Mövcud olmayanın taleyi


Təkamülçü filosoflar və neodarvinistlərə görə, ilk insanlar olan kromonyanlarının təkamülü meymunlardan ayrılma dövrünə qədər davam etmiş və təkamül kiçik fasilələrlə, təxminən, orta əsrlərə qədər uzanmışdı. Hətta daha romantik filosoflar düşünürdülər ki, insanın darvinçi təkamülü fransa burjua inqilabı ilə başa çatmışdı. İstənilən anda bu fikirlərlə razılaşmaq olmur, bir formadaki insan təkamülünün startı şüurun formalaşması ilə başlayırdısa, o zaman insanın təkamülünün inqilabı situasiya ilə bitməsi, sadəcə, mülahizə idi. Çünki daha öncə baş verən Niderland Kapitalist Üsyanı o zaman təkamülüln sonu olmalı idi.
Əslində, bütün bu fikirlərə fransız ensiklopediyaçılar daha tutarlı zərbələr vurmuşdu. Belə ki, Russo, Volter kimi maarifçilər sosial məişət xarakterli çıxışlarla geniş kütlələrdə rəğbət oyadır, Lafayet kimi səhnəarxası qəhrəmanlar isə sırf fəlsəfi mücadilə aparırdılar. Və yenə “insan qanını donduran fikir” eradan öncələrə aparır bizi. "Dövləti məhz filosoflar idarə etməlidir". Dövlət anlayışının bütün parametrlərini antik dövrdə yaradan Platonun fikirləri çağdaş savaşçı , istismarçı dünyaya bir mesaj xarakteri daşıyırdı, sanki. Hazırkı dünyanın bütün başarılı idarəetmə sistemləri məhz fəlsəfi düşüncəyə əsaslanır və filosoflar idarəetmənin üst piramidində görünüb-görünməməyindən asılı olmayaraq uğurlu sabitliyin qarantı rolunda çıxış edirlər.

Riyazı hesablamalar fəlsəfi düşüncə tərzindən kənarda məhz heçlikdən ibarətdir. İdarəetmədəki hesablamalar, analitik konfiqurasiyalar fəlsəfi düşüncə tərzinin praqmatikliyindən də asılıdır. Dünya solunun sağa qarşı bəslədiyi ədalətsiz münasibətlər sistemində insanlar inqilablardan qaçaraq, sabitliyi seçir , toplumların fəlsəfi düşüncə tərzinin formalaşması üçün çalışmalar edirlər.
Coğrafi determinizm fəlsəfəsi insanları yaşadıqları coğrafiyalarla siniflərə ayıraraq, bir növ, onların vahidliyinə skeptik “lağlağı” münasibəti bəsləyirdi. Deterministik dahi Monteskyö qeyd edirdi ki, soyuq iqlimdə yaşayan avropa xalqları daha cəsur və komplekssizdirlər, bu üzdən onlar daha azad və qorxusuzdurlar. Monteskyöyə görə, Şərq toplumları isə isti iqlimin təsiriylə özlərini tormozlayır, daim qorxur altında yaşayırlar.
Fəlsəfi düşüncə tarixinin zənginliyndəki bu qısa gəzinti göstərir ki, qarmaqarışıqlıqlar içərisində fəlsəfi təfəkkür hesablamalarla, incə formada insan taleyi üçün əvəzsiz metodologiya hazırlayıb, işləməyə cəhd etmişdir.
Məhz konkret var olan üzərində cəmləşən düşüncələr üzrə iyerarxik fikir axını yoxluğun mahiyyətinə duyulan tələbatlar üzündən, sıfır rəqəminin kəşfinə zəmin yaradırdı.

Sıfır rəqəminin kəşfinin qədim hind düşüncə sistemində baş verdiyi güman edilir. Çinin riyaziyyat və həndəsədəki ilk kəşfləri, daha sonra Antik Yunan dühası Pifaqorun aramsız cəhdləri sıfırı ilkin elmi fikir axınının səhnəsinə bəxş etmişdir.
Misir tarixinin ilkin dönəmlərində isə sıfırın varlığına dair şübhələr mövcuddur. Bildiyimiz kimi, Misirdə rəqəmlər də heroqliflərlə şəkli yazı üslubunda ehtiva olunurdu. Sonunda iki sıfır olan 100 rəqəmi Misir əlifbasında C şəklində heroqliflə ifadə olunmuşdu. Bizim indi U hərfi bildiyimiz təsvir isə Misir heroqliflərində 10 sayılırdı.
Şübhəsiz ki, riyazi onluq, yüzlük, minlik mərtəbəli sistemin kəşfı riyazi inqilab sayılsa da, fəlsəfi anlam baxımdan da, sıfıra böyük dəyər və qavram biçməyə başlamışdır.

