Rokun sirrini qazanxanada tapan şaman


Adilikdən əfsanəyə doğru

Yenilik o demək deyil ki, musiqini əvvəlki tempindən çıxarıb yeni intonasiyada təqdim edəsən. Təzə köhnədən gözəl olmalıdır. Lakin yenilər onu əvəzləyə bilmir. Çünki o, güclü bir rok mədəniyyəti yaratdı.
Ölümündən sonra da məşhurluğun pik nöqtəsində idi. “Əfsanə” sözü ilk dəfə Sovetlər birliyində onun kimliyi ilə dirildi. Bu zirvəyə gəlmək isə asan olmamışdı. Əziyyətli uşaqlıq illəri, yarımçıq təhsil, məşhurluğun zirvəsində ölüm.
Onun elə uşaqlıqdan bəxti gətirmirdi. Hər kəsdən çəkinərdi, utanardı. Bir sözlə, yanaqları qıp-qırımızı olurdu. Sovet rok musiqiçisi, koreya əsilli şair, rəssam, “Kino” rok qrupunun yaradıcısı və rəhbəri Viktor Çoy. Bədən tərbiyəsi müəlliməsi Valentina Vasilyevna Çoy və koreya mənşəli mühəndis Robert Maksimoviç Çoyun ailəsində dünyaya göz açıb. Koreyalı simasına görə hər zaman utanması onun təhsilinə təsir göstərdi. Evdə təhsil almaq istəyən gələcəyin müğənnisi daha çox idmana maraq göstərir. Valideynləri arasında tez-tez yaşanan problemlər onu atasız böyüməsinə gətirib çıxartdı. Valideylər yalnz onun ölümündən sonra barışa bildi.

İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində “ağac oyma” sənəti üzrə oxudu. Gəncliyində Vladimir Vısotski, Mixail Boyarski və Brüs Linin fanatı olur. Sonralar onun imicində Bryus Linin təsiri hiss olunurdu. Şərq əlbayaxa döyüş növləri ilə maraqlanır, netske adlanan yapon fiqurlarını düzəldir.
Onun televiziyaya gəlməsi də təsadüf nəticəsində olub. Mərkəzi televiziya kanalının “Monitor” verilişinə qonaq kimi gələn Çoy müsiqiçi kimi yox “ağac oyma” sənəti üzrə mütəxəssis kimi dəvət edilmişdi. Lakin 1976-cı ildə müğənni və yazıçı M. Paşkola görüşündən sonra Çoyun bütün planları dəyişdi.
1970-ci illərin sonu həvəskar rok qrupu olan “Piliqrim”-in üzvü Aleksey Rıbin və “Palata №6” qrupunun bas-gitaristi Viktor Çoy arasında davamlı danışıqlar başladı. Onlar Mayk Naumenko (Zoopark) və ya Andrey Panovun (Svin) mənzillərində görüşərək “Avtomatiçeskie udovletvoriteli” pank qrupunun ərsəyə gətirmək üçün hazırlıqlar həyata keçirirdilər.
Viktor Çoy 1981-ci ildə “Qarin ve Qiperboloidlər” adlı qrup yaradır. Qrupa Viktor Çoy, Aleksey Rıbin, Oleq Valinskiy daxil idi. Bu illərdə onun rəssamlıq və musiqiylə münasibəti dərinləşir. 1981-ci ilin noyabrında qrup böyük uğurla Leninqrad rok-klubunda cıxış edirdi. Qrup “Kino” adı ilə 1982-ci ilin yazında “45” adlı özünün ilk albomunu buraxır.



Bundan sonra qrup məşhurlaşmağa və müxtəlif albomlar buraxmağa başlayır. Öncə “Naçalnik Kamçatki” daha sonra “Eto ne lubov” adlı albom buraxırlar.
Lakin onun ən məşhur iş yeri “Kamçatka” qazanxanası idi. O, burada işləyir, kosert verirdi. Buna görə onun müsiqlərindəki sözlərin çoxu üsyanı əks etdirir. Şəxsi həyat isə qazanxanadan çıxan qara dumandan fərqlənmirdi. Onun birinci həyat yoldaşı Mariyana dodaq pomadası ilə öz nömrəsini ona vermişdi. Çoy bu şansı buraxmaq istəmədi və zəng elədi. Bu zəngin sonu evliliklə bitdi. Onların toyunda rok-n-rollun bütün elitası iştirak edirdi.

