
Əxlaqsızlığın nəzəriyyəçisi qocalandan sonra əyyaşa çevrildi. Amma ölümündən əvvəl vəsiyyətnaməsində skandallara meylli olan bu insan qəribə arzularını yazıya alıb: “Mən özümə təskinlik vermək istərdim ki, adım insanların yaddaşından təmiz silinəcək. Məni torpaqla örtəndən sonra palıd qozalarını yerə tokün ki, onlar cücərib qəbrimə olan yolu tamamilə tutsunlar. Qoy məni tamam unutsunlar. Mən meyitimi hər hansı bir bəhanə ilə yarmağı qadağan edirəm”.Vəsiyyətnaməsinə baxmayaraq, öləndən sonra Markizin meyiti yarılır və nifrət etdiyi katolik dəfn mərasiminin qaydaları ilə torpağa basdırılır.
Markiz de Sadın xəyal etdiyi dəhşətli cinsi qəssablıqları iyrənc və qorxulu olsa da ölümsüzləşdi. Fikrimcə, onun həyatını və əsərlərini qınaynalar çoxdur. Lakin kitablarda nəql olunanların ən pis tərəfini axtaranlar səhvdir. Çünki tarix göstərir ki, bu şiddət və aşırılıq bizə yad deyil. Bunlar insanlığın dərinliyində gizlənmiş bizdən bir parçadır.


Tarix: 02.11.2015

3201