Özəlliklə, Babil mədəniyyətində mərtəbəli hesablama sistemləri tətbiq olunmuşdu. Babillilər həm də sıfır rəqəmini istifadə etmirdi. Sıfır yazılmalı xanaları boş buraxırdılar. Təxminən, 300 rəqəmini yüzlük sistemində yazarkən 3 rəqəminin yerinə indiki 6 rəqəmini yazır, arxasında isə iki boşluq işarəsi qoyurdular. Babillilər həm də bununla fəlsəfi fikir axınında sıfırın boşluğu ilə bağlı yanlış düşüncə sisteminin də əsasını qoyurdular. Babillilərin sıfırı boşluq kimi görmələri nəticəsində Makedoniyalı İskəndərin tacirləri həmin boşluq simvolunu istifadə etmiş və bü gün dünyanın 7 möcüzəsindən hesab olunan Semiramida bağı , ya da digər adıyla, Babil asma bağları bu hesablama ilə formalaşmışdı. (Təsəvvür etmək belə insanı heyrətə gətirirki, dolğun fəlsəfi riyazi sistemlər olmasa da, qədim dünya insanları necə möhtəşəm memarlıq əsərləri yaratmışdır).

Aristotel istisna olmaqla, bütün yunan düşünürləri sıfırı heçlik hesab edir, onun istifadəsinə anlamsız baxırdı. Antik yunan insanına görə 0 boşluq, 1 məntiq, 2 düşüncə, 3 uyuşma, 4 cəza .... 8 sonsuzluq, 9 tənəzzül simvolikası sayılırdı.
Orta çağda sıfır haqqında yetkin düşüncələr yenə Hindistanda ortaya çıxmağa başlamışdı. Hindli riyaziyyatçılar və filosoflar rəqəmləri sıfıra bölə bilir, lakin sıfırın özüylə əməliyyatına bir yön verə bilmirdilər. Bu ərəfədə bu məsələni çözə biləcək filosoflar isə ortalıqda yox idi. Orta əsr hindlisi sıfırı Allahın sonsuzluğuyla tutuşdurmağa cəhd edirdi.

Daha sonralar ərəblərdə intişar edən sıfır “aş-şifr”, yaxud “şşifr” kimi ad almış, latın dilində isə “cifra”, “zeuro” kimi adlanmağa başlamışdır. Özəlliklə, Orta əsrlər italyan tacirləri tərəfindən istifadə olunan sıfır rəqəmi sonralar Avropada bir müddət “zeuphro” kimi adlandı.
Sıfıra son zərbə cəhdləri yenə Qərbdən gəlməyə başlamış, rum rəqəmlərinin kəşfindən sonra ona olan tələbat artmışdı. Lakin artıq Orta əsr coğrafı kəşflərinə hazırlıqlar bir dəfəlik hind-ərəb “əl-cəbrinə” keçidi labüd etdi.
Dünyanın ən sirrli qövmü olan Mayya- Astek- İnk kültüründə də piramida tikintisində sıfır rəqəminə ehtiyac duyulmuşdur, lakin tam başqa tip heroqliflərdən istifadə etdikləri üçün sıfırı necə istifadə etdikləri bilinmir bu günə kimi. (Ümumiyyətlə, Mayya irsi zəngin mistik fəlsəfi ideyaya əsaslansa da, onların tədqiqi sayəsində dünya elmi hələ də acizdir və heç bir tutarlı nəticə hasil edə bilməmişdir). Kosmoqonistlərə görə, sıfır halqavarı birləşmə idi ki, insanın tükənməzliyi ideyasını müdafiə edərək, insan halqasının qalaktikada daha uzaqlarda yaşayan varlıqlar tərəfindən yaradıldığına inandırırdı. Sıfır sonra da ibranilərdə geniş istifadə edilmiş, kabalistlər və şeytana sitayiş edənlərin qutsal rəqəmləri də olmuşdu. (Hətta 6 neqativ və şeytani enerji rəqəminin sıfırın əzilməsiylə əmələ gələn saxta bir simvolika olduğuna inanan fanatik mistiklərə günümüzdə Güney Amerikada hələ də rast gəlinir).

