17 b- hekayə




- (1 №-li pasiyent) Mən dəli olmaq üçün şairanə görkəmimdən, uğursuz istedadımdan və boz (yox...onları təhtəlşüurun miskin sayıqlaması adlandırardım) xəyallarımdan ikiəlli imtina edəcəyimimi düşünürsüz? İmtina etmək? Yox, quzum, it ki o dövr hürməkdən, pırtlaq quyruğunu var-gəl elətdirib, yepyekə ağzını yumub-açmaqdan bezir ha bax onda... onda hövsələsiz rejissor "kifayətdir, mister Eyron, (bu Vayt, Sorensenn, Denisovla da baş verə bilər) bir parç pivə pis olmazdı. Biz, harın alman köpəyini elə göstərməliyik ki... Siz çox qürurlu oynayırsınız. Unutmaq olmaz, bu nə yırtıcı xislətli qart canavar, yaxud Şərq tazısı deyil" - bağıraraq boğazyaşlama fasiləsindən sonra səhnəni it damına çevirməyi tələb edir. Müti rasionallıq!

- (2 №-li pasiyent) Çox lütfkar cənabım, m-mən Linkoln dərrakəli nagüman müsahibinizin susmağından i-i-istifadədə bulunaraq "Yad evciy"ə naşı sərçənin köçməsinə səbəb olan əhvalatı d-danışmaq istəyirəm. Elen...mənim sevgilimin adı belədir. Lənət şeytana, o ölüb. O, məni Nil çağırardı. Nil! Bu "17b"-dən r-rabitəli səslənir.

Biz 2 ildir görüşürük. Mənim kəkələdiyimi, sözləri yaxşıca həzm-rabedən keçirə bilmədiyimi heç v-vaxt deməzdi, yəqin özünün də kokni olduğuna görə. Nitqimizdəki təbəddülatı hörmət və ehtiras bürküsü q-q-qızındıraraq dərin bir novda ilahi ovucun dörd qaba barmağıyla torpaqlayır, çatışmayan barmaq bir andaca peyda olur, deşilmiş sədəfdən axan suyu gərilib-bo-ş-şalaraq torpağa çiləyirdi. Burada isə...
- (1 №-li pasiyent) Sehrli çiyələk kolu bitirdi? Bu əhvalat mənə tanış gəlir.
- (2 №-li pasiyent) ...heç nə bitməzdi. B-biz tanrının sevimli əkiz oyuncaqları idik - ağlabatmaz olduğu qədər real, kölgəsi göründükdə sürpriz vəd edən, qalibiyyət və təntənə maskotu olan iki oyuncaq.

Bir dəfə o, mənə - bu cəmi bircə dəfə baş v-v-vermişdi. - "Ah, əzizim, heç düşünmüsənmi biz üç silindr oyununu oynamaq üçün necə də azıq, Nil" - dedi. "Mənim atam...o qoca qarğa misilsiz oyunçudur" deyərək onun qütb parıltısı kimi s-sehirli gözlərinin nəyə işarə etdiyini anlamamışdım. Bu cür mövzularda iqtidarsızlığımı etiraf etməyə hər z-zaman hazıram. Səfehlər - onlar düşünmə qabiliyyətsizliklərinin sükutunda cənnətin keçidlərini ard-arda arxada qoyaraq, ikinci bir cənnətin mövcud ol-m-madığını vecə almadan yollarından qalmırlar.
Eleni sevməyə əməllicə vaxtım var idi. İlə ə-əlli min dollar əmək haqqı və həftənin bütün günləri sevməyə v-vaxtın varsa...İndi mən 17b-yəm. Onlar belə fikirləşir, yəqin siz də. Sinirləri kütləşdirən qəhqəhə d-dalğası, əl və ayaqların "ifrat və ifrat" adlandırıla biləcək naməlum akkordlarla çarpayını döyəcləməsi, yenə qəhqəhə və yenə qəhqəhə. D-dayanmaram! O ölmüşdü. Y-yuxuda.


