Zelenski xalqa müraciət etdi, ölkədən qaçanlara 24 saat vaxt verdi


Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciət edib. "Ukrayna sülh üçün çalışır və bütün məsələləri danışıqlar yolu ilə həll etmək istəyir",- deyə o bildirib. Prezident yerli mediaya da müraciət ünvanlayıb. O, medianı ölkədən qaçan sahibləri üçün deyil, Ukrayna üçün işləməyə çağırıb.

Zelenski fevralın 16-nın Ukraynada “Birlik Günü” kimi təyin edilməsi haqqında fərman imzaladığını açıqlayıb. Ukrayna Prezidenti ölkəni tərk edən və ya qaçmağı planlaşdıran bütün dövlət qulluqçularına, Ali Radanın deputatlarına fikirlərindən daşınmağı məsləhət bilib, onlara geri qayıtmaları üçün 24 saat vaxt verdiyini bəyan edib.
- Mən ölkəni tərk etmiş və ya yaxın gələcəkdə bunu etməyi planlaşdıran dövlət nümayəndələrinə, dövlət qulluqçularına, bütün səviyyələrdə olan xalq deputatlarına müraciət edirəm. Ukrayna xalqı sizə təkcə dövləti idarə etməyi deyil, həm də onu qorumağı etibar etdi. Belə bir vəziyyətdə bizimlə, Ukrayna xalqı ilə birlikdə olmaq sizin birbaşa borcunuzdur. İndi sizi 24 saat ərzində vətəninizə qayıtmağa və xalqımızla birlikdə Ukrayna ordusu ilə, diplomatiyamızla çiyin-çiyinə durmağa dəvət edirəm.
Zelenski deyib ki, əks halda dövlət, rəhbərlik olaraq ciddi tədbirlər görəcək.

Eyni zamanda, Zelenski daha əvvəl Ukraynanı tərk etmiş oliqarxlara da müraciət edib. O bildirib ki, bu gün hər kəs Ukrayna vətəndaşı kimi sınaqdan keçirilir. Prezident iş adamlarını “belə bir sınaqdan ləyaqətlə çıxmağa” çağırıb: "Gücünüz pulunuzda, təyyarələrinizdə deyil, göstərə biləcəyiniz vətəndaş mövqeyindədir. Sayəsində fabriklərinizi, sərvətlərinizi əldə etdiyiniz xalqınıza və ölkənizə qayıdın".

Zelenski həmçinin bildirib ki, Ukraynanı böyük müharibə ilə qorxudur, işğal tarixini təyin edirlər. Bu isə birinci dəfə deyil. Lakin Ukrayna liderinin sözlərinə görə, “dövlət bu gün həmişəkindən daha güclüdür”.

- Avropanın və bütün qitənin təhlükəsizliyi Ukraynadan, ordumuzdan asılıdır. Biz sülhə çalışırıq və bütün məsələləri yalnız danışıqlar yolu ilə həll etmək istəyirik. Həm Donbas, həm də Krım Ukraynaya qayıdacaq. Biz onu geri qaytaracğıq, - Zelenski müraciətində deyib.



Tarix: 17.02.2022

5508

Ən çox gülünənlər