Bu izdivacdan Saşa adında oğlan uşağı dünyaya gəlir. Hazırda soyadını dəyişən Saşa atasının məşhurluğunun kölgəsində deyil, öz əməyi ilə adını ucaltmaq istəyir.
Lakin bir müddət sonra Çoy kinotənqidçi Kiril Razloqovanın qızı Natalya ilə tanış olur və Moskvaya köçür. Bu zaman kəsiyində o, Raşid Nuqmanovun “İqla” kinosunda əsas rolun ifaçısı olaraq hazırlaşmağa başlayır. Çoyun sonuncu sevgilisi özünü onun həyat yoldaşı hesab etmirdi. Əksinə, Mariyanı hər zaman özündən üstün tutardı. Onun dəfn günü arvadları da yan-yana dayanmışdılar.

“Çoy sağdır”

O, ətrafındakı insanlardan tamamilə fərqlənirdi. Daima qara geyimli paltarlara üstünlük verirdi. Hisslərinə hakim olan Çoy sakit səslə danışır və çox vaxt özünə qapanırdı. Bu xasiyyətinə görə onu “Şaman” adlandırırdılar.
Onun gənc yaşında dünyasını dəyişməsi miflərin yaranmasına gətirib çıxartdı. “Çoy sağdır” ifadəsi bütün Rusiyaya yayıldı. Xəbər o qədər ciddiləşdi ki, rəsmi şəxslər arasında bu xəbəri dəqiqləşdirmək üçün qəbrin yenidən açılması və cəsədin yoxlanılması fikriləri irəli sürüldü. Bu fanatların ürəyində az da olsa, ümid yaratsa da Çoyun anasının qəlbinə hər gün ağrı verirdi. Hətta bu cür iddianın bir gün düz çıxacağına inanan ana ömrünün sonuna kimi oğlunun fanatları ilə əlaqə saxlayırdı. Onun qəbrində keşik çəkən şəxslərə hər gün yemək aparırdı.

Çoyun ölümündə gizli məqamlar da çoxdur. Viktor Çoy 15 avqust 1990-cı il 12:28 radələrində balıq tutmaqdan geri dönərkən avtomobil qəzasında həlak olub. Qəza Latviyada Sloka-Talsi yolunun 35-ci kilometrliyində baş verib. Rəsmi versiyaya görə, Çoy sükan arxasında yatıb və özünə məxsus olan Moskviç-2141-də İkarus markalı avtobusla toqquşub. Ölümün səbəbləri haqqında başqa versiyalar da var. Belə ki, “Sledstvie veli...” sənədli filmlərini hazırlayanlar təxmin edirlər ki, Çoy sərt döngəni dönərkən maqnitofonundakı kasetin üzünü dəyişməyə çalışıb ki, bu da fikrinin yayınmasına və nəticədə qəzaya səbəb olub.

Versiyalar bitib tükənmirdi: içkili olub, yuxulayıb, yolda heyvanı əzməmək üçün idarəetməni itirib və s. Lakin istintaq onun qanında içkinin olmasını təsdiq etmədi. Digər müəmma odur ki, o, hər zaman balıq tutmağa gedərkən oğlunu aparardı. Bu dəfə belə olmamışdı.
Bundan başqa Viktorun qəzaya uğradğı avtomobil (“Moskviç” 2141) ona Yuriy Ayzenşpisom tərəfindən hədiyyə olunmuşdu. Lakin bir çoxlarına məlum deyildi ki, onun bu markadan olan daha iki avtomobili vardı. İkinci “Moskviç”i isə özü almışdı. Nəzərə alsaq ki, Sovetlərin vaxtında avtomobil almaq müşkül məsələ idi və bunun üçün uzun-uzadı növbə gözləmək lazım gəlirdi. Deyilənə görə, o digər avtomobilini dostlarından birinə hədiyyə edibmiş.

Qrupun sonuncu albomuna Viktor Çoyun xatirəsinə hörmət əlaməti olaraq “Çornıy Albom” adını verirlər. Bütün hallarda Çoy artıq 25 ildir ki, yoxdur. Özü olmasa da hazırda bu müsiqi janrını sevənlərin ürəyində yaşayır. Çünki Çoy həm də öz ölümü ilə ölümsüzləşib.


Tarix: 06.11.2015

3263