Qurbanlıq qoyun- Gənc yazar



Bu yay tətili nənəmgildəydim. Səfalı rayon havası, köhnə dostlar, nənə qayğısı - hər şey yerindəydi desəm, yanılmaram. Hər yay olduğu kimi bu dəfə də Bakıda yaşayan bibim ailəsi ilə birlikdə bizə gəlmişdi. Hər axşam bir yerə yığışıb nənəm və babamın keçmiş xatirələrini yada salır və ya maraqlı əhvalatlar danışıb deyib-gülürdük. Yəni qısacası, hər şey gözəl idi. Bircə başıma gələn bir qurbanlıq qoyun əhvalatı olmasaydı.

Mənim 16, bibim oğlu Əmirin 14 yaşı var. Rusiyada doğulub böyüsə də, dinini, orucunu-namazını unutmayan uşaqdı. Sovet dağılandan sonra hamı kimi onun ailəsi - ata, ana və bacıları da dinə meyl etmişdi. Əmir də gözünü açandan onların dilindən dinin bütün incəliklərini mənimsəmişdi. Əmir tez-tez dini söhbətlər edir, bizi haqqında danışdığı ilahi möcüzələr qarşısında mat qoyurdu. Hətta onunla söhbət edərkən içimdə qığılcımlar oyanar, nəsə qorxulu və sirli duyğulara qapılar, sonra sabahdan namaza başlayacağımı bir məqsəd kimi qarşıma qoyardım, amma sabah yenə köhnə hamam, köhnə tas olardı. Hardaydı məndə o bəxt axı? Bibim oğlu Əmir kimi imanlı doğulmamışdım. Bunları öz-özümə etiraf edəndə özümdən zəhləm gedir, durduğum yerdə başıma bir daş əndərmək ağlımdan keçirdi.

Nəsə, başınızı çox ağrıtmayım, bizim ailənin belə bir adəti vardı ki, hər yay bir qazel tutar, bütün ailə yığılıb, hansısa bir ziyarətgaha gedib qurban kəsərdik. Bu yay da həmin adətə sadiq qaldıq. Yenə hamımız - baba və nənəm, bibimin ailəsi və mən bir qazeldə ziyarətgaha yola düşdük. Bu adətlə bağlı mənim ən xoşuma gələn elə qazeldə keçən anlar olurdu. Çünki hamı bir maşında deyə-gülə yol gedirdik.

Beləcə, çatdıq dağların ən gözəl yerində olan ziyarətgaha. Öncə qadınlar - bibim və qızları başlarını bağlayıb dua etməyə başladılar. Bir anlıq bu üç qadını görəndə əlimdə gördüyüm bütün işləri unudub, ağzımı açıb bunlara tamaşa etməyə başladım. Bibim və qızları ovuclarını açıb elə dayanmışdılar ki, dua edən üç məleykəyə bənzəyirdilər. Bir anlıq mənə elə gəldi ki, göyün yeddinci qatından allahın üzü göründü və bu üç qadına baxıb onların qurbanının qəbul olunduğunu və bundan sonra tanrı qatında ən əməlisaleh bəndələr kimi tanındıqlarını söylədi. Bütün bu mənzərəyə baxa-baxa bir də fikir verdim ki, artıq yerə çökmüşəm, ayaqlarım məni saxlamır, əsim-əsim əsir. Bir yandan bu müqəddəs məkanın, bir yandan da bu dua ayininin təsiri məni birtəhər eləmişdi.

Daha sonra mənə qoyunu üç dəfə müqəddəs qəbrin ətrafında hərləməyi tapşırdılar. Qoyunun dalından itələdim, amma qoyun, deyəsən, tərpənmək fikrində deyildi. Qoyunla qaldım baş-başa, tərslikdən də hər kəs mənə baxırdı. Qoyunun ayağından tutub çəkirdim ki, bibim yan tərəfdən imanlı səslə dedi:
- Oğul, sən, sadəcə, ona istiqamət ver, o, hər şeyi anlayacaq və özü allah yolunda yeriyərək qəbrin ətrafında fırlanacaq.
Mən çox kədərləndim: işə bax ki, qoyun da məndən imanlıdır. Qoyunun gözlərinə hörmətlə baxaraq ürəyimdə ondan hərəkət etməsini istədim. Amma o, yenə üzümə qoyun kimi baxırdı. Fikirləşdim ki, bəlkə, bu qoyun imansızdı. Dəhşətə gəldim, bu ola bilməzdi, imansız bir qoyunu bura gətirib də ən böyük günaha batardıq.