Hazırda sıfırın riyazi əhəmiyyəti çox mübaliğəyə məruz qalır . Belə ki, onsuz da, fəlsəfə, astronomiya, geometriya və fizika kimi insan beynində cığır açan elmlərdə böyük ilkin kəşflər sıfırdan öncə kəşf olunmuşdu artıq.
Sıfırın kəşfi qədim Şərqə uzansa da, təsviri elm xadimləri sıfırın yuvarlaq quruluşunu yunan əlifbasındakı “omicron” hərfinə də bənzədirlər. Lakin belə bir ehtimal da var kı, sıfır, əslində, qədim Şumerlərdə vahidin dairəyə alınaraq yoxa çıxarılmasına edilən işarə ilə ortaya çıxmışdı. Hindlilərdə 1-in sonuna qoyulan nöqtənin yuvarlaqlaşdırılması da sıfırın texniki tərəflərinin kəşfinə dair irəli sürülən sübutlardır.
Antik latın dili sayılan Sanskrit dilində sıfir “sunya – boşluq” və “bindu-nöqtə” kimi biçimlənirdi. Öz çalışmalarında ərəb riyaziyyatçısı Əl-Xarəzmi də sıfır rəqəmini ilk dəfə praktiki hesablama sisteminə daxil etmişdir. Bütün bunlara rəğmən fizikada sıfır tamam başqa məna kəsb edirdi. Temperatur ölçmək üçün kəşf olunan istilik ölçü şkalalarında sıfırın mahiyytəti belə idi: Kelvin ölçü sistemində sıfır -273 dərəcə , selsi dərəcədə isə suyun buz halının ifadəsi idi. Məhz mütləq sıfır fizikaya buradan daxil olmuşdur. Fizikadan bizə yaxşı məlum olunan termodinamikanın üç qanunu da mütləq sıfırıın önəmini daha çox qabardır.

Fəlsəfədən kənarda sıfıra verilən varlıq önəmini də məhz fiziklər başarmışdır. Xam maddə və maye sıfır nöqtəsində qatılaşır, molekulları sabitləşir və bütün fiziki dəyişimlər də buradan törəyir. Sıfır dəyişikliyin təkanvericisi olur. Sıfır fiziki başlanğıcın səbəbi olur. Sıfır ilkin nöqtə olur.
Sıfırın onluq mərtəbə quruluşundakı önəmini vurğulayan fransız riyaziyyatçı-filosofu Laplas “sıfır dünyanın ən faydalı sistemlərindən biridir” - fikrini söyləmişdir.
Engels sıfırın önəminə toxunaraq vurğulayırdı ki, sıfır, əslində, özlüyündə bir mahiyyətdən məhrum deyildir. O pozitivlə, neqativin sərhəddidir. Mənfiylə, müsbət arasındakı nizamlayıcı cizgidir. Neqativ başlanğıcdan, pozitiv sonsuzluğa uzanan yolun ötürücüsüdür. Bu baxımdan sıfır bütün digər rəqəmlərdən daha böyük mahiyyətə malikdir, əslində.
Gördüyümüz kimi, əslində çox kiçik və gərəksiz bir rəqəm kimi görünən sıfır riyazi və texniki elmlərdə daim mübahisələrə səbəb olmuşdur. Böyük alimlər sıfırın mahiyyəti üzərində baş sındırmışlar. Fəlsəfə tarixində isə ilk dəfə Hegel sıfırla ilgili fəlsəfəylə riyaziyyatın qarşılıqlı əlaqəsindən doğan müddəalar irəli sürmüşdür. Hegel sıfırı mənalandırmağı bacarmayan riyaziyyatçıları daim məsxərəyə qoysa da, bir filosof olduğu üçün sıfır rəqəmini, sadəcə, söz külliyatı ilə izah etməklə kifayətlənmişdir.

Sıfır rəqəminin informatika sistemlərində tətbiqi isə çox maraqlı xarakterizə olunur. Belə ki, texniki elmlərdə geniş tətbiq olunan sıfırı humanitar fəlsəfəylə yanaşı, informatika da aydın izah etmiş və hazırkı ağır yaddaşlı bilgisayar sistemlərindəki ən ağır kodlar tək sıfırın yardımıyla sistemləşə bilir.
Bununla bağlı keçənlərdə Türkiyənin ünlü jurnallarından birində rast gəldiyim araşdırmada sıfırın ən ağır komputer və hesablam qurğularında belə sadə hesablamalara səbəb olan kodlaşdırmalarda mühüm rol oynaması haqqında geniş bəhs olunurdu.