Bura, psixatrik, psevdohallüsinasiya xəstələrinin - bu ifadəni məhrəm hesab etməsələr də - bərpa və sığınacaq evi, onlar üçünsə "Yad evcik"dir. Onların ümumi adları var - 17b.
"Siz dəli yox, qeyri-adi ağıllılarsınız". Uzun yarıqaranlıq dəhlizin lap axırında solğun latın hərfləri ilə yazılmış fövqəlifadə diqqəti üzərinə pərçimləməyə bilməz. "Yad evcik"də hər şey boz və qeyri-hərəki görünür. Dördçarpayılı palataların boğucu, antiseptik havası, üzlərdə kəskin olduğu dərəcədə də qətiyyətsiz ifadələr, məşumluq oriyentasiyası və həkimlərin qeyri-təbii rəftarı. İlahi, 17b-lər həkimlərə necə də nifrət edirlər.
Yanbızına vurulan "şaftalı suyu"nun islahedici təsirindən güzgüdə bədənini gördüyü anda "Ah! Mən, m-mən sarışınaaaam! " bağıraraq təəccüblənən xəstə kim olduğunu unudub və başının dəyişdirildiyini bəyan edir. 17b olmaq bir pasiyentin dediyi kimi "illərin tələsinə düşmək"dir. Bu zamanın buxovlayıcı hüdudlarında ilişib qalmaq kimidir. 17 b olmaq....yox. Qoy onlar kim olduqlarını, bəlkə də kimə çevrildiklərini özləri izah eləsinlər.

- Hə, mən oyam. O da, ağıllı aşpaz. Bura baxın, məni dəli adlandırmağa icazə vermirəm. Dovşankələmi sousu mübhəm sayılmamalıdır. Qızarmış axta xoruzlara yaxşıca da dad verir. Mən "Şəhvət mələyi" aşxanasının bircəcik aşpazıyam. Nə zəhərləməsi?! Bunu niyə etməliydim, mənə dəlilik vergisi verilib? Tanrı - mən ona inanıram - iti qırmancına məni niyə naqqa etməlidir? Nə vaxtsa 17b olmaq üçün doğulmamışam. Mənim atam və anam nəyin eşqinə mazaqlaşdıqlarını bilirlər. Buranın dəhlizi məni çox ürküdür. Böyükdür. Tərəssüd borusuna ehtiyac var. Bununla barışa bilmərəm. 17b olmağı deyirəm. Buna ruhun bədəndən imtinası demək olardı.

- Tünd qəhvəyi frakın qat-qat qolunda "psix.", "RXB" yazısına öyrəşmək dəhşətlidir. 6 hərfin hər birinə xüsusilikdə nifrət edirəm.

- Sara. 28, ya da 30 yaşım var. Hamı kimi olmaq istəməmək ehtirası mənə bu zəhrimar maddəni qismət elədi. Qızımı mənə heç göstərmilər. Rədd olun burdan, xədim arılar. Çıxın!

- Mən həmin Coyam ki, 2 həftə qabaq fağır həmkarlarımı (bəli, həmkarlarımı) məni dinləmələrinə inandırıb əslində bizim keşişlə müsavat əxlaqa və düşüncəyə malik olmağımızı onlara danışdım. "Cənablar, (bizim sıramızda 3 xanım daha var) Soyuqdan istiyə, kədərdən məlumat eyforiyasına, çiçəkli dünyamızdan qara planetə düşməyimizin səbəbi bizlərə maraqlı deyil. "Yad evcik"də qalmaq istəmədiyimizi isbatlamaq lazımdır. Necə? Bax bunun üçün..." Bərbəzəkli bir nitq söylədim. Mənə gülməyin, hətta fit və alqış səslərindən də məhrum olmamışdım. Biz qərara gəldik ki, özümüzü daha ağıllı və hiyləgər aparmalıyıq. Qoy görsünlər ki, 17b-lər ...Bir dəqiqə, mənim frakım da 17 nömrəli imiş. Ax bu ikrah doğuran 1 və 7-lər.

Dəhliz həmişəkindən daha qaranlıq, sonsuz göy qübbəsi kimi görünür. Diyircəkli şumal kreslosunda mürgüləyən növbətçi həkimdən savayı heç kim gözə dəymir. Görünür, hamı yatıb. Və bunu da ehtimal edək ki, pasiyentlərdən, heç olmasa, biri yuxuda bədəninə yapışan qəhvəyi paltarı parçalaya- parçalaya günəşli küçə ilə at qarışqaları kimi naməlum istiqamətlərə tələsən adamların arası ilə qaçır.

- (2 №-li pasiyent) Mən o-nu öldürməmişəm.
- (1 №-li pasiyent) Sənə inanıram, dostum. Biz heç kəsi öldürməmişik. Əbədi günahsızlığın şərəfinə!





Tarix: 03.11.2015

3806