Ölünün dovğa davası



Nəhayət ki, bizim ölkədə də falçılığı, cindarlığı qadağan etdilər. Millətin reallıq hissi özünə qayıdar bundan sonra, cavanlar gələcəyini, qocalar aqibətlərini qarğa beyninin, qurd yağının, ilan qabığının, pişik caynağının-zadın umuduna buraxmazlar yəqin.
Kənd yerlərində doğulan və yaşayan adamlar çox yaxşı bilirlər ki, bu yerlərin özünəməxsus həkimləri olur. Məsələn, şəhərdəki ağ xalatlı travmatoloqları kəndlərdə sırıqlı geyimli əyri-üyrü sınıqçılar, özləri doğa bilməyən ginekoloqları, on dörd-on beş uşağı təndir qalaya-qalaya doğan doqquztuman qarılar, özləri əsəb xəstəliyindən əziyyət çəkən psixoterapevtləri elmə məlum olmayan metodlarla ruhi xəstələri sağaldan əbədi sükunət halına dalmış dul zənənlər əvəz edir. Sınmış sümüyü yumurta sarısından və küldən düzəltdikləri sıyıqla bitişdirən, bədəndəki soyuqdəyməni, ağrını yeddiillik xoruz dərisinə bükməklə çıxaran, yuxusuzluqdan, sinir pozğunluğundan dəli olub çöllərə düşən divanələri ot-alaf tüstüsüylə, sirli pıçıltılarla, qarğa beyni, cin düyünü, ölü kəlləsi və c. mistik ayın-oyunla sağaldan bu kəmsavad şil-küt loğmanların pasiyentləri bəzən hətta şəhərdə üç-dörd universitet oxumuş adamlar da olur.

Üç-dörd il əvvəl düçar olduğum sinir yorğunluğu, yuxusuzluq, əsəb pozğunluğu kimi nevrotik əzablardan xilas olmaq üçün Bakının gündəlik hay-həşirindən qaçıb kəndimizin qəbiristanlıq dincliyinə sığınmışdım ki, ağlım başıma gəlsin. Evdəkilər halımın gərginliyini görüb məni kənddə ruhi xəstələr üzrə mütəxəssisləşmiş, belə xəstələri, elmi dillə desək, özünün əldəqayırma meditasiya yolu ilə sağaldan qədim bir qarının yanına apardılar.

Qarı müalicəyə başlayana qədər gəlin əvvəlcə meditasiya haqqında bildiklərimizi yada salaq. Meditasiya sözünün latıncadan hərfi tərcüməsi, fikirləşmək, düşünmək, xəyallar almənə dalmaqdır. Lakin bu sözü yanılma, özünüaldatma, tərki-aləm olma kimi də tərcümə edirlər. Meditasiya insanı psixi, zehni yoxolma halına gətirməklə onu ruhani iflicolmaya məruz qoymaqdır. Bir növ, şüurdakı “köhnələri” silmək, yerli-dibli yox etməkdir, təxminən, yazı lövhəsində dünəndənqalma yazıları silmək kimi bir şey. Meditasiya dinlərdən daha qədim psixi-ruhi təlimdir və onun kökləri qədim Hindistana, Yunanstana, Çinə, Cənubi Amerikaya bağlı olsa da, hər bir qədim etnosun özünə xas olan meditativ nəzəriyyələri olmuşdur. Məsələn, qədim türklərdə şamanizm adlanan meditasiya Hindistanda dxiyana, Xristianlarda isixiazm, İslamda sufizm, İudaizmdə Kabbaladır. Məqsəd insanın öz ətrafına yönəlmiş üst şüurunun istiqamət vektorunu dəyişmək, bu istiqaməti sağa-sola, yuxarıya deyil, aşağı, insanın daxili aləminin Mariyana çökəkliyinə yönəltməkdir.

Müasir elmin gəldiyi nəticə bundan ibarətdir ki, meditatsiya zamanı ürək döyüntüləri, qan təzyiqi azalır, həzz hormonlarının artması nəticəsində əzələlər boşalır, insan, bir növ, uzunmüddətli orqazm həzzində olur, immunitet güclənir və ən əsası, bizdə çoxlarının zəhləsi gedən tənqidi təfəkkür kəllə-çarxa qalxır, trans rahatlığına qovuşmaq üçün içkiyə, narkotikaya ehtiyac qalmır. Meditasiya zamanı bədən tamamilə sükunətdə olmalı və fikir tam bir nöqtəyə cəmlənməlidir, Axundovun sözləri ilə desək, bu zaman insan mütləq “meymunu yaddan çıxarmalıdır”. Əks halda, sənin bardaş qurub etdiyin meditasiya tənbəllikdən, avaralıqdan başqa bir şey olmayacaq və səni evdə hər gün bu vəziyyətdə oturaq görən arvad “sənə gəldiyi günə göydən daş düşməsi”ni arzulayaraq əvvəlcə dədəsinin, sonra da meditasiyanı-zadı vecinə almayan, ancaq evə hər gün əlizənbilli gələn başdanxarab yeni oynaşının evinə yollanacaq. Əliboş, başıdolu ərdənsə, cibidolu, başıboş oynaş yaxşıdı. Nənələrimizin bu atalar sözünü unutma.

Demək, meditasiyanın, az da olsa, elmi tərəflərinə bələd olduq. İndi qayıdaq üç-dörd il əvvəl məni meditasiya edən və yuxarıda dediklərimizdən qətiyyən xəbəri olmayan Meyxanım xalanın məbədinə. Qarı məni qarşısında bardaş vəziyyətində oturdaraq boxçasından xeyli sayda at quyruğu tükü, noxud, ipək sap, bayquş caynağı və s. çıxarıb tökdü və onları gözlərini yumub pıçıldayaraq birsaatlıq seans boyunca qatıb-qarışdırdı. Nəhayət, meditasion diaqnoz qoydu: “Uşağı ölü tutub, dovğa istəyir”. Yəni evdə bir qazan dovğa bişirməliyik ki, könlünə dovğa düşmüş ölünün ruhu yaxamı buraxsın. Qarının yanından qayıdandan sonra əsəbilərim lap pozuldu. Yaxamdan yapışıb dovğa davası eləyən ölünü fikirləşməkdən yuxum lap ərşə çəkildi. Yaxşı ki, yanımda italyan həkimlərinin otların yuxularından çəkdikləri sakitləşdirici “Komposor-5” dərmanı götürmüşdüm. Ölü dovğadan, mən də bu dərmandan içib, sülh müqaviləsi imzaladıq. İndi həmin ölü ilə aramız yaxşıdı, hətta “facebook”da dostuq.


Tarix: 04.11.2015

3489