Əslində, sıfır fəlsəfi başlanğıcdırmı sualına isə konkret olaraq bir cavab vermək həqiqətən çətin gəlir mənə. Bunun iki başlıca səbəbi var . 1) Əgər sıfır bir başlanğıcdırsa, o zaman sıfırdan daha öncə gələn saysız-hesabsız mənfi külliyatını kənara atmalıyıq. Neqativ başlanğıc hazırkı insan zəkasına görə bəlirlənməsi müşkül olan bir məsələdir. Mistiklərə görə, neqativ başlanğıc Bafome(keçı başlı şeytan silueti) obrazıdırsa, paqan ideologiyasında şeytan özü bəzən mənfiliyin başlanğıcı sayılır. 2)Tutaq ki, sıfır başlanğıc deyil heç. Yaxşı o zaman sabit bir nöqtədən mənfiliyi başlanğıc saya bilərikmi... Burada, sadəcə, fəlsəfi düşünmək lazımdır. Var olan hər şey fəlsəfi sistemin içidir. (Dünya, bizlər, əşyalar, duyğular və s.). O zaman yenə də məntiqsizlik ortaya çıxır, belə ki, insanın başlanğıcı dini düşüncədə Allah, sekulyar düşüncənin naturalizmində təbiətdirsə, “hər ikisi neqativ başlanğıca dayanar” fikri ortaya çıxardı kı, bu da çox yanlış qənaət olardı.
Sıfırla bağlı səbəbiyyət anlayışına yekun nöqtəni qoyaraq belə bir ümumiləşdirməni subyektiv fikri kimi demək olar:
1) Sifir keçiddir ... Mənfidən müsbətə, yoxluqdan varlığa, anlamsızlıqdan anlama.
2)Sıfır ortaq nöqtədir. Hər bir sistemin iki uc nöqtəsi mütləqdir və sıfır hər iki sistemin bütün komponentlərini özündə ehtiva etmək baxımdan məhz ortaqlıqdır.
3)Sıfır mərkəzdir. Kasıbdan zənginə, zəngindən kasıba, cahillikdən maarifçiliyə, maarifçilikdən cahiliyyətə.
4)Sıfır gerçəklikdir. Sıfır görməzdən gəlmək olmaz. Bir vahid rəqəmi yox ola bilir, yalan ola bilir, amma sıfır buna tabe tutula bilmir. Sıfır istənilən formada biri var, ya da yox etmək üçün bir dayaq, yaxud istinad nöqtəsidir.
5) Sıfır heçlik deyil. Heçlik heç mənfi də deyil.
6) Sıfır insanın real obrazıdır. İnsan vahidliyə sıfırdan törəyir, sonra da sıfıra doğru gedir. Ruhi yaşanti davam etsə də, lap reinkarnasiya doğru olsa da, fiziki baxımdan (real varlığın dəlillinin tək sübutu) sıfıra qovuşur insan.
7) Sıfır mütləqdir. Sıfırdan o tərəfə və bu tərəfə olan hər şey isə əslində nisbidir. Varlığı mütləq görünür, amma tətbiqi baxımdan hamısı nisbiliyə köklənir. Sıfır isə danılmaz tək mütləqlikdir.
Sıfırla vahidin konseptual əlaqəsi isə daha önəmlidir . Məlumdurki, sıfırla bir arasında əlaqələr sonsuz xarakter daşımır, əslində sonludur.
Sıfır düşündürür...

Sıfır sadə görünən bir rəqəm kimi düşüncənin, əslində, nə qədər sınırsız ola biləcəyini nümayiş etdirir.
Sıfır maraq oyandırır .....
Sıfır yoxluqla varlığın güzgüsüdür...
Sıfır bitişdir....
Sıfır başlanğıcdır...
Sıfır rəqəmdır..
Sıfır fəlsəfədir...
Sıfır anlamdır...
Sıfır boşluq deyildir...
Sıfır heç nə-ni ehtiva etmir...
Sıfır primitiv deyildir....
İnsan uğurlara da, uğursuzluqlara da sıfırla başlayır...
Sıfır olmadan qələbənin əzmi bilinməz, məğlubiyyətin dərsi yaşanmaz....
Sıfır yuvarlaqdır, insanın daxili aləminin yuvarlaqlığı kimi....
Sıfır dönərək dairəyə bənzər formada öz quruluşunu tamamlayır.... Sıfır dönərək tamamlanır... Bir insanın yanlışlardan və fikir burulğanından keçərək tamamlandığı kimi....
Dünyada yaşanmayacaq qədər çirkab varkən bir də hər şeyə yenidən başlamaq üçün stimul olan sıfır var.


Tarix: 24.07.2015

7131