Day keçmişdi, qoyunun ayaqlarından tutaraq onu qucağıma qaldırdım və yeriməyə başladım. İlk dairəni vurdum, qoyunun ağırlığı altında nazik və uzun bədənim əyilir, artıq qollarımı hiss etmirdim. Başımı qaldırdım ki, Əmiri köməyə çağırım, amma gördüm ki, Əmir bayaq məleykə kimi durub dua edən anası və bacılarına qoşulub, əllərini havaya açıb, bircə başı bağlı deyil, açıqdır. Naəlac qalıb ikinci dairəni də qoyun qucağımda, yana-yana başa vurdum. Axı bu uşaq niyə belə edirdi? Heç olmasa, qoyunun bir ayağından tutaydı. Birtəhər dairəni başa çatdırıb nəfəsim kəsilə-kəsilə qoyunu yerə qoydum. Sümüklərim sızıldayırdı, onsuz da, sümükdən başqa da sızlamağa bir şeyim yox idi. Nənəm belə yerdə deyirdi: “İsmayıl, yemək ye”, mənsə yeməyi sevmədiyimdən bir dəri, bir sümük qalmışdım.
Üçüncü dairəni vurmaq heç içimdən gəlmrdi. Amma özümü biabır etmək istəmədim, onsuz da, hər kəsin gülüşünə səbəb olmuşdum. Qoyun qucağımda, qollarımı hiss etmədən üçüncü dairə üçün addımlarımı atırdım, ayaqlarım, yəni sümüklərim o tərəf-bu tərəfə əyilirdi, artıq dayana bilməyəcəyimi anladım və “Əmir!!!” - deyə qışqırmaq istədim, amma səsim çıxmadı. Bir anlıq qoyunu tullayıb özümü düz qayanın başından atmaq istədim, amma yaxşı ki, fikir ağlımdan tez çıxdı. O anda təxminən on addım atsam da, ağlımdan min cür şey keçdi. Məsələn, bir anlıq fikirləşdim ki, qoyun dil açsa və “Məni yerə qoy, imana gəldim, özüm gedərəm”, - desə, dünya dağılmaz ki... Nəysə, çox əziyyətli anlar idi, hələ sonra qoyunu yerə qoyub yıxılmağım, qoyunun qaçması və onu güc-bəla ilə təkcə tutmağım ağlıma gələndə donub qalıram.

Nəysə, qoyunu tutub gətirdim, verdim babama ki, artıq bu bədbəxt qoyunu kəssin, mənim də canım qurtarsın. Babam heyvanı kəsilmə zonasına apardı. Qoyunun biçarə başını ovcuna alıb iri bıçağını çəkdi. Qan fəvvarə vurdu. Hər kəs bu mənzərəyə mattım-mattım baxırdı. Bir az xəyala daldım, düşündüm ki, bəlkə, bu qoyunun da gələcək üçün planları vardı, amma indi kiminsə allahın yanında öz işini keçirməsi üçün zavalına keçib, çox kövrəldim. Üzümü Əmir tərəfə çevirdim. Əmirin rəngi qaçmışdı. Qoyuna da elə baxırdı ki, elə bil, indi onu da yıxıb kəsəcəklər.
Çox keçmədi, qoyun hazır oldu. Ancaq onun şaqqalarını torbalara yığmaq lazım idi. Qoyunun hər şaqqasını ayrı-ayrı torbalara yığdım. Ancaq ciyəri yadımdan çıxıb qalmışdı. Bu vaxt dağ kəndindəki qohumumuz - Arzuman dayı Əmirə dedi ki, ciyəri torbaya qoysun. Əmir yerdəki ciyəri görər-görməz birdən rəngi qaçdı. Donuq gözlərlə bir neçə dəfə bir əllərinə, bir də yerdəki ciyərə baxdı. Arzuman dayısa: “Noolub, əə”, - deyərək heyrətləndi. Əmir çarəsizlikdən indi də bir mənə, bir də ciyərə baxmağa başladı. Hirs beynimə yeridi, xeyli gözlədim, amma Əmir əlini ciyərə vurmadı ki, vurmadı. Axırda bu uşağın aciz və çarəsiz durumuna dözə bilmədim. Gedib ciyəri torbaya qoydum. Hər yeri təmizləyib qaydaya salandan sonra baxdım ki, bibimin əri indi də ikinci qoyunu sürüyüb gətirir. Gözlərim dəhşətlə bərəldi. Axı bu qoyun bir dənə olsa, noolardı ki? Yəni allah bu qədər tamahkardı ki, bir qoyunla kifayətlənməsin? Gördüm, Əmir yenə anasıgilin yanında əllərini göyə açıb dua edir. Yaxına gəldim, gördüm, Əmirin dediklərindən bir kəlmə də başa düşmürəm. Anladım ki, Əmir duasını ərəb dilində oxuyur. Yenə başıma bir daş əndərmək istədim ki, Əmirin belə cəh-cəh vurduğu dildən mən bir söz də bilmirəm, noolsun ki, Əmir özü də əzbərlədiyi sözlərin mənasını başa düşmür. Sakitcə gedib qoyunumu fırlamağa başladım.




Tarix: 12.11.2015

4366