Məşhurun kitabxanası - Ernest Heminquey


Dünya məşhuru amerikalı jurnalist və yazıçı Ernest Heminqueyin yazı üslubunu qənaətcillik və qısaltmalar səciyyələndirir. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bunu Aysberq (ingiliscə “Iceberg”) üslubu adlandırdılar. O, jurnalistika təcrübəsindən də faydalanaraq hadisələrin görünən, təbii sonluğunu buraxmaq (ingiliscə “omission”) yolu ilə əsərin güclənəcəyini hökm edirdi. Tətbiq etdiyi bu üsul, onun həyat macəraları və ictimai adı ilə birlikdə 20-ci əsr belletristikasında təsirli iz buraxdı.
Heminquey 10-dan artıq romanın, 9 elmi-populyar kitabın, xeyli sayda hekayə, şeir və esselərin müəllifidir. Onun bütün kitabları qısa və zəngin dillə yazılıb, onların baş qəhrəmanları isə müəllifin özünü əks etdirir.

Heminquey hələ uşaq yaşlarından kitab oxumağı sevib. Onun bacısı Marselina Ernest haqqında deyib: “Biz Ernestlə çox oxuyurduq. Əsasən klassik əsərləri: Dikkens, Skott, Şekspir. Uşaqlıq illərimizdə ən sevimli kitablarımızdan biri “Xəzinələr adası” idi.



Zaman keçdikcə Heminquey kitablara olan sevgisi artır. Bununla bağlı rəqəmlər inanılmazdır. Lakin bir çoxları bəyan edir ki, o gün ərzində bir kitab və ya iki-üç qəzet oxuyub. Hətta Heminquey səfərlərdə olduğu vaxt belə öz hobbisini dəyişməyib. Belə ki, yazıçı səfərləri zamanı həmişə ağzına qədər yeni kitablarla dolu olan ayrıca çanta gəzdirərmiş.

Ernest Heminqueyin gündəlik həyat qrafiki belə idi:
Səhərdən günortaya qədər – iş.
Günortadan axşama qədər – mütaliə.

Yeri gəlmişkən, Heminquey kitablardan önəmli həyat dərsi öyrənmək üçün yox, əsasən prosesin özündən həzz aldığı üçün bu qədər mütaliə edirmiş. Aşağıda göstərilən kitabların adı heç də təsadüfü seçilməyib. Anladığınız kimi bu siyahını sonsuza qədər davam etdirmək olar. Biz yazıçının seçimlərini əks etdirən müxtəlif mənbələrdə ən çox rast gəlinən kitabları seçdik.

Heminqueyin ən çox bəyəndiyi kitablar:

“Kral Lir”, Şekspir.
“Аnna Karenina”, Lev Tolstoy.
“Müharibə və sülh”, Lev Tolstoy.
“Heklberri Finnin macəraları”, Mark Tven.
“İtirilmiş zamanın axtarışında”, Marsel Prust.
“Şahzadə Marqo”, Aleksandr Düma.
“Karamazov qardaşları”, Fyodr Dosteyevski.
“Napaleonun Rusiyaya hücumu”, Yevqeniy Tarle.
“Uliss”, Ceyms Coys.
“Qırmızı və qara”, Stendal.

Hazırladı: Eldar Tan


Tarix: 11.11.2